X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariatın tarixi barədə nə bilirik?!



Notariat hərəkətlərinin aparılmasının meydana gəlməsi yazılı subutların yaranması ilə eyni vaxta təsadüf edir.

Notariat qədim Romada yaranmış və inkişaf etmişdir. Qədim Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilirdi. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Maraqlıdır ki, Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğul olurdular. Orta əsrlərdə isə notariat sistemi əsasən İtaliyada və Fransada inkişaf edib və bu ölkələrdən bütün Avropaya yayılıb.

Azərbaycanın ərazisində ilk böyük quldarlıq dövləti Manna olmuşdur. Manna dövlətinin başında irsi hakimiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarların təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü.

Eramızdan əvvəl I minilliyin əvvəlində Azərbaycanın ilk quldarlıq dövlətlərində notariat hərəkəti olan vəsiyyətnamə heç də həmişə yazılı formada tərtib edilmirdi. Vəsiyyət edənin şahidlərin yanında etdiyi şifahi bəyanatlar da nəzərə alınırdı. Şahidlərin yanında edilən şifahi vəsiyyət zamanı şahidlər bir növ notariat xidməti göstərən şəxsə çevrilirdilər və vəsiyyət edənin ölümündən sonra zərurət yarandıqda vəsiyyət edənin sözlərini təkrar etməkdən ötrü çağrılırdılar. Adətən əmlak yaxın adamlara vəsiyyət edilir və əmlakın israf edilməsi günah sayılırdı.

Azərbaycan ərazisində feodalizmə xas olan iqtisadi münasibətlərin formalaşması eramlzın III əsrinin əvvəllərinə təsadüf edir. Həmin dövrdə notariat hərəkətlərini mirzələr həyata keçirirdilər.

Tərtib edilməsi VI əsrə aid edilən "Tənsar məktubu" və 620-ci ildə tərtib edilmiş "Matikan" Azərbaycanda Sasanilərin hakimiyyəti dövrünün hüquqi abidələrinə aid edilir. "Matikan" həm də Sasani Qanunnaməsi adlanır.

"Tənsar məktubu"na əsasən cəmiyyətin üzvləri dörd təbəqəyə bölünür və mirzələr, kontraktların (müqavilələrin) tərtibi üzrə protokolçular (məmurlar) üçüncü təbəqəyə aid edilirdi.

"Matikan"da vərəsəlik məsələləri ətraflı işıqlandırılır. Qanunnaməyə görə həm kişi, həm də qadın vəsiyyət edə bilərdi. Həmin dövrdə vəsiyyətnamə vəsiyyət edənin mirzəyə və ya digər məmura şahidlərin yanında diqtə etdiyi, hökmən yazılı şəkildə tərtib edilən bir sənəd idi. Belə ki, baş kahin Aturpatın vəsiyyətnaməsində qeyd edilir ki, həmin sənəd vəsiyyət edənin (sözlərinə) şifahi bəyanatına əsasən yazılmışdır.

Sasani Qanunnaməsi qəbul edilənədək həm şifahi, həm də yazılı vəsiyyətnamə hüququ qüvvəyə malik idisə, 620-ci ildən yalnız yazılı vəsiyyətnamə etibarlı sayılırdı.

"Matikan"da hal-hazırda respublikamızda bir qədər yeni notariat hərəkəti sayılan nikah müqaviləsinin bağlanması nəzərdə tutulurdu. Nikah müqaviləsi bağlanan zaman həm cehizin, həm də oğlan tərəfinin qız tərəfinə verəcəyi başlığın məbləği müəyyən edilirdi.

Ölkədə məhkəmə işlərinə kahinlər baxsalar da notariat hərəkətlərini mirzələr aparırdılar.

VII-IX əsrlərdə Azərbaycan ərəb xilafətinin hakimiyyəti altında olduğu dövrdə mərkəzdə və yerlərdə məhkəmə hakimiyyətini xəlifələr tərəfindən təyin edilən qazılar həyata keçirirdilər. Qazılar məhkəmə işlərinə baxmaqdan başqa, mülki-hüquqi sənədləri tərtib edir, müqavilə və əqdləri bağlayırdılar.

Hal-hazırda qüvvədə olan "Notariat haqqında" Azərbaycan Respublikasının 26 noyabr 1999-cu il tarixli Qanununun 30-cu maddəsinə əsasən dövlət notariusları və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu aldığlari kimi, həmin dövrdə qazılar da belə hərəkətlərin aparılmasına görə əhalidən haqq alırdılar.

VIII əsrin əvvəllərinə yaxın islam dini Azərbaycanda hakim dinə çevrildikdən sonra, islam dininin ayrılmaz bir hissəsi olan şəriət və müsəlman hüququ Azərbaycanın hüquq sistemində mühüm rol oynamağa başladı.

Katibin funksiyaları barədə müqəddəs Qurani-kərimin əl-Bəqərə (İnək) surəsinin 282-ci ayəsində belə deyilir: Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinizə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borcu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır.

Bu ayədən belə nəticəyə gəlmək olar ki, notariat hərəkətlərinin bir növü olan borc müqaviləsi məbləğindən asılı olmayaraq mütəxəssis, yəni katib tərəfindən, şahidlərin iştirakı ilə yazılı surətdə tərtib edilməlidir.

Verilmiş borcun məbləği üçün faiz alınması şəriət qanunlarına görə qəti qadağan olunduğu üçün tərəflər borc müqaviləsinin faizlə bağlanması xahişi ilə qazıya müraciət etdikdə qazı belə müqaviləni tərtib etməkdən imtina etməli idi. Qazı notariat hərəkətlərinin qanunauyğunluğu üçün məsuliyyət daşıyırdı. Ona görə də qazı vəzifəsinə şəriət qanunlarını mükəmməl bilən şəxslər təyin edilirdilər və qazının vəzifələrindən biri də qanunsuz mülki-hüquqi əqdlərin və müqavilələrin qarşısını almaq idi.

Müsəlman hüququ mülkiyyət hüququnun yaranmasının müxtəlif yollarını nəzərdə tutur: mülki-hüquqi əqdlər, qanun üzrə vərəsəlik (fəraiz), vəsiyyət üzrə vərəsəlik və s.

Müsəlman hüququnda əmlak münasibətləri ilə sıx bağlı olan vərəsəlik hüququ iki şaxəyə ayrılır: vəsiyyətnamə əsasında vərəsəlik və fəraiz, yəni qanun üzrə vərəsəlik.

Müsəlman öz əmlakının yalnız üçdə birini vəsiyyət etmək hüququna

malikdir, bundan artığa edilmiş vəsiyyət etibarsiz hesab edilir. Əgər şəxs ölərkən etdiyi vəsiyyətdə əmlakın üçdə birindən artığı göstərilmişdirsə, vəsiyyət üzrə varis onu almaqdan imtina etməli, fəraiz üzrə varis qanunla ona sahib olmalıdır. Vəsiyyətnaməı iki nəfər şahidin iştirakı ilə tərtib edilirdi.

Müsəlman hüququna görə hər hansı bir şəxs dini mənsubiyyətindən asılı olmayaraq istənilən digər bir şəxsə öz əmlakını vəssiyyət edə bilər. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1222-ci maddəsində olduğu kimi, əgər vəsiyyət edən müxtəlif vaxtlarda bir-birinə zidd olan bir neçə vəsiyyətnamə tərtib etdirmişdisə, yalnız axırıncı tərtib edilən vəsiyyətnamə hüquqi qüvvəyə malik olan sayılırdı.

Miras qoyulan əmlakla birlikdə vəsiyyət edənin əmlak hüquqları və öhdəlikləri də irsən keçdiyinə görə vəsiyyətnamə tərtib olunan vaxt xeyrinə vəsiyyət olunan şəxsin vəsiyyəti qəbul etməsi barədə razılığı alınmalı idi. Ona görə də qazı vəsiyyətnamə tərtib etdikdə xeyrinə vəsiyyət olunan şəxsin gəlməsini tələb etməli və vəsiyyətnamənin məzmunu ilə razı olub-olmamasını soruşmalı idi. Qazı həmçinin vəsiyyət edənə izah etməli idi ki, o qanuna dörə əmlakınin yalnız üçdə bir hissəsini vəsiyyət edə bilər, əgər vəsiyyət edən buna razı olmadığı halda qazı vəsiyyətnaməni tərtib etməkdən imtina etməli idi.

Təsdiq edilmiş müxtəlif səpkili əqdlər, o cümlədən vəsiyyətnamə məhkəmə prosesində sübut kimi müəyyən rol oynayırdı.

Hal-hazırda demək olar ki, hər iş günü notariat kontorlarında təsdiq edilən vəkalətnamə (etibarnamə) də VIII əsrdən başlayaraq Azərbaycanda təsdiq edilirdi.

Görülməsi başqasına həvalə edilən iş "vəkalət", bu işin icraçısı, etibar edildiyi şəxs isə "vəkil" adlandırılırdı. Şəxs öz evinin satılmasını, talaq, ticarət, razılaşma, girov qoyma ilə əlaqədar əqdlərin bağlanmasını, borc alınması və borcun qaytarılmasını, zəkat verilməsini, hətta nikah müqaviləsi bağlanmasını da özgəsinə tapşıra bilərdi. Nal-hazırkı notariat təcrübəsinə əsasən qüvvədə olan Mülki Məcəllənin 359.4-cü maddəsinə uyğun olaraq nikah müqaviləsi şəxsən bağlana bilən əqd hesab olunduğu üçün belə müqavilənin təmsilçi vasitəsilə bağlanmasına yol verilmədiyi halda, VIII əsrdə Azərbaycanda bu cür müqavilənin təmsilçi vasitəsilə bağlanmasına yol verilirdi.

Həmin dövrdə, həmçinin etibarnaməyə yaxın olan tapşırıq müqaviləsi; "müdaribə" adlanan və bir neçə şəxsin öz pullarını gəlir əldə etmək məqsədilə ticarət əməliyyatlarını aparmaqla məşğul olan müəyyən şəxslərə ("müdarib"lərə) etibar etmək üçün səylərini birləşdirməyi ifadə edən "yoldaşlıq müqaviləsi"; "şirkət" adlanan və iki və daha artıq şəxslərin-şəriklərin öz əmlakını sərmayə kimi ticarətə, tikintiyə və s.-yə qoymaqla ticarət birliyi, peşə birliyi yaratmaq yolunda fəaliyyətlərini nəzərdə tutan ittifaq müqaviləsi; müəyyən bir iş görülərkən, məsələn, bina tikintisi, ağac əkilməsi, əşya əvəzləşdirilməsi və s. zamanı iki tərəfin bir-biri ilə əvvəlcədən razılığa gəlməsini müəyyən edən razılaşma müqaviləsi və s. kimi müqavilələr də bağlanırdı.

XV əsrdə Azərbaycanda Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətləri mövcud olmuşdur. Bu dövrlərdə də müsəlman hüququ hüququn əsas cəhətlərini təşkil edirdi və notariat hərəkətlərini əvvəlki əsrlərdə olduğu kimi islam qazıları aparırdılar.

XVIII əsrdən başlayaraq Azərbaycanda yeni notariat hərəkəti, veksellər təsdiq olunurdu. Bu dövrdə də mülki-hüquqi müqavilələr və vərəsəlik məsələləri şəriət normaları ilə tənzimlənirdi.

1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. Amma 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olub. 1866-cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edildi və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulurdu. Notariuslar dairə məhkəmələrində qulluqda idilər və vəzifəyə məhkəmə palatasının böyük sədri tərəfindən təyin edilirdilər.

Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da "Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə" qanun qəbul olundu. Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol (Gəncə) quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açıldı.

1920-ci il aprel inqilabından sonra Azərbaycanda notariatın hüquqi statusu köklü surətdə dəyişdi. 5 may 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi torpaq haqqında dekret verdi. Dekretə əsasən torpaq üzərində xüsusi mülkiyyətin ləğvi nəzərdə tutulurdu. 1920-ci il mayın 13-də AİK məhkəmə palatasının, Bakı və Gəncə dairə məhkəmələrinin ləğv edilməsi haqqında dekret imzaladı. Dekretdə o vaxta kimi notariat institutunu nizamlayan 14 aprel 1866-cı il "Notariat sahəsi haqqında" Əsasnamənin ləğv edilməsi göstərilməsə də, həmin Əsasnamə faktiki olaraq qüvvədən düşmüşdü.

27 dekabr 1973-cü ildə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Dövlət notariatı haqqında Azərbaycan SSR Qanunu qəbul edildi.

Respublikamız müstəqillik qazandıqdan sonra ümummilli liderimizin təşəbbüsü ilə 26 noyabr 1999-cu ildə "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu son dərəcə demokratik bir qanundur. Hal-nazırda notariat hərəkətlərinin aparılması bu qanunla nizama salınır. Bu günə kimi bu qanuna bəzi dəyişikliklər edilmişdir. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin təşəbbüsü ilə edilmiş son dəyişiklik xüsusi əhəmiyyət kəsb edir. Son dəyişikliyə görə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorşuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri ilə bağlı məlumatlar notarius tərəfindən maliyyə monitorinqi orqanına verilməlidir. Bu da dövlət tərəfindən notariuslara edilən böyük etimad və inamdır.

 

Daxil Kərimov
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun «Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses» şöbəsinin elmi işçisi

«Xalq qəzeti», 06.09.2009

Keçidlər