X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeyri-kommersiya təşkilatları tərəfindən alınmış (verilmiş) qrant müqavilələri (qərarları) barədə 2007-ci il üzrə ümumiləşdirilmiş məlum



Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən xarici resipyentlərə qrant verilməsi, həmçinin qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən xarici donorlardan qrant alınması haqqında müqavilələr (qərarlar) Ədliyyə Nazirliyində qeydə alınmalıdır.

2007-ci il ərzində 210 qrant alınması haqqında müqavilələrin (qərarların) qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilmişdir (2006-cı ildə 213 müqavilənin (qərarın) surəti qeydiyyat üçün təqdim edilmişdir).

Həmin müqavilələr (qərarlar) üzrə Azərbaycan Respublikasının hüquqi şəxsi olan 98 resipiyent 53 donor təşkilatından (onlardan 1-i yerli donordur) 5.961.253 ABŞ dolları məbləğində qrant almışdır. Bağlanmış qrant müqavilələrinin (qərarlarının) surətlərini qeydiyyat üçün təqdim edən təşkilatların sayı ölkə üzrə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təxminən 4%-ini təşkil edir.

Eyni zamanda, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 1 xarici humanitar təşkilatın nümayəndəliyi (Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Azərbaycan Respublikasındakı nümayəndəliyi) 2 müqavilə üzrə qrant verilməsi məqsədilə xarici maliyyə mənbələrindən 70.694 ABŞ dolları məbləğində vəsait almışdır.

Qeyd olunmalıdır ki, təqdim olunan müqavilələrə əsasən 2007-ci il ərzində bağlanmış qrant müqavilələrinin (qərarlarının) surətlərini qeydiyyat üçün təqdim edən 14 gənclər təşkilatı 32 müqavilə üzrə 1.152.082 ABŞ dolları, 10 insan hüquqlarının müdafiəsi təşkilatı isə 17 müqavilə üzrə 305.381 ABŞ dolları məbləğində qrant almışdır.

Keçən illə müqayisədə müqavilələr üzrə verilmiş qrantların ümumi məbləği 1,8 dəfə azalmışdır.

Qrant müqavilələri (qərarları) təyinatına görə təhlil edilmiş və qrantların aşağıdakı sahələr üzrə verildiyi müəyyən olunmuşdur:

Təhsil 17%;

İnsan hüquqları 12%;

Uşaq və gənclər problemləri ilə bağlı 8%;

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi 4%;

İqtisadi 6,5%;

Səhiyyə və əhalinin sağlamlığı 5%;

Qaçqın və məcburi köçkün problemləri 4,8%;

Yerli özünüidarəetmə 10%;

Xeyriyyəçilik 2,5%;

KİV 4,5%;

Məhkəmələrin fəaliyyəti 2%;

Korrupsiya ilə mübarizə 3,5%;

Ekologiya 3,5%;

Kənd təsərrüfatı 2,5%;

Digər sahələr 14,2%.

Qrantların təyinatında müəyyən dəyişikliklər olmuşdur. Təhsil və yerli özünüidarəetmə sahələrinə verilmiş qrantlara dair qeydiyyata alınmış müqavilələrin (qərarların) sayı artmış, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi, iqtisadi, səhiyyə və digər sahələrdə isə onların sayı azalmışdır.

Qanunvericiliyin tələbinə görə müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün 1 ay müddətində Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə şərti maliyyə vahidinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə müəyyən olunmuşdur.

Ədliyyə Nazirliyi tərəfindən 11.01.2007-ci il tarixdə Qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin (qərarların) surətlərinin qeydiyyat üçün təqdim edilməməsinə görə inzibati məsuliyyət tədbirlərinin tətbiqi Qaydaları təsdiq olunmuşdur.

 

Qrant alınması haqqında müqavilələrin (qərarların) surətlərini qanunvericiliklə tələb olunan müddətdə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etməyən 9 qeyri-kommersiya təşkilatı inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, qanunvericiliyin tələblərini pozduqlarına görə 2007-ci il ərzində Ümidli Gələcək Gənclər Təşkilatı şərti maliyyə vahidinin 30 misli, Gənc Mühasiblər Birliyi, Azərbaycan Ornitoloji Cəmiyyəti, İqtisadi İslahatlar Mərkəzi, Müasir Təhsil və Tədrisə Yardım, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Gənc İnsan Hüquq Müdafiəçiləri, Hüquq və İnkişaf və İnsan Hüquqları Üzrə Maarifləndirmə ictimai birliklərinin hər biri şərti maliyyə vahidinin 20 misli miqdarında cərimə olunmuş və 190 manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür.

 

Qrant alınması haqqında müqavilələrin (qərarların) qeydiyyatının təmin edilməsi məqsədilə dövlət qeydiyyatına alınmış hər bir qeyri-kommersiya təşkilatına nəfis şəkildə tərtib olunmuş və qrant haqqında qanunvericilikdən çixarışları özündə əks etdirən xüsusi bukletlər təqdim olunur. Bu sahədə digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər