X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Kadrların seçilməsinin ən düzgün yolu musabiqədir



Xəbər verildiyi kimi, dekabrın 9-da Bakı Dövlət Universitetində ilk dəfə olaraq ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilmişdir. Bununla əlaqədar müxbirimiz ədliyyə nazirinin müavini, Müsabiqə Komissiyasının sədri, II dərəcəli Dövlət ədliyyə müşaviri Toğrul Musayevdən qısa müsahibə alıb.

- Hörmətli Toğrul müəllim, ötən şənbə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi. Ümumiyyətlə, işə qəbulun müsabiqə üsulunun əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Hər bir dövlət qurumunun işinin real nəticələri deyərdim ki, daha çox onun əməkdaşlarının biliyi, peşəkarlığı, təşəbbüskarlığı və mənəvi təmizliyi ilə bağlıdır. Sözsüz ki, ədliyyə orqanları da istisna deyil. Nazirliyin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi kadrlarla işin təşkilindən, onların düzgün seçilməsindən çox asılıdır. Seçim zamanı namizədlər arasından ən yaxşılarını müəyyən etməyin bir yolu var, o da müsabiqədir.

İşə müsabiqə əsasında qəbul dünya təcrübəsində sınanmış və özünü doğruldan mütərəqqi üsuldur. Artıq ölkəmizdə bu istiqamətdə mühüm addımlar atılır. Nazirliklərə, digər dövlət idarələrinə işə qəbul müsabiqə əsasında aparılır. Xüsusi qeyd etmək istərdim ki, hazırda ölkəmizdə hakimliyə namizədlərin ən demokratik və tam şəffaf üsullarla seçilməsi üzrə təşkil olunan imtahanlar beynəlxalq ekspertlər tərəfindən digər dövlətlərə nümunə ola biləcək tədbirlər kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin avqustunda imzaladığı Ədliyyə orqanlarının inkişafı haqqında Fərmanda ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşmasına, ədliyyə orqanlarına işə qəbulun şəffaf prosedurlarla həyata keçirilməsinə mühüm əhəmiyyət verilir.

Dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə müsabiqə əsasında keçirilməsi məqsədilə Nazirliyimizdə Müsabiqə Komissiyası yaradılmışdır. Ədliyyə sistemində işləmək arzusunda olanların sənədləri bu ilin may ayından avqust ayının sonunadək qəbul edilmişdir. Dekabrın 9-da keçirilən test imtahanında dövlət, özəl və xarici ali təhsil müəssisələrini bitirmiş 258 nəfər hüquqşünas iştirak etmişdir. Onların arasında ədliyyə, məhkəmə, prokurorluq orqanlarında yardımçı vəzifələrdə çalışan, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olan namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq istəyənlər də vardır.

- İmtahanın nəticələri nə göstərdi?

- Qaydalara əsasən, test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarətdir, mümkün 90 baldan 55 və daha artıq bal toplamış namizəd müsabiqənin ikinci mərhələsinə söhbətə buraxılır. İmtahan hamı üçün eyni şəraitdə keçirilmiş, cavablar namizədlərin və müşahidəçilərin gözü qarşısında yoxlanılaraq, nəticələr dərhal elan olunmuşdur. Test imtahanının yekunlarına görə, məlumat verildiyi kimi, 129 nəfər uğur qazanmışdır. Bildirmək istərdim ki, onların yarısı ölkəmizin regionlarını təmsil edir. İkinci mərhələyə keçənlərin 28 faizi qadınlar, 64 faizi 25 yaşınadək olan gənclərdir. Ən yüksək nəticə 84 bal olmuşdur, ümumiyyətlə, 29 nəfər 70 baldan çox toplayıb. Onların arasında Bakı Dövlət Universitetinin məzunları üstünlük təşkil edir.

Onu da qeyd edim ki, imtahan böyük mütəşəkkilliklə, tam şəffaf və obyektiv keçirilmişdir. Bunun üçün əvvəlcədən bütün zəruri təşkilati tədbirlər, geniş hazırlıq işləri görülmüş, namizədlərə hər cür şərait yaradılmış, ən xırda detallar belə nəzərə alınmışdı. Tədbirdə iştirak edən 40-a yaxın müşahidəçi və kütləvi informasiya vasitələrinin nümayəndələri də bunu təsdiq etmişlər.

İmtahanın belə yüksək səviyyədə keçirilməsinin təmin olunmasına görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyinə və mütəxəssislərinə, həmçinin Bakı Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığımızı bildirirəm.

Azərbaycan qəzeti

Keçidlər