X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Misir Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 7 may 2007-ci il tarixdə Qahirə şəhərində imzalanmışdır

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ VƏ MİSİR ƏRƏB RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA
SAZİŞ

 

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Misir Ərəb Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hüquqi əməkdaşlığın bərqərar olunmasına və inkişafına mühüm əhəmiyyət verərək, hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində hər iki dövlətin marağını qeyd edərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər əməkdaşlığı həyata keçirərkən aşağıdakı istiqamətlərə üstünlük verəcəklər:

  1. hər iki dövlətin ədliyyə idarə və müəssisələrinin təşkili və fəaliyyəti ilə tanışlıq və bu məqsədlə Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;
  2. hüquq ədəbiyyatının və hüquq məsələlərinə dair nəşrlərin, həmçinin hüquq sahəsinə aid olan məlumatların qarşılıqlı mübadiləsi;
  3. qüvvədə olan qanunvericilik haqqında məlumat mübadiləsi;
  4. hakimlərin və digər ədliyyə işçilərinin peşəkarlıq səviyyəsinin və hazırlığının daha da yaxşılaşdırılması üçün qarşılıqlı surətdə seminar, mühazirə, təcrübi məşğələ və digər bu kimi tədbirlərin təşkili və keçirilməsi;
  5. Tərəflərin təhsil və ekspertiza mərkəzləri arasında əməkdaşlığın təşviq edilməsi.
Maddə 2

Tərəflər həmçinin ədliyyə sahəsində əməkdaşlığın inkişafına köməklik edən digər Sazişlər bağlaya bilərlər.

Maddə 3

Tərəflər əməkdaşlığın həcmini, tədbirlərin həyata keçirilməsinin maliyyə və təşkilati məsələlərini müəyyənləşdirəcəklər.

Maddə 4

Bu Sazişin icrası zamanı ingilis dili rəsmi dil kimi istifadə olunacaq.

Maddə 5

Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və imzalandığı tarixdən qüvvəyə minir.

Hər bir Tərəf digər Tərəfə diplomatik kanallarla yazılı bildiriş göndərmək yolu ilə Sazişi ləğv edə bilər. Saziş belə bildirişin alındığı gündən üç ay keçdikdən sonra öz qüvvəsini itirir.

Qahirə şəhərində, 2007 -ci ilin 7 may tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər qüvvəyə malikdir. Sazişin təfsirində fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi adından

Ədliyyə Naziri
Fikrət Məmmədov

Misir Ərəb Respublikasının
Ədliyyə Nazirliyi adından

Beynəlxalq Əməkdaşlıq Naziri
Fayza Abul Naqa

Keçidlər