X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeyri-kommersiya təşkilatları tərəfindən alınmış (verilmiş) qrant müqavilələri (qərarları) barədə 2012-ci il üzrə ümumiləşdirilmiş məlumat



"Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin, Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 02.01.2003-cü il tarixli Fərmanının 3-cü bəndinə əsasən qrant alınması haqqında müqavilələr (qərarlar) qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.

2012-ci il ərzində qrant alınması haqqında 1054 müqavilənin (qərarın) qeydiyyata alınması ilə bağlı 208 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 591 müraciət daxil olmuşdur.

Həmin müqavilələr (qərarlar) üzrə 131 donor təşkilatından 18 451 758,83 manat, 13 516 120,15 ABŞ dolları, 8 151 481,04 avro, 232 735,63 funt sterlinq, 1 719 095 isveçrə frankı, 1 500 000 isveç kronu, 159 817 norveç kronu, 50 575 kanada dolları və 7 000 avstraliya dolları məbləğində qrant alınmışdır (ümumi məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankının 30.12.2012-ci il tarixli məzənnəsinə əsasən 39 542 569 manat təşkil edir). Qrant verən təşkilatlardan 16-sı yerli donordur (onlardan 8-i dövlət təşkilatlarıdır).

Qrant müqavilələri (qərarları) təyinatına görə təhlil edilmiş və qrantların əsasən aşağıdakı sahələr üzrə verildiyi müəyyən edilmişdir:

elm, təhsil və maarifləndirmə - 20,8%
uşaq və gənclər problemləri - 15%
səhiyyə və əhalinin sağlamlığı - 10,4%
sosial problemlər - 8,15%
insan hüquqları - 6,54%
qadın problemləri - 6,08%
kütləvi informasiya vasitələri - 5,5%
turizm və mədəniyyət - 4,83%
ekologiya və təbiəti mühafizə - 4,55%
qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi - 3,98%
iqtisadi inkişaf - 3,4%
qaçqın və məcburi köçkün problemləri - 2,84%
kənd təsərrüfatı - 2,37%
korrupsiya ilə mübarizə - 1,61%
yerli özünüidarə məsələləri - 1,51%
xeyriyyəçilik - 1,32%
digər sahələr - 1,12%

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsinə əsasən qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə cərimə müəyyən olunmuşdur.

Qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Ədliyyə Nazirliyinə təqdim etməmiş qeyri-kommersiya təşkilatlarının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə 6 təşkilatla bağlı 7 inzibati xəta haqqında protokol tərtib edilmiş, 2 inzibati tənbeh verilmə, 1 inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Tətbiq edilmiş intizam tənbehi nəticəsində ümumilikdə 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış qrant müqavilələri (qərarları) haqqında hər ay yeniləşən məlumatlar Ədliyyə Nazirliyinin saytında (justice.gov.az) yerləşdirilir.

Keçidlər