X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, Beynəlxalq Antikorrupsiya orqanları Assosiasiyasının vitse-prezidenti Fikrət Məmmədovun çıxışı



Hörmətli konfrans iştirakçıları !
Xanımlar və cənablar!

Korrupsiya ilə mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfransı açıq elan edir və bütün tədbir iştirakçılarını salamlayıram.

Konfransda iştirak üçün dəvətimizi qəbul etdiklərinə görə Çin, İndoneziya, Ukrayna və Uqandanın prokurorluq orqanlarının rəhbərlərinə, Böyük Britaniya, Pakistan və Hindistanın antikorrupsiya qurumlarının başçılarına, habelə Yaponiya, İtaliya, Rumıniya, Argentina və Cənubi Afrikadan olan qonaqlarımıza dərin minnətdarlığımı bildirirəm.

Həmçinin, tədbirdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri, Baş prokuror yanında antikorrupsiya idarəsinin, ədliyyə, daxili işlər orqanlarının əməkdaşları, habelə millət vəkilləri və hakimlər, BMT-nin, Avropa Şurasının, ATƏT-in, Dünya Bankının, USAID-in və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Əminəm ki, korrupsiyaya qarşı mübarizə üzrə aparılacaq bugünki təcrübə mübadiləsi və müzakirələr bu sosial bəla ilə daha effektiv mübarizə üçün zəmin yaradacaq, yeni prioritetlərin müəyyən olunmasına imkan verəcəkdir.

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan iqisadi inkişaf sürətinə görə lider ölkələr sırasındadır. İqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə isə korrupsiyanın yayılması üçün daha əlverişli şərait olur. Bu baxımdan mütəşəkkil cinayətkarlığın bu təhlükəli növü ilə mübarizə üzrə ölkəmizdə kompleks tədbirlər görülür.

Belə ki, Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" xüsusi qanun qəbul edilmiş, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə" Fərman imzalanmış, 2004-2006-cı illəri əhatə edən müvafiq Dövlət Proqramı müvəffəqiyyətlə icra olunmuş, ötən il Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya təsdiq olunmuşdur.

Eyni zamanda, hakimiyyətin hər üç qolunun nümayəndələrindən ibarət olan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılaraq səmərəli fəaliyyət göstərir.

Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının mühüm rolu vardır. Hazırda Azərbaycanda 2300-dən çox qeyri-hökumət təşkilatı, 3600-ə yaxın mətbu nəşr qeydə alınmışdır.

Qeyri-hökumət təşkilatlarının inkişafına, onların dövlət və cəmiyyət üçün aktual problemlərin həllinə cəlb olunmasına xüsusi diqqət yetirilərək ötən il ölkə Prezidenti tərəfindən bu təsisatlara dövlət dəstəyi konsepsiyası təsdiq edilmiş, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən "Korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın təşviq edilməsi" üzrə qeyri-hökumət təşkilatları üçün qrant proqramı həyata keçirilməyə başlanmışdır.

Ölkədə korrupsiya ilə mübarizənin təsirli vasitələrindən biri də mükəmməl və səmərəli məhkəmə sisteminin mövcud olmasıdır. Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir.

Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.

Tarix üçün çox qısa müddət ərzində milli qanunvericiliyimiz tamamilə yeniləşmiş, əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq və üçpilləli məhkəmə sistemi yaradılmışdır.

Əlbəttə, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi və korrupsiyanın qarşısının alınması hakimlərin seçilməsi, təyinatı və onların maddi təminatının yaxşılaşdırılmasından çox dərəcədə asılıdır. Bu sahədə Azərbaycanda təkcə son illər ərzində həyata keçirilən bəzi tədbirləri vurğulamaq istərdim.

Belə ki, aparılmış islahatlar nəticəsində yeni müstəqil təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmış, onun tərkibi əsasən hakimlərdən, habelə ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılmış, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyətini tənzimləyən digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Həmçinin, hakimlərin seçilməsinin tam yeni, ən şəffaf mütərəqqi qaydaları müəyyən edilmişdir. Müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilən çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurslardan ibarət olan bu seçim prosedurunun hər bir mərhələsi 10-larla yerli və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, kütləvi informasiya vasitələri tərəfindən müşahidə edilmişdir.

Qeyd etmək istərdim ki, bütün müşahidəçilər hakimlərin seçilməsinin şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, xarici dövlətlərin təmsilçiləri bü prosesin öz ölkələrində də təşkilini arzu etdiklərini bildirmişlər.

Yeni qanunvericiliyə əsasən Azərbaycanda ilk dəfə olaraq hakimlərin son yaş həddinə - 65 yaşadək təyinatı təsbit olunmuşdur.

Korrupsiyanın qarşısının alınmasında mühüm amil olan hakimlərin maddi təminatının yaxşılaşdırılması da Azərbaycan dövləti tərəfindən diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı 25 dəfə artırılmış, hakimlərin iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün 10-larla yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.

Korrupsiya ümumbəşəri sosial bəladır və ona qarşı mübarizə yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində daha effektiv ola bilər. Bununla əlaqədar Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün əsas konvensiyalara qoşulmuş, korrupsiyaya qarşı beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmiş, habelə Azərbaycan hökuməti, USAİD və Avropa Şurası arasında "Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək" layihəsinə dair anlaşma memerandumu imzalanmışdır.

Həmçinin, Azərbaycan Çin Hökumətinin təşəbbüsü və BMT-nin dəstəyi ilə 2006-cı ildə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olmuşdur.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Korrupsiyaya qarşı BMT Konvensiyasının milli qanunvericilikdə implementasiyasına, dünyanın bütün antikorrupsiya orqanları arasında səmərəli əməkdaşlığa yardım göstərən və artıq 140 ölkəni əhatə edən bu Assosiasiyanın İcraiyyə Komitəsinin iclası dünən Bakıda keçirilmişdir.

Sonda Konfransın işinə uğurlar arzulayır və ümid edirəm ki, apardığımız müzakirə və fikir mübadiləsi korrupsiya ilə mübarizə və onun qarşısının alınması üzrə ən yaxşı təcrübədən bəhrələnmək üçün dəyərli töhfə olacaqdır.

Bakı, 01 aprel, 2008-ci il

Keçidlər