X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi



Müasir dünyamızda hər bir qüdrətli dövlətin uğurlarının təməlində güclü iqtisadiyyat dayanır. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin əsas məqsədlərindən biri kimi həmişə önə çəkilmiş, azad sahibkarlığa şərait yaradılması, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi əsas istiqamətlər kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuş, sahibkarlığın inkişafı və özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar görülən tədbirlər nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi fonunda müxtəlif iqtisadi faktorlarla yanaşı bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə də daim diqqət yetirilir. Sosial yönümlü iqtisadi siyasətin həyata keçirildiyi ölkəmizdə əhalinin rifahının, biznes mühitinin yaxşılaşdırılması prioritet istiqamətlər olduğu üçün bu sahə daim diqqət mərkəzində saxlanılır, müvafiq normativ hüquqi aktlar qəbul edilir, islahatlar həyata keçirilir.

Respublikada iqtisadi tərəqqiyə və sahibkarlığın inkişaf etdirilməsinə yönəlmiş tədbirlər çərçivəsində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" 2 iyul 2013-cü il tarixli Qanunun qəbul edilməsi ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuş, iş adamlarının fəaliyyətinin stimullaşdırılmasına xidmət etmişdir. Sahibkarlığın inkişafına bəzən mane olan əsassız, vəzifədən sui-istifadə edilməklə, qaydalara riayət edilmədən, heç bir zaman intervalı gözlənilmədən həyata keçirilən yoxlamaların aradan qaldırılması vacib şərt olduğundan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hələ 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanı ilə yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə edilməsini təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılaraq, hər bir yoxlamanın yalnız həmin reyestrdə qeydiyyata alınandan sonra həyata keçirilməsinin mümkünlüyü qeyd olunmuş və onun aparılması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. Ölkə başçısının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin" təsdiq edilməsi barədə 15 fevral 2011-ci il tarixli Fərmanına uyğun olaraq həmin ilin 1 may tarixindən fəaliyyətə başlayan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri yoxlamalar barədə informasiyanın vahid mənbədə toplanılması, təhlili və ölkə rəhbərliyinə bu sahədə ətraflı məlumatların təqdim edilməsini təmin edir.Yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, onların həyata keçirilməsi zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi istiqamətində adı çəkilən Qanunun müstəsna rolu şübhəsizdir. Qanunla yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər, məhsulun tədqiqi və məhsul nümunələrinin götürülməsi qaydaları, yoxlama zamanı tətbiq edilə biləcək məhdudlaşdırıcı tədbirlərin əsasları və növləri, bir sözlə sahibkarlıq sahəsində yoxlamaların vahid qaydaları müəyyən edilir, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinə dair müddəalar nəzərdə tutulur.Bir sıra digər vacib məsələlər də Qanunda öz əksini tapmışdır. Belə ki, Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması, habelə adı şəkilən Reyestrdə qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticələrinin olmaması, hətta bu cür yoxlamaların gedişində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirlərinin tətbiq edilə bilməməsi xüsusi vurğulanmışdır. Həmçinin qanun pozuntusu nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın, onun vəzifəli şəxslərinin məsuliyyət daşıdığı göstərilmişdir.

Həyat və sağlamlığın, ətraf mühitin və dövlətin əmlak maraqlarının təmin edilməsi yoxlamaların əsas məqsədlərindən biri kimi müəyyən edilərək, qanun pozuntularının qarşısının alınmasının cəzalandırmaqdan üstün olduğu, yoxlamanın qabaqlayıcı, profilaktik xarakterli olması, sahibkara məcburi tələblərə riayət etməkdə köməklik göstərilməsinə xidmət etməsi də Qanuna əsas prinsiplər kimi daxil edilmişdir. Yoxlamaların cəza vasitəsi olmaması, qanunlarla qorunan hüquq və maraqların təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyi, yoxlayıcı orqanların isə sahibkarlara xidmət edən "dost" olmalı olduğu kimi fikirlər öz əksini tapmışdır. Bütün bunlara nail olmaq üçün sahibkarlara məsləhətlər verilməsi, mövcud çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərilməsində də yoxlayıcı orqanlar vasitəçi kimi müəyyən edilmişdir. Adı çəkilən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir ki, bu da öz növbəsində bir sıra çatışmazlıqların, o cümlədən yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılmasına gətirib çıxaracaqdır. Eyni zamanda yoxlayıcı orqanlar tərəfindən yoxlamaların təşkili və aparılması ilə bağlı normativ hüquqi aktların qəbul edilməsinə yol verilməyəcəkdir.

Yoxlamalar sahəsində daha bir yenilik isə risk qiymətləndirməsi sisteminin tətbiqi ilə bağlıdır. Belə ki, yoxlamaların təşkili və planlaşdırılması məqsədilə sahibkarlar onların fəaliyyətlərinin xüsusiyyətləri - kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınmaqla yüksək, orta, aşağı risk qruplarına aid edilir. Bu bölgüyə əsasən plan üzrə yoxlamalar yüksək risk qrupuna aid edilən sahibkarlarda ildə bir dəfədən, orta risk qrupuna aid edilən sahibkarlarda iki ildə bir dəfədən, aşağı risk qrupuna aid edilən sahibkarlarda isə üç ildə bir dəfədən artıq olmayaraq aparılır. İstisna hal kimi yalnız yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar nəzərdə tutulur. Bu sahədə yoxlamaların aparılmasının dövriliyi müvafiq olaraq altı ayda, bir ildə, iki ildə bir dəfədən çox olmayaraq müəyyən edilir. Qeyd edilməlidir ki, aparılmış yoxlamaların nəticəsindən asılı olaraq dövrilik sahibkarın aid edildiyi risk qrupuna münasibətdə artırılmaqla təyin edilə bilər. Plandankənar yoxlamaların aparılması halları da Qanunda sadalanmış və belə yoxlamaların həyata keçirilməsi məhdudlaşdırılmışdır. Yoxlayıcı orqanlar tərəfindən sahibkarlar risk qrupları üzrə bölüşdürülərkən onların ümumilikdə 10 faizindən çox olmayan hissəsinin yüksək, 30 faizindən çox olmayan hissəsinin orta, qalanlarının isə aşağı risk qrupuna aid edilməli olması kimi şərtin mövcudluğu qanunda nəzərdə tutulan vacib amillərdəndir.

Yoxlama müddətlərinə dair tələblər də Qanunda öz əksini tapmışdır. Belə ki, əsassız uzadılan yoxlamalar bəzi hallarda sahibkarların fəaliyyətinə çətinliklər törədir, onların haqlı narazılığına səbəb olurdu. Hazırda isə müddətlər planlı yoxlamalar üzrə iri sahibkarlarda 10 iş günündən, orta və kiçik sahibkarlarda 5 iş günündən, plandankənar yoxlamalarda isə müvafiq olaraq beş və üç iş günündən artıq olmamaqla məhdudlaşdırılır. Bütövlükdə bu sahədə vahid qaydaları müəyyən edən, mütərəqqi müddəalarla zəngin olan Qanun bir sıra çatışmazlıqları aradan qaldırmaqla azad sahibkarlığın inkişafında, biznes mühitinin yaxşılaşdırılmasında müstəsna rol oynayacaq və son nəticədə qarşıya qoyulan məqsədlərə çataraq ölkə iqtisadiyyatına öz töhvəsini verəcəkdir.

Novruz Əşrəfov
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı,
II dərəcəli ədliyyə qulluqçusu
25.09.2014-cü il tarixdə “Respublika” qəzetində dərc edilmişdir.

Keçidlər