X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ailə möhkəm təməl üzərində qurulmalıdır



Cəmiyyətin əsas özəyini qorumaq naminə boşanmaların qarşısı alınmalıdır

«Ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, özünü dərk, qarşılıqlı hörmət və məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq və vəzifələri və sairə hazırlığın və sair cəhətlərin yüksək hazırlığı və dərk edilməsi prinsipləri üzərində qurulduqda daha da möhkəmlənir. Belə olduqda ailədə boşanmaq üçün əsas ola bilməz». Müsahibimiz Tovuz rayon qeydiyyat şöbəsinin rəisi, üçüncü dərəcəli ədliyyə qulluqçusu Kifayət İsmayılova belə düşünür. Onunla müsahibəni oxuculara təqdim edirik.

-Kifayət xanım, xahiş edirik kiçik dövlət hesab edilən ailənin dağılmasının baş vermə səbəbləri və bunun cəmiyyətimiz üçün zərərli cəhətləri barədə qəzetimizə məlumat verəsiniz.

-Əvvəla, Sizə və Sizin qəzetin kollektivinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. O ki qaldı sualınızın cavabına, əvvəla qeyd edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 17) qeyd edilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vətəndaşların digər hüquq və vəzifələri ilə yanaşı onların nikah hüququ da Konstitusiyada öz əksini tapıbdır. Konstitusiyamızın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Eyni zamanda Konstitusiyamızda vətəndaşların məsuliyyətini müəyyən edən məsələlər də öz əksini tapmışdır. Bu konstitusion hüquqlardan və dövlət himayəsindən düzgün qanuni istifadə etmədikdə öz ailə daxili məsələlərinə məsuliyyətsiz yanaşma və ailənin möhkəm təməl üzərində qurulmaması, yəni Konstitusiyamızda qeyd olunduğu kimi qanunla nəzərdə tutulmuş yaşa çatmayanların, yəni yetkinlik yaşına – 17 yaşına çatmayanların, mənəvi, psixoloji, fizioloji durumu zəif olan şəxslərin, məsuliyyət hissi zəif olanların, qarşılıqlı hörmət, məhəbbət, sevgi hissləri zəif olanların, qarşılıqlı inamı, etibarı itirmə dərəcəsinə çatanların və sairə səbəblər ailələrin, kiçik dövlət olan ailənin dağılmasına, boşanma hallarının baş verməsinə gətirib çıxaran əsas səbəblərdəndir. Yəni ilkin olaraq gənc oğlan və qızların yetkinlik yaşlarına çatmamış erkən ailə qurmaları, eyni zamanda ailə həyatına qədərki dövrdə hər iki fərdin psixoloji, mənəvi, fizioloji cəhətdən hazırlıq prosesləri düzgün təşkil olunmadıqda, məsuliyyət və özünüdərk prosesində yanlışlıq ailənin pozulmasına gedən yolun başlanğıcıdır. Boşanma hallarının digər səbəbləri eyni zamanda ailəlik dövründə, ailəyə hazırlıq mərhələsində yol verilən qanunsuzluqlar üzərində formalaşır və nəticədə ailənin dağılmasına gətirib çıxarır. Bunlara misal olaraq qarşılıqlı etibarın, inamsızlığın, qısqanclığın, məsuliyyətsizliyin baş verməsi, anlaşılmazlığın özünüdərkin zəifliyi nəticəsində ailə, məişət zorakılığın baş verməsi, maddi və mənəvi, əxlaqi-psixoloji durumunun zəif təşkil edilməsi, sərxoşluq, narkotiklərin qəbulu, yerli-yersiz dedi-qodular, kənar müdaxilələr boşanmaya səbəb olur. Elə şəxslər var ki, yaşı çatmır, ailə qurur və yaxud da Rusiyada yaşayır, orada evlənib ailəsi, uşağı var. Sonradan gəlir rayonda toy edir, evlənir, sonra da çıxıb gedir, illərlə ailəsinin yanına gəlmir. Bu da boşanmaya səbəb olur. Xarakterlərinin uyğunsuzluğu, sonsuzluq boşanmanın əsas səbəbləri sırasındadır. Boşanma ilə əlaqədar bizə bu il 32 nəfər vətəndaş müraciət edib. Biz olanlara da bu sosial bəlanın cəmiyyət həyatında zidd olan hərəkətin qarşısını almaq məqsədilə profilaktiki maarifləndirmə işləri aparırıq və çox hallarda müsbət nəticə də əldə edirik. Biz eyni zamanda ailələrin, xüsusən də gənc ailələrin, ailə həyatı qurmağa çalışan hər bir oğlan və qızın maarifləndirilməsi istiqamətində də işimizi genişləndirmişik. Onlara ailənin cəmiyyət və dövlət qarşısında rolu və vəzifələri, ailənin əsas vəzifələri və funksiyaları, ailə-məişət münasibətləri, ailənin maddi və mənəvi tələbatının düzgün təşkili, ailənin təməli hansı əsaslar üzərində qurulmalıdır, yetkinlik yaşına çatmayanların ailə qurmalarının yolverilməzliyi və onun acı nəticələri, qohumluq əlaqələri çox yaxın olan oğlan və qızların ailə həyatı qurmalarının sonsuzluqla və yaxud xəstə və şikəst uşaqların dünyaya gəlməsinin zərərli cəhətləri və sairə mövzular ətrafında maarifləndirici, tövsiyə xarakterli məsləhətlər veririk. Bu məqsədlə ayrı-ayrı kəndlərdə, təhsil, səhiyyə müəssisələrində valideynlərlə, gənc ailələrlə, gələcək ailə həyatı quracaq oğlan və qızlarla, yəni yetkinlik yaşına çatmayan şəxslərlə, ziyalılarımızla, ağsaqqallarımızla tez-tez görüşlər keçiririk. Dövlətimiz və xalqımız qarşısında öz vəzifə borcumuzu layiqincə yerinə yetiririk və bu gün biz profilaktiki və maarifləndirmə sahəsində apardığımız işlərin nəticəsini görür və hiss edirik.

Eyni zamanda dövlət səviyyəsində də bu sahədə işlər davam edir. Sağlam və yetkin gənclərin yetişməsi üçün idmanın inkişafına, gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsinə xüsusi diqqət yetirilir. Gənc ailələrin güzəştli şərtlərlə evlərlə təmin edilməsi, tibbi və sosial müdafiənin yüksəldilməsi, ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hər bir vətəndaşa, ailəyə, uşağa hər tərəfli diqqəti və qayğısı əlbəttə ki, ilk növbədə hər bir ailənin möhkəmləndirilməsinə, cəmiyyət həyatında əsas rol oynayan ailənin daha da möhkəmləndirilməsinə səbəb olur. Vətəndaşlarla söhbətimizdə yetkinlik yaşına çatmayanların ailə həyatı qurmalarının qarşısını almaq məqsədilə qanunun tələblərindən də istifadə edirik. Hərbi xidmətdə çağırış yaşı 18 yaş müəyyən edilib. 18 yaşı tamam olmayan oğlanı hərbi xidmətə aparmırlar. Çünki 18 yaşın tamamında artıq o özünü dərk edir, özündə məsuliyyət hissi duyur. Ona görə hərbi xidmətdə ona silah verilir, vətənin müdafiəsi ona tapşırılır. Ona görə də 18 yaş tamam olmamış gənclərə ailə həyatını, yeni insan formalaşmasını, yəni gələcəyin həkiminin, aliminin, dövlət xadiminin, generalının, əsgərinin ilkin təlim-tərbiyə aldığı və yetkinləşdirən ailənin qurulmasını etibar etmək olmaz. Bundan yalnız və yalnız cəmiyyətimiz zərər tapar. Bu sosial bəlanın qarşısını almaqa hər bir şəxsin, o cümlədən də mətbuatın da çox böyük köməyi ola bilər və əminəm ki, bu belə də olacaq.

Bir daha sizə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək qarşıdan gələn Novruz bayramı münasibətilə ölkə başçımız İlham Əliyevi, Mehriban xanım Əliyevanı, bütün ailələri, gənclərimizi, bütün Azərbaycan xalqımızı şəxsən öz adımdan, kollektivimizin adından, rayon Qadınlar Şurasının sədri olaraq səmimi qəlbdən təbrik edirəm. Onlara işlərində uğurlar arzu edirəm.

«Azad Azərbaycan» qəzeti, 29.02.2008

Keçidlər