X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Beynəlxalq qurumlar ölkəmizdə hüquq islahatlarını dəstəkləyir



Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində Avropa Ümumi Hüquq Mərkəzi ilə birlikdə "Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək" Layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, müxbirimiz ədliyyə nazirinin müavini, III dərəcəli Dövlət ədliyyə müşaviri, Avropa Ümumi Hüquq Mərkəzi Direktorlar Şurasının üzvü Toğrul Musayevdən müsahibə almışdır.

- Xahiş edirik, Avropa Ümumi Hüquq Mərkəzi barədə oxucularımıza məlumat verəsiniz.

- Ümumi hüquq üzrə Avropa ideyasının gerçəkləşdirilməsi məqsədilə Yunanıstanda yaradılmış bu Mərkəz 1995-ci ildən fəaliyyət göstərir və baş ofisi Afina şəhərində yerləşir. Hazırda İtaliya, Fransa, Yunanıstan, Estoniya, Serbiya və Çernoqoriya, bir sıra Asiya ölkələri, Avstraliya və 2004-cü ildən Azərbaycan da Mərkəzin rəhbər orqanı olan Direktorlar Şurasında təmsil olunurlar. Xüsusi vurğulamaq istərdim ki, Avropa Şurası kimi mötəbər bir təşkilat bu Mərkəzlə fəal əməkdaşlıq edir.

Mərkəz hüququn müxtəlif sahələri, o cümlədən milli, müqayisəli hüquq üzrə araşdırmalar, Avropa Ümumi Hüququnun formalaşması istiqamətində hərtərəfli tədqiqatlar aparılmasını təşkil edir, tədris proqramları hazırlayır və həyata keçirir. İndiyədək Mərkəz tərəfindən Avropa İttifaqı, Balkan və Baltikyanı dövlətlər, Yunanıstan, Çexiya, Türkiyə, Polşa, Macarıstan, İran, Moldova, Ukrayna və digər ölkələr üçün 50-dən artıq layihə həyata keçirmişdir. Həmin layihələr hakimlərin, prokurorların, vəkillərin və digər hüquqşünasların tədrisi, insan hüquqlarının təşviqi, hüquq islahatlarına dəstək, vətəndaşların məhkəmə müdafiəsi, ali təhsil ocaqlarında tədris proqramlarının təkmilləşdirilməsi, Avropa dövlətlərinin hüquq sistemlərinin müqayisəli təhlili və digər mühüm sahələri əhatə edir.

- Avropa Ümumi Hüquq Mərkəzi ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələri barədə nə deyə bilərsiniz?

- 2004-cü ildə Yunanıstan prezidentinin Azərbaycana rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində olan Avropa Ümumi Hüquq Mərkəzinin direktoru Spiridon Floqaitis Ədliyyə Nazirliyində qəbul olunmuş və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilmişdir. Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına böyük maraq göstərən Spiridon Floqaitis Ədliyyə Nazirliyinə əməkdaşlıq təklifi ilə müraciət edərək, bu qurumun rəhbər orqanında ölkəmizin təmsil olunmasını arzu etmişdir.

Dövlətimizin nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa və dünya təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verdiyini nəzərə alaraq, Azərbaycanın həmin təşkilatla əməkdaşlığı və onun Direktorlar Şurasında ölkəmizi ədliyyə naziri müavininin təmsil etməsi barədə qərar qəbul edilmiş, Mərkəzlə hakimlərin, ədliyyə işçilərinin, prokurorların, vəkillərin, notariusların və digər hüquqşünas kadrların tədrisi üzrə əməkdaşlığın həyata keçirilməsi məqsədəuyğun sayılmışdır.

Öz növbəsində, Azərbaycan Ədliyyə Nazirliyinin irəli sürdüyü təkliflər Mərkəz tərəfindən müsbət qarşılanaraq, qurumun səyləri nəticəsində Yunanıstan hökumətinin maliyyə dəstəyi ilə "Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək" Layihəsinin həyata keçirilməsi qərara alınmışdır.

Doğrusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının yeni mərhələyə keçdiyi indiki vaxtda bu layihə çox aktualdır. Ölkə başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair 19 yanvar 2006-cı il tarixli fərmanı ilə digər məsələlərlə yanaşı, hakimlərin peşə səviyyəsinin artırılması, hakim vəzifələrinə namizədlərin müasir tələblərə cavab verən hazırlığının təmin edilməsi, Ali Ədliyyə Məktəbinin yaradılması üzrə qarşıya mühüm vəzifələr qoyulub. Bildiyiniz kimi, vakant hakim vəzifələrinə namizədlərlə yeni qaydalar əsasında tam obyektiv və şəffaflıq şəraitində keçirilmiş imtahanları uğurla başa vurmuş şəxslər uzunmüddətli tədris kurslarına cəlb olunurlar. Məlumat üçün bildirim ki, artıq bu kursların Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzində fevralın 27-də təntənəli açılışı olmuşdur. Həmin kurslarda tədris prosesinin daha səmərəli təşkili üçün qabaqcıl beynəlxalq təcrübəyə xüsusi önəm verilir və bu mənada, əminəm ki, Avropa Ümumi Hüquq Mərkəzi ilə birgə layihənin həyata keçirilməsi real bəhrə verəcəkdir.

Qeyd olunan layihənin yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə cənab Spiridon Floqaitis martın əvvəllərində Bakıya gələcək. Səfər çərçivəsində onun ədliyyə naziri, Konstitusiya Məhkəməsinin sədri ilə və bir sıra ali təhsil müəssisələrində görüşləri, həmçinin, ölkəmizin hüquq sistemi və aparılan islahatlarla yaxından tanışlığı nəzərdə tutulur. Eyni zamanda, bildirmək istərdim ki, Azərbaycanda son zamanlar həyata keçirilən mütərəqqi hüquq islahatları beynəlxalq təşkilatlarda böyük maraq doğurur. Bu sahədə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), ABA CEELİ, Dünya Bankı və digər qurumlar ölkəmizlə sıx əməkdaşlıq edirlər. Yeri gəlmişkən, bu günlərdə növbəti missiya ilə Azərbaycanda səfərdə olmuş Dünya Bankının ekspertləri məhkəmə-hüquq islahatına maliyyə dəstəyi göstərilməsi üzrə Ədliyyə Nazirliyində yaradılmış işçi qrupun iştirakı ilə "Ədliyyə sektorunun müasirləşdirilməsi" layihəsini hazırlamış və bu istiqamətdə növbəti tədbirlər müəyyənləşdirilmişdir.

Azərbaycan qəzeti,
1 mart 2006-cı il

Keçidlər