X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Ədliyyəsi - 100 il: Sənədlər


Ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında

 Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

 

 Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 22 noyabr tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq olunmasını əsas tutaraq qərara alıram:

  1. Hər il 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.
  2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

 Bakı şəhəri, 11 noyabr 2000-ci il

                    № 566

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311; № 10, maddə 1771, № 11, maddə 1962, № 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli və 23 fevral tarixli 1018-VQD nömrəli qanunları) 2-ci maddəsinə “Ədliyyə sahəsində fərqlənməyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı;”

Maddə 2. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 aprel 2018-ci il

1072-VQD

 

 

 

 

 

Azərbaycan Respublikasının

2018-ci il 24 aprel tarixli 1072-VQD nömrəli

Qanunu ilə təsdiq edilmişdir

 

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

 

Maddə 3. Taxılma qaydası

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalından sonra taxılır.

 

 

 

 

 

Azərbaycan Respublikasının

2018-ci il 24 aprel tarixli 1072-VQD nömrəli

Qanunu ilə təsdiq edilmişdir

 

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 37 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

Medalın ön tərəfində diametri 25 mm olan halqa ilə əhatələnmiş gümüşü dairə yerləşir. Dairənin diametri 18 mm-dir və üzərində aypara, səkkizguşəli ulduz, kitab, qılınc, tərəzi atributları müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə təsvir edilmişdir. Dairəni halqa ilə birləşdirən hissə tünd göy mina ilə örtülmüş, yuxarı qövsü boyunca solda “AZƏRBAYCAN”, sağda “ƏDLİYYƏSİ” sözləri, aşağı qövsü boyunca dəfnə budaqları, budaqların haçalandığı mərkəz hissəsində isə qabarıq gümüşü lent və onun üzərində “100” rəqəmi həkk edilmişdir. Ulduzun guşələri tünd göy mina ilə örtülmüş, kənarları qabarıq qızılı xətlə haşiyələnmiş və ucları arasındakı məsafə 12 mm olmaqla, hər biri digərindən beş şüa ilə ayrılmışdır. Halqanın və dairənin konturları, bütün yazılar, dəfnə budaqları, atributlar, şüalar relyefli olmaqla qızılı rəngdədir.

 

Maddə 3. Medalın arxa tərəfi

 

Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində “AZƏRBAYCAN ƏDLİYYƏSİNİN 100 İLLİYİ 1918-2018” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunur.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 48 mm ölçülü qızılı rəngli metal lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 2 mm enində yaşıl, 1 mm enində tünd göy, 6 mm enində mavi rəngli şaquli zolaqlar, mərkəzdə isə 9 mm enində tünd göy rəngli şaquli zolaq təsvir edilmiş xara lent çəkilmişdir. Xara lentin yuxarı hissəsinə 27 mm x 6 mm ölçülü, aşağı hissəsinə eni kənarlarda 6 mm, mərkəzdə 11 mm olan qızılı rəngli təbəqə bərkidilmiş, təbəqənin üzərinə palıd yarpaqları, onlardan aşağıda düz xətt və “1918-2018” rəqəmləri relyefli həkk edilmişdir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

 

 

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1072-VQD nömrəli Qanununun tətbiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1072-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

  1. Müəyyən edilsin ki, “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
  2. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının ədliyyə nazirinə verilsin.
  3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 may 2018-ci il

                   № 55

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

SƏRƏNCAM

 

№ 327s

 

 

 

Bakı şəhəri                                                                                        14 may 2018-ci il

 

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1072- VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 may tarixli 55 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə:

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi aidiyyəti qurumlarla razılaşdırmaqla:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1072-VQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  1. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının hüquq şöbəsinə tapşırılsın.
  2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

                                      Novruz Məmmədov

Keçidlər