X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Heydər Əliyev siyasi kursu Azərbaycan xalqının yeganə nicat yoludur («Azərbaycan» qəzeti, 11.10.2003-cü il, «Qanunçuluq» jurnalı, N 9)



"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır"

 

HEYDƏR ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

Düz on il əvvəl oktyabr ayının 10-da cənab Heydər Əliyev vətənə, dövlətə, xalqa sədaqət andı içərək Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlamışdır. Xalqımızın düçar olduğu milli fəlakətlərimizə də məhz həmin dövrdən son qoyulmağa başlandı.

Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Əgər tarix yaradan, xalqının müqəddəratını müəyyən edən qüdrətli şəxsiyyətlərin portretlərindən ibarət qalereya təşkil olunsa idi, şübhəsiz, onun ən görkəmli yerində möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin portreti asılardı.

Azərbaycan milli dövlətçiliyinin taleyini müəyyən edən bu müdrik və uzaqgörən siyasətçi öz fəaliyyəti ilə XX əsrin rəmzlərindən birinə çevrilmiş, Azərbaycan tarixinə milli dövlətçiliyimizin memarı və xilaskarı, ölkəmizin Qərb və Şərq, Cənub və Şimal dövlətləri ilə qlobal əməkdaşlığının banisi kimi əbədi daxil olmuşdur.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər ərzində bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuş, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkilmiş, milli, o cümlədən, hərbçi kadrların yetişdirilməsi üçün yeni-yeni təhsil ocaqları yaradılmışdır.

Bu illərdə hərtərəfli quruculuq işləri, sənayedə, kənd təsərrüfatında, mədəniyyət, təhsil sahəsində əldə edilmiş coşqun inkişaf, qazanılmış nailiyyətlər nəticəsində Azərbaycan dinamik yüksəliş dövrü keçirir, habelə idarəçilikdə, təsərrüfatda, elmdə xalqımızı ləyaqətlə təmsil edən və gələcəkdə müstəqil Azərbaycanı idarə edə biləcək vətənpərvər gənclər formalaşır, milli ruh, milli mənlik şüuru yüksəlirdi.

Dünyanın fövqəldövlətlərindən biri - keçmiş sovetlər birliyinin rəhbərlərindən olarkən cənab Heydər Əliyev ümumbəşəri fəaliyyəti ilə bütün Azərbaycan xalqının fəxrinə çevirmişdi. Bu fenomenal şəxsiyyətin iradəsi, qətiyyəti, təşkilatçılıq qabiliyyəti, zəngin idarəçilik təcrübəsi nəhəng bir ölkəyə məxsus idi, nüfuzu bütün dünyada etiraf olunurdu.

Elə buna görə də müstəqilliyinin ilk illərində imperiya əlaltılarının, habelə özlərini milli lider hesab edən səriştəsiz, naşı şəxslərin hakimiyyət uğrunda didişməsi, erməni işğalçıları ilə müharibəni alverə çevirməsi nəticəsində tarixi sınaqlar qarşısında qalmış xalqımız öz nicatını, qurtuluşunu yalnız Heydər Əliyevdə gördü və bütün nəzərlər böyük ümidlə ona - ümummilli liderimizə dikildi. O, ölkənin və xalqın taleyində tarixi dönüş etməli idi. Milli dövlətçiliyimizi məhv olma təhlükəsindən məhz bu dönüş xilas edə bilərdi.

Bu ağır dövrdə - 1993-cü ildə ölkəyə rəhbərliyi və ən əsası, xilaskarlıq missiyasını üzərinə götürən cənab Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi və qətiyyəti sayəsində Azərbaycan onu gözləyən dəhşətli bəlalardan qurtardı. Vətəndaş müharibəsinin qarşısı alındı.

Ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuş siyasi və iqtisadi böhran, separatçı meyllər, dövlət çevrilişi və terror cəhdləri xalqın öz milli liderinə inamı və dəstəyi ilə aradan qaldırıldı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. Dövlətlə xalqın birliyi, yekdilliyi təmin edildi. Möhkəm ictimai-siyasi sabitlik bərqərar olundu. Milli Ordu quruculuğuna başlanıldı. Cəbhədə atəşkəsə nail olundu. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə məqsədyönlü sülh danışıqları başlandı.

Daxili vəziyyətin nizamlanması, sabitliyin bərqərar olunması, Azərbaycanla qonşu dövlətlər arasında yaranmış gərginliyin aradan qaldırılması ölkəmizin müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını sürətləndirdi. Lakin möhtərəm Prezidentimizin böyük qətiyyətlə həyata keçirdiyi quruculuq tədbirləri daim daxili və xarici müqavimətə rast gəlirdi. Azərbaycan dövlətinin möhkəmlənməsindən narahat olan, iddiaları ilə qabiliyyətləri tərs mütənasib gələn bədxah qüvvələr, dövlət rəhbərinə qarşı sui-qəsd törətmək niyyətindən belə əl çəkmirdilər.

Heydər Əliyev isə öz xilaskarlıq missiyasını yerinə yetirərək, zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək kimi bədnam ənənəyə qətiyyətlə son qoyur, qarşıya çıxan bütün maneələri mərdliklə dəf edir, Azərbaycan xalqı və gələcək nəsillər üçün yeni, qanunun aliliyinin təmin olunduğu, demokratik hüquqi dövlət qururdu.

Həmin illərə bu günün zirvəsindən baxanda insan zəkasının qüdrətinə heyran qalırsan. Nə qədər düşünülmüş, ölçülüb-biçilmiş, ardıcıl və uzaqgörən qərarlar qəbul edilmişdir.

Müdrik Prezidentimiz milli dövlətçiliyi qorumaqla, gənc, müstəqil respublikanı dünyada tanıtmaqla bərabər, onun sonrakı onilliklər üçün inkişaf kursunu da müəyyən etdi. Yeni neft strategiyası işlənib hazırlandı, dünyanın ən iri neft şirkətləri ilə bütün dünyada "Əsrin müqaviləsi" kimi məşhur olan böyük neft kontraktı imzalandı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri, tarixi İpək yolunun bərpası möhtərəm Prezidentimizin böyük diplomatik məharəti və misilsiz əməyi ilə reallığa çevrildi, ölkəyə sərmayə axını başladı. İqtisadi, siyasi, hüquqi islahatlar həyata keçirildi.

Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarda Dövlətə və Vətənə mənsubluq hissləri, milli dövlətçilik ideyası formalaşdırılmağa başlandı. Xaricdə yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövlətçiliyi ətrafında sıx birliyə və həmrəyliyə doğru yönəldilməsinin əhəmiyyəti nəzərə alınaraq, ölkə Prezidentinin bilavasitə təşəbbüsü və rəhbərliyilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi, Azərbaycan diasporunun təşkilatlanması üçün mühüm tədbirlər görüldü.

Kəskin inflyasiyanın qarşısı alınaraq, iqtisadiyyatın bütün sahələrində dirçəliş dövrü başlandı, ümumi daxili məhsul nəzərəçarpacaq dərəcədə artdı, iqtisadiyyatda özəl sektorun payı və əhalinin gəlirləri dəfələrlə çoxaldı, dünyanın 130-dək dövləti ilə iqtisadi əlaqələr yaradıldı. Təsadüfi deyildir ki, bu gün əsas iqtisadi göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında birincilər sırasındadır. Adambaşına düşən xarici sərmayələrin həcminə görə isə ölkəmiz Şərqi Avropanın bir çox dövlətlərindən də irəlidədir.

Aparılan məqsədyönlü xarici siyasət kursunun nəticəsi olaraq, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının tamhüquqlu üzvü kimi dünya birliyində layiqincə təmsil olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində mühüm tədbirlər görüldü.

Bu nüfuzlu beynəlxalq təşkilatda Heydər Əliyev siyasi kursunun layiqincə həyata keçirilməsi, diplomatiya sahəsində xüsusi bacarıq, prinsipial və cəsarətli mövqe nümayiş olunaraq, əsl vətəndaşlıq, vətənpərvərlik nümunəsi göstərilməsi, Avropa Şurasının yüksək tribunasından məharətlə istifadə edilib xalqımızın haqq səsinin, erməni terrorizminin iç üzünün bütün dünyaya bəyan olunması böyük qürur hissi ilə qarşılandı.

Bu gün qətiyyətlə demək olar ki, ötən dövr ərzində Avropa Şurasında xalqımızın ən yeni və şanlı tarixini yaradan Heydər Əliyev dühasının şərəfli yolu böyük müvəffəqiyyətlə həyata keçirilmiş, Azərbaycanın bu mötəbər təşkilatın rəhbər orqanlarında təmsil olunması tariximizin yeni şərəfli səhifəsini açmışdır.

Demokratik hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmizin beynəlxalq nüfuzunun artmasına möhtərəm Prezidentimizin rəhbərliyi ilə hüquq sistemində aparılan köklü islahatlar da mühüm rəvac vermişdir.

Belə ki, möhkəm ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra ölkə Prezidentinin müəllifliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi təsbit olunmuş, Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyularaq, hüquq islahatlarının aparılmasına zəmin yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi islahatların aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə ölkə Prezidentinin Sərəncamına əsasən 1996-cı ilin fevral ayında onun şəxsi rəhbərliyi ilə Hüquqi İslahatlar Komissiyası yaradılmış, komissiya tərəfindən qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli qanunların layihələri hazırlanmışdır.

Beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər mütərəqqi qanunlar, habelə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki- Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmiş, yeni qanunvericilik aktları beynəlxalq ekspertlər tərəfindən də yüksək dəyərləndirilmişdir.

Azərbaycan Respublikasında 1993-cü ildən etibarən ölüm cəzasına veto qoyulmuş, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda dövlət başçımızın təşəbbüsü ilə bu cəza növü ləğv edilmiş, respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi insan hüquq və azadlıqlarının qorunması sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş, ölkə Prezidentinin humanizminin daha bir təzahürü olaraq onun tərəfindən təkcə son illər ərzində 3200-dən çox şəxs əfv olunmuş, təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 80 minədək şəxsə tətbiq edilmişdir.

İnsan hüquqları sahəsində məqsədyönlü həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevral ayının 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı mühüm rol oynamış, ölkəmizdə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilərək həyata keçirilməyə başlanmışdır.

Aparılan məhkəmə hüquq islahatı nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi yaradılmış, həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilmiş, İstintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuş, Ombudsman təsisatı yaradılmış, hakimlərin seçilməsi prosesinin təşkili və məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə yüksək məhkəmə sədrlərindən və Ədliyyə Nazirindən ibarət tərkibdə ölkə Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan sair tədbirlər görülmüşdür.

Həmçinin, 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq ölkə Prezidentinin "Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 17 yanvar 2000-ci il tarixli Fərmanına əsasən hakimlər beynəlxalq standartlara uyğun, şəffaf prosedur əsasında, test üsulu ilə imtahan və şifahi müsahibə yolu ilə seçilmişlər.

Bu proses çoxsaylı xarici və yerli müşahidəçilərin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və kütləvi informasiya vasitələri tərəfindən izlənilmiş, bütün müşahidəçilər tərəfindən prosesin şəffaf, obyektiv və beynəlxalq standartlara uyğun keçirilməsi barədə müsbət rəy verilmişdir.

Hakim seçkisinin ən maraqlı məqamı isə seçilmiş şəxslərin siyahısı dərc edildikdə olmuş, məhz bu siyahı hakim seçkilərinin obyektivliyini və ədalətliliyini sübut etmişdir. Belə ki, hakim korpusu 60% təzələnmiş, uzun müddət hüququn müxtəlif sahələrində işləmiş, həm hüquqi savadına, həm də mənəvi keyfiyyətlərinə görə hakim vəzifəsini tutmağa layiq olan şəxslər, o cümlədən, müstəqil hüquqşünaslar, vəkillər, müəllimlər, məhkəmə orqanlarının "fəhləsi" hesab edilən katiblər və s. hakim korpusunda geniş təmsil olunmuşdur.

Bu prosesdən dərhal sonra məhkəmə hakimiyyətinin formalaşmasında böyük təcrübəyə malik olan nüfuzlu beynəlxalq təşkilatların respublikamızla bu sahədə əməkdaşlığa böyük təşəbbüs göstərmələri isə bir daha bu prosesin obyektiv və beynəlxalq standartlara uyğun keçirilməsindən xəbər verirdi.

2000-ci ilin sentyabr ayından etibarən məhkəmə fəaliyyəti ilə bağlı yeni qəbul edilmiş qanun və məcəllələrin qüvvəyə minməsi və hakimlərin yenidən seçilməsi ilə üçpilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır. Yeni Məhkəmə sisteminin üstünlüyü ondan ibarətdir ki, birinci instansiya məhkəmələrinin yol verdiyi səhvlərin fakta və hüquqa görə apellyasiya və kassasiya instansiyalarında baxılaraq aradan qaldırılması, habelə məhkəmələrdə işlərə dəfələrlə baxılması və süründürməçiliyə gətirib çıxaran nəzarət instansiyalarının aradan qaldırılması təmin olunmuşdur.

Cəmiyyətdə məhkəmənin nüfuzu və ona inam yalnız o zaman tam təmin ediləcək ki, bu inam hakimlərin həqiqi qərəzsizliyinə və ədalətinə əsaslansın. Hakimin qərəzsizliyi və ədalətliliyinin əsasında isə həqiqi müstəqillik dayanmalıdır. Bununla əlaqədar ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının əsas qayələrindən biri hakimlərin müstəqilliyinin real təminatı olmuşdur.

Bu təminat Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında təsbit olunmuş və bu sahədə kompleks tədbirlər müəyyən edilmişdir.

Konstitusiyamıza əsasən hakimlər müstəqildir, yalnız Konstitusiya və qanunlara tabe olmaqla səlahiyyətləri müddətində dəyişilməzdirlər. Onlar işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Hakimlər səlahiyyətlərinin icrası müddətində cinayət məsuliyyətinə cəlb edilə, tutula və ya həbs edilə bilməzlər. Onlar barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, habelə axtarışa, şəxsi müayinəyə və gətirilməyə məruz qala bilməzlər.

Həmçinin, Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmağa, ədalət mühakiməsini həyata keçirən şəxsin və onun yaxın qohumlarının həyatına qəsd etməyə, habelə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etməyə görə məsuliyyət müəyyən edilmişdir.

Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi və səlahiyyətlərinə xitam verilməsi isə yalnız xüsusi hallarda və mürəkkəb prosedur əsasında həyata keçirilə bilər.

Məhkəmələrin yüksək statuslarına uyğun binalarla təmin olunması, hakimlər üçün zəruri iş şəraitinin yaradılması məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan dövlət başçısının daim diqqət mərkəzində olmuş, bütün yüksək məhkəmələr yeni, möhtəşəm binalarla təmin edilmiş, qısa müddət ərzində bir sıra yerli məhkəmələr üçün binalar inşa edilmiş və yeni binalar ayrılmış, 50-dən çox məhkəmə binası əsaslı təmir edilmişdir.

Hakimlərin müstəqilliyi və qərəzsizliyinin təmin edilməsində onların maddi təminatı heç də az əhəmiyyətə malik deyildir. Bununla əlaqədar ölkəmizin mövcud sosial-iqtisadi çətinliklərinə, bir milyondan artıq əhalinin qaçqın və məcburi köçkün vəziyyətində olmasına baxmayaraq hakimlərin maddi asılılığının qarşısının alınması üçün onların əmək haqqı başqa dövlət məmurlarının əmək haqqından dəfələrlə artıq müəyyən edilmişdr. Bu göstəriciyə görə Azərbaycan digər MDB ölkələrini də geridə qoymuşdur.

Görülmüş tədbirlər nəticəsində son illər ərzində əhali arasında məhkəmələrə etibar artmış, pozulmuş hüquqların müdafiəsi üçün digər orqanlara deyil, məhz məhkəmələrə müraciət edənlərin sayı 2000-ci illə müqayisədə 2 dəfə çoxalmışdır.

Bununla belə, bəzi hakimlərin fəaliyyətində nöqsanlara yol verilməsi də sirr deyildir. Aşkar edilmiş qanun pozuntularına görə Ali Məhkəmənin intizam kollegiyası tərəfindən 20-dən çox hakim intizam məsuliyyətinə cəlb edilmiş, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində müstəsna rolu nəzərə alınaraq, ötən il Ali Məhkəmənin Plenumu və Məhkəmə-Hüquq Şurasının birgə iclasında hakimlik şərəfi, ləyaqəti, hakimin mənəvi təmizliyi, müstəqilliyi və qərəzsizliyinə dair tələbləri əks etdirən "Azərbaycan Respublikası hakimlərinin Əxlaq Kodeksi" qəbul edilmişdir.

Azərbaycan hüquq sistemində möhtərəm Prezidentimizin həyata keçirdiyi inqilabi dəyişikliklər, insan haqlarının qorunması sahəsində mütərəqqi tədbirlər dünyanın inkişaf etmiş dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir, bir çox ölkələrin on illər ərzində əldə etdiyi nailiyyətlərin Azərbaycan tərəfindən qısa müddətdə qazanılması etiraf olunur.

Möhtərəm Prezidentimizin misilsiz əməyi ilə yaradılmış yeni hüquq sisteminin bəhrəsi hələ çox-çox illər sonra da görünəcək və gələcək nəsillər onun bu sahədə əvəzsiz xidmətlərinin şahidi olacaqlar.

Hüquqi dövlət quruculuğu işinə fəal qatılan Ədliyyə Nazirliyi də islahatlardan kənarda qalmamış, onun fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdə rolu və əhəmiyyəti artmış, təkcə son iki ildə ədliyyə fəaliyyəti ilə bağlı 70-dək qanun və digər normativ hüquqi akt qəbul olunmuşdur.

Ölkə Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək, Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Möhtərəm Prezidentimizin ədliyyə işçilərinə göstərdiyi bu yüksək etimad hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmış, Azərbaycan ədliyyə tarixinə, müsbət ənənələrə ehtiramın təzahürü olaraq Nazirlikdə ədliyyə tarixi muzeyi yaradılmış, habelə penitensiar tarixi muzeyi təşkil olunmuşdur.

Ədliyyə Nazirliyində yeni qanunvericilikdən irəli gələn islahatların aparılması, o cümlədən, iş üsul və vasitələrinin təkmilləşdirilməsi, vətəndaşların hüquq və mənafelərinin qorunması, onlara göstərilən hüquqi yardımın yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, habelə ədliyyə fəaliyyətinin digər müxtəlif sahələri üzrə zəruri tədbirlər görülmüşdür.

Milli qanunvericiliyimizin təkmilləşdirilməsi işində fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən bir çox mühüm normativ hüquqi aktın layihəsi hazırlanmış, yüzlərlə normativ hüquqi və normativ xarakterli aktın layihəsinə rəy verilmiş və onlar hüquqi ekspertizadan keçirilmiş, Nazirliyin əməkdaşları Milli Məclisin və onun daimi komissiyalarının iclaslarında, işçi qrupların tərkibində müxtəlif qanun layihələrinin hazırlanması və müzakirəsində fəal iştirak etmişlər.

Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.

Belə ki, məhkəmələrin fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması üçün Nazirlikdə Məhkəmə Orqanları idarəsi ləğv edilmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması, bu işin məhkəmə hüquq islahatı ilə əlaqədar qəbul edilmiş yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmış, ədalət mühakiməsi əleyhinə olan bir sıra cinayətlər üzrə, o cümlədən, məhkəmə qərarlarını icra etməmə cinayətləri üzrə işlərinin ibtidai istintaqının aparılması üçün İstintaq idarəsi təsis edilmişdir.

Respublikamızın tarixində ilk dəfə olaraq yerli özünüidarə orqanları kimi formalaşmış bələdiyyələrin fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə köməklik göstərilməsi məqsədilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış, Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun Əsasnaməsi təsdiq edilmiş, habelə dövlət başçısının 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə edilmişdir.

Notariat və vətəndaşlıq vəziyyəti aktları orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatına əsasən bu orqanlarda da əsaslı islahatlar həyata keçirilmiş, onların fəaliyyətinə nəzarət və rəhbərlik sahəsində uzun müddət davam edən ciddi nöqsanlar, mövcud olmuş kobud qanun pozuntuları və digər çatışmazlıqların aradan qaldırılması üzrə kompleks tədbirlər görülmüşdür.

Bütün sahələrdə əhalinin rifahının, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan ölkə Prezidentinin "Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında" 31 iyul 2002-ci il tarixli Fərmanı ilə bu sahədə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının səyyar qaydada da aparılması müəyyən edilmiş, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülmüşdür.

İnsan hüquq və azadlıqlarının etibarlı təmin olunmasında respublikamızda bir çox əhəmiyyətli tədbirlərin həyata keçirildiyi şəraitdə Ədliyyə Nazirliyinin də qarşısında bu sahədə mühüm vəzifələr dayandığından Nazirliyin tərkibində İnsan hüquqları üzrə şöbə təsis edilmiş, qeyri-hökumət hüquq müdafiə təşkilatları ilə əlaqələr möhkəmləndirilmişdir.

Ölkənin penitensiar sistemində də köklü islahatlar aparılmış, 1993-cü ildə cəzaçəkmə müəssisələri Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, möhtərəm Prezidentimizin cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə bağlı Fərmanı aparılan işlərə xüsusi təkan olmuşdur.

Ölkə başçısının penitensiar sistemin fəaliyyəti ilə bağlı fərman və tapşırıqlarının, yeni qəbul edilmiş qanunlardan irəli gələn vəzifələrin icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən bir çox tədbirlər görülmüş, məhkumların saxlanılması şəraiti xeyli yaxşılaşdırılmış, insan hüquqları ilə məşğul olan beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq yaradılmış, o cümlədən, möhtərəm Prezidentimizin tapşırığına əsasən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Saziş bağlanmış və hazırda həmin təşkilatın nümayəndələri cəzaçəkmə yerlərinə maneəsiz baş çəkirlər.

Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu xeyli artmış, beynəlxalq əlaqələri genişlənmişdir. Nazirlik tərəfindən beynəlxalq hüquq əməkdaşlığına xüsusi əhəmiyyət verilərək Türkiyə, Ukrayna, Litva, Avstriya, Almaniyadan ədliyyə nazirlərinin, digər dövlətlərin məsul ədliyyə işçilərinin qarşılıqlı səfərləri həyata keçirilmiş, ölkə başçısı tərəfindən verilmiş səlahiyyətlərə əsasən əməkdaşlığa dair sənədlər imzalanmış, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla, habelə hüquqşünasların beynəlxalq strukturları ilə sıx əməkdaşlıq həyata keçirilmişdir.

Aparılan hərtərəfli islahatlar və fəal qanunyaradıcılığı prosesi ölkəmizdə hüquqi maarifləndirmə işinin gücləndirilməsini şərtləndirmişdir. Bununla əlaqədar Ədliyyə Nazirliyinin mətbu orqanı olan "Qanunçuluq" jurnalının nəşri keyfiyyətcə yeni səviyyəyə qaldırılaraq tirajı dəfələrlə artırılmış, digər nəşrlər təsis olunmuş, Nazirliyin xətti ilə təkcə ötən il ərzində kütləvi informasiya vasitələrində 400-dən çox çıxışlar təşkil edilmiş, televiziyada xüsusi verilişlər hazırlanmış, Nazirliyin 50-dək məlumatı yayılmışdır.

Müstəqilliyimizin ötən illərində Azərbaycan çox ağır və çətin bir yol keçmişdir. Amma xalqımız müdrik Prezidentimizin rəhbərliyi ilə bütün çətinlikləri aradan qaldırmış, bütün sınaqlardan üzü ağ çıxmış, təhlükələrdən xilas olmuş, dövlət müstəqilliyini qoruyub saxlamış, onu əbədi və dönməz etmişdir. Dağın ucalığını daha yaxşı görmək üçün ondan müəyyən qədər uzaqlaşmaq lazımdır. Heydər Əliyev ucalığının ölçüyəgəlməzliyini, onun xalqımız üçün etdiklərini olduğu kimi qiymətləndirmək zamanın işidir. Bu şəxsiyyətin əsl qiymətini illər keçəndən, yaşanmış prosesləri dərindən təhlil edəndən sonra verə biləcəyik. Çünki onun gördüyü işlərin bir çoxu perspektivə hesablanıb və nəticəsini görmək üçün illər ötməlidir.

Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və onların himayəçiləri yaradılmış demokratik şəraitdən siyasi ambisiyalar naminə sui-istifadə edərək, ölkəmizdə həyata keçirilən hər bir mütərəqqi tədbirə kölgə salmağa çalışır, Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş demokratik prinsiplərə və qanunvericiliyimizin tələblərinə açıq-aşkar hörmətsizlik nümayiş etdirir, ölkə başçısının şərəf və ləyaqətinə toxunan çıxışlar edirlər.

Belə yazılar geniş ictimaiyyət tərəfindən də dərin ikrah hissi ilə qarşılanır.

Qanun qarşısında hamı bərabərdir - istər adi vətəndaş olsun, istərsə də partiya lideri və böyük siyasətçi iddiasında olan şəxslər. Qanunvericiliyin tələblərini pozanlar kimliyindən asılı olmayaraq məsuliyyət daşıyırlar.

Müstəqil Azərbaycan möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursu ilə irəliləyərək, mühüm nailiyyətlər qazanır. Azərbaycan xalqı bu siyasi kursu davam etdirməklə öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.


Fikrət MƏMMƏDOV,
Azərbaycan Respublikasının ədliyyə naziri

Keçidlər