X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2004-cü il üzrə illik məruzə



Hörmətli cənab sədr!

Hörmətli millət vəkilləri!

Demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan müstəqil Azərbaycan Respublikasının nail olduğu ən mühüm demokratik dəyərlərdən biri ölkəmizdə yerli özünüidarəetmə institutunun-bələdiyyələrin yaradılmasıdır. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq inzibati nəzarətin həyata keçirilməsinə dair illik məruzəni icazənizlə diqqətinizə təqdim edərdim.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi ölkəmizdə geniş miqyaslı demokratik islahatların əsasını qoymuşdur.

Konstitusiyada respublikamız üçün yeni olan yerli özünüidarə institutu ilə bağlı müddəaların nəzərdə tutulması xüsusi əhəmiyyət kəsb etmiş, bu sahədə müvafiq münasibətləri tənzimləyən mühüm normativ sənədlərin hazırlanmasına xüsusi təkan vermişdir.

Qısa müddət ərzində bələdiyyə institutu ilə bağlı bir sıra normativ hüquqi aktlar, o cümlədən Bələdiyyələrin statusu haqqında, Bələdiyyələrə seçkilərin qaydaları haqqında, Bələdiyyə üzvünün statusu haqqında, Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında, Bələdiyyə qulluğu haqqında, Bələdiyyə mülkiyyətinə əmlakın verlməsi haqqında, Bələdiyyələrin əraziləri və torpaqları haqqında, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında və digər mühüm qanunların layihələri hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuşdur.

Qeyd olunan və digər tədbirlər 1999-cu ildə demokratik seçkilərin keçirilməsinə və ölkəmizin tarixində ilk dəfə olaraq yeni bələdiyyə institutunun formalaşdırılmasına şərait yaratmış, təşkil olunmuş 2667 bələdiyyəyə 21 min nəfər bələdiyyə üzvü seçilmiş, bu orqanlarda 25 min nəfər müxtəlif peşə sahibləri işləməyə başlamışlar.

Azərbaycan Respublikasında yerli özünüidarə orqanları olan bələdiyyələrə xüsusi əhəmiyyət verilərək bu sahədə zəngin normativ hüquqi bazanın yaradılması işi davam etdirilmiş, o cümlədən bir sıra qanunlar, ölkə Prezidentinin Fərmanları və Nazirlər Kabinetinin Qərarları qəbul edilmişdir.

Ümumiyyətlə, bilavasitə bələdiyyələrin fəaliyyətini tənzimləyən 20-dən çox Qanun qəbul olunmuş, Azərbaycan Respublikasının Mülki, Torpaq, Su, Vergilər, İnzibati Xətalar və s. məcəllələrinə bələdiyyələrlə bağlı müddəalar daxil edilmiş, bu sahədə müxtəlif məsələlər digər çoxsaylı qanun və başqa normativ sənədlərdə nəzərdə tutulmuşdur.

Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulmuş, ölkəmiz Avropa demokratik dəyərlərinə sadiqliyini nümayiş etdirərək Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş 25 dekabr 2001-ci il tarixli Qanunla Yerli özünüidarə haqqında Avropa Xartiyasına qoşulmuşdur.

Yerli özünüidarəetmə orqanlarının üzvləri və həmin orqanların aparatlarının işçiləri tərəfindən bələdiyyələr haqqında qanunvericiliyin öyrənilməsi, onların fəaliyyətinin müasir tələblərə, hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə və bələdiyyələrin işinə digər kömək göstərilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 08.02.2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi yaradılmışdır.

Ölkə başçısının 12.07.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Mərkəzin Əsasnaməsində bu qurum qarşısında yeni seçilmiş bələdiyyələrə işin təşkilində köməkliyin və metodoloji yardımın göstərilməsi, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının tədrisinin təşkili, hüquqi maarifləndirmə işinin aparılması və digər vəzifələr qoyulmuşdur.

Bu vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə metodoloji yardım göstərilmiş, yerli özünüidarə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərə baxılmış, bələdiyyələr üçün tədris tədbirləri təşkil olunmuş, yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsində iştirak edilmişdir.

Eyni zamanda müvafiq normativ hüquqi aktlara riayət edilməsinin təmin olunması və bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının qarşısının alınması məqsədilə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət institutunun formalaşdırılması gündəlikdə duran vacib məsələlərdən biri olmuşdur. Bu məsələnin əhəmiyyəti həmçinin Yerli özünüidarə haqqında Avropa Xartiyasında, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin bu sahədə apardığı monitorinqin nəticələri üzrə Azərbaycan Respublikasında yerli özünüidarənin mövcud vəziyyətinə dair verilmiş tövsiyələrində xüsusi qeyd olunmuşdur.

Ümumiyyətlə, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi yerli və regional özünüidarənin mövcud vəziyyətini öyrənmək üçün 2002-ci ilin avqust və 2003-cü ilin mart aylarında ölkəmizdə monitorinq səfərləri təşkil etmişdir. Bunların nəticəsi olaraq 2003-cü ilin may ayının 20-22-də Konqres Strasburqda keçirilmiş 10-cu sessiyasında Azərbaycanda yerli və regional demokratiyaya dair tövsiyələr qəbul etmişdir.

Tövsiyələrdə Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti təhlil olunaraq bu sahədə irad və təkliflər bildirilmiş, milli qanunvericiliyin bəzi müddəalarının Yerli özünüidarə haqqında Avropa Xartiyasına uyğunlaşdırılması baxımından bir sıra məsələlər nəzərdə tutulmuşdur.

Həmin tövsiyələrin həyata keçirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması məqsədilə 3-4 iyul 2003-cü il tarixlərdə Strasburqda İşçi Qrupun iclası keçirilmişdir.

İclasda Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Ədliyyə Nazirliyinin nümayəndələri, Avropa Şurası tərəfindən isə Yerli və Regional Demokratiyanın Əməkdaşlığı üzrə Direktorluğun direktoru Filipp Bleyr, Demokratik Stabillik Proqramının rəhbəri Roberto Fasino, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Katibliyinin rəhbəri Rikardo Priori, Yerli və Regional Demokratiyanın Əməkdaşlığı üzrə Direktorluğun əməkdaşı və Avropa Şurasının eksperti iştirak etmişlər.

Müzakirələrin nəticəsi olaraq iclasın sonunda Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda yerli və regional demokratiyaya dair tövsiyyələrinin həyata keçirilməsi ilə bağlı fəaliyyət planı qəbul olunmuşdur.

Həmçinin tövsiyələrin icrası məsələləri Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 2003-cü ilin noyabrında Azərbaycan Respublikası ədliyyə nazirinin iştirakı ilə keçirilmiş Payız Sessiyasında ölkəmizin hesabatı dinlənilərkən geniş müzakirə olunmuşdur.

Tədbirdə hesabatla çıxış edən Ədliyyə Naziri ölkəmizdə bu sahədə həyata keçirilmiş tədbirlərin mahiyyətini və məqsədlərini açıqlamış, bu beynəlxalq təşkilatın standartlarına uyğun zəngin milli qanunvericilik bazasının yaradılmasının əhəmiyyətini vurğulamışdır.

Konqres üzvləri Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı görülən işləri müsbət qiymətləndirmişlər.

Sessiyadan sonra Ədliyyə Nazirliyinin Kollegiyasında səfərin yekunları, habelə 2003-cü ilin may ayının 20-22-də Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilmiş 10-cu sessiyasında Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti ilə bağlı qəbul edilmiş tövsiyələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, müvafiq tədbirlər müəyyən edilmişdir.

Tövsiyələrin həyata keçirilməsi, habelə milli qanunvericiliyin təkmilləşdirilməsi və Yerli özünüidarə haqqında Avropa Xartiyasına daha da uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən müvafiq qanun layihəsi hazırlanmış və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş Qanuna əsasən Bələdiyyələrin statusu haqqında, Hesablama Palatası haqqında, Bələdiyyə qulluğu haqqında, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunlara, 1999-cu il 15 oktyabr tarixli qanunla ilə təsdiq edilmiş Bələdiyyənin nümunəvi Nizamnaməsinə və Seçki Məcəlləsinə zəruri dəyişikliklər edilmişdir.

Həmçinin, Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq təcrübəyə, o cümlədən Yerli özünüidarə haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanun layihəsi hazırlanmış, həmin layihə Avropa Şurasında, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətində ekspertizadan keçirilmiş və Milli Məclisin Regional Məsələlər Daimi Komissiyasında müzakirə olunmuşdur. Müvafiq rəylər əsasında layihənin yeni təkmilləşdirilmiş variantı 13 may 2003-cü ildə Milli Məclis tərəfindən qəbul edilmişdir.

Həmin Qanuna əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, ölkə başçısının fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Qanuna uyğun olaraq yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət aşağıdakı iki əsas üzrə həyata keçirilir:

  1. inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməsi mütləq olan bələdiyyə aktlarının qanunvericiliyə zidd olması barədə kifayət qədər əsas olduqda;
  2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxslərin, yaxud dövlət orqanlarının müraciəti inzibati nəzarəti həyata keçirən orqana daxil olduqda.

İnzibati nəzarəti həyata keçirən orqan apardığı araşdırma nəticəsində bələdiyyə aktının və yaxud bələdiyyənin fəaliyyətinin qanunvericiliyə zidd olduğunu müəyyən edərsə o, ilk növbədə müvafiq bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi, yaxud müvafiq fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti müvafiq bələdiyyə tərəfindən təmin edilmədikdə o, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə iddia ilə müraciət etmək hüququna malikdir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan kimi müəyyən edilmiş və bununla nazirliyin üzərinə yeni mühüm vəzifələr qoyulmuşdur.

Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil olunması üçün bir sıra təşkilati və digər tədbirlər həyata keçirilmişdir.

Belə ki, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun və ölkə başçısının qeyd olunan Fərmanından irəli gələn vəzifələr Ədliyyə Nazirliyinin Kollegiya iclaslarında müzakirə edilmiş, onların icrasının həyata keçirilməsi üzrə kompleks tədbirlər müəyyənləşdirilmişdir.

Qeyd olunan Qanunun tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi zərurəti öyrənilmiş, müvafiq normativ hüquqi sənədlərin layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlara əlavələr edilməsi barədə 09.04.2004-cü il tarixli Qanunla bir sıra normativ hüquqi aktlara inzibati nəzarətlə bağlı dəyişikliklər edilmişdir.

Həmçinin Nazirlər Kabinetinin 13.03.2004-cü il tarixli Sərəncamı ilə Mərkəzə ayrılmış 20 əlavə ştat vahidlərinin maliyyələşdirilməsi ilə əlaqədar Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bundan başqa bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin düzgün və mütəşəkkil həyata keçirilməsi və bu sahədə nazirliyin vəzifələrinin icrası qaydalarının müəyyən edilməsi məqsədilə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat layihəsi hazırlanmış, bu sənəd nazirliyin Kollegiya iclasında ətraflı müzakirə edilərək verilmiş təkliflər əsasında təkmilləşdirilmiş və Ədliyyə Nazirliyi üzrə 12.04.2004-cü il tarixli əmrlə təsdiq edilmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı vəzifələrin icrası qaydalarını müəyyən edən bu təlimata əsasən bələdiyyələrin müvafiq komissiyaları, seçicilər və mütəxəssislər inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. Eyni zamanda Təlimatla bələdiyyələrin normativ aktlarına inzibati nəzarətin qanunvericiliklə nəzərdə tutulmuş qaydada, həmin aktların dövlət qeydiyyatına və dövlət uçotuna alınması formasında həyata keçirilməsi müəyyən edilmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi məqsədilə görülən təşkilati tədbirlər çərçivəsində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Hesabat blankı hazırlanmış, habelə inzibati nəzarətin həyata keçirilməsi üçün lazımi məlumatların toplanması məqsədilə xüsusi blanklar hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.

17 dekabr 2004-cü ildə bələdiyyələrin inkişafının yeni mərhələsinə başlanaraq növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş əlavələrə uyğun olaraq bu seçkilərin nəticəsində 2.731 bələdiyyə formalaşaraq, 20.356 bələdiyyə üzvü seçilmişdir.

Ədliyyə Nazirliyi bu çoxsaylı bələdiyyələr tərəfindən qəbul edilən bütün normativ aktları, o cümlədən maliyyə vəsaitlərinin istifadəsi, mülkiyyət hüququnun həyata keçirilməsi, vergi və ödənişlərin tətbiqi barədə və digər aktları öyrənməli, qanunvericiliyin tələblərinə zidd olduqları halda onların dəyişdirilməsi və ya ləğv edilməsi məsələsini irəli sürməli, onların fəaliyyəti ilə bağlı müraciətlərə baxmalı, digər tədbirləri həyata keçirməlidir.

Lakin ölkəmizdəki 2.700-dən çox bələdiyyə tərəfindən hər ay inzibati nəzarətin predmeti ola bilən bir neçə qərarın qəbul edilməsi, habelə nazirliyin Bələdiyyələrlə iş mərkəzinin mövcud ştat sayının məhdud olması inzibati nəzarət fəaliyyətinin səmərəli həyata keçirilməsində müəyyən çətinliklər yaradır, mərkəzin yerli bölmələrinin yaradılmasını və ona əlavə ştat vahidlərinin ayrılmasını labüd edir. Eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutunun ölkəmiz üçün yeni olması, bu sahədə kifayət qədər ixtisaslaşmış mütəxəssislərin olmaması Bələdiyyələrlə iş mərkəzinin təcrübəli və peşəkar kadrlarla komplektləşdirilməsi işində müəyyən çətinliklər yaradır. Bununla əlaqədar əməkdaşların tədrisi üzrə müvafiq tədbirlər görülür.

Qeyd etmək lazımdır ki, Avropa Şurasının ekspertləri bu sahədə fəaliyyət üçün Mərkəzin ştat sayının ən azı 100 vahid olması və çoxsaylı yerli qurumları olan inzibati nəzarət sisteminin yaradılması qənaətinə gəlmişlər.

Bununla bağlı inzibati nəzarətin təsirli həyata keçirilməsinin təşkili üçün Nazirlik tərəfindən Bələdiyyələrlə iş mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun yenidən qurulması ilə bağlı müvafiq təkliflər verilmişdir.

Ədliyyə Nazirliyinin təklifləri nəzərə alınaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 29 dekabr 2004-cü il tarixli Fərman imzalanmış, Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi Bələdiyyələrlə iş mərkəzi adlandırılmış, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı yerli qurumların təşkili nəzərdə tutulmuş, mərkəzin əsasnaməsinə bir sıra dəyişiklik və əlavələr edilmiş, inzibati nəzarətin səmərəli həyata keçirilməsinə şərait yaradılması üçün digər tədbirlər müəyyən olunmuşdur.

Cari ilin yanvar ayının 6-dan qüvvəyə minmiş həmin Fərmanın və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili ilə bağlı digər qanunvericilik aktlarının icrası üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bununla belə ötən dövrdə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı bələdiyyələrin işinin müxtəlif istiqamətlərini əks etdirən 2.379 bələdiyyə aktına baxılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olmadığından onların 445-nin dəyişdirilməsi və ya ləğvi barədə həmin aktları qəbul etmiş bələdiyyələrə müraciət olunmuş, digər aktlar isə müvafiq normativ hüquqi sənədlərə uyğun hesab edilmişdir. Bələdiyyələr tərəfindən artıq həmin aktlardan 200-ə qədəri ləğv edilmiş və ya dəyişdirilmişdir. Digər aktlar üzrə müvafiq qərarlar qəbul olunması üçün tədbirlər görülür.

Hesabat dövründə Bələdiyyələrlə iş mərkəzinin icraatına özündə inzibati nəzarət icraatına başlamaq tələbini əks etdirən 600-dən çox müraciət daxil olmuşdur. Bunların bir qisminə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılaraq cavab verilmiş, daha ciddi qanun pozuntuları müəyyən edilmiş müraciətlər üzrə bilavasitə yerlərdə müvafiq araşdırmalar aparılmışdır. Aparılmış araşdırmalar nəticəsində 194 bələdiyyə aktı ləğv etdirilmiş, 4 akt isə dəyişdirilmişdir.

Bununla yanaşı bir sıra bələdiyyələrdə aparılmış araşdırmalar nəticəsində aşkar edilmiş qanun pozuntuları və cinayət xarakterli faktlar ilə bağlı toplanmış materiallar aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilmişdir. Həmin orqanlar tərəfindən bu faktlar üzrə 5 cinayət işi başlanılmış və qeyd olunan pozuntuların törədilməsində təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər.

Aparılmış araşdırmalardan bəzilərini qeyd etmək istərdik:

  • Sabunçu rayonu Balaxanı bələdiyyəsinin fəaliyyəti araşdırılarkən bir sıra qanun pozuntuları və nöqsanlar aşkar edilərək, onların aradan qaldırılması məqsədilə Balaxanı bələdiyyəsinə Mərkəz tərəfindən müraciət olunmuşdur. Mərkəzin müraciəti əsasında bələdiyyənin 3 qərarı ləğv olunmuş, müxtəlif sahələr üzrə fəaliyyətin qanunvericiliyə uyğunlaşdırılması üçün müvafiq bələdiyyə qərarları verilmişdir. Bələdiyyədə aparılmış audit yoxlamasının nəticəsində aşkar edilmiş 8.000.000 manat çatışmazlıq aidiyyəti şəxslər tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir.
  • Daxil olmuş müraciətlər əsasında Saatlı rayonu Mircəlal bələdiyyəsini fəaliyyəti inzibati nəzarət qaydasında araşdırılmış və aşkar edilmiş pozuntuların aradan qaldırılması üzrə Mərkəzin müraciəti əsasında bələdiyyənin 22 qərarı bütövlüklə və ya hissəvi ləğv edilmiş, bələdiyyənin baş mühasibi tutduğu vəzifədən azad olunmuşdur. Bununla yanaşı bələdiyyədə keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş 14.900.000 manat çatışmazlıq bələdiyyə üzvləri tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir.
  • daxil olmuş müraciətlər əsasında Saatlı rayonu Saatlı bələdiyyəsinin fəaliyyəti inzibati nəzarət qaydasında araşdırılmış, mərkəzin müraciəti əsasında bələdiyyənin 54 qərarı bütövlüklə və ya hissəvi ləğv edilmiş, aşkar edilmiş maddi çatışmazlıq bələdiyyə büdcəsinə ödənilmişdir.
  • Bir qrup kənd sakininin müraciəti əsasında Füzuli rayonu Böyük Bəhmənli bələdiyyəsinin fəaliyyəti araşdırılmış və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə bələdiyyəyə Mərkəz tərəfindən müraciət olunmuş və həmin müraciət əsasında bələdiyyənin müxtəlif sahələr üzrə fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması, habelə 3 qərarının ləğvinə dair bələdiyyə qərarı qəbul olunmuşdur. Bununla yanaşı, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı toplanmış materiallar müvafiq tədbirlər görülməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzrə görülmüş işlərin təhlilinin ilkin nəticələrinə görə digər bələdiyyələrin fəaliyyətində də eyni xarakterli qanun pozuntularına yol verilməsi müəyyən edilmişdir. Həmin pozuntulardan:

  • bələdiyyə iclasının müvafiq qərarı olmadan iclasın səlahiyyətinə aid məsələlər barədə sədr tərəfindən təkbaşına qərar verilməsi (o cümlədən maliyyə vəsaitinin xərclənməsi barədə):
  • bələdiyyə iclasının səlahiyyətlərinə aid olmayan məsələlər barədə bələdiyyə iclası tərəfindən qərarların verilməsi;
  • bələdiyyənin maliyyə vəsaitinin israfı;
  • bələdiyyə torpaqlarının idarə edilməsində çatışmazlıqlar;
  • bələdiyyə tərəfindən verilmiş qərarların bələdiyyənin özü tərəfindən icra edilməməsi;
  • bələdiyyə iclaslarının vaxtaşırı keçirilməməsi və protokollaşdırılmaması;
  • vətəndaşların bələdiyyənin fəaliyyəti barədə məlumatlandırılmaması;
  • bələdiyyənin və bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatlar verməməsini qeyd etmək olar.

Bununla yanaşı bələdiyyələrin daimi və başqa komissiyaların təşkili və fəaliyyəti, bələdiyyə qulluğunun təşkili və s. sahələrdə də xarakterik qanun pozuntuları olmuşdur.

Eyni zamanda bir sıra şəhər və rayon bələdiyyələrindən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktları inzibati nəzarət qaydasında baxılması üçün təqdim olunmamışdır. Hazırda bu problemin aradan qaldırılması üzrə Mərkəz tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qeyd olunan və bələdiyyələrin fəaliyyətində yol verilən digər pozuntuların gələcəkdə qarşısının alınması və bu sahədə profilaktik işin gücləndirilməsi məqsədilə bələdiyyələrə metodoloji köməkliyin göstərilməsi məsələsinə xüsusi diqqət yetirilmiş, geniş maarifləndirmə işi aparılmış, bir sıra digər işlər görülmüşdür.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunun tələblərinin bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, habelə mərkəzin əməkdaşları və digər aidiyyəti ədliyyə işçiləri tərəfindən dərindən öyrənilməsi üçün ölkənin demək olar ki bütün regionlarını əhatə edən 20-dək zona seminarı keçirilmiş, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün nazirliyin Hüquq Tədris Mərkəzində mütəmadi təşkil olunan tədris kurslarının proqramlarına inzibati nəzarətlə bağlı mövzular daxil edilmişdir.

Ümumiyyətlə Mərkəz Ədliyyə Nazirliyi yanında Hüquq-tədris mərkəzi ilə birgə hər biri 2 həftə olmaqla bütövlükdə 35 tədris kursu təşkil etmiş, həmin kurslara 808 bələdiyyə üzvünü və qulluqçusunu dinləyici qismində cəlb etmişdir.

Bununla yanaşı bələdiyyələr tərəfindən müvafiq aktların onların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun tələblərinin icrasının təşkili üçün zəruri tədbirlər görülmüşdür. Bu sahədə mərkəzin müvafiq fəaliyyətinin təmin olunması üçün qanunun tələblərinin izahı ilə bağlı metodiki məktublar və Sorğu blankları bütün yerli özünüidarə orqanlarına göndərilmişdir. Həmçinin inzibati nəzarət institutunun yeniliyi nəzərə alınaraq Bələdiyyələrlə iş mərkəzi tərəfindən xüsusi metodiki vəsaitlər tərtib edilmiş, müvafiq qanunvericilik aktlarından çıxarışlar hazırlanaraq metodiki köməklik məqsədilə bələdiyyələrə göndərilmişdir.

Eyni zamanda bu sahədə hüquqi maarifləndirilmə işi gücləndirilmiş, kütləvi informasiya vasitələrində, o cümlədən nazirliyin mətbu nəşrlərində və internet səhifələrində, habelə Azərbaycan dövlət televiziyasının Bələdiyyələr, Azərbaycan dövlət radiosunun Bələdiyyə həyatı verilişlərində, Bələdiyyə həyatı qəzetində və digər nəşrlərdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı məsələlər geniş işıqlandırılmışdır.

Ümumiyyətlə, ötən dövrdə bələdiyyələrin fəaliyyəti, o cümlədən inzibati nəzarət məsələsinə dair yeni qanunvericiliyin izahı ilə bağlı ədliyyə işçiləri tərəfindən kütləvi informasiya vasitələrində, radio və televiziyada 140-dan çox çıxış edilmiş, Qanunçuluq jurnalında bələdiyyələrlə iş sahəsində yeni normativ hüquqi aktlar, həmçinin Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun və bu sahədə digər aidiyyəti sənədlər, onların müddəalarının tətbiqi ilə bağlı müxtəlif materiallar, bu istiqamətdə Ədliyyə Nazirliyində keçirilən tədbirlər barədə çoxsaylı məlumatlar dərc edilmiş, habelə 2003-cü ildən Bələdiyyələrlə iş mərkəzinin müstəqil nəşri kimi fəaliyyət göstərən Yerli özünüidarə orqanlarının normativ aktlarının Bülleteninin dərcinə başlanılmışdır.

Bələdiyyələrə metodoloji yardımın göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin təşkili ilə bağlı görülən işlər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmişdir.

Belə ki, bələdiyyələr tərəfindən bu sahədə yeni qanunvericiliyin öyrənilməsi və onlara metodiki köməkliyin yaxşılaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurası, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, GTZ (Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti), ABŞ-ın CRS təşkilatı və sair beynəlxalq qurumlarla, habelə İnsan hüquqları üzrə müvəkkillə, müvafiq dövlət orqanlarının və ictimai birliklərin nümayəndələri ilə birgə Bələdiyyələrin fəaliyyəti üzərində inzibati nəzarət haqqında, Azərbaycan Respublikasında səmərəli yerli özünüidarənin təşviqinə dair, İnsan hüquqlarının təmin edilməsində bələdiyyələrin rolu, Azərbaycan Respublikası reqionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı və bələdiyyələrin qarşıdakı vəzifələri və s. mövzularda zona seminarları və digər tədris tədbirləri keçirilmişdir.

2004-cü ilin iyul ayında Bakı şəhərində Avropa Şurasının, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili ilə bağlı ekspert görüşü keçirilmiş və faydalı fikir mübadiləsi aparılmışdır.

Həmçinin 17 dekabr 2004-cü ildə bələdiyyə seçkilərinin yeni qəbul edilmiş Seçki Məcəlləsi tətbiq edilməklə keçirilməsi nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən müvafiq maarifləndirmə işinin aparılmasına, yeni qanunvericiliyin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə bir sıra tədbirlər görülmüş, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq regionlarda bələdiyyə üzvləri və qulluqçularının, dairə seçki komissiyasının üzvlərinin, yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə seminarlar keçirilmişdir.

Həmin tədbirlərdə Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun seçkilərin təşkili və keçirilməsi üçün bələdiyyə üzvləri və qulluqçularının üzərinə düşən konkret vəzifələr, o cümlədən seçki komissiyalarının yerinin, ünvanının təşkili və fəaliyyəti üçün əməli köməkliyin göstərilməsi, seçici siyahılarının müəyyənləşməsi, namizədliyi irəli sürülmüş şəxslərin qeydə alınmaq üçün müvafiq sənədlərin hazırlanması və digər seçki hərəkətləri barədə iştirakçılar məlumatlandırılmışdır.

Ölkənin bir çox regionlarını əhatə edən həmin seminarlar haqqında məlumatlar kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada geniş işıqlandırılmışdır.

Bununla yanaşı Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları CRS beynəlxalq təşkilatı tərəfindən (ABŞ) Bələdiyyə seçkiləri sizin üçün nə deməkdir mövzusuna həsr olunmuş regional tədbirlərdə (Naxçıvan MR-da, Ağsu, Saatlı, Cəlilabad, Lənkəran, Tovuz, Zaqatala, Quba, Xaçmaz) iştirak etmiş və çoxsaylı suallara aydınlıq gətirmişlər.

Eyni zamanda Mərkəz tərəfindən bələdiyyələrə 5 illik fəaliyyətlərinə dair seçicilərə hesabatların hazırlanması üçün metodiki tövsiyələr verilmiş, bir sıra bələdiyyələr əməkdaşlarımızın iştirakı ilə seçiciləri qarşısında hesabat vermişlər.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı milli qanunvericiliyimizin bəzi müddəalarınnı təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması ehtiyacının olması qənaəti yaranmışdır.

Bununla əlaqədar yerli özünüidarənin əsas prinsiplərini əks etdirən və bu sahədə mühüm əhəmiyyət kəsb edən Bələdiyyələrin statusu haqqında və Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Qanunlara aşağıdakı dəyişikliklər təklif olunur.

Bələdiyyələrin statusu haqqında Qanunun 3-cü maddəsində vətəndaşlarının yerli özünüidarəni həyata keçirmək hüququ təsbit olunsa da, bu müddəa bir qədər konkret olmamaqla yanaşı vətəndaşların müvafiq hüquqları üzrə işlək qanunvericilik mexanizmlərini müəyyənləşdirmir. Bununla bağlı qanunvericilikdə qeyd olunan məsələnin daha dəqiq tənzimlənməsi məqsədəuyğundur.

Həmin Qanunun 41-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət orqanları bələdiyyələrə verilmiş səlahiyyətlərin normal yerinə yetirilməsinə kifayət edən yerli büdcələrin zəruri xərclərinin ödənilməsi üçün gəlir mənbələrini təsbit etmək yolu ilə bələdiyyələrin büdcələrini formalaşdırırlar. Azərbaycan Respublikasında yerli büdcələr dövlət orqanları tərəfindən deyil Yerli özünüidarə haqqında Avropa Xartiyasında təsbit olunmuş maliyyə muxtariyyəti prinsiplərinə uyğun olaraq yerli vergilər, ödənişlər və bələdiyyələrin sair maliyyə mənbələri hesabına yerli özünüidarə orqanlarının özləri tərəfindən formalaşdırılır. Bu nöqteyi-nəzərdən qeyd olunan maddədə yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasına ehtiyac duyulur.

Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Qanunun 5-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla bələdiyyələrin büdcə fəaliyyətinə müdaxilə yolverilməzdir. Həmin halların qeyd olunan Qanunda daha dəqiq göstərilməsi qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinin qarşısının alınması istiqamətində mühüm addım olardı.

Eyni zamanda həmin Qanunun 11-ci maddəsinə müvafiq olaraq bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında illik hesabatı təsdiq etməklə əhaliyə çatdırırlar. Lakin bu hesabatların tərtib edilməsi mexanizmləri, habelə onların tərtib olunmamasına və bu barədə əhalinin məlumatlandırılmamasına görə sanksiyalar qanunvericilikdə nəzərdə tutulmadığından, yerli özünüidarə orqanlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti normativ hüquqi aktlara müvafiq dəyişikliklər edilməsi zəruridir.,

Göstərilənlərlə yanaşı yerli özünüidarə orqanları onlara verilmiş səlahiyyətlərin və vəzifələrin icrası üçün kifayət qədər maliyyə vəsaitinə və mənbələrinə malik olmalı, mənbələrin yerli özünüidarə orqanlarına verilmiş səlahiyyətlərə uyğunluğu, müxtəlifliyi və çevikliyi təmin edilməlidir. Dövlət hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə müvafiq maliyyə vəsaiti verilərkən şəffaflıq təmin olunmalı, habelə bələdiyyələrlə məsləhətləşmələr aparılmalıdır.

Hörmətli millət vəkilləri!

Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrə metodoloji yardımın göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.

Keçidlər