X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariusun icra qeydi sahibkarlığın inkişafında xüsusi rol oynayır



Notariusun apardığı icra qeydi təkcə tələbkarın deyil, borclunun da hüquqlarının qorunmasına xidmət edir

Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar nəticəsində hər bir şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı yaradılıb. Yeni Mülki Məcəllənin və digər müvafiq normativ-hüquqi aktların qəbul edilməsilə sahibkarlıq fəaliyyətinin hüquqi bazası təmin olunub. Sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq Mülki Məcəllənin vəzifələrindən biri kimi onun birinci maddəsində öz əksini tapıb.

Məlumdur ki, digər vətəndaşlarımız kimi sahibkarlar da müxtəlif mülki-hüquq münasibətlərinin iştirakçısı olurlar. Onlar bəzən hansısa əqdin təsdiq edilməsi məqsədilə və ya müəyyən hüquqi yardım almaqdan ötrü notariat kontorlarına müraciət edirlər. Təcrübə göstərir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, o cümlədən kredit təşkilatları digər notariat hərəkətlərinin aparılması ilə yanaşı, borcludan pul məbləğlərinin tutulması və ya əmlakın tələb edilib alınması üçün icra qeydlərinin aparılması məqsədilə də notariat xidmətindən istifadə edir.

Ölkəmizin inkişafının indiki mərhələsində notariusların icra qeydi aparmasının əhəmiyyəti baxımından bu barədə vətəndaşlara müəyyən məlumatların verilməsi vacibdir.

Hər şeydən əvvəl bilmək lazımdır ki, icra qeydi pul məbləğinin və ya hər hansı əmlakın tələbkarın xeyrinə borcludan tələb edilib alınması üçün notariusun verdiyi sərəncamdır. Notariusun apardığı icra qeydi məhkəmə qərarı ilə eyni hüquqa malikdir və birbaşa icraya yönəlir. Çünki "Məhkəmə qərarlarının icrası haqqında" qanununa əsasən notariusların icra qeydləri məhkəmə və digər orqanların qərarları kimi icra sənədləridir. Həmin icra sənədlərinin məcburi icrası məhkəmə icraçıları tərəfindən həyata keçirilir. Bununla əlaqədar məhkəmə icraçılarının tələbləri Azərbaycan ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu qanunun 8-ci maddəsinin tələblərinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Deməli, notarius icra qeydini apardıqdan sonra onu məhkəmə icraçılarına göndərməlidir.

Bazar iqtisadiyyatı şəraitində ölkə vətəndaşlarının böyük bir qismi sahibkarlıqla bağlı işlərini qurmaq məqsədilə kredit götürməyə meyl göstərirlər. Bunun da nəticəsində tələbkarlar və borclular əmələ gəlir. İdarə, müəssisə rəhbərləri, o cümlədən müxtəlif iş adamları icra qeydinin aparılması ilə əlaqədar notariat kontorlarına müraciət etsələr, heç bir problem olmadan pozulmuş hüquqlarının müdafiəsinə nail ola bilərlər. Çünki icra qeydlərinin aparılması ilə notariat xidmətindən istifadə edən hər bir sahibkar və iş adamı fəaliyyətləri ilə əlaqədar bağladıqları müqavilələrin etibarlılığına, qanuniliyinə, əmlaklarının mühafizəsinə, nisyə alınmış mallar üçün borcun alınmasına və borc, kredit məsələlərinin tez və müsbət həll olunmasına, eləcə də təsərrüfatın bütün sahələrində özlərinə zəmanət almış olarlar. Misalçün, bir şirkət məhsullarını müştərilərinə nisyə yolla topdan və ya pərakəndə satış məqsədilə notariat qaydasında təsdiq olunmamış müqavilələr əsasında verir. Nəticədə müştəri ilə onun arasında gələcəkdə nisyə alınmış mallar üçün borcun alınmasına görə mübahisə yaranır. Bu mübahisə də məhkəmə qaydasında həllini tapır. Lakin həmin müqavilə notariat qaydasında təsdiq edilmiş olsa, götürülmüş öhdəliklərə görə borcun ödənilməsi ilə bağlı icra qeydi təsdiq olunar. Bu, həm də həmin şirkətin artıq vaxt sərf edərək məhkəməyə müraciət etməməsi, eləcə də məhkəmə xərclərindən azad olması deməkdir.

Qanunvericilikdə icra qeydi institutu tələbkarın deyil, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Lakin unutmaq olmaz ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapa bilər. Onu da nəzərə almaq lazımdır ki, notariusun apardığı icra qeydi ilə bağlı da məhkəməyə şikayət verilə bilər.

İcra qeydləri əsasında pul məbləğlərinin ödənilməsi və əmlakın tələb edilib alınması lazımi sənədləşdirmə olduqda əmələ gəlmiş öhdəliklərə görə aparılır. Bundan başqa, əmək, inzibati və digər hüquq münasibətlərindən əmələ gələn öhdəliklərin icra edilməsi üçün də icra qeydləri aparıla bilər. Məsələn, işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsi üzrə yaranmış öhdəliklər yerinə yetirilmədikdə və ya müəssisə və təşkilatlara yaranmış borclar vətəndaşlar tərəfindən ödənmədikdə və.s. Qeyd edilməlidir ki, 2005-ci ilin 1-ci yarım ili ərzində icra qeydləri əsasında 3.5 milyard manata yaxın məbləğ borcludan tələbkarın xeyrinə alınmışdır.

Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə görə icra qeydləri həmçinin aşağıdakı sahələr üzrə də aparılır:

- Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması;
- Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması;
- Sosial sığorta ilə əlaqədar tətbiq olunan maliyyə sanksiyalarının (o cümlədən hesablanmış pensiyaların) alınması;
- Nisyə alınmış mallar üçün borcun və penyanın alınması;
- Yüklərin daşınmasından əmələ gələn borcun və müəyyən edilmiş müddət ərzində mübahisə doğurmayan dispaşa (qəza zamanı zərərin hesablanması) üzrə çatası məbləğlərin alınması;
- Taranı vaxtında qaytarmamağa görə cərimənin alınması;
- Yaşayış və qeyri-yaşayış sahələrinin kirayə müqavisi üzrə, habelə kommunal xidmətləri üçün borcun alınması;
- Radiotranslyasiya xəttindən istifadə etməyə görə abonent üzrə borcun alınması;
- Müəlliflik hüququ ilə əlaqədar münasibətlərdən əmələ gələn borcun alınması;
- Məişət burovuzu müqaviləsi üzrə verilmiş, lakin qaytarılmamış əmlakın dəyəri və verilmiş əmlakdan istifadə, onun təmiri üzrə borcun vətəndaşlardan alınması;
- Kitabxana fondlarına məxsus çap əsərlərinin və digər materialların itirilməsi və ya yararsız vəziyyətə salınmasına görə dövlət kitabxanalarının tələblərinə əsasən borcun alınması;
- Uşaqları uşaq tərbiyə müəssisələrində saxlamağa gö-rə valideynlərdən borcun alınması;
- Uşaqları Təhsil Nazirliyinin xüsusi məktəblərində saxlamağa gö-rə valideynlərdən borcun alınması;
- Ədliyyə Nazirliyi orqanlarının tələbi ilə borcun alınması;
- Daxili İşlər Nazirliyi orqanlarının tələbi ilə borcun alınması;
- Müalicə müəssisələrinin tələbi ilə borcun alınması;
- Hərbi qulluqçular ehtiyata və ya istefaya buraxıldıqda onlardan və təlim toplanışlarına çıxarılmış hərbi vəzifəli şəxslərdən borcun alınması;
- Teatr-tamaşa müəssisələrinin və teatr kassalarının tələbi ilə borcun alınması;
- İşçilər əmək münasibətlərini pozduqda onların müəssisəyə, idarəyə, təşkilata ödəmədikləri borcun alınması;
- Şərti və qısaldılmış ünvanları olan teleqramları çatdırmağa görə borcun alınması.

Bütün bu sadalananlara nəzər salsaq, görərik ki, icra qeydlərinin aparılması demək olar ki, çox mühüm sahələri əhatə edir.

İcra qeydlərinin aparılması üçün notarius borcun ödənilməsi barədə borcluya yazalı bildiriş də göndərilməlidir. Borclu bildirişi aldıqdan sonra da borcu könüllü qaydada ödəmirsə, artıq icra qeydi aparıla bilər. Misalçün, deyək ki, iki şəxs arasında müəyyən məbləğdə bir il müddətinə notarial qaydada borc müqaviləsi bağlanıb. Həmin müddət keçdikdən sonra borc verən (tələbkar) notariat kontoruna icra qeydinin aparılması ilə əlaqədar yazılı müraciət edir. Notarius bununla əlaqədar tələbkarın ərizəsini borcluya göndərir. Borclu tərəfindən həmin xəbərdarlıqdan sonra da borc ödənilmədikdə, təqdim olunmuş sənədlər əsasında icra qeydi aparılır.

Notariat təcrübəsi göstərir ki, bir çox hallarda vətəndaşlar, o cümlədən sahibkarlar və ya müxtəlif iş adamları bilməməzlikdən və ya digər səbəblərdən borcun əmələ gəldiyi müqavilələrin notariat qaydasında təsdiq edilməsinə maraq göstərmirlər. Onlar öz aralarında akt, ərizə, iltizam, qəbz və sair sənəd yazmaqla müqaviləni bağlanmış hesab edirlər. Bu isə gələcəkdə məhkəmə mübahisələrinə səbəb olur ki, bu da daha mürəkkəb prosedurdur.

Notarius isə bütün sənədləri öyrənir və müraciət edən şəxsə bu sahədə lazım olan köməklik göstərir. Onun apardığı icra qeydi 3 il müddətinə, bəzi hallarda isə 1 il müddətinə qüvvədədir. İcra qeydlərinin təqdim olunması üçün buraxılmış müddətlər məhkəmə qaydasında bərpa edilə bilər.

525-ci qəzet, 25 mart 2006

Keçidlər