X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Sahibkarlığın inkişafına hüquqi yardım dövlət siyasətinin prioritet istiqamətlərindəndir



Bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, konkret halda götürülmüş müəyyən toplumun və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının reallaşdırılması kimi mühüm məqamları özündə ehtiva edir. Ən əsası, sahibkarlıq ümumi inkişafda mühüm çəkiyə malik olaraq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına kifayət qədər önəmli sayılan və bu tərəqqinin əsasına çevrilən möhtəşəm töhfələr verir. Bu mənada iqtisadi yüksəliş yolunu azad bazar münasibətləri şəraitində həyata keçirən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilir.

Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda, sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb.

Bütün bunlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında sahibkarlığın yerinin nə qədər uzaqgörənliklə və düzgün bir şəkildə müəyyən olunduğunu qabarıq şəkildə nümayiş etdirir. Ölkənin yeni müstəqillik tarixinin təhlil və mənzərəsi isə öz növbəsində belə bir reallığı ortaya qoyur ki, digər mühüm sahələrdə olduğu kimi, Azərbaycanda sahibkarlıq institutunun formalaşıb inkişaf etməsinin müəllifi də ümummilli lider Heydər Əliyevdir. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm digər mühüm əməli tədbirlər görüldü, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin gördüyü işlər sayəsində sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi.

Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu kontekstdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Sahibkarlığın ardıcıl inkişafını təmin edən ən mühüm məsələlərdən biri bu sahədə hüquqi bazanın möhkəmləndirilməsidir. İndiyədək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət proqramları və qanunlar qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də ötən ilin iyulunda qəbul olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ölkəmizdə sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri özündə ehtiva edir. 10 fəsil və 38 maddədən ibarət olan qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qanunda nəzərdə tutulub ki, sözügedən tələblərə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur.

Qanun yoxlamaların məqsəd və prinsiplərini dəqiq müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir. Eyni zamanda, yoxlayıcı orqanların siyahısının müəyyən olunması və təsdiq edilməsi nəzərdə tululur. Bunun məqsədi icra hakimiyyətləri orqanları tərəfindən özləri üçün yoxlama funksiyalarının təkbaşına müəyyən edilməsinin qarşısının alınmasıdır. Ən əsası, yoxlayıcı orqanlar tərəfindən bir-birilərinin səlahiyyətlərinin təkrarlanmasına və eyni predmet üzrə paralel yoxlamaların aparılmasına qadağa qoyulur.

Qeyd edək ki, yeni qanunda hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilməlidir. Yəni, sahibkar əvvəlcədən ondan nələr tələb olunduğunu bilməlidir. Eyni zamanda, hər bir yoxlayıcı orqanda "qaynar telefon xətti" müəyyən ediləcək. Bununla da sahibkarlar onları maraqlandıran suallara cavab ala biləcəklər və həmin cavablar üç ay müddətində elektron daşıyıcılarda saxlanılacaq. Digər tərəfdən sahibkarların yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etmək imkanları da nəzərdə tutulub. Bunun məqsədi sahibkar tərəfindən gələcək qanun pozuntularından sığortalanmaqdır.

Qanunun böyük bir hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspertizasının tənzimlənməsinə həsr edilib. İndiki təcrübədən fərqli olaraq müəyyən edilir ki, bu cür ekspertizalar yalnız müstəqil laboratoriyalarda keçirilə bilər. Aparılan yoxlamaların kütləvi informasiya vasitələrində sahibkarın günahı təsdiq edilmədikdən əvvəl işıqlandırılmasına da qadağa qoyulur. Ona görə ki, bu cür təcrübə sahibkarların işgüzar nüfuzuna zərbə vurur.

Qanunda yoxlamaların plan üzrə və plandankənar (növbədənkənar) formaları nəzərdə tutulur. Bu zaman plandankənar yoxlamaların əsasları detallaşdırılmışdır ki, bu da belə növ yoxlamaların sayının azaldılmasına xidmət edir. Belə ki, plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə yönəlib.

Plandankənar yoxlamalar yeni qanuna görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə biləcək. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər. Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ-hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanunun əsas özəlliklərindən biridir.

Qanunda sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir. Əsasən yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq aparılır.

Qanunda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır. Bundan başqa, yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üşün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsulliyyəti məsələləri də öz əksini tapır. Belə ki, qanunda göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.

Respublikamız müstəqiliyini əldə etdikdən sonra dövlətimiz sahibkarlıq fəaliyyətinə xüsusi diqqət və qayğısını əsirgəməmişdir. Sahibkarlıq fəaliyyəti ilə bağlı bu qanunların qəbulu və mövcud qanunların təkmilləşdirilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamlar iş adamları tərəfindən böyük razılıqla qarşılanır. Dövlət başçısının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı 28 avqust 2013-cü il tarixdə imzaladığı fərman da sahibkarlara böyük qayğıdır.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə"nin 1.4-cü bəndinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. Eyni zamanda əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Bununla əlaqədar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin təkmilləşdirilməsi ilə bağlı daim işlər görülür və bu da sahibkarların reyestrdən səmərəli istifadə etmələrinə şərait yaradır.

Sahibkarlar təbəqəsinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir. Bu da sirr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, orada sahibkarlara, sahibkarlar sinfinə dövlət tərəfindən qayğı var, diqqət var. Bu gün bu qayğını bütün sahibkarlar hiss edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcəkdə də Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək, sağlam rəqabət təmin olunacaq. Azad sahibkarlığın inkişafı, onların maneələrlə üzləşməmələri üçün dövlətimiz üzərinə düşən məsələləri həll edir. Eyni zamanda, sahibkarlar buna adekvat olaraq özəl sektorda üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

 

Günel HƏMİDLİ,
Ədliyyə Nazirliyinin əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru
31.07.2014-cü il tarixdə "Azərbaycan"qəzetində dərc olunmuşdur

Keçidlər