X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa penitensiar qaydaları



Nazirlər Komitəsi, Avropa Şurası Nizamnaməsinin 15.b maddəsinə əsaslanaraq;

İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi barədə Konvensiyanı və Avropa İnsan hüquqları Məhkəməsinin qərarlarını nəzərə alaraq;

Habelə, İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan davranışın və cəzaların qarşısının alınması üzrə Avropa Komitəsinin fəaliyyətini və xüsusilə, onun ümumi hesabatları ilə müəyyən olunmuş standartları nəzərə alaraq;

Azadlıqdan məhrum etmənin qanuna əsasən və son tədbir qismində tətbiqi istisna olmaqla, heç kimin azadlıqdan məhrum edilməməsini bir daha qeyd etməklə;

Azadlıqdan məhrum etməni nəzərdə tutan cəzaların icrası zamanı və məhbuslarla davranışda təhlükəsizliyin, daxili qaydaların və intizamın tələbləri nəzərə alınmaqla yanaşı, insan ləyaqətini alçaltmayan, faydalı tədbirlərdə iştirakı təmin edən və cəmiyyətə qayıdışa hazırlıq məqsədilə məhbuslarla müvafiq proqramların həyata keçirilməsi üçün zəruri saxlanılma şəraitinin yaradılmasının vacibliyini qeyd etməklə;

Avopa Şurasının üzv dövlətlərinin penitensiar siyasətin həyata keçirilməsi zamanı ümumi prinsiplərə riayət etməyin və onların təkmilləşdirilməsinin vacibliyini bir daha qeyd edərək;

Bu ümumi prinsiplərə riayət edilməsinin bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına kömək edəcəyini nəzərə alaraq;

Son iki onillikdə baş vermiş nəzərəçarpacaq sosial dəyişikliklərin Avropada cinayət siyasəti sahəsindəki vacib dəyişikliklərə təsir göstərməsini qeyd etməklə;

Avropa Şurasının Nazirlər Komitəsinin penitensiar siyasətin və təcrübənin ayrı-ayrı aspektlərinə dair, o cümlədən penitensiar müəssisələrdə təhsil barədə R (89) 12 saylı, penitensiar müəssisələr və azadlıqdan məhrum etmə yerlərində AİDS daxil olmaqla, infeksion xəstəliklərlə mübarizə və oxşar sağlamlıq prolemlərinin kriminoloci aspektləri barədə R (93) 6 saylı, işçi heyəti barədə, sanksiya və digər tədbirlərin tətbiqi ilə bağlı R (97) 12 saylı, həbsxanalarda tibbi yardımın etik və təşkilati aspektləri barədə R (98) 7 saylı, həbsxanaların dolması və məhbuslarının sayının artması barədə R (99) 22 saylı, vaxtından əvvəl azad etmə barədə R (2003) 22 saylı və həbsxana müdiriyyəti tərəfindən ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının çəkilməsinin təşkili barədə R (2003) 23 saylı tövsiyələrində nəzərdə tutulmuş standartları bir daha təsdiq etməklə;

Birləşmiş Millətlər Təşkilatının Məhbuslarla davranışın minimal standart qaydalarını nəzərə almaqla;

Avropada ümumən cinayət siyasətində, hökmlərin çıxarılması və penitensiar müəssisələrin idarə edilməsi təcrübəsində baş vermiş dəyişilikləri Nazirlər Komitəsinin R (87) 3 saylı tövsiyəsi üzrə Avropa Penitensiar Qaydalarının ciddi şəkildə nəzərdən keçirilməsi və yeniləşdirilməsi tələbini nəzərə alaraq;

Üzv dövlətlərin hökumətlərinə:

- Nazirlər Komitəsinin R (87) 3 saylı tövsiyəsi üzrə Avropa Penitensiar Qaydalarının əvəz edən bu tövsiyəyə əlavə edilmiş Qaydaları özünün qanunvericilik fəaliyyətində, siyasətində və təcrübədə rəhbər tutmağı;

- onun mətninin, ona qoşulmuş şərhin tərcüməsini, o cümlədən məhkəmə hakimiyyəti, penitensiar müəssisələrin işçi heyəti və məbbuslar arasında geniş yayılmasını tövsiyə edir.

I HİSSƏ
ƏSAS PRİNSİPLƏR

1. Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə davranış zamanı onların hüquqlarına hörmət edilməlidir.

2. Azadlıqdan məhrum edilmiş şəxslər məhkum olunduqları və həbsdə saxlandıqları qanuna və məhkəmənin qərarına əsasən məhrum olunmadıqları bütün hüquqları saxlayırlar.

3. Azadlıqdan məhrum edilmiş bütün şəxslərə tətbiq olunan məhduduyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun və minimal olmalıdır.

4. Məhbusların insan hüquqlarının pozulması ilə müşayiət edilən şəraitdə saxlanması vəsaitin çatışmaması ilə şərtləndirilə bilməz.

5. Azadlıqdan məhrum etmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır.

6. Həbsdə saxlanma elə təşkil olunmalıdır ki, bu azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə qayıdışına kömək etsin.

7. Xarici sosial xidmətlərlə əməkdaşlığı və imkan daxilində, vətəndaş cəmiyyətinin məhbusların həyatında iştirakını həvəsləndirmək məqsədəuyğundur.

8. Penitensiar müəssisələrin işçi heyəti vacib ictimai funksiyanı yerinə yetirir və buna görə də xidmətə qəbul qaydası, ixtisas hazırlığı və iş şəraiti onlara məhkumlarla davranışda yüksək standartlara riayət etmək imkanları verməlidir.

9. Bütün penitnensiar müəssisələr dövlət orqanları və müstəqil strukturlar tərəfindən mütamadi olaraq təftiş edilməlidir.

Tətbiq dairəsi

10.1. Avropa Penitensiar Qaydaları məhkəmənin qərarı ilə həbs edilmiş, azadlıqdan məhrum edilmiş bütün şəxslər barədə tətbiq edilir.

10.2. Məhkəmənin qərarı ilə həbs edilmiş, azadlıqdan məhrum edilmiş şəxslər bir qayda olaraq penitensiar müəssisələrdə, yəni hər iki kateqoriyaya aid olan məhbuslar üçün nəzərdə tutulmuş müəssisələrdə saxlanmalıdırlar.

10.3. Bu Qaydalar aşağıdakı şəxslər baradə də tətbiq edilir:

a. müəyyən və ya hər hansı səbəbə görə penitensiar müəssisədə saxlanıla bilənlər; və

b. məhkəmənin qərarına əsasən həbs edilmişlər və yaxud azadlıqdan məhrum edilmişlər, lakin bu və ya digər səbəbdən digər yerlərdə saxlanılanlar.

10.4. Bu Qaydaların məqsədləri üçün penitensiar müəssislərdə saxlanılan bütün şəxslər və ya 10.3-cü maddənin b bəndində göstərilənlər məhbus sayılırlar.

11.1. 18 yaşına çatmayanlar yaşlılar üçün penitensiar müəssisələrdə yox, onlar üçün nəzərdə tutulmuş xüsusi müəssisələrdə saxlanmalıdırlar.

11.2. Lakin istisna hallarda, yetkinlik yaşına çatmayanlar belə penitensiar müəssisələrdə saxlanılarsa, onların hüquqi vəziyyəti və ehtiyacları nəzərə alınmaqla, xüsusi qaydalar müəyyənləşdirmək məqsədəyğundur.

12.1. Rühi xəstəliklərdən əziyyət çəkən və yaxud psixi durumu həbsdə saxlanma ilə uyğun olmayan şəxslər bu məqsədlər üçün müəyyən olunmuş müəssisələrdə saxlanmalıdırlar.

12.2. Lakin buna baxmayaraq belə şəxslər penitensiar müəssisələrdə saxlanılarsa, onların hüquqi vəziyyəti və ehtiyacları nəzərə alınmaqla, xüsusi qaydalar müəyyənləşdrimək lazımdır.

13. Bu Qaydalar irqə, dərinin rənginə, cinsə, dilə, dinə, siyasi və digər əqidəyə, milli və ya sosial mənşəyə, doğulduğu məkana, iqtisadi statusa əsaslanan əlamətlərə görə ayrı-seçkiliyə yol verilmədən və qərəzsiz tətbiq edilir.

II HİSSƏ
Həbsdə saxlanılma şərtləri
Qəbul

14. Şəxs penitensiar müəssisəyə milli qanunun tələblərinə uyğun və yalnız həbs edilmə barədə qərar olduqda qəbul edillə və ya orada saxlanıla bilər.

15.1. Qəbul olunan hər bir məhbus haqqında aşağıdakı məlumatlar dərhal qeydə alınır:

a. məhbusun şəxsiyyəti barədə;

b. qəbul üçün əsas və qərarı qəbul edən səlahiyyətli orqan barədə;

c. qəbul və azad edilmənin günü və saatı;

d. məhbusa mənsub olan, bu Qaydaların 31-ci maddəsinə uyğun olaraq saxlanılmaq üçün qəbul edilən əmlak barədə siyahı;

e. penitensiar müəssisəyə daxil olana kimi hər hansı bədən xəsarətləri və ya kobud davranış barədə şikayət; və

f. tibbi sirr barədə tələblər nəzərə alınmaqla, məhbusun və ya digər şəxslərin psixi və fiziki vəziyyətinə aid olan sağlamlıq barədə bütün məlumatlar.

15.2. Qəbul zamanı 30-cu Qaydada göstərilmiş məlumatlar bütün məhbusların nəzərinə çatdırılır.

15.3. Qəbuldan dərhal sonra 24.9-cu Qaydaya əsasən həbs edilmə barədə məlumat göndərilir.

16. Qəbuldan sonra qısa müddətdə:

a. qəbul zamanı məhbusun sağlamlığı barədə məlumatlara 42-ci Qaydaya uyğun olaraq keçirilmiş həkim müayinəsinin nəticələri əlavə edilir;

b. 51-ci Qaydaya uyğun olaraq məhbusun saxlanma rejimi müəyyən olunur;

c. 52-ci Qaydaya uyğun olaraq məhbusun təhlükəlilik dərəcəsi müəyyənləşdirilir;

d. məhbusun ən vacib şəxsi və maddi ehtiyaclarını ödəmək məqsədilə onun sosial vəziyyəti barədə bütün məlumatlar nəzərdən keçirilir; və

e. bu Qaydaların VIII hissəsinə uyğun olaraq məhkumlar barədə proqramların həyata keçirilməsi ilə əlaqədar zəruri addımlar atılır.

Cəzanın çəkilmə yeri və yerləşdirilmə

17.1. İmkan daxilində məhbuslar cəza çəkmək üçün yaşayış və ya sosial reabilitasiya yerlərinin yaxınlığında yerləşən penitensiar müəssisələrə göndərilməlidirlər.

17.2. Göndərilmə zamanı cinayət təqibinin davam etdirilməsi və təhlükəsizliyin təmin olunması, habelə bütün məhbuslar üçün müvafiq rejimin müəyyən edilməsi tələblərini də nəzərə almaq lazımdır.

17.3. İmkan daxilində cəzanın çəkilməsi üzrə ilkin yer barədə və sonradan bir penitensiar müəssisədən digərinə hər bir keçirilmə zamanı məhbusun rəyi öyrənilməlidir.

18.1. Məhbusların yerləşdrilməsi, o cümlədən yataq yerinin təqdim edilməsi, insan ləyiqətinə hörmət olunmaqla və imkan daxilində tək qalmaq imkanı təmin edilməklə, habelə sanitar-gigiyenik qaydalara uyğun, iqlim şəraiti, eyni zamanda otağın sahəsi və həcmi, işıqlanma, istiləndirmə və ventilyasiya şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.

18.2. Məhbusların yaşayacağı, işləyəcəyi və ya yığışacağı bütün binalarda:

a. məhbusların normal təbii işıqlanma şəraitində oxuması və ya işləməsi üçün pəncərələr kifayət qədər böyük olmalı, havanın təmizlənməsi üçün müvafiq kondisioner sistemi istisna olmaqla, təmiz hava axını təmin olunmalı;

b. süni işıqlandırma ümumi qəbul olunmuş texniki normalara uyğun gəlməli; və

c. məhbusların işçi heyəti ilə təxirəsalınmadan əlaqə yaratmaq üçün siqnalizasiya sistemi nəzərdə tutulmalıdır.

18.3. 1-ci və 2-ci bəndlərdə nəzərdə tutulan məsələlərlə əlaqədar konkret minimal tələblər milli qanunvericiliklə müəyyən edilir.

18.4. Milli qanunvericilik penitensiar müəssisələrin dolması ilə əlaqədar bu minimal tələblərin pozulmaması üçün mexanizmlər nəzərdə tutmalıdır.

18.5. Digər məhbuslarla birlikdə yerləşdirilməsi daha düzgün hesab edilən hallar istisna olmaqla, bir qayda olaraq məhbusları gecələr ayrı-ayrı kameralarda yerləşdirmək lazımdır.

18.6. Birgə saxlanmağa yalnız o vaxt yol verilir ki, müvafiq otaq bu məqsədə cavab versin və məhbuslar bir-birinə uyğun olsunlar.

18.7. Məhbuslara, digər məhbuslarla bir otaqda yatmaq üçün yerləşdirməzdən əvvəl onlara imkan daxilində seçim etmək imkanı verilməlidir.

18.8. Məhbusun bu və ya digər penitensiar müəssisiyə, yaxud penitensiar müəssisənin konkret bölməsinə göndərilməsi barədə qərar qəbul edilərkən həbsdə saxlanmanın aşağıdakı qaydalarını ciddi şəkildə nəzərə almaq lazımdır:

a. təqsirləndirilən şəxslər məhkumlardan ayrı;

b. kişilər qadınlardan ayrı; və

c. yetkinlik yaşına çatmayan məhbuslar yaşlı məhbuslardan ayrı.

18.9. Məhbusların yerləşdirilməsi ilə əlaqədar 8-ci bənddə göstərilmiş tələblərdən istisnalara təşkil olunmuş tədbirlərdə onların birgə iştirakını təmin etmək məqsədilə yol verilə bilər, yalnız məhbuslar bir yerdə saxlanmaq üçün razı olmadıqda və penitensiar müəssisəsinin müdiriyyəti bunu məhbusların maraqlarına daha çox cavab verməsini hesab etmirsə, bu qruplar həmişə gecə ayrılırlar.

18.10. Bütün məhbusların yerləşdirilməsi zamanı təhlükəsizlik tədbirləri - qaçış və ya məhbusların özlərinə və yaxud digərlərinə xətər yetirə biləcəkləri təhlükəsi nəzərə alınmaqla minimal olmalıdır.

Gigiyena

19.1. Penitensiar müəssisənin bütün ərazisi daim təmiz və səliqəli saxlanılmalıdır.

19.2. Məhbusların penitensiar müəssisəyə qəbulu zamanı onların yerləşdirildikləri kameralar və digər otaqlar təmiz olmalıdır.

19.3. Məhbuslar maneəsiz, gigiyena qaydalarına uyğun və təklikdə qalmağa imkan verən sanitar qovşağlından istifadə etmək imkanına malik olmalıdırlar.

19.4. Vannalar və duşlar kifayət qədər olmalı, hər bir məhbus onlardan iqlimə münasib temperaturda imkan daxilində hər gün, lakin gigiyenanın saxlanması üçün zəruri olduqda həftədə ən azı iki dəfə və ya daha çox istifadə edə bilməlidir.

19.5. Məhbuslar özlərini, paltarlarını və yataq yerlərini təmiz və səliqəli saxlamalıdırlar.

19.6. Bu məqsədlə penitensiar müəssisənin müdiriyyəti onların sərəncamlarına tualet ləvazimatı daxil olmaqla müvafiq vasitələr, habelə təmizliyi saxlamaq üçün vasitələr və materiallar təqdim edir.

19.7. Qadınların gigiyenik tələbatının ödənilməsi üçün zəruri tədbirlər nəzərdə tutmaq lazımdır.

Paltar və yataq ləvazimatı

20.1. Münasib paltarı olmayan məhbuslar iqlimə uyğun paltarla təmin olunurlar.

20.2. Bu paltar rüsvayedici və alçaldıcı olmamalıdır.

20.3. Bütün paltarlar yaxşı vəziyyətdə saxlanılmalı və zəruri hallarda dəyişdirilməlidir.

20.4. Həbs yerinin ərazisindən kənara çıxmağa icazə almış məhbusları onların məhbusluğunu göstərən paltarı geyməyə məcbur etmək olmaz.

21. Hər bir məhbus ayrı çarpayı və fərdi yataq ləvazimatı ilə təmin olunur, onların yaxşı vəziyyətdə saxlanması və təmizliyinin gözlənilməsi məqsədilə tələb olunan qaydada dəyişdirilir.

Qidalanma

22.1. Məhbuslar onların yaşı, səhhəti, dini, mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla kompleks yeməklə təmin edilirlər.

22.2. Minimal kolorililik və zülallar daxil olmaqla, qida rasionuna dair tələblər, milli qanunvericiliklə müəyyənləşdirilir.

22.3. Yemək sanitar-gigiyenik tələblərə uyğun hazırlanır və verilir.

22.4. Yemək qəbulu normal fasilələr nəzərə alınmaqla, gündə üç dəfə təşkil edilir.

22.5. Məhbusların təmiz içməli sudan daima istifadə etmək imkanları olmalıdır.

22.6. Həkim və ya ixtisaslı tibb bacısı tibbi göstəricilərə əsasən hər hansı bir məhbusun qida rasionunun dəyişdirilməsini tövsiyə edə bilər.

Hüquqi yardım

23.1. Bütün məhbuslar hüquqi yardım almaq hüququna malikdirlər, müdiriyyət öz növbəsində belə yardımdan səmərəli istifadə üçün zəruri şərait yaratmalıdır.

23.2. Məhbuslar istənilən hüquqi məsələ ilə əlaqədar öz seçimlərinə və hesablarına vəkillə məsləhətləşə bilərlər.

23.3. Pulsuz hüquqi xidmət sistemi mövcud olduqda, müdiriyyət bu barədə məhbusları məlumatlandırmalıdır.

23.4. Məhbusların öz vəkilləri ilə məsləhətləşməsi və istənilən ünsiyyəti, onların yazışması da daxil olmaqla məxfi xarakter daşıyır.

23.5. Müstəsna hallarda məhkəmə penitensiar müəssisədə ağır cinayətin və ya təhlükəsizliyə qarşı ciddi təhdidin qarşısının alınması məqsədilə belə məxfiliyə məhdudiyyət qoya bilər. 23.6. Məhbusların onlar barədə məhkəmə-istintaq hərəkətlərinə dair sənədlərlə tanış olmaq, yaxud belə sənədləri özlərində saxlamaq imkanı olmalıdır.

Xarici aləmlə əlaqələr

24.1. Məhbuslara kifayət qədər tez-tez öz ailələri, digər şəxslər və kənar təşkilatların nümayəndələri ilə poçt, telefon və yaxud digər əlaqə vasitələrinin köməyi ilə əlaqə saxlamasına, habelə göstərilən şəxslərin məhbuslara baş çəkməsinə icazə verilir.

24.2. Cinayət təqibinin davam etdirilməsi, ictimai qaydanın və təhlükəsizliyin saxlanılması, cinayətlərin qarşısının alınması və cinayətdən zərər çəkmiş şəxslərin müdafiəsi zəruri olduqda əlaqə və başçəkmələr məhdudlaşdırıla və yaxud nəzarətə götürülə bilər, lakin belə məhdudiyyətlər, məhkəmə tərəfindən müəyyən olunan xüsusi məhdudiyyətlər daxil olmaqla minimal əlaqə səviyyəsini saxlamalıdırlar.

24.3. Milli qanunvericilikdə məhbuslarla əlaqəsi məhdudlaşdırılmayan milli, beynəlxalq təşkilatlar və vəzifəli şəxslər göstərilməlidir.

24.4. Başçəkmələr elə təşkil olunmalıdır ki, məhbusların təbii şəkildə ailə əlaqələrini maksimal saxlamaq və möhkəmləndirmək imkanı olsun.

24.5. Penitensiar müəssisələrin müdriyyəti məhbuslara xarici aləmlə adekvat əlaqələri saxlamağa kömək edir və bu məqsədlə onlara müvafiq maddi kömək göstərir.

24.6. Yaxın qohumlarının birinin vəfatı və ağır xəstəliyi barədə məlumat dərhal məhbusun nəzərinə çatdırılır.

24.7. Həmişə, vəziyyət buna imkan verdikdə, məhbusa xəstə qohuma baş çəkməyə, dəfndə iştirak etməyə və ya digər humanitar motivlərə əsasən müşaiətlə və ya sərbəst şəkildə penitensiar müəssisəni tərk etməyə icazə verilməlidir.

24.8. Məhbuslara həbs olunma və ya digər penitensiar müəssisəyə keçirilmə, habelə istənilən ağır xəstəlik və ya xəsarət barədə öz ailələrini təxirəsalınmadan məlumatlandırmaq üçün icazə vermək lazımdır.

24.9. Məhbusun penitensiar müəssisəyə qəbulu, onun ciddi xəstəliyi və ya vəfatı, ağır xəsarət aldığı və yaxud xəstəxanaya keçirildiyi zaman müdiriyyət, əgər bunu məhbus özü xahiş etmirsə, həyat yoldaşını və ya tanışını, yaxud əgər məhbus evli deyilsə, yaxın qohumunu və ya məhbusun göstərdiyi digər şəxsi dərhal məlumatlandırmalıdır.

24.10. Məhbuslar, ayrı-ayrı hallarda məhkəmə tərəfindən müəyyən müddətə konkret qadağa qoyulması halları istisna olmaqla, müntəzəm olaraq dövrü və digər nəşrlərə abunə olmaqla və ya qəzet oxumaqla, habelə radio və televiziyadan müntəzəm olaraq ictimai hadisələr barədə məlumat almaq imkanına malik olmalıdırlar.

24.11. Penitensiar müəssisənin müdiriyyəti milli qanunvericiliklə məhbusların hüquqları məhdudlaşdırılmadığı hallarda, onların seçkilərdə, referendumlarda və cəmiyyət həyatının digər tədbirlərində iştirakını təmin edir.

24.12. Təhlükəsizlik, yaxud ictimai maraqlar naminə, cinayətdən zərər çəkmiş şəxslərin, digər məhbusların və işçi heyətinin müdafiəsinin təmin olunması halları istisna olmaqla, məhbusların kütləvi informasiya vasitələri ilə əlaqə imkanı olmalıdır.

Daxili rejim

25.1. Bütün məhbusların saxlanma rejimi tarazlaşdırılmış tədbirlər proqramını nəzərdə tutmalıdır.

25.2. Belə rejim bütün məhbuslara gün ərzində normal insani və qarşılıqlı ictimai əlaqə üçün zəruri olan vaxtı kameradan kənarda keçirmək imkanı verməlidir.

25.3. Belə rejim eyni zamanda məhbusların maddi ehtiyaclarını ödəmək imkanı yaratmalıdır.

25.4. Fiziki, psixoloci və cinsi zorakılığın qurbanları olmuş məhbusların ehtiyaclarına xüsusi diqqət yetirmək lazımdır.

Əmək fəaliyyəti

26.1. Həbs yerlərində əməyə daxili rejimin müsbət elementi kimi baxılmalı və ondan heç vaxt cəza kimi istifadə edilməməlidir.

26.2. Penitensiar müəssisənin müdiriyyəti faydalı əmək üçün kifayət qədər şərait yaratmağa çalışmalıdır.

26.3. Məhbuslara təklif olunan işin xarakteri onlara azadlığa çıxdıqdan sonra yaşamaq üçün qazanc əldə etmək qabiliyyətini saxlamağa və yaxşılaşdırmağa imkan yaratmalıdır.

26.4. 13-cü Qaydaya uyğun olaraq iş təqdim edilərkən cinsi əlamətə görə ayrı-seçkiliyə yol verilə bilməz.

26.5. Məhbuslara, xüsusilə gənc məhbuslara səmərə verə bilən və ixtisas hazırlığı elementlərini nəzərdə tutan iş təqdim olunmalıdır.

26.6. İmkan daxilində müvafiq ixtisas seçimi, daxili qaydanın və intizamın tələbləri nəzərə alınmaqla, məhbuslar iştirak etmək istədikləri fəaliyyət növünü seçə bilərlər.

26.7. Məhbusları normal həyata hazırlamaq məqsədilə islah müəssisələrində əməyin təşkili və üsulları cəmiyyətdə olan fəaliyyətin təşkili və üsullarına maksimal uyğun olmalıdır.

26.8. Penitensiar müəssisələrdə məhbusların əməyindən maliyyə gəliri alınması standartlara uyğunlaşdırılma, habelə peşə hazırlığının keyfiyyətinin yüksəlməsi və səmərəliliyi nöqteyi-nəzərindən faydalı olsa da, məhbusların mənafeyləri bu məqsədə tabe edilməməlidir.

26.9. Məhbuslara iş penitensiar müəssisənin müdiriyyəti tərəfindən, ya müstəqil və yaxud xüsusi podradtçı ilə birgə, penitensiar müəssisənin ərazisində və yaxud onun hüdudlarından kənarda təqdim olunur.

26.10. İstənilən halda məhbuslar öz əməklərinə görə ədalətli əmək haqqı almalıdırlar.

26.11. Məhbuslar əmək haqqının bir hissəsini şəxsi istifadə üçün icazə verilmiş əşyalar əldə etmək və bir hissəsini ailələrinə ayırmaq imkanına malik olmalıdırlar.

26.12. Məhbusları, azad edilərkən onlara verilmək məqsədilə əmək haqqının bir hissəsini qənaət etməyə həvəsləndirmək lazımdır.

26.13. Məhbusların sağlamlıqlarının qorunması və əməyin təhlükəsizliyi tədbirləri azadlıqda olan işçilər barədə tətbiq edilən tədbirlərdən sərt olmamalıdır.

26.14. Məhbuslara, ixtisas xəstəlikləri də daxil olmaqla, istehsalatda xəsarət almaqla əlaqədar ödəmələr üçün azadlıqda olan işçilərə tətbiq edilən ödənişlərdən az olmayan vəsait nəzərdə tutulmalıdır.

26.15. Məhbusların maksimal iş günü və iş həftəsi azad işçilərin muzdla işə qəbulunu müəyyənləşdirən yerli normalara və ənənələrə uyğun olmalıdır.

26.16. Məhbusların həftədə ən azı bir istirahət günü, təhsil və digər məşğuliyyət üçün kifayət qədər vaxtı olmalıdır.

26.17. İmkan daxilində işləyən məhbuslar milli sosial təminat sisteminə daxil edilməlidirlər.

Fiziki təmrinlər və asudə vaxt

27.1. Hər bir məhbus hər gün hava şəraiti imkan verərsə, bir saatdan az olmayaraq təmiz havada fiziki təmrinlərlə məşğul olmaq imkanına malik olmalıdır.

27.2. Əlverişsiz hava şəraitində fiziki təmrinlərlə məşğul olmaq üçün digər imkanlar nəzərdə tutulmalıdır.

27.3. Fiziki formanın saxlanılmasına, idmanla məşğul olmağa və asudə vaxtın təşkilinə yönəlmiş düşünülmüş tədbirlər daxili rejimin ayrılmaz hissəsi

sayılır.

27.4. Belə məşğələlərə penitensiar müəssisələrin müdiriyyəti tərəfindən dəstək verilir, müvafiq qurğular və avadanlıqlar təqdim edilir.

27.5. Penitensiar müəssisələrin müdiriyyəti məhkumların ehtiyac duyduqları xüsusi məşğələlərin təşkili üçün tədbirlər görür.

27.6. Məhbuslara idmanla məşğulliyyət, oyunlar, mədəni tədbirlər, maraqlar, digər üsullar da daxil olmaqla asudə vaxtın keçirilməsi üçün şərait yaradılmalı, imkan daxilində belə tədbirlərin təşkilinə icazə verilməlidir.

27.7. Məhbusların məşğələlər və asudə vaxtın təşkili ilə əlaqədar tədbirlər zamanı bir-biri ilə ünsiyyət imkanları olmalıdır.

Təhsil

28.1. Hər bir penitensiar müəssisə bütün məhbuslara maksimal geniş və onların fərdi ehtiyaclarına cavab verən, məqsədlərinə uyğun olan təhsil proqramlarından istifadə etmək imkanları verməyə çalışmalıdır.

28.2. İlk növbədə oxumağı, yazmağı və saymağı bacarmayan, habelə ilkin təhsili və peşə hazırlığı olmayan məhbuslara diqqət yetirmək lazımdır.

28.3. Gənc məhbusların, habelə xüsusi ehtiyacları olan məhbusların təhsilinə xüsusi diqqət yetirmək lazımdır.

28.4. Daxili rejimə əsasən təhsilin statusu əməyin statusundan aşağı olmamalı və məhbuslar təhsil proqramlarında iştiraka görə maliyyə cəhətdən məhdudlaşdırılma-malıdırlar.

28.5. Hər bir penitensiar müəssisə lazımi qaydada müxtəlif populyar və tədris materiaları, kitablarla və digər məlumat daşıyıcıları ilə komplektləşdirilmiş kitabxanaya malik olmalıdır.

28.6. İmkan daxilində penitensiar müəssisələrin kitabxanalarının işi yerli kitabxana xidmətləri ilə birgə təşkil edilir.

28.7. İmkan daxilində məhbusların təhsili:

a. onlar azadlığa çıxdıqdan sonra öz təhsillərini və peşə hazırlıqlarını problemsiz davam etdirmələri üçün ümummilli təhsil və peşə hazırlığı sisteminə inteqrasiya olunmalıdır; və

b. kənarda olan təhsil müəssisələrinin himayəsi altında həyata keçirilməlidir.

Fikir, vicdan və din azadlığı

29.1. Məhbusların fikir, vicdan və din azadlığına hörmətlə yanaşılmalıdır.

29.2. İmkan daxilində daxili rejim elə təşkil edilməlidir ki, məhbuslara öz dininə və məzhəbinə sitayiş etməyə, müvafiq qaydada icazə almış bu din və etiqad üzrə nümayəndənin təşkil etdiyi xidmət və mərasimlərə baş çəkməyə imkan yaratsın;

bu dinin və etiqadın nümayəndələri məhbuslara baş çəkmək və onlarla gizli şəratidə təmasda olmaq imkanınına malik olmalıdırlar;

məhbuslara onların dininə və etiqadına aid olan kitab və ədəbiyyat saxlamağa icazə verilməlidir. 29.3. Məhbuslar bu və ya digər dinə etiqad etməyə, dini mərasimlərdə iştirak etməyə, dini ayinlərin icrasında iştiraka və yaxud hər hansı dinin

nümayəndələrinin onlara baş çəkməsinə məcbur edilə bilməzlər.

Məlumatlandırılma

30.1. Bütün məhbusları qəbul zamanı və bundan sonra zəruri hallarda mütamadi olaraq yazılı və ya şifahi şəkildə onlara aydın olan dildə daxili intizam qaydaları, penitensiar müəssisələrdə onların hüquq və vəzifələri barədə məlumatlandırmaq lazımdır.

30.2. Məhbuslara təqdim edilən məlumatın mətnini özlərində saxlamağa icazə verilir.

30.3. Məhbuslar onlara aidiyyəti olan bütün prosessual hərəkətlər, əgər onlar məhkum edilmişlərsə, cəza müddəti və vaxtından əvvəl azad edilmə imkanları barədə məlumatlandırılırlar.

Məhbusların əmlakı

31.1. Məhbuslarda daxili intizam qaydaları ilə saxlanılmasına icazə verilməyən bütün əmlak penitensiar müəssisəyə daxil olarkən saxlanmaq üçün ambara təhvil verilir.

31.2. Əmlakı saxlanmaq üçün verilən məhkum onların siyahısını imzalayır.

31.3. Bu əmlakın yaxşı vəziyyətdə saxlanması təmin edilməlidir.

31.4. Belə əmlakın məhv edilməsi qərarı qəbul edildikdə, bu fakt məhbus məlumatlandırılmaqla qeydiyyata alınır.

31.5. Gigiyena, daxili qayda və təhlükəsizlik tələbləri nəzərə alınmaqla, məhbuslar azadlıqdakından çox da baha olmayan qiymətlərə şəxsi istfadə məqsədilə ərzaq məhsulları və içkilər almaq hüququna malikdirlər.

31.6. Əgər məhbus özü ilə hər-hansı dərman preparatları gətirərsə, onlardan istifadə olunması ilə əlaqədar həkim qərar qəbul edir.

31.7. Məhbuslara əmlakı özlərində saxlamağa icazə verildikdə, müdiriyyət əmlakın qorunmasına kömək məqsədilə tədbirlər görməlidir.

Məhbusların daşınması

32.1. Məhbusların penitensiar müəssisələrə, ya məhkəmə, yaxud xəstəxana və digər yerlərə daşınması zamanı, imkan daxilində onların diqqəti az cəlb etməsi, anonimliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülməlidir.

32.2. Məhbusları havası kifayət qədər dəyişilməyən və işıqlandırılmayan, yaxud onlar üçün narahatçılıq yaradan və ya onların şəxsiyyətini alçaldan nəqliyyat vasitələri ilə daşımaq qadağandır.

32.3. Məhbusların daşınması dövlət hakimiyyəti orqanlarının hesabına və onların rəhbərliyi ilə həyata keçirilir.

Məhbusların azad edilməsi

33.1. Bütün məhbuslar cəza müddəti başa çatdıqda və ya məhkəmə və yaxud digər orqanın qərarına əsasən dərhal azad edilirlər.

33.2. Azad edilmənin vaxtı və saatı qeyd edilir.

33.3. Bütün məhbuslar azadlığa çıxdıqdan sonra onların cəmiyyətə qayıtmalarına kömək edən vasitələrdən istifadə etmək imkanına malik olmalıdırlar.

33.4. Müvafiq qərara əsasən pulun götürülməsi və hər hansı bir əmlakın penitensiar müəssisədən kənara göndərilməsi, habelə sanitariya baxımından bu və ya digər əşyaların məhv edilməsi məqsədəuyğun hesab edildiyi hallar istisna olmaqla, azad olunan məhbusa saxlanmaq üçün götürülmüş və ona məxsus olan əşyalar və pullar qaytarılır.

33.5. Məhbuslar onlara qaytarılan əmlakın alınmasını imzaları ilə təsdiq edirlər.

33.6. 42-ci Qaydaya əsasən azadlığa hazırlıqla əlaqədar azad edilmə gününə daha yaxın vaxtda məhbus tibbi müayinədən keçirilir.

33.7. Azad edilmə ilə əlaqədar məhbusların müvafiq, o cümlədən onların şəxsiyyətini təsdiq edən sənədlərlə, yaşayış və iş yeri ilə təmin edilməsi üzrə tədbirlər həyata keçirilməlidir.

33.8. Azad edilən məhbuslar yaşayış üçün, habelə ilin fəslinə və hava şəraitinə uyğun paltarla, təyinat yerinə çatmaq üçün kifayət qədər vəsaitlə təmin olunurlar.

Qadınlar

34.1. Bu Qaydaların tələbləri gözlənilməklə, qadın məhbuslar barədə bu və ya digər nöqteyi-nəzərdən onların həbsi ilə əlaqədar hər hansı bir qərar qəbul edildikdə, müdiriyyət qadınların ehtiyaclarına, o cümlədən onların fiziki, peşə, sosial və psixoloci ehtiyaclarına xüsusi diqqət yetirməlidir.

34.2. 25.4-cü Qaydada göstərilmiş problemlərlə rastlaşmış məhbus qadınların zəruri xidmətlərdən istifadə imkanlarının təmin olunması üçün xüsusi səylər göstəriməlidir.

34.3. Məhbuslar penitensiar müəssisədən kənarda doğmaq imkanına malik olmalıdırlar, uşaqların penitensiar müəssisədə doğuşu zamanı həbs yerlərinin müdiriyyəti zəruri kömək göstərməli və müvafiq şərait yaratmalıdır.

Yetkinlik yaşına çatmayanların həbsxanada saxlanılması

35.1. Müstəsna hallarda 18 yaşına çatmamış şəxslər yaşlı məhbuslar üçün penitensiar müəssisələrdə saxlandıqda, müdiriyyət bütün məhbuslara verilmiş imkanlarla yanaşı, onların azadlıqda yetkinlik yaşına çatmayanların istifadə etdiyi sosial, psixoloci və təhsil proqramlarından istifadə etmək imaklarını təmin etməlidir.

35.2. Yetkinlik yaşına çatmayan məktəb yaşlı hər bir məhbus təhsil almaq imkanına malik olmalıdır.

35.3. Azadlıqdan məhrum etmə yerlərindən azad edilmiş yetkinlik yaşına çatmayanlara əlavə köməklik göstərilməlidir.

35.4. Yetkinlik yaşına çatmayanlar pentensiar müəssisələrdə saxlandıqda, onların maraqlarına zidd olmayan hallar istisna olmaqla, yaşlı məhbuslardan ayrı saxlanılırlar.

Azyaşlı uşaqlar

36.1. Azyaşlı uşaqlar öz valideynləri ilə azadlıqdan məhrum etmə yerlərində o halda qala bilərlər ki, bu ən yüksək dərəcədə onların maraqlarına cavab verir. Onlarla məhbuslar kimi rəftar etmək olmaz.

36.2. Azyaşlı uşaqlara öz valideynləri ilə azadlıqdan məhrum etmə yerlərində qalmağa icazə verildiyi hallarda, müəssisədə ixtisaslı işçi heyəti ilə komplektləşdirilmiş uşaq otağı nəzərdə tutulmalı, valideyn, uşağın iştirakı mümkün olmayan fəaliyyətlə məşğul olduğu zaman uşaqlar buraya yerləşdirirlər.

36.3. Belə uşaqların mənafeyi üçün ayrı bina nəzərdə tutulmalıdır.

Xarici dövlətlərin vətəndaşları

37.1. Xarici dövlətlərin vətəndaşları olan məbuslar təxirə salınmadan öz ölkələrinin diplomatik və konsulluq nümayəndəlikləri ilə əlaqəyə girmək hüququ barədə məlumatlandırılırlar və onlara belə təmas üçün zəruri imkanlar yaradılır.

37.2. Bu ölkədə diplomatik və konsulluq nümayəndəliyi olmayan ölkələrin vətəndaşları olan məhbuslara, habelə qaçqınlara və vətəndaşlığı olmayanlara, onların maraqlarını təmsil edən diplomatik və konsulluq nümayəndəlikləri, habelə onların maraqları naminə fəaliyyət göstərən milli və beynəlxalq təşkilatın nümayəndələri ilə əlaqə üçün eyni imkanlar yaradılır.

37.3. Azadlıqdan məhrum etmə yerlərində saxlanılan və xüsusi ehtiyacları olan əcnəbilərin mənafeyləri naminə penitensiar müəssisənin müdiriyyəti məhbusların maraqlarını təmsil edən diplomatik və konsulluq nümayəndəliklərinin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq edir.

37.4. Xarici dövlətlərin vətəndaşları olan məhbuslara hüquqi yardım almaq barədə konkret məlumat verilir.

37.5. Xarici dövlətlərin vətəndaşları olan məhbuslar digər ölkədə cəza çəkmək üçün ərizə ilə müraciət etmək imkanları barədə məlumatlandırılırlar.

Milli və dil azlıqları

38.1. Milli və dil azlıqlarına mənsub olan məhbusların ehtiyaclarını ödəmək məqsədilə xüsusi tədbirlər görmək lazımdır.

38.2. İmkan daxilində müxtəlif qruplar azadlıqdan məhrum etmə yerlərində öz mədəni ənənələrini davam etdirmək imkanlarına malik olmalıdırlar.

38.3. Dil ehtiyacları ixtisaslı tərcüməçilərin xidmətindən istifadə olunmaqla və penitensiar müəssisədə istifadə olunan dillərdə çap materilları təqdim edilməklə ödənilir.

III HİSSƏ
Sağlamlığın qorunması
Tibbi xidmət

39.1. Penitensiar müəssisələrin müdiriyyəti bütün məhbusların sağlamlığının qorunmasını təmin edir.

Penitensiar müəssisələrdə tibbi xidmətin təşkili

40.1. Penitensiar müəssisələrin tibb xidmətləri dövlətin və ya icmanın mülki səhiyyə təşkilatları (orqanları) ilə sıx əlaqədə təşkil edilir.

40.2. Penitensiar müəssisələrdə sağlamlığın qorunması siyasəti dövlətin bu siyasətinin ayrılmaz hissəsi olmaqla, ona uyğundur.

40.3. Məhbuslar hüquqi vəziyyətlərinə uyğun olaraq və ayrıseçkiliyə yol verilmədən ölkədə mövcud olan tibb xidmətlərindən istifadə imkanına malik olmalıdırlar.

40.4. Penitensiar müəssisələrin tibb xidmətləri məhbusların əziyyət çəkə biləcəkləri fiziki və psixi xəstəlikləri, yaxud zədələri müəyyənləşdirir və müalicə edirlər.

40.5. Bunun üçün məhbusa, mülki müəssisələrdə mövcud olanlar da daxil olmaqla, bütün zəruri tibbi, cərrahi və psixiatrik xidmətlər göstərilir.

Tibbi və sanitar işçi heyəti

41.1. Hər bir penitensiar müəssisənin müvafiq ixtisasa, ümumi tibbi təcrübəyə malik ən azı bir həkimi olmalıdır.

41.2. Təxirəsalınmaz hallarda təcili tibbi yardım göstərə bilən müvafiq ixtisaslı həkimin olması məqsədilə tədbirlər görülür.

41.3. Penitensiar müəssisələrdə həkim ştatı olmadığı hallarda, bu müəssisələrə mütamadi olaraq əvəzçiliklə işləyən həkim baş çəkməlidir.

41.4. Hər bir penitensiar müəssisədə ümumi tibbi hazırlıq keçmiş işçi heyəti olmalıdır.

41.5. Hər bir məhbusun ixtisaslı diş və göz həkiminin xidmətindən istifadə imkanı olmalıdır.

Həkimin vəzifələri

42.1. Həkim və ya bu həkimə tabe olan ixtisaslı tibb bacısı, açıq-aydın zəruri hallar istisna olmaqla, ilk imkan olduqda hər bir məhbusu müayinə edir.

42.2. Həkim və ya bu həkimə tabe olan ixtisaslı tibb bacısı azad olunan məhbusu onun xahişinə əsasən müayinə edir, habelə zəruri hallarda bütün məhbuslara baxış keçirir.

42.3. Həkim və yaxud bu həkimə tabe olan ixtisaslı tibb bacısı məhkuma baxış zamanı aşağıdakılara xüsusi diqqət yetirir:

a. həkim sirrinin saxlanması üzrə ümumi qaydalara;

b. fiziki və psixi xəstəliklərin müəyyən edilməsinə, onun müalicəsi və ya müalicə kursunun davam etdirilməsi üçün bütün tədbirlərin görülməsinə;

c. məhbuslar barəsində istənilən mümkün zorakılıq əlamətlərinin və yaxud sübutların qeydiyyata alınması və müvafiq hakmiyyət nümayəndələrinin nəzərinə çatdırılmasına;

d. narkotiklərdən, dərman preparatlarından və yaxud alkoqoldan sui-istifadə ilə əlaqədar absteniya əlamətlərinin müalicəsinə;

e. azadlıqdan məhrum etmə ilə əlaqədar yaranmış istənilən psixi və yaxud digər stress hallarının müəyyən edilməsinə;

f. infeksion və yaxud yoluxucu xəstəliklə əlaqədar şübhəli sayılan məhbusun infeksiyanın saxlandığı və ya zəruri müalicə üçün tələb edilən müddətdə təcrid edilməsinə;

g. HİV-lə yoluxmuş məhbusların yalnız bu səbəbdən təcrid olunmamasının təmin edilməsinə;

h. azad edildikdən sonra cəmiyyətə reinteqrasiya üçün maneçilik yarada bilən fiziki və psixi qüsurlara;

i. hər bir məhbusun əməyə və fiziki gərginliyə yararlılığının müəyyən edilməsinə;və

c. məhbusların razılıq verdikləri təqdirdə, azad edildikdən sonra istənilən zəruri tibbi və ya psixiatrik müalicənin davam etdirilməsi ilə əlaqədar mülki müəssisələrlə danışıqlara.

43.1. Həkim məhbusların fiziki və psixi sağlamlığının qayğısına qalır, bütün xəstə məhbuslara, habelə nasazlıq və yaxud zədə ilə bütün müraciət edənlərə, o cümlədən xüsusi diqqət yetirilən istənilən məhbusa cəmiyyətdə mövcud səhiyyə standartlarına uyğun şəraitdə və tezliklə baxış keçirir.

43.2. Həkim və ya bu həkimə tabe olan ixtisaslı tibb bacısı tək saxlanan məhbusların səhhətinə xüsusi diqqət yetirir, hər gün onlara baş çəkir və onların, yaxud penitensiar müəssisənin işçi heyətinin xahişinə əsasən təxirəsalınmaz tibbi yardım göstərir və müalicə aparır.

43.3. Həkim həbsin davam etdirilməsinin və ya tək saxlanma da daxil olmaqla, həbsin istənilən şərtlərinin, habelə məhbusun fiziki və yaxud psixi sağlamlığını təhlükədə qoyan bütün hallar barədə müdiriyyətə məruzə edir.

44.1. Həkim və ya müvafiq səlahiyyətlər veilmiş digər şəxs vaxtaşırı yoxlama aparır, məlumat toplayır və zəruri hallarda, digər vasitələrlə müdririyyətə aşağıdakı məlumatları verir:

a. qida və suyun miqdarı, keyfiyyəti, hazırlanması və verilməsi;

b. müəssisənin və məhbusların sanitar-gigiyenik vəziyyəti;

c. müəssisədə su kəmərinin və kanalizasiya xəttinin, istilik, işıqlandırma və ventilyasiyanın vəziyyəti; və

d. məhbusların geyiminin və yataq ləvazimatının yararlılığı və təmizliyi.

45.1. Müdiriyyət 43 və 44-cü Qaydalara uyğun həkim və ya müvafiq səlahiyyətlər veilmiş digər şəxs tərəfindən təqdim olunmuş məruzə və rəylərə baxır, verilmiş tövsiyələrlə razı olduqda, onların yerinə yetirilməsi üçün təcili tədbirlər görür.

45.2. Həkimin tövsiyələri müdiriyyətin səlahiyyətinə aid olmadıqda və yaxud, əgər müdiriyyət onlarla razı deyilsə, o, təxirə salınmadan həkimin rəyini və özünün raportunu yuxarı instansiyaya göndərir.

Tibbi xidmət

46.1. Xüsusi müalicə tələb edən xəstə məhbuslar, penitensiar müəssisədə belə müalicə mümkün olmadıqda, xüsusiləşdirilmiş müəssisələrə və yaxud mülki xəstəxanalara keçirilirlər.

46.2. Penitensiar xidmətin özünün xəstəxanası olduqda, buraya göndərilən xəstə məhbuslara tələb olunan qayğı və müalicə üçün xəstəxana kifayət qədər avadanlıqlarla və müvafiq işçi heyəti ilə komplektləşdirilməlidir.

Psixi sağlamlıq

47.1. 12-ci Qaydada göstərilənlərə aid edilməyən, psixi pozğunluqlardan və ya anomaliyalardan əziyyət çəkən məhbusların müşahidəsi və müalicəsi xüsusiləşdirilmiş penitensiar müəssisələrdə və yaxud həkim nəzarəti olan bölmələrdə həyata keçirilməlidir.

47.2. Penitensiar müəssisənin tibb xidməti psixiatrik müalicəyə ehtiyacı olan bütün məhbusların müalicəsini təmin edir və intiharların qarşısının alınmasına xüsusi diqqət yetirir.

Digər məsələlər

48.1. Məhbuslar onların razılığı olmadan heç bir təcrübəyə məruz qala bilməzlər.

48.2. Məhbusların fiziki zədələnməsinə, psixi əzablarına gətirib çıxaran və yaxud sağlamlıq üçün digər ziyan doğura bilən təcrübələr qadağandır.

IV HİSSƏ
Daxili qayda
Daxili qaydanın təşkilinə ümumi yanaşma

49. Penitensiar müəssisələrdə daxili qayda rejim, təhlükəsizlik və intizamın tələbləri nəzərə alınmaqla və eyni zamanda məhbuslara insan ləyaqətini təmin edən şərait təqdim olunmaqla, habelə 25-ci Qaydaya uyğun tədbirlər proqramının tam yerinə yetirilməsi şərti ilə təşkil olunur.

50. Daxili qaydanın, təhlükəsizliyin və intizamın təmin olunması zərurəti nəzərə alınmaqla, məhbuslara ümumi saxlanma şəraiti ilə bağlı məsələləri müzakirə etməyə icazə verilir və bu məsələlərin penitensiar müəssisənin müdiriyyətinin nəzərinə çatdırılması həvəsləndirilməlidir.

Mühafizə

51.1. Ayrı-ayrı məhbuslar barədə tətbiq edilən təhlükəsizlik tədbirləri onların etibarlı saxlanması təminatı üçün minimal olmalıdır.

51.2. Fiziki maneələrlə və digər texniki vasitələrlə təmin edilən mühafizə, məhbusları tanıyan və onların nəzarəti altında olan işçi heyəti tərəfindən tətbiq edilən təhlükəsizlik tədbirləri ilə tamamlanır.

51.3. Qəbuldan sonra imkan olan kimi, aşağıdakıların müəyyənləşdirilməsi məqsədilə məhbusların qiymətləndirilməsi həyata keçirilməlidir:

a. onların qaçış vaxtı cəmiyyət üçün yarada biləcəkləri təhlükə;

b. onların müstəqil və ya xaricdən kömək göstərilməklə qaçış cəhdləri ilə əlaqədar risk.

51.4. Bundan sonra hər bir məhbus bu risklərin dərəcəsinə uyğun rejim şəraitində saxlanılır.

51.5. Zəruri rejim tədbirlərinin dərəcəsinə bu və ya digər məhbusun həbsdə saxlanma müddəti ərzində vaxtaşırı yenidən baxılır.

Təhlükəsizlik

52.1. Qəbuldan sonra imkan olan kimi, məhbusların digər məhbuslar və ya penitensiar müəssisələrdə işləyən şəxslər və yaxud bu müəssisələrə baş çəkən şəxslər üçün təhlükə yarada biləcəkləri, habelə onların özlərinə xəsarət yetirmələri ehtimalını müəyyənləşdirilməsi məqsədilə məhbusların qiymətləndirilməsi həyata keçirilməlidir.

52.2. Məhbusların, penitensiar müəsisələrin işçi heyətinin və bütün başçəkənlərin təhlükəsizliyinin təmin edilməsi və təhlükəsizliyə təhdid yarada bilən zorakılıq və digər hadisə risklərinin minimuma endirilməsi üçün qaydalar işlənib hazırlanmalıdır.

52.3. Günün qaydaları ilə müəyyən olunmuş bütün tədbirlərdə məhbusların təhlükəsiz iştirak edə bilmələri məqsədilə zəruri səylər göstərilməlidir.

52.4. Məhbusların istənilən vaxt, o cümlədən, gecə vaxtı işçi heyəti ilə əlaqə yaratmaq imkanı olmalıdır.

52.5. Penitensiar müəssisələrdə ölkənin səhiyyə və təhlükəsizliyə dair qanunlarına riayət olunmalıdır.

Ciddi rejimli və ya xüsusi təhlükəsizlik tədbirləri

53.1. Ciddi rejimli və ya xüsusi təhlükəsizlik tədbirləri müstəsna hallarda tətbiq olunur.

53.2. Belə tədbirlərin istənilən məhbus barədə tətbiqi zamanı gözlənilməsi tələb olunan şəffaf prosedurlar müəyyən edilməlidir.

53.3. İstənilən belə tədbirin tətbiqi əsası, xarakteri və müddəti milli qanunvericiliklə müəyyən olunmalıdır.

53.4. Bu tədbirlərin hər bir halda tətbiqi səlahiyyətli orqan tərəfindən təsdiq olunmalıdır.

53.5. Müəyyən olunmuş bu müddətin artırılması üzrə istənilən qərar onun səlahiyyətli orqan tərəfindən yenidən təsdiqindən sonra qəbul edilə bilər.

53.6. Belə tədbirlər məhbus qruplarına yox, ayrı-ayrı şəxslərə tətbiq edilir.

53.7. Barəsində belə tədbirlər tətbiq edilən hər bir məhbusun 70-ci qaydada göstərilən şərtlərə uyğun şikayət etmək hüququ vardır.

Baxış və nəzarət

54.1. İşçi heyətinin baxış keçirməsi zamanı riayət etməli olduqları qaydalar ətraflı qeyd edilməlidir:

a. məhbusların yaşadıqları, işlədikləri və yığışdıqları bütün yerlər;

b. məhbuslar;

c. başçəkənlər və onların əşyaları; və

d. işçi heyəti.

54.2. Belə baxışların keçirilməsini zəruri edən hallar və onların xarakteri milli qanunvericliklə müəyyən edilməlidir.

54.3. İşçi heyəti belə baxışların keçirilməsi zamanı axtarılan şəxslərin ləyaqətinin gözlənilməsinə və onların əşyaların qorunmasına riayət etməklə, hər bir qaçış cəhdinin qarşısının alınması və qadağan olunmuş əşyaların gizlədilməsinin müəyyən edilməsi məqsədilə hazırlıq keçməlidir.

54.4. Axtarış aparılan zaman məhbuslar alçaldılmağa məruz qalmamalıdırlar.

54.5. Şəxslərə eyni cinsdən olan işçi heyəti tərəfindən baxış keçirilir.

54.6. Penitensiar müəssisələrin işçi heyəti məhbusların bədəninin daxili boşluqlarına fiziki baxış keçirməməlidirlər.

54.7. Axtarış zamanı intim baxış yalnız həkim tərəfindən keçirilə bilər.

54.8. Araşdırma üsulları buna imkan verirsə və işçi heyətinə real təhlükə yoxdursa, məhbusların şəxsi əşyalarına baxış onların iştirakı ilə keçirilir.

54.9. rejimin və təhlükəsizliyin təmin olunması vəzifəsi başçəkənlərin şəxsi maraqlarını pozmamalıdır.

54.10. Qanuni nümayəndələr, sosial işçilər və həkimlər kimi ixtisaslı başçəkənlərə nəzarət üsulları rejimin və təhlükəsizliyin, bu başçəkənlərin gizli giriş hüququ arasında tarazlığın təmin olunması məqsədilə, onların həmkarlar ittifaqları ilə məsləhətləşmə aparmaqla işlənib hazırlanmalıdır.

Cinayət əməlləri

55. Penitensiar müəssisədə baş verə biləcək cinayət əməli azadlıqda olduğu kimi araşdırılır, bununla əlaqədar milli qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

İntizam və tənbehlər

56.1. Tənbeh son tədbir kimi tətbiq edilir.

56.2. Mümkün olan hallarda penitensiar müəssisənin müdiriyyəti məhbuslarla və ya onlar arasında baş vermiş mübahisələrin tənzimlənməsi zamanı bərpaedici mühakimə və mediasiya mexanizmlərindən istifadə etməlidir.

57.1. Yalnız daxili qayda, rejim və təhlükəsizlik üçün təhdid yarada bilən hərəkət intizam pozuntusu sayıla bilər.

57.2. Milli qanunvericilik müəyyən edir:

a. məhbusların intizam pozuntusu sayılan hərəkət və ya hərəkətsizliyi;

b. pozuntu ilə əlaqədar araşdırmalarda gözlənilməsi tələb olunan prosedurları;

c. tətbiq edilən tənbehin növü və müddəti;

d. bu tənbehi tətbiq edən səlahiyyətli orqan; və

e. şikayət vermək proseduru və buna səlahiyyətli orqanı.

58. Məhbus tərəfindən istənilən intizam qaydalarının pozulması halları təxirə salınmadan səlahiyyətli orqana məruzə edilir və onun tərəfindən dərhal araşdırma aparılır.

59.1. İntizam pozuntusu törətməkdə təqsirli hesab edilənlər:

a. dərhal və ətraflı, onlara aydın dildə irəli sürülən ittihamın xarakteri barədə məlumatlandırılırlar;

b. özlərinin müdafiəsi üçün kifayət qədər vaxt və şəraitə malik olmalıdırlar;

c. ədalət mühakiməsinin maraqları tələb edirsə, özlərinin şəxsən və yaxud hüquqi yardım cəlb etməklə müdafiə imkanı olmalıdır;

d. şahidlərin iştirakını və onları dinləmək, yaxud onların dindirilməsini tələb etmək imkanına malik olmalıdır; və

e. əgər onlar dinləmə aparılan dili başa düşmürlərsə və yaxud bu dildə danışa bilmirlərsə, tərcüməçinin köməyindən pulsuz istifadə etməlidirlər.

60.1. İntizam pozuntusuna görə tətbiq edilən istənilən tənbeh qanuna uyğun olmalıdır.

60.2. Hər bir tənbehin ciddiliyi pozuntuya mütanasib olmalıdır.

60.3. Kollekttiv və bədən tənbehləri, pəncərəsiz cərimə təcridxanasına keçirilmə, qeyri-humanist və yaxud alçaldıcı tənbehlərin bütün digər növləri qadağandır.

60.4. Tənbeh ailə əlaqələrin tam qadağan olunmasını nəzərdə tutmamalıdır.

60.5. Təksaxlama tənbeh tədbiri kimi yalnız müstəsna hallarda və imkan daxilində, mümkün qədər qısa və konkret müddətdə istifadə edilə bilər.

60.6. Hərəkət azadlığının məhdudlaşdırılması vasitələri tənbeh kimi tətbiq edilə bilməz.

61. İntizam pozuntusu törətməkdə təqsirkar hesab edilən məhbusun səlahiyyətli və müstəqil yuxarı orqana şikayət etmək imkanı olmalıdır.

62. Penitensiar müəssisədə hər bir məhbus intizam tənbehinin icrası ilə əlaqədar işə qəbul edilə bilməz.

Məsuliyyətə təkrar cəlb edilmə

63. Bir hərəkətə və ya əmələ görə məhbus təkrar tənbeh edilə bilməz.

Güc tətbiqi

64.1. Penitensiar müəssisənin işçi heyəti özünümüdafiə, qaçışa cəhd və ya qanunla müəyyən olunmuş qaydaya fəal, yaxud passiv fiziki müqavimət göstərmə halları istisna olmaqla, məhbuslara qarşı güc tətbiq etməməlidir. Eyni zamanda, bu, son vasitə olmalıdır.

64.2. Gücün tətbiq edilmə dairəsi və müddəti zəruri və minimal olmalıdır.

65. Gücün tətbiqi qaydası, habelə aşağıdakılar da daxil olmaqla ətraflı işlənib hazırlamalıdır:

a. tətbiq edilə bilən müxtəlif növ güc hərəkətləri;

b. hər bir güc hərəkətlərinin tətbiqinin əsasları;

c. müxtəlif növ güc hərəkətlərini tətbiq etmək hüququ olan işçi heyəti;

d. istənilən güc hərəkətlərinin tətbiqinə icazə verən müdiriyyətin səviyyəsi; və

e. güc tətbiq edildikdən sonra tərtib edilən məruzələr.

66. Məhbuslarla bilavasitə işləyən işçi heyəti təcavüzkar məhkumları az güc tətbiq etməklə sakitləşdirməyə imkan verən üsullara öyrədilməlidir.

67.1. Digər hüquqmühafizə orqanlarının əməkdaşları penitensiar müəssisənin ərazisində bilavasitə məhbuslarla yalnız müstəsna hallarda işləyə bilərlər.

67.2. Hüquqmühafizə orqanları ilə münasibətlər milli qanunvericiliklə tənzimlənmədiyi halda, penitensiar müəssisələrin müdiriyyəti və bu idarələr arasında rəsmi müqavilə bağlanmalıdır.

67.3. Belə müqavilədə göstərilir:

a. hər hansı bir münaqişənin qarşısının alınması məqsədilə digər hüquqmühafizə orqanlarının əməkdaşlarının penitensiar müəssisələrə daxil olması şərtləri;

b. penitensiar müəssisələrdə digər hüquqmühafizə orqanlarının əməkdaşlarının olduğu müddətdə onlara verilən səlahiyyətlərin həcmi və onların penitensiar müəssisənin rəisi ilə münasibətləri;

c. bu hüquqmühafizə orqanlarının əməkdaşlarının tətbiq edə biləcəkləri güc hərəkətlərinin müxtəlif növləri;

d. hər bir güc növünün tətbiqi üzrə əsaslar;

e. hər bir gücün tətbiqinə icazə verən müdiriyyətin səviyyəsi; və

f. güc tətbiq edildikdən sonra tərtib edilən məruzələr.

Təhlükəsizlik tədbirləri

68.1. Qandal və zəncirlərdən istifadə qadağandır.

68.2. Aşağıdakı hallar istisna olmaqla, əl qandalı, sakitləşdirici köynəklər və hərəkəti məhdudlaşdıran vasitələr tətbiq edilmir:

a. müşayiət zamanı məhbusun qaçışının qarşısını almaq məqsədilə, bu şərtlə ki, məhbus məhkəməyə və yaxud inzibati orqana gətirildikdən sonra, müdiriyyət digər qərar qəbul etməmişsə, həmin vasitələr çıxarılır;

b. direktorun göstərişinə əsasən, məhbusun özünə, başqalarına xəsarət və ya əmlaka ciddi ziyan vurulmasının qarşısının alınması üçün digər nəzarət vasitələri nəticə vermirsə, rəis təxirəsalınmadan bu barədə həkimə məlumat verir və penitensiar müəssisələrin yuxarı instansiyasına məruzə edir.

68.3. Sakitləşdirici vasitələr lazım olduğundan çox tətbiq edilməməlidir.

68.4. Sakitləşdirici vasitələrin tətbiqi xarakteri milli qanunvericiliklə konkret müəyyən edilir.

Silah

69.1. Fövqəladə hallar istisna olmaqla, penitensiar müəssisələrin işçi heyəti penitensiar müəssisənin hüdudlarında silah gəzdirməməlidir.

69.2. Konkret hadisə zamanı rejimin və təhlükəsizliyin təmin olunması halları istisna olmaqla, bilavasitə məhbuslarla əlaqədə olanlara penitensiar müəssisənin hüdudlarında açıq şəkildə dəyənək də daxil olmaqla, digər silah gəzdirmək qadağandır.

69.3. İstifadə qaydaları üzrə hazırlıq keçməyən şəxslərə silah verilmir.

Müraciət və şikayətlər

70.1. Məhbuslar ayrı-ayrılıqda və yaxud qrup şəklində penitensiar müəssisənin rəisinə və ya digər səlahiyyətli qurumlara xahiş və şikayətlərini bildirmək üçün geniş imkanlara malik olmalıdırlar.

70.2. Mediasiya müasibdirsə, ilk növbədə onu tətbiq etmək lazımdır.

70.3. Şikayət və yaxud xahiş təmin edilməyibsə, onun səbəbləri məhbusun nəzərinə çatdırılmalıdır, məhbusun bu qərardan müstəqil quruma şikayət etmək hüqüqu vardır.

70.4. Məhbuslar xahiş və şikayətlə müraciətlərə görə cəzalandırılmamalıdırlar.

70.5. Səlahiyyətli qurum məhbusların hüquqlarının pozulması ehtimalı ilə əlaqədar onların qohumlarının yazılı qaydada göndərdikləri bütün şikayətləri qəbul etməlidirlər.

70.6. Məhbuslarla davranışla əlaqədar məsələlərlə məşğul olan qanuni nümayəndə və yaxud təşkilat məhbusların razılığı olmadan onların adından şikayət verə bilməz.

70.7. Məhbusların şikayət və apellyasiya göndərməklə əlaqədar huquqi məsləhət, habelə ədalət mühakiməsinin maraqları tələb etdiyi hallarda isə, hüquqi yardım almaq hüquqları var.

V HİSSƏ
Müdiriyyət və işçi heyəti
Penitensiar müəssisələrdə iş - dövlət qulluğu kimi

71. Penitensiar müəssisələrə hərbi, polis və yaxud cinayət təqibi idarələrinə tabe olmayan dövlət hakimiyyəti orqanı cavabdehlik daşımalıdır.

72.1. Penitensiar müəssisələrin idarə edilməsi məhbuslara humanist və insan ləyaqətinə hörmətlə yanaşılması vacibliyi çərçivəsində olmaqla, əxlaqi baxımdan həyata keçirilməlidir.

72.2. İşçi heyəti penitensiar sistemin məqsədini aşkar anladığını nümayiş etdirməlidir. Müdiriyyət bu məqsədə çatmaq üçün nümunə göstərməlidir.

72.3. İşçi heyətinin vəzifələri sadə mühafizəçilərin vəzifə dairəsindən kənara çıxır və məhbusların cəzanı çəkdikdən sonra müsbət motiv və dəstək proqramları əsasında cəmiyyətə qayıtmasına kömək göstərilməsini nəzərə almalıdır.

72.4. İşçi heyəti öz fəaliyyətində peşə və şəxsi əxlaqın yüksək normalarına riayət etməlidir.

73. Penitensiar müəssisənin müdiriyyəti ilk növbədə işçi heyətinə aid olan qaydalara riayət edilməsinə diqqət yetirməlidir.

74. Bilavasitə məhbuslarla əlaqəli işləyən penitensiar müəssisənin işçi heyəti ilə məhbusların münasibətlərinin təşkilinə xüsusi diqqət yetirilməlidir.

75. İşçi heyəti istənilən vaxt özünün əxlaqı və vəzifə borclarının yerinə yetirilməsi ilə müsbət nümunə göstərməli və məhbusların hörmətini qazanmalıdır.

Penitensiar müəssisənin işçi heyətin seçilməsi

76. İşçi heyəti diqqətlə seçilməli, digər xidmətin əvvəlində, istərsə mütamadi həyata keçirilən hazırlıq müddətində, mülki cəmiyyətdə hörmətə malik statusu olmalı və mütəxəssis səviyyəsində əmək haqqı almalıdır.

77. Yeni işçi heyətinin seçilməsi zamanı penitensiar müəssisənin müdiriyyəti onların ağır işi yerinə yetirəcəyini nəzərə almaqla vicdanlılıq, humanistlik, ixtisas bacarıqları və şəxsi yararlılıq keyfiyyətlərinin təmin olunmasına xüsusi diqqət yetirməlidir.

78. Xüsusi işçi heyəti bir qayda olaraq, dövlət qulluqçusu statuslu daimi işə təyin olunur, əmək intizamının pozulmasına yol verilməməsi, səmərəlilik, möhkəm fiziki və psixoloci sağlamlıq şərtlərinə və müvafiq təhsil səviyyəsinə uyğun təminatlı məşğuliyyətlə təmin edilir.

79.1. Müvafiq işçi heyətini işə cəlb etmək və işdə saxlamaq üçün əmək haqqı kifayət qədər olmalıdır.

79.2. Ödənişlər və əməyin şərtləri hüquqmühafizə orqanlarındakı fəaliyyətin məsuliyyətini əks etdirməlidir.

80. İşçi heyətini müvəqqəti əsaslarla işə qəbul etmək zərurəti yarandıqda, onlara imkan daxilində bu tələblər tətbiq olunmalıdır.

Penitensiar müəssisənin işçi heyətinin hazırlanması

81.1. Vəzifənin icrasına başlamazdan əvvəl işçi heyəti özünün ümumi və konkret vəzifələrinin icrası üzrə hazırlıq kursu keçməli, nəzəriyyədən və təcrübədən imtahan verməlidir.

81.2. Xidmət müddətində bütün işçi heyəti öz biliklərini və ixtisas bacarıqlarını saxlamaq və artırmaq məqsədilə işdən ayrılmamaqla mütamadi təşkil edilən hazırlıq və ixtisasartırma kursları keçməlidir.

81.3. Xüsusi məhbus qrupları, əcnəbi vətəndaşlarla, qadınlarla, yetkinlik yaşına çatmayanlarla və yaxud ruhi xəstələrlə işləyən işçi heyəti fəaliyyətin xarakterinə uyğun xüsusi hazırlıq keçməlidir.

81.4. Bütün işçi heyətinin hazırlıq kursları insan hüquqları sahəsində beynəlxalq və regional sənədlərin və normaların, xüsusilə İnsan hüquqlarının müdafiəsi barədə Avropa Konvensiyasının, İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyasının, habelə Avropa Penitensiar Qaydaların tətbiqi ilə əlaqədar məsələlərin öyrənilməsini nəzərdə tutmalıdır.

Penitensiar müəssisənin idarə edilməsi

82. İşçi heyəti bərabərlik əsasında, hər hansı bir əlamətə görə, o cümlədən cinsə, irqə, dərinin rənginə, dilə, dinə, siyasi və yaxud digər baxışlara, milli və yaxud sosial mənşəyə, mülki münasibətlərə, doğum əlamətlərinə, milli azlıqlara mənsubiyyətə və ya digər statusa görə ayrı-seçkiliyə yol verilmədən seçilir və təyin edilir.

83. Penitensiar müəssisənin müdiriyyəti idarəetmənin təşkili sistemini müəyyən edir və bu sistem:

a. məhbuslarla işin insan hüquqları sahəsində beynəlxalq və regional aktlara uyğun, daim yüksək səviyyədə aparılmasını təmin edir və;

b. müxtəlif penitensiar müəssisələr və onların işçi heyəti arasında etibarlı əlaqəni, eyni zamanda məhbuslara xidmət edən penitensiar müəssisələrin bölmələri, habelə onun hüdudlarından kənarda olan qurumlar arasında, o cümlədən onların məişət təminatı və sosial reabilitasiyası sahəsində zəruri koordinasiyasını təmin edir.

84.1. Hər bir penitensiar müəssisənin rəisi olmalıdır və o, bu vəzifəni tutmaq üçün öz şəxsi keyfiyyətləri, inzibati iş qabiliyyəti, peşə hazırlığı və təcrübə baxımından kifayət qədər təcrübəli olmalıdır.

84.2. Rəislər tam iş günü çalışmaq şərti ilə təyin edilir və bu müddət ərzində öz vəzifələri ilə məşğul olmalıdırlar.

84.3. Penitensiar müəssisələrin idarələri hər bir penitensiar müəssisənin daim rəisin, rəis müavininin və ya digər səlahiyyətli vəzifəli şəxsin tam rəhbərliyi altında olmasını təmin etməlidirlər.

84.4. Əgər rəis iki və daha çox penitensiar müəssisəyə cavabdehlik daşıyırsa, onda hər bir müəssisəyə cavabdeh olan əlavə işçi təyin olunmalıdır.

85. Kişi və qadınlar penitensiar müəssisənin ştat cədvəlində tarazlaşdırılmış qaydada təmsil olunmalıdırlar.

86. Müdiriyyətin ümumi məsələlər, xüsusilə işə qəbul şərtləri ilə əlaqədar işçi heyətinin birlikləri ilə məsləhətləşmələri nəzərdə tutulmalıdır.

87.1. Müdiriyyətin işçi heyəti, məhbuslar və digər idarələrlə maksimal əlaqə saxlamaq imkanları üzrə mexanizmləri nəzərdə tutulmalıdır.

87.2. Müdiriyyət, rəis və penitensiar müəssisənin digər işçi heyəti məhbusların əksəriyyətinin danışdığı və ya başa düşə bildikləri dili bilməlidirlər.

88. Xüsusi mülkiyyətdə olan penitensiar müəssisələrdə də Avropa Penitensiar Qaydaları qüvvədə olmalıdır.

Mütəxəssislər

89.1. İmkan daxilində işçi heyətinin tərkibinə kifayət qədər mütəxəssislər, yəni psixiatrlar, psixoloqlar, sosial işçilər, texniki peşə təhsili, bədən tərbiyəsi və idman üzrə müəllimlər daxil edilməlidir.

89.2. İmkan daxilində məhbuslarla aparılan işdə tam iş günü işləməyənlərin və könüllülərin iştirakı həvəsləndirilməlidir.

İctimaiyyətin məlumatlandırılması

90.1. Penitensiar müəssisələrin cəmiyyətdə rolunun dolğun dərk olunması məqsədilə penitensiar müəssisələr idarəsi tərəfindən ictimaiyyətə penitensiar sistemin məqsədi və işçi heyəti tərəfindən aparılan iş barədə daim məlumat verilməlidir.

90.2. Vətəndaşların mümkün olan hallarda penitensiar müəssisələrdə könüllü işləmələri üçün penitensiar müəssisələr idarəsi səylər göstərməlidir.

Tədqiqat və qiymətləndirilmə

91. Penitensiar müəssisələr idarəsi penitensiar sistemin təyinatı, onun demokratik cəmiyyətdə rolu və habelə, onun öz mahiyyətinin hansı dərəcədə həyata keçirməsi ilə əlaqədar tədqiqat və qiymətləndirmə proqramlarına dəstək verməlidir.


VI HİSSƏ
Təftiş və nəzarət
Dövlət yoxlamaları

92. Penitensiar müəssisələr dövlət orqanları vasitəsi ilə idarəetmənin milli qanunvericiliyə və beynəlxalq hüquqa, habelə bu Qaydalara uyğunluğunun qiymətləndirilməsi məqsədilə vaxtaşırı təftiş edilirlər.

Müstəqil nəzarət

93.1. Müstəqil orqan və ya orqanlar məhbusların saxlanma vəziyyəti və onlarla davranışla əlaqədar nəzarəti həyata keçirir, nəticələri barədə açıq məlumat verirlər.

93.2. Belə müstəqil nəzarət orqanının (yaxud orqanlarının) qanunvericliyə uyğun penitensiar müəssisələrə baş çəkmək səlahiyyətli beynəlxalq təşkilatlarla əməkdaşlığı həvəsləndirilir.

VII HİSSƏ
Məhkəmədə işlərinə baxılmamış məhbuslar
Məhkəmədə işlərinə baxılmamış məhbusların hüquqi vəziyyəti

94.1. Bu Qaydalar məhkəmədə işlərinə baxılmamış, məhkəmə baxışına, məhkum edilənə və yaxud hökm çıxarılana qədər olan məhbuslara da şamil edilir.

94.2. Dövlət, haqqında hökm çıxarılan və məhkum edilənləri, məhkəmədə işinə, habelə apellasiya şikayətinə baxılmayanları məhbus hesab edə bilər.

Məhkəmədə işlərinə baxılmamış məhbuslar üçün rejim

95.1. Məhkəmədə işinə baxılmayan məhbusların rejimi, onların törədilmiş cinayətə görə məhkum ediləcəkləri nöqteyi-nəzərindən müəyyən edilməməlidir.

95.2. Bu hissənin Qaydaları məhkəmədə işinə baxılmayan məhbuslar üçün əlavə təminatlar nəzərdə tutur.

95.3. Penitensiar müəssisələr məhkəmədə işinə baxılmayan məhbuslar üçün rejim müəyyən edərkən bütün məhbuslara tətbiq edilən Qaydaları rəhbər tutur, onların bu Qaydalarla müəyyən edilmiş müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutur.

Yerləşdirmə

96. Məhkəmədə işinə baxılmayan məhbuslara, əgər onlar digər belə kateqoriyalı məhbuslarla birlikdə saxlanmağa üstünlük vermirlərsə, yaxud məhkəmə belə saxlanma barədə xüsusi qərar qəbul etməyibsə, imkan daxilində biradamlıq kameralarda yerləşmək imkanı təklif olunmalıdır.

Paltar

97.1. Məhkəmədə işinə baxılmayan məhbuslara öz paltarlarını, əgər onlar penitensiar müəssisədə geyinməyə yararlıdırsa, gəzdirməyə icazə verilir.

97.2. Məhkəmədə işinə baxılmayan məhbusların münasib paltarları olmadıqda, onlara məhkum edilmiş məhbusların geyimindən fərqlənən paltar verilir.

Hüquqi yardım

98.1. Məhkəmədə işinə baxılmayan məhbuslara onların hüquqi yardım almaq hüquqları barədə birbaşa məlumat verilir.

98.2. Məhkəmədə işinə baxılmayan məhbuslara müdafiəyə hazırlaşmaq və qanuni nümayəndə ilə görüşmək üçün bütün zəruri imkanlar yaradılır.

Xarici aləmlə əlaqələr

99. Məhkəmədə işinə baxılmayan məhbuslarla əlaqədar bu və ya digər iş üzrə konkret müəyyən edilmiş müddətə məhkəmənin xüsusi qadağanı yoxdursa:

a. onlara baş çəkilməsi hüququna malik olmaqla, məhkum olunmuş məhbuslar üçün müəyyən olunmuş qaydada ailə üzvləri və digər şəxslərlə görüşməyə icazə verilir;

b. əlavə baş çəkilmə və digər təmas növlərindən istifadə hüquqları var; və

c. kitab, qəzet və digər məlumat vasitələri almaq hüquqları vardır.

İş

100.1. Məhkəmədə işinə baxılmayan məhbuslara işləmək imkanı verilməlidir, lakin işləmək onların vəzifəsi deyil.

100.2. Məhkəmədə işinə baxılmayan məhbuslar işləmək istəyirlərsə, onlara əmək haqqı da daxil olmaqla, 26-cı Qaydanın bütün müddəaları tətbiq edilir.

Məhkum edilmiş məhbusların rejimi ilə tanışlıq

101. Məhkəmədə işinə baxılmayan məhbus ona məhkum edilmişlərin rejiminin tətbiqini arzu edirsə, penitensiar müəssisə imkan daxilində, bu xahişi yerinə yetirməlidir.

VIII HİSSƏ
Məhkum olunmuş məhbuslar üçün rejimin məqsədi

102.1. Bütün məhbuslara tətbiq edilən Qaydalardan əlavə, məhkum olunmuş məhbuslar üçün rejim onların cinayət törətmədən məsuliyyətli həyat tərzi keçirmələrinə yönəlməlidir.

102.2. Azadlıqdan məhrum etmə öz-özlüyündə cəzadır, buna görə də məhkum edilmiş məhbuslar üçün rejim onların iztirablarını artırmamalıdır.

Məhkum olunmuş məhbuslara rejimin tətbiqi

103.1. Məhkum olunmuş məhbuslar üçün nəzərdə tutulmuş rejim, əgər buna kimi tətbiq edilməyibsə, onlar penitensiar müəssisəyə məhkum kimi daxil olan vaxtdan tətbiq edilir. 103.2. Məhkum olunmuş məhbuslar daxil olduqdan sonra imkan olduqda onlar üçün şəxsi iş tərtib edilir, hər birinə cəzanın çəkilməsi planının layihəsi və azadlığa hazırlıq strategiyası hazırlanır.

103.3. Jəzanın çəkilməsi üzrə fərdi planın hazırlanmasında məhbusların iştirakı həvəsləndirilməlidir.

103.4. Mümkün olan hallarda, bu planlara daxil edilməlidir:

a. iş;

b. təhsil;

c. digər fəaliyyət növləri; və

d. azadlığa hazırlıq.

103.5. Məhkum olunmuş məhbuslar üçün rejim, habelə ictiami iş, tibb xidməti və psixoloci kömək nəzərdə tuta bilər.

103.6. Məhkum olunmuş məhbusların penitensiar müəssisədən kənara çıxma sistemi rejimin ayrılmaz bir elementi kimi nəzərdə tutulmalıdır.

103.7. Belə bir sistemlə razılaşan məhbuslar ədalətin bərpa edilməsi və törədilmiş cinayətə görə təqsirin yüngülləşdirilməsi proqramına daxil edilə bilərlər.

103.8. Uzun muddət#601; və ömürlük azadlıqdan məhrum edilmişlərin rejiminə və cəzanın çəkilməsi üzrə planların tərtib olunmasına xüsusi diqqət yetirilməlidir.

Məhkum olunmuş məhbusların həbsdə saxlanmasının təşkilati cəhətləri

104.1. İmkan daxilində və 17-ci Qaydanın tələblərinə riayət edilməklə, konkret məhbuslar üçün müxtəlif rejimlərin daha yaxşı idarə edilməsi məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdən və yaxud onların bölmələrindən istifadə edilməlidir.

104.2. Məhbusların fərdi cəza çəkmə planlarının tərtib edilməsi və müvafiq məruzələrdən, işçi heyəti və mümkün hallarda bu prosesə cəlb edilməli məhbuslarla məsləhətləşmələrdən sonra onların yenidən nəzərdən keçirilməsi üzrə qaydalar işlənib hazırlanmalıdır.

104.3. Belə məruzələrə daim konkret məhbusa bilavasitə cavabdeh olan işçi heyətinin raportları da daxil edilməlidir.

Məhkum olunmuş məhbusların əməyi

105.1. Məhkum olunmuş məhbuslar üçün müntəzəm iş proqramı rejimin məqsədlərinə nail olunmasına yönəlməlidir.

105.2. Pensiya yaşına çatmamış məhkum olunmuş məhbuslar, onların əməyə fiziki və psixi yararlılığı həkim tərəfindən müəyyən edildikdən sonra cəlb oluna bilərlər.

105.3. Məhkum olunmuş məhbuslar əməyə cəlb edildikdə, iş şəraiti azadlıqda tətbiq edilən normalara və tələblərə uyğun olmalıdır.

105.4. Məhkum olunmuş məhbuslar üçün planlaşdırılmış rejim onların iş vaxtı tədris və digər tədbirlərdə iştirakını nəzərdə tutarsa, onlar bu işə görə əmək haqqı almalıdırlar.

105.5. Məhkum olunmuş məhbusların əmək haqqlarının və bununla əlaqədar yığılmış vəsaitlərinin bir hissəsi məhkəmənin qərarına və ya müvafiq məhbusun razılığına əsasən vurulmuş ziyanın ödənilməsi üçün istifadə edilə bilər.

Məhkum olunmuş məhbusların təhsili

106.1. Məhkum olunmuş məhbusların rejiminin əsas elementlərindən biri peşə təhsli də daxil olmaqla, məhbusların ümumtəhsil hazırlığının yüksəldilməsinə, habelə cinayət törətmədən məsuliyyətlə yaşamaq perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş müntəzəm təhsil proqramı olmalıdır.

106.2. Məhkum olunmuş məhbuslar ümumtəhsil və peşə təhsili proqramlarında iştiraka həvəsləndirilməlidirlər.

106.3. Məhkum olunmuş məhbuslar üçün təhsil proqramları onların penitensiar müəssisədə ehtimal edilən saxlanma müddətinə uyğunlaşdırılmalıdır.

Məhkum olunmuş məhbusların azad edilməsi

107.1. Azad edilməmişdən əvvəl məhkum olunmuş məhbuslara, penitensiar müəssisədən cəmiyyətdə qanuna itaətli yaşayışa keçməyə imkan verən müxtəlif üsullar və xüsusi proqramlar vasitəsilə köməklik göstərilməlidir.

107.2. Uzun müddətə azadlıqdan məhrum edilmiş məhbusların azad həyata tədricən qayıtmaları üçün tədbirlər görülməlidir .

107.3. Bu məqsədə azadlığa hazırlıqla əlaqədar tədbirlər proqramı və yaxud nəzarət altında şərti azad olunmuşlara digər sosial dəstək göstərilməsilə nail olmaq olar.

107.4. Penitensiar müəssisələr azad olunmuş məhbuslara nəzarəti həyata keçirən, onların cəmiyyətə, xüsusilə ailə həyatına və əməyə qayıtmasına dəstək verən sosial xidmətlərlə və təşkilatlarla sıx əlaqədə işləməlidirlər.

107.5. Belə sosial xidmət və təşkilatların nümayəndələrinə məhbusların azadlığa hazırlaşmasına kömək göstərilməsi və azad edilmişlərlə iş proqramı hazırlamaq məqsədilə penitensiar müəssisələrə daxil olmaq və məhbuslarla görüşmək üçün hər bir imkan verilməlidir.

IX HİSSƏ
Qaydaların yeniləşdirilməsi

108. Avropa Penitensiar Qaydaları vaxtaşırı yeniləşdirilir.

Keçidlər