X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeyri-kommersiya təşkilatları tərəfindən alınmış (verilmiş) qrant müqavilələri (qərarları) barədə 2011-ci il üzrə ümumiləşdirilmiş məlumat



«Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin, Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 02.01.2003-cü il tarixli Fərmanının 3-cü bəndinə əsasən qrant alınması haqqında müqavilələr (qərarlar) qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.

2011-ci il ərzində qrant alınması haqqında 881 müqavilənin (qərarın) qeydiyyata alınması ilə bağlı 293 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 484 müraciət daxil olmuşdur.

Həmin müqavilələr (qərarlar) üzrə 123 donor təşkilatından 16 994 463,48 manat, 12 452 738,37 ABŞ dolları, 4 334 469,54 avro, 259 617,50 funt sterlinq, 21 904 isveçrə frankı, 9 715 000 norveç kronu, 3 020 000 rus rublu və 43 250 kanada dolları məbləğində qrant alınmışdır (ümumi məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankının 30.12.2011-ci il tarixli məzənnəsinə əsasən 32 912 225,27 manat təşkil edir). Qrant verən təşkilatlardan 18-i yerli donordur (onlardan 10-u dövlət təşkilatlarıdır).

Qrant müqavilələri (qərarları) təyinatına görə təhlil edilmiş və qrantların əsasən aşağıdakı sahələr üzrə verildiyi müəyyən edilmişdir:

elm, təhsil və maarifləndirmə - 29,9%
uşaq və gənclər problemləri - 11,23%
turizm və mədəniyyət - 7,1%
insan hüquqları - 5,9%
sosial problemlər - 5,79%
kütləvi informasiya vasitələri - 5%
səhiyyə və əhalinin sağlamlığı - 4,55%
qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi - 3,98%
ekologiya və təbiəti mühafizə - 3,86%
qadın problemləri - 3,52%
qaçqın və məcburi köçkün problemləri - 3,3%
beynəlxalq əməkdaşlıq - 3,18%
yerli özünüidarə məsələləri - 2,84%
iqtisadi inkişaf - 2,27%
kənd təsərrüfatı - 2,16%
korrupsiya ilə mübarizə - 2,1%
digər sahələr - 1,93%
xeyriyyəçilik - 1,39%

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsinə əsasən qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə cərimə müəyyən olunmuşdur.

Qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Ədliyyə Nazirliyinə təqdim etməmiş qeyri-kommersiya təşkilatlarının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı zəruri tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə 13 təşkilatla bağlı 15 inzibati xəta haqqında protokol tərtib edilmiş, 9 inzibati tənbeh verilmə, 4 inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş və 2 təşkilata xəbərdarlıq olunmuşdur. Tətbiq edilmiş intizam tənbehi nəticəsində ümumilikdə 13000 (on üç min) manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış qrant müqavilələri (qərarları) haqqında hər ay yeniləşən məlumatlar Ədliyyə Nazirliyinin saytında (justice.gov.az) yerləşdirilir.

Keçidlər