X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Yüksək bilik və mənəvi saflıq dövlət qulluğuna qəbulun əsas meyarıdır



Xəbər verdiyimiz kimi, ədliyyə orqanlarına qulluğa qəbul üzrə namizədlərlə söhbət mərhələsi də keçirilərək, müsabiqəyə yekun vurulub və bu günlərdə vakant vəzifələrə təyinatlar aparılmışdır. Bununla bağlı müxbirimiz Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Müsabiqə Komissiyasının sədri, II dərəcəli Dövlət ədliyyə müşaviri Toğrul Musayevdən müsahibə alıb.

Müsabiqə komissiyasının iclası

- Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə ilk dəfədir ki, keçirilmişdir. Bu mühüm tədbir barədə nə deyə bilərsiniz?

- Dövlət orqanlarının səmərəli fəaliyyəti, qarşıda duran vəzifələrin və funksiyaların uğurla yerinə yetirilməsi, ilk növbədə, yüksək ixtisaslı, müasir dünyagörüşə və dərin düşüncəyə malik, prinsipial və bacarıqlı kadrların sayəsində mümkündür.

Ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması da, sözsüz ki, kadrlarla işin təşkilindən, onların düzgün seçilməsindən çox asılıdır. Kadr siyasəti və xüsusilə hüquq-mühafizə orqanlarında bu sahədə işin düzgün təşkili və həyata keçirilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin daimi diqqət mərkəzində olmuşdur.

Ulu öndərimiz Heydər Əliyev çıxışlarının birində xüsusilə qeyd etmişdir ki, "Hüquq-mühafizə orqanlarında işləyən hər bir kəs, yaxud işləmək istəyən hər bir vətəndaş bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur. Mənəvi saflıq, mənəvi paklıq tələb edilir, yüksək mənəvi keyfiyyətlər tələb olunur. Mənəvi saflıq uğrunda mübarizə hüquq-mühafizə orqanları kollektivlərində ən əsas məsələlərdən biri olmalıdır".

Bu tələblər hazırda Ədliyyə Nazirliyində kadrlarla aparılan işin əsasını təşkil edir. Nazirliyin kadr siyasəti kifayət qədər ciddi bir sistem təşkil etməklə, ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək və eyni zamanda ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən şəxslərdən təmizləmək, əməkdaşların vəzifədə irəli çəkilməsi, onların təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi üçün zəruri kadr ehtiyatı formalaşdırmaq kimi mühüm məqsədlərə xidmət edir. Bunları əldə etmək işə qəbulun aşkarlıq şəraitində şəffaf üsullarla keçirilməsi vacib şərtlərdəndir.

Ədliyyə orqanlarına işə qəbulun müsabiqə əsasında həyata keçirilməsinə 2004-cü ildən başlanılmış, ilk olaraq nazirliyin tibb və penitensiar xidmətlərinin, informasiya texnologiyalarının tətbiqi sahəsində vakant olan vəzifələrin komplektləşdirilməsi üçün açıq müsabiqələr keçirilmiş və müvəffəqiyyət qazananlar barədə müvafiq təyinatlar aparılmışdır.

Ədliyyə orqanlarına qulluğa qəbulun ciddi seçim əsasında həyata keçirilməsinin, işçilərin peşəkar kadr kimi formalaşması üzrə görülmüş məqsədyönlü tədbirlərin və onlara göstərilən etimadın nəticəsidir ki, böyük bir qrup ədliyyə işçisi dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının orden və medalları, fəxri adları ilə təltif olunmuş, onlarla işçi ali dövlət hakimiyyəti orqanlarına vəzifələrə irəli çəkilmiş və seçkili orqanlara seçilmişlər. Bu gün xarici ölkələrdə keçirilən çoxsaylı mühüm tədbirlərdə əməkdaşlarımız ölkəmizi layiqincə təmsil edirlər.

Dekabrın 9-da keçirilmiş
test imtahanı

Bildiyiniz kimi, ötən il ədliyyə işçiləri üçün xüsusilə əlamətdar olmuş - ədliyyə fəaliyyətini tənzimləyən mühüm tarixi əhəmiyyətli normativ-hüquqi aktlar qəbul edilmişdir. Ədliyyə sisteminin inkişafını və bütövlükdə hüquq islahatlarını daim diqqət mərkəzində saxlayan dövlət başçısı cənab İlham Əliyev 2006-cı il aprelin 18-də Ədliyyə Nazirliyinin normativ-hüquqi bazasını təkmilləşdirmək məqsədi ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"ni təsdiq etmiş, sonra, cəmi bir neçə ay ərzində ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmiş və "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərman imzalanmışdır.

"Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunlara və "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərmana uyğun olaraq dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün çox ciddi hazırlıq işləri görülmüş, müvafiq qaydalar təsdiq edilmiş, Müsabiqə Komissiyası yaradılmışdır. Müsabiqənin keçirilməsi barədə mətbuat, televiziya və nazirliyin internet saytı vasitəsilə, eləcə də işə qəbul barədə ümumi qaydada müraciət edənlərə izahat və müvafiq məlumatlar verilmişdir.

Ədliyyə sistemində işləmək arzusunda olanların sənədləri ötən ilin may ayından avqust ayının sonunadək qəbul edilmiş, həmin şəxslərin ədliyyə orqanlarında işləməsinin mümkün olub-olmaması qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılmışdır. Dekabrın 9-da isə Azərbaycan ədliyyəsinin tarixində ilk dəfə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə Bakı Dövlət Universitetində ədliyyə orqanlarında işləmək istəyən ali hüquq təhsilli vətəndaşlar üçün test imtahanı keçirilmişdir. İmtahanda dövlət, özəl və xarici ali təhsil müəssisələrini bitirmiş 258 nəfər hüquqşünas iştirak etmişdir.

İmtahan hamı üçün eyni şəraitdə keçirilmiş, cavablar namizədlərin və müşahidəçilərin gözü qarşısında yerindəcə yoxlanılaraq, nəticələr dərhal elan olunmuşdur. Test imtahanının yekunlarına görə 129 nəfər uğur qazanmışdır ki, bu da iştirak edənlərin 50 faizini təşkil etmişdir.

Test imtahanının böyük mütəşəkkilliklə, tam şəffaf və obyektiv keçirilməsi üçün əvvəlcədən bütün zəruri təşkilati tədbirlər, geniş hazırlıq işləri görülmüş, namizədlərə imtahanda biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılmış, ən xırda detallar belə nəzərə alınmışdı. Tədbirdə iştirak edən 40-a yaxın müşahidəçi və kütləvi informasiya vasitələrinin nümayəndələri də bunu təsdiq etmişlər.

Yeri gəlmişkən, imtahanın belə yüksək səviyyədə keçirilməsinin təmin olunmasına görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Bakı Dövlət Universitetinin, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə bir daha minnətdarlığımı bildirirəm.

Test imtahanının nəticələri

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin ikinci mərhələsində Müsabiqə Komissiyası tərəfindən söhbətin düzgün təşkili üçün, namizədlərlə ünsiyyət yaradılması, onların bilik və bacarığını, ümumi dünyagörüşünü müəyyən etmək kimi vacib məqamlara tam diqqət yetirilməsi məqsədilə Komissiya tərəfindən müvafiq təcrübə öyrənilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə fikir mübadiləsi aparılmışdır. Müsabiqənin keçirilməsinə dair qaydalara əsasən namizədlərlə söhbət fərdi qaydada aparılmış, bu zaman, həmçinin, namizədin özünütəqdimetmə, xarici dil bilməsi, ünsiyyət qurmaq, iradə kimi keyfiyyətləri də qiymətləndirilmişdir.

Söhbətin nəticələrinə əsasən test imtahanından uğurla keçmiş 129 namizəddən 67 nəfəri müvəffəqiyyət qazanaraq, ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün tövsiyə edilmişdir. Onların böyük bir qrupu barədə bu günlərdə müvafiq vakant vəzifələrə təyinatlar aparılmışdır. Təyinat alanların əksəriyyəti regionlarda yerləşdirilmişdir. Bu münasibətlə iyulun 25-də nazirlikdə təşkil olunmuş mərasimdə gənc mütəxəssislər Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə ədliyyə orqanlarında şərəflə qulluq edəcəkləri barədə and içmiş, nazirliyin rəhbərliyi onlara xidməti vəsiqələr təqdim etmişdir.

Ədliyyə orqanlarına qulluğa qəbul olunmaları münasibətilə stajorları ədliyyə naziri Fikrət Məmmədov təbrik edərək, ədliyyə orqanlarında gənclərlə işin daim diqqət mərkəzində saxlanıldığını, onlara xüsusi qayğı ilə yanaşıldığını, layiqli ədliyyə işçisi kimi formalaşmalarına, onların bilik və bacarıqlarından səmərəli istifadə olunmasına əlverişli şərait yaradıldığını vurğulamış, həmçinin, dövlətimizə sədaqətlə xidmət göstərmələri ilə bağlı onlara tövsiyələrini vermişdir.

Təntənəli mərasimdən sonra ədliyyə orqanlarına yeni təyin olunmuş işçilər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, Ədliyyə Nazirliyində Heydər Əliyev muzeyi və ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar. Bakı Dövlət Universiteti rəhbərliyinin və ədliyyə veteranlarının da iştirak etdiyi tədbir kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Gənc əməkdaşlarımızın ədliyyə orqanlarında qulluq keçməsinin qanunvericiliyə müvafiq təşkilini təmin etmək məqsədilə, onların xidməti vəzifələrini mənimsəməsi və zəruri peşə vərdişlərinə yiyələnməsi üçün "İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən şəxslərin stajorluq və sınaq keçmə qaydaları" da qəbul edilmişdir.

Bildirmək istərdim ki, Ədliyyə Nazirliyində kadrlarla aparılan işin mühüm tərkib hissəsi kimi, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılmasında, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsində beş ildə bir dəfə keçirilən attestasiyaların rolu artırılmışdır.

Bununla yanaşı, "Dövlət qulluğu haqqında" qanuna edilmiş əlavələrə müvafiq olaraq, dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda onun bilavsitə rəhbəri tərəfindən qiymətləndiriləcəkdir. Burada məqsəd onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələbləri yerinə yetirməsini qiymətləndirməkdən və gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti qiymətləndirmənin nəticələri işçinin attestasiyası zamanı nəzərə alınır. Hazırda bununla bağlı müvafiq qaydalar hazırlanır.

Müsabiqənin 2-ci mərhələsi -
namizədlərlə söhbət zamanı

Həmçinin, kadrlarla işin daha da yaxşılaşdırılması, ədliyyə işçiləri barəsində vahid informasiya sisteminin qurulması məqsədilə işçilərin reyestrinin formalaşdırılmasına başlanılmış, reyestrin idarə olunması, məlumatların avtomatlaşdırılmış qaydada toplanması, dəyişdirilməsi, saxlanılması, mühafizəsi, həmçinin sorğu əsasında əldə edilməsini təmin edən xüsusi proqram yaradılmaqla, onun tətbiqi və reyestrin şəbəkə sisteminin qurulması məsələləri nəzərdən keçirilir.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə bu günlərdə ölkə Prezidenti tərəfindən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" çox mühüm sərəncam imzalanmışdır.

Milli Strategiya üzrə tədbirlər sistemində dövlət orqanlarının fəaliyyəti ilə bağlı praktiki baxımdan çox əhəmiyyətli və vacib istiqamətlər nəzərdə tutulmuşdur. Belə ki, Milli Strategiya dövlət qulluğunun təkmilləşdirilməsini, qulluğa qəbul, vəzifədə irəliləmə, vəzifədən azad etmə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğunda rotasiya sisteminin tətbiqi ilə bağlı daha şəffaf prosedurların təmin edilməsini tələb edir. Fəaliyyət Planına görə dövlət qulluğuna qəbul qaydaları və institusional mexanizmlər təkmilləşdirilməli, qulluğa qəbulun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi təmin edilməlidir.

- Müsabiqənin yekunları barədə nə deyə bilərsiniz?

- Müsabiqənin nəticələri göstərdi ki, müraciət edən hüquqşünasların hazırlıq səviyyəsi, əfsuslar olsun, arzu olunan qədər yüksək deyil. 258 namizəddən cəmi 67 nəfərin hər iki mərhələdən uğurla keçməsi bunu təsdiq edir. 67 nəfərdən 46-sı Bakı Dövlət Universitetinin, 4-ü Dövlət İdarəçilik Akademiyasının, 4-ü Naxçıvan Dövlət Universitetinin (cəmi 54 nəfər və ya 81 faiz) məzunlarıdır. Bu isə özəl ali məktəblərin hüquq fakültələrində tədrisin keyfiyyətinin ciddi şəkildə yaxşılaşdırılması zəruriliyini bir daha göstərir. Qulluğa qəbul olunmaq üçün


Gənc mütəxəssislərlə çəkilmiş
xatirə şəkli

tövsiyə edilənlərin 27 nəfəri hüquq-mühafizə və digər dövlət orqanlarında yardımçı vəzifələrdə çalışanlar, həmçinin, özəl təşkilatlarda işləyənlərdir. 40 nəfəri isə ilk dəfə əmək fəaliyyətinə ədliyyə orqanlarında başlayacaqdır. Uğur qazananların böyük əksəriyyətinin ölkəmizin regionlarını təmsil etməsi, onların arasında qaçqın və məcburi köçkün ailə üzvlərinin olması da diqqəti çəkən məqamlardandır.

Test imtahanının və söhbətin nəticələri ilə bağlı heç bir şikayətin və narazılığın olmaması, eləcə də nümayəndələri müşahidəçi qismində imtahanda iştirak etmiş qeyri-hökumət təşkilatlarından daxil olmuş müsbət rəylər, nəticələrlə bağlı çoxsaylı minnətdarlıq məktubları müsabiqənin qanun çərçivəsində şəffaf üsullarla və obyektiv keçirilməsinə dəlalət edir.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş imtahanın hər iki mərhələsinə dair məsələlər, həmçinin, müsabiqənin nəticələri nazirliyin kollegiyasının iclaslarında müzakirə olunmuş, bu mühüm tədbirin Müsabiqə Komissiyası tərəfindən yüksək səviyyədə təşkili qeyd edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, ölkədə gənclərin mənəvi və fiziki cəhətdən sağlam, milli mənafelərə sədaqətlə xidmət edəcək kamil insan kimi formalaşmaları istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Məlumdur ki, bu il fevralın 9-da ölkə Prezidentinin təşəbbüsü ilə 2007-ci il "Gənclər ili" elan olunmuşdur. Bununla gənclərə dövlətimiz tərəfindən hansı inam və yüksək etimadın göstərildiyi bir daha nümayiş etdirilmişdir. Sevindirici haldır ki, müsabiqə əsasında ədliyyə orqanlarına qulluğa qəbul edilənlərin əksəriyyəti məhz gənclərdir və bütövlükdə, bildirmək istərdim ki, bu gün ədliyyə işçilərinin üçdə birini gənclər təşkil edir.

Əminəm ki, peşəkar ədliyyə işçisi kimi formalaşmalarına xüsusi önəm verilən bu gənc mütəxəssislər dövlətimizə şərəflə xidmət etməklə onlara göstərilən etimadı layiqincə doğruldacaqlar.

Azərbaycan qəzeti

Keçidlər