X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan ədliyyəsi təkmilləşir və müasirləşir ("Azərbaycan" qəzeti 23/09/2005)



Demokratik prinsiplərin, humanist dəyərlərin və insan hüquqlarının ön plana çəkildiyi müasir zamanda ölkənin dövlət və ictimai həyatında ədliyyə orqanları mühüm yer tutur.

Hüquqi dövlət quruculuğu yolunu seçmiş və dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanda Ədliyyə Nazirliyinin əhəmiyyəti və cəmiyyətdə rolu getdikcə artmaqdadır. Bu proses müasir Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin milli dövlətçilik ideyalarına və müəyyən etdiyi siyasi kursa uyğun həyata keçirilir.

Ölkəmizin hüquq sistemində köklü demokratik dəyişikliklərə səbəb olan məhkəmə-hüquq islahatı çərçivəsində Ədliyyə Nazirliyi qarşısında yeni-yeni vəzifələr qoyulur, nazirliyin mövcud fəaliyyət istiqamətlərinin müasir tələblərə uyğunlaşdırılması, iş üsullarının təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Azərbaycan ədliyyəsinin inkişafına xüsusi diqqətin əyani ifadəsi olaraq nazirliyin fəaliyyət dairəsi son illərdə xeyli genişləndirilmiş, yeni qurumlar təsis edilmişdir. Nazirlikdə məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti, istintaq aparatı, bələdiyyələrlə iş mərkəzi yaradılmışdır. Bütün penitensiar sistem nazirliyin tabeliyinə verilmiş, ölkəmiz adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanması və onların icrasının təmin edilməsi, cinayət işləri üzrə hüquqi yardım göstərilməsi, habelə cinayətkarların verilməsi (ekstradisiya), bütün növ qeyri-tibb məhkəmə ekspertizalarının aparılması, hüquqi şəxslərin dövlət reyestrinin, əhalinin dövlət registrinin aparılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, habelə qrant haqqında qanunvericiliyin pozulmasına görə inzibati xətalar haqqında işlərə baxılması Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Azərbaycanın "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" konvensiyaya qoşulması ilə əlaqədar mərkəzi orqan kimi Ədliyyə Nazirliyi müəyyən olunmuşdur.

Ədliyyə Nazirliyi qanun layihələrinin hazırlanmasında iştirak edir, hüquqi maarifləndirməni, qanunvericiliyin sistemləşdirilməsini təşkil edir, hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir, notariat fəaliyyətinə rəhbərlik edir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını həyata keçirir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin normativ xarakterli aktları Ədliyyə Nazirliyi tərəfindən hüquqi ekspertizadan keçirildikdən və dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə minir. Elmi-tədqiqat işlərinin aparılması, hakimlərin, ədliyyə işçilərinin və digər hüquqşünasların ixtisasının artırılması məqsədilə nazirliyin nəzdində hüquq tədris və təlim-tədris mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, insan hüquq və azadlıqlarının təmin edilməsinə mühüm əhəmiyyət verilərək nazirlikdə İnsan hüquqları üzrə şöbə yaradılmışdır.

Ədliyyə fəaliyyəti olduqca geniş və çoxşaxəlidir. Bu, həm də ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin və məsuliyyətin müvafiq şəkildə artması deməkdir. Bunu yaxşı dərk edən ədliyyə işçiləri daim öz fəaliyyətlərini təkmilləşdirir və ölkəmizdə uğurla aparılan quruculuq işlərinə layiqli töhfələrini verməyə çalışırlar.

Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar nəticəsində ictimai həyatın bütün sahələrində geniş vüsət alan quruculuq işləri, xüsusilə iqtisadiyyatın sürətli inkişafı Azərbaycanı dünya dövlətləri arasında öncül mövqelərə çıxarmaqdadır. Eyni zamanda, ölkədə qanunun aliliyinin təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı və demokratik proseslərin dönməz xarakter alması ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırır. İnsan hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verən dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın hüquq sisteminin müasir tələblərə uyğun inkişafını daim diqqət mərkəzində saxlayır.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi elan etmiş dövlətimiz xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, sosial müdafiəsinin qayğısına qalaraq bunlara mane olan bütün neqativ hallara və təzahürlərə qarşı barışmaz mübarizə aparır. Ölkəmizdə korrupsiyanın qanunun aliliyinə, demokratik təsisatlara və insan hüquqlarına təhlükə yaratdığını, bərabərlik və sosial ədalət prinsiplərini pozduğunu, iqtisadi inkişaf üçün maneələr törətdiyini və digər amilləri nəzərə alaraq bu ümumbəşəri sosial bəlaya qarşı mübarizə üzrə dövlət səviyyəsində kompleks tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 09.08.1994-cü il və "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair" 08.06.2000-ci il tarixli fərmanları ilə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri sayılaraq onunla mübarizənin əsasları müəyyən edilmişdir.

Ölkəmiz korrupsiyaya qarşı əsas beynəlxalq sənədlərə, o cümlədən BMT-nin və Avropa Şurasının müvafiq konvensiyalarına qoşulmuş, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri yaratmışdır. 13 yanvar 2004-cü il tarixdə Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilərək bu ilin əvvəlindən qüvvəyə minmiş, Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2004-cü il tarixli sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) təsdiq edilmişdir.

Görülən təşkilati tədbirlər sırasında Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın təsis edilməsi, respublika Baş Prokurorluğunda Korrupsiya ilə mübarizə idarəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Qısa müddətdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə üzrə xeyli iş görülmüşdür və bu barədə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya öz fəaliyyətini tam aşkarlıq şəraitində həyata keçirərək ölkə ictimaiyyətini müntəzəm məlumatlandırır. Dövlət Proqramı təsdiq edildikdən sonra 6 ay ərzində görülmüş tədbirlər haqqında komissiyanın iyun ayında təqdim etdiyi geniş məlumat bunu bir daha təsdiq edir. Mətbuatda dərc olunmuş həmin məlumatda qanunvericiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyəti, hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti sahəsində, iqtisadi və sosial sahələr üzrə korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və əməkdaşlıq üzrə görülmüş tədbirlər ətraflı əksini tapıb.

Komissiyanın iyulun 8-də keçirilmiş 4-cü iclasında məhkəmə-hüquq islahatları və yeni hakim seçkiləri ilə bağlı işlər, xüsusilə bu sahədə korrupsiyaya qarşı mübarizə tədbirləri müzakirə edilmişdir. Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin seçilməsi və onların fəaliyyətinin qiymətləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar görülən tədbirlər və Məhkəmə-Hüquq Şurasının işi haqqında məlumat vermişdir. Məhkəmə-Hüquq Şurasının sədri məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni qəbul edilmiş qanunların əhəmiyyətindən danışmış, vakant hakim vəzifələrinə namizədlərin seçkilərinin beynəlxalq standartlara uyğun, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində tam şəffaf şəraitdə həyata keçirilməsi üçün görülən mühüm tədbirləri qeyd etmişdir.

Ölkəmizdə korrupsiya ilə mübarizə uzrə qəbul olunmuş müvafiq qanun və Dövlət Proqramı digər dövlət qurumları ilə yanaşı, ədliyyə orqanları qarşısında da mühüm vəzifələr qoymuş, qanunvericiliyin təkmilləşdirilməsi, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, yol verilən neqativ halların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və digər sahələrdə əlavə tədbirlər görülməsini şərtləndirmişdir. Bununla əlaqədar məsələ kollegiya iclasında hərtərəfli müzakirə edilmiş, Ədliyyə Nazirliyi üzrə 05 oktyabr 2004-cü il tarixli xüsusi əmr verilərək korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrası ilə bağlı bütün ədliyyə qurumlarının konkret vəzifələri müəyyən edilmiş və müvafiq tapşırıqlar verilmişdir. Dövlət Proqramının icrası üzrə nazirliyin geniş Tədbirlər Planı təsdiq edilmişdir. Eyni zamanda, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilən normativ hüquqi aktların, bu sahədə respublikamızın qoşulduğu beynəlxalq müqavilələrin və digər sənədlərin daxil olunduğu xüsusi sənədlər toplusu nəşr edilərək metodiki kömək məqsədilə ədliyyə orqanlarına və məhkəmələrə göndərilmişdir.

Antikorrupsiya qanunvericiliyinin, o cümlədən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın qərarının və dövlət qulluğu haqqında normativ sənədlərin tələblərinə müvafiq olaraq "Ədliyyə orqanlarına işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"nın layihəsi hazırlanıb nazirliyin kollegiyası tərəfindən bəyənilmişdir.

Korrupsiya ilə mübarizə və penitensiar sistemdə işin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, penitensiar xidmətin 50-dən çox rəhbər işçisi tutduğu vəzifədən azad olunmuşdur. Neqativ, o cümlədən korrupsiya hallarının qarşısının alınması məqsədilə Cəzaların icrasına nəzarət üzrə müfəttişlik yaradılmışdır.

Hüquqi şəxslərin dövlət qeydiyyatı proseduru sadələşdirilmiş, bu sahədə işin müasir beynəlxalq standartlara müvafiq qurulması uçun yeni qanunvericiliyin tələblərinə uyğun normativ sənədlər hazırlanmışdır.

Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, sahibkarlığın inkişafı, əhalinin maddi rifahının dönmədən yüksəldilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin daxili siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev paytaxtımızla yanaşı, regionların da sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirərək müntəzəm şəkildə ölkənin müxtəlif bölgələrində olur, sənaye müəssisələrinin, idman və mədəniyyət obyektlərinin açılışında iştirak edir, mərkəzi və yerli icra hakimiyyəti rəhbərləri ilə zona müşavirələri, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, problemlərin həlli üçün müvafiq tapşırıqlar verir.

Ölkə başçısının tapşırıqlarının icrası məqsədilə Ədliyyə Nazirliyi üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün konkret tədbirlər görür. Sahibkarlığın inkişafını ləngidən maneələrin aradan qaldırılması məqsədilə hüquqi şəxslərin dövlət qeydiyyatı işi təkmilləşdirilərək "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri" haqqında yeni qanunun tələbləri səviyyəsində qurulması üzrə zəruri addımlar atılmış, mükəmməl normativ hüquqi baza yaradılmış, qeydiyyat üçün tələb olunan sənədlərin sayı minimuma endirilmişdir. Qeydiyyatla bağlı müraciətlərin icra müddətlərində də əhəmiyyətli irəliləyiş əldə edilmişdir. Hazırda hüquqi şəxslərin dövlət qeydiyyatı əsasən 1-5 gün müddətində həyata keçirilir.

Ölkə rəhbərinin sahibkarlığın, həmçinin, regionların inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, respublikamızda hüquqi şəxslərin sayı ilbəil artmaqdadır. Qeyd etmək yerinə düşərdi ki, ötən il qeydiyyata alınmış kommersiya qurumlarının 43 faizindən çoxu, bu ilin ilk 6 ayı ərzində isə 40 faizi məhz regionlarda yaradılmışdır.

Ölkəmizdə sərbəst bazar iqtisadiyyatının formalaşması, iqtisadiyyatın sürətli inkişafı mülki münasibətlərin dairəsini genişləndirməklə, əhaliyə göstərilən hüquqi xidmətlərin, o cümlədən notariat fəaliyyətinin təkmilləşdirilməsini günün vacib tələbinə çevirmişdir.

Bununla bağlı məsələ nazirliyin kollegiya iclaslarında müzakirə olunaraq, kompleks tədbirlər müəyyən edilmiş və onların həyata keçirilməsi nəticəsində əhaliyə göstərilən hüquqi xidmətin səviyyəsi yüksəlmiş, vətəndaşlara verilən sənədlərin hazırlanma üsulu təkmilləşdirilmiş, keyfiyyəti xeyli yaxşılaşdırılmış, insanların problemlərinə daha qayğılı yanaşılması təmin olunmuşdur.

Əhalinin rahatlığı üçün ölkə Prezidentinin müvafiq fərmanı ilə 2002-ci ildən etibarən nikahın, doğumun və ölümün dövlət qeydiyyatının aparılması səlahiyyətlərinin Ədliyyə Nazirliyi VVADQ şöbələri (nikah evləri) ilə yanaşı, rayon icra hakimiyyətlərinin yerlərdəki nümayəndəlikləri tərəfindən də həyata keçirilməsi qərara alınmışdır. Bunun əhaliyə hüquqi yardımın yaxşılaşdırılmasında rolu barədə geniş təbliğat işi təşkil olunmuş, nəticədə respublika üzrə dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı son dövrdə xeyli artmışdır.

Regionlarda yaşayan vətəndaşların rahatlığının təmin olunması məqsədilə sənədlərin xaricdə istifadə üçün rəsmiləşdirilməsi səlahiyyəti Bakı şəhəri ilə yanaşı, digər bölgələrdə fəaliyyət göstərən notariat kontorlarına da həvalə edilmişdir. Arxiv işinin təşkilinin yaxşılaşdırılması məqsədilə nazirliyin inzibati binasında xüsusi ayrılmış otaqlarda Dövlət notariat arxivi yaradılmış və müasir tələblərə cavab verən müvafiq texniki avadanlıqla təmin edilmişdir. Bu da vətəndaşlara məxsus sənədlərin daha etibarlı saxlanılmasını və qısa müddətdə tapılmasını təmin edir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə elektron informasiya mübadiləsi şəbəkəsi yaradılmışdır.

İnsanlar üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tərcüməsi notariat qaydasında təsdiq olunmalı sənədlərin bilavasitə notariat kontorlarında qəbulu, elektron şəbəkə vasitəsilə tərcümə xidmətinə ötürülməsi və təsdiqlənərək sahiblərinə qaytarılması təşkil edilmişdir.

Sahibkarlar üçün onların hüquqlarına dair geniş maarifləndirmə tədbirləri görülür. ABŞ İnkişaf Agentliyinin dəstəyi ilə respublikamızın müxtəlif regionlarında "Sahibkarlığın inkişafında notariatın rolu" mövzusunda seminarlar keçirilir.

Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrası çərçivəsində respublikanın bölgələrində aztəminatlı ailələrə pulsuz xidmət göstərmək üçün Ədliyyə Nazirliyi tərəfindən 8 regional hüquqi məsləhət xidməti mərkəzi yaradılmış və həmin mərkəzlərə yerli ali təhsilli hüquqşunaslar işə qəbul edilmişdir.

Bəşəri dəyərlərə daim sadiqlik nümayiş etdirən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərilərək cəza siyasətinin humanistləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür, müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslərə öz səhvlərindən nəticə çıxarıb ölkəmizin layiqli vətəndaşları olması üçün imkan yaradılır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və dövlətimizin humanizm, ədalət prinsiplərinə əsaslanan siyasətini Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra il yarım ərzində 1198 nəfər barəsində 7 əfv fərmanı imzalaması bunun əyani təsdiqidir.

Eyni zamanda, dövlətimiz tərəfindən penitensiar sahənin inkişafına, məhkumların hüquqlarının təmin edilməsinə daim xüsusi diqqət göstərilir, bu sahədə yaradılmış qanunvericilik bazası müasir tələblərə uyğun təkmilləşdirilir, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə konkret tədbirlər görülür.

Bununla belə, cari ilin əvvəllərində bəzi penitensiar sistemdə baş vermiş və ictimaiyyətdə geniş rezonans doğurmuş məlum hadisələr Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin fəaliyyətində çox ciddi nöqsanların olduğunu üzə çıxarmışdır. Baş idarədə rəhbərliyin yarıtmaz, nəzarətin isə səmərəsiz həyata keçirilməsi bu sistemdə kobud qanun pozuntularına gətirib çıxarmış, istər Baş idarənin, istərsə də bir sıra cəzaçəkmə müəssisələrinin idarə edilməsində böhrana səbəb olmuşdur.

Baş idarənin rəhbərliyində dəyişikliklər aparıldıqdan dərhal sonra ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı nazirliyin kollegiyası, habelə nazirliyin rəhbərliyinin iştirakı ilə MQİBİ Şurasının geniş iclasları keçirilmiş, penitensiar sistemdə mövcud nöqsanların, qanun pozuntularının, korrupsiya hallarının qarşısının alınması, nizam-intizamın möhkəmləndirilməsi, sistemə rəhbərliyin və ciddi nəzarətin təmin olunması, bu xidmət sahəsinin fəaliyyətinin dərindən araşdırılıb təhlil edilməsi məqsədilə tədbirlər müəyyən olunmuş və digər problemlərin həlli üzrə konkret tapşırıqlar verilmişdir. Bu məsələ martın 15-də keçirilmiş kollegiya iclasında ətraflı müzakirə olunmuş, müvafiq qərar qəbul edilmiş, MQİBİ-nin Tədbirlər Planı hazırlanmışdır.

Bir neçə il ərzində ciddi problem olmuş həqiqi hərbi xidmət keçən əsgərlərin, təqsirləndirilən şəxslərin və məhkumların normal qidalanması işi görülmüş təcili tədbirlər nəticəsində cari il yanvarın 29-dan qaydaya salınmış, əvvəlki illərdən fərqli olaraq, qeyd olunan şəxslərə qanunvericiliklə müəyyən olunmuş normalara uyğun olaraq və keyfiyyətli qida məhsulları verilməyə başlanmışdır. Onların qida rasionunda normal keyfiyyətə malik olan ət, balıq, şəkər, yağ və digər ərzaq məhsulları yer almışdır.

Penitensiar sistemdə mövcud nöqsanların aradan qaldırılması işində Ədliyyə Nazirliyində yeni təsis edilmiş Cəzaların icrasına nəzarət üzrə müfəttişlik fəal iştirak edir. Fəaliyyət göstərdiyi qısa müddətdə müfəttişlik tərəfindən penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, yol verilmiş qanun pozuntularının aradan qaldırılması üzrə tədbirlər görülmüş, bir sıra yoxlamalar həyata keçirilmiş, onların nəticələri təhlil edilərək müvafiq təkliflər verilmiş, ümumiləşdirmələr aparılmışdır.

Bir çox mövcud nöqsanların kadrların düzgün seçilib yerləşdirilməməsi ilə bağlı olduğu nəzərə alınaraq bu sahədə işin sağlam meyarlarla yenidən qurulması, penitensiar sistemin və tibb xidmətinin yüksək peşə hazırlığına və mənəvi keyfiyyətlərə malik mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə ictimaiyyətin iştirakı ilə şəffaf seçim aparılması qərara alınaraq açıq müsabiqə elan olunmuş, yüzlərlə şəxs sənədlərini təqdim etmiş və müsabiqədən müvəffəqiyyətlə keçənlərin çoxu artıq təyinatlar almışdır.

Yeri gəlmişkən, nazirlikdə, o cümlədən penitensiar sistemdə islahatların aşkarlıq şəraitində aparılmasını, bu zaman qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri ilə həyata keçirilən sıx əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Əvvəlki illərdən fərqli olaraq, onların cəzaçəkmə müəssisələrinə baş çəkməsi, məhkumlarla söhbətlər aparılması, islah prosesinin bilavasitə iştirakçısına çevrilməsi üçün zəruri şərait yaradılmışdır. Bu ilin fevral-iyun ayları ərzində Baş idarəyə qeyri-hökumət təşkilatlarının 30-dan çox müraciəti daxil olmuş və onlar tərəfindən cəzaçəkmə müəssisələrində 29 tədbir həyata keçirilmişdir. Həmin tədbirlərdən 18-i cəzaların icrası sahəsində müxtəlif məsələlər üzrə vəziyyətin öyrənilməsi məqsədilə monitorinqlərin keçirilməsi ilə bağlı olmuşdur.

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı geniş tədbirlər görüldüyü bir zamanda etiraf etmək lazımdır ki, məhkəmə hakimiyyətinin nüfuzu, vətəndaşların pozulmuş hüquqlarının bərpasının labüdlüyünə və dönməzliyinə inamı həmçinin dövlətin adından çıxarılan məhkəmə qərarlarının düzgün və vaxtında icra olunması ilə sıx bağlıdır. Bu sahədə müəyyən problemlərin və nöqsanların olması da heç kimə sirr deyil. Bəzi hallarda məhkəmə qərarlarının icrasının əsassız olaraq yubanması, şübhəsiz ki, istər məhkəmələrin, istərsə də bütövlükdə dövlətin nüfuzuna xələl gətirir.

Bu mühüm amil nəzərə alınaraq son zamanlar Ədliyyə Nazirliyinin Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsinin rəhbərliyi təcrübəli işçilər hesabına möhkəmləndirilmiş, vəzifələrinin öhdəsindən gələ bilməyən bir sıra əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb edilmiş, uzun müddət icra olunmayan işlərin icrası xüsusi nəzarətə götürülmüşdür. Görülmüş təsirli tədbirlər nəticəsində, demək olar ki, hazırda icraata daxil olan icra sənədlərinin 90 faizinin icrasının təmin edilməsinə nail olunmuşdur.

Məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ilə bağlı tədbirlər müəyyən edilərkən yerli şərait, milli xüsusiyyətlər nəzərə alınmaqla mütərəqqi xarici təcrübənin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə ölkə qanunvericiliyinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, xarici dövlətlərlə, xüsusilə Avropa ölkələri ilə işgüzar münasibətlərin qurulması, qarşılıqlı təcrübə mübadiləsi istiqamətində zəruri tədbirlər görülür. Bu sahədə Avropa Komissiyasının TACİS proqramı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Belə əməkdaşlığın əyani nümunəsi kimi Azərbaycan Ədliyyə Nazirliyinin məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinə dəstək göstərilməsi məqsədilə bu ilin iyununda Bakıda keçirilmiş beynəlxalq konfrans maraqlı və faydalı olmuşdur. Tədbirdə məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycandakı vəziyyət, mövcud problemlər TACİS layihəsinin təmsilçiləri ilə müzakirə olunmuş, bu sahədə Fransa, Almaniya, Belçika, Hollandiya, Polşa və digər ölkələrin təcrübəsi üzrə mühazirələr dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.

Bununla belə, məhkəmə qərarlarının icrası ilə bağlı müəyyən problemlər hələ də mövcuddur və onların aradan qaldırılması üzrə məqsədyönlü tədbirlərin görülməsi davam etdirilir.

Məlum olduğu kimi, 1999-cu ildə Azərbaycanda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirilmiş və yerli demokratiyanın təzahürü olan bələdiyyə institutu formalaşdırılmışdır. Ölkəmizdə yerli özünüidarə orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün geniş qanunyaradıcılığı prosesi həyata keçirilir.

Bilavasitə bələdiyyələrin təşkilinə və fəaliyyətinə dair 25-ə yaxın qanun və çoxlu sayda digər normativ hüquqi sənəd qəbul edilmişdir. Yerli özünüidarə orqanlarının təşkilindən sonrakı dövrdə onlara hüquqi yardım göstərilməsi gündəlikdə duran ən vacib məsələlərdən olmuşdur. Bununla əlaqədar Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş mərkəzi yaradılmışdır. Mərkəz yerli özünüidarə orqanlarının üzvləri və həmin orqanların aparatlarının işçiləri tərəfindən müvafiq qanunvericiliyin öyrənilməsinə, onların fəaliyyətinin müasir beynəlxalq tələblərə və standartlara uyğun təşkil edilməsinə kömək məqsədilə xeyli iş görmüşdür. Bələdiyyə üzvlərinin və qulluqçularının, habelə dövlət orqanlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə zona seminar müşavirələri, elmi-nəzəri konfranslar keçirilmişdir. Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzi ilə birlikdə təşkil olunan tədris kurslarına 1000-ə yaxın bələdiyyə üzvu və qulluqçusu dinləyici qismində cəlb olunmuş, mərkəz tərəfindən bələdiyyə fəaliyyəti ilə bağlı 15 metodiki vəsait hazırlanaraq onlara çatdırılmışdır.

Bələdiyyələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi üçün onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı görülmüş işlər ümumiləşdirilmiş və bu il Azərbaycan Respublikası Milli Məclisinə ilk dəfə olaraq illik məruzə təqdim edilmişdir. Həmin məruzədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı qanunvericilikdən irəli gələn vəzifələrin icrası və bu işin təşkili məqsədilə həyata keçirilmiş tədbirlər, aparılmış araşdırmaların nəticələri və müvafiq normativ hüquqi sənədlərin təkmilləşdirilməsinə dair verilmiş təkliflər barədə məlumat əks etdirilmişdir.

Cari ildə Bələdiyyələrlə iş mərkəzi tərəfindən inzibati nəzarətlə bağlı 230-dan çox müraciətə baxılaraq 16-sı bilavasitə yerlərdə araşdırılmış, xeyli məbləğdə maliyyə pozuntularına yol verilməsi aşkar edilmiş, bu sahədə ciddi qanun pozuntuları ilə bağlı 13 bələdiyyə barədə materiallar cinayət işinin başlanması üçün aidiyyəti üzrə göndərilmişdir.

Eyni zamanda, yeni seçilmiş bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün onların hüquq və səlahiyyətlərinə dair beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində tədris tədbirləri, o cümlədən müvafiq kurslar və bölgələr üzrə seminarlar, həmçinin işin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə tədbirlər davam etdirilir.

Ədalət mühakiməsinin həyata keçirilməsində, cinayət və mülki işlərin araşdırılmasında obyektivliyin, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsində məhkəmə-ekspert fəaliyyətinin xüsusi rolu vardır. Məlum olduğu kimi, hazırda qeyri-tibb məhkəmə ekspertizasının aparılmasını Ədliyyə Nazirliyi həyata keçirir. Nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda 40 növdən çox ekspertiza aparılır.

Nəinki ölkəmizdə, bütövlükdə regionda institut statuslu yeganə ekspertiza qurumu olan ETMEK və KPİ çətin inkişaf yolu keçsə də, əvvəlki nüfuzunu qoruyub saxlamışdır. Respublikamızda ilk dəfə 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarlığı nəzdində yaradılan və yalnız qrafoloji ekspertizalar aparan kriminalistika kabineti 1950-ci ildə ləğv edilmiş, bir müddət Azərbaycanın məhkəmə-istintaq orqanları üçün ekspertizalar Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasında həyata keçirilmişdir. 1956-cı ildə 3 vahid ştatla Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası yaradılmış və dörd il sonra həmin laboratoriya əsasında respublika Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu təşkil olunmuşdur. 1991-ci ildən qurum indiki adını daşıyır.

2001-ci ildə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq institut hazırda sənədlərin məhkəmə-texniki ekspertizasını, məhkəmə-xətşünaslıq, məhkəmə-trasoloji, məhkəmə-ballistik, məhkəmə-bioloji, məhkəmə-iqtisad, məhkəmə-psixoloji və digər ekspertizaları həyata keçirir və müvafiq rəylər verir. Müasir dövrdə informasiya daşıyıcılarının, kompüter və telekommunikasiya texnologiyalarının sürətli inkişafı və geniş tətbiqi, elm və texnika ilə bağlı yeni fəaliyyət sahələrinin yaranması nəticəsində yeni cinayət növlərinin də meydana gəlməsi məhkəmə ekspertlərinin qarşısında yeni tələblər qoyur. Bununla əlaqədar institutda ekspertizanın yeni 3 növü - kompüter-texniki, əqli-mülkiyyət obyektlərinin və kontrafakt məhsullarının məhkəmə ekspertizaları yaradılmışdır. İnstitutda, eyni zamanda, elmi-tədqiqat fəaliyyətinin inkişafına, ekspertlərin elmi səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə bir sıra xarici, o cümlədən MDB ölkələrinin müvafiq qurumları ilə sıx əməkdaşlıq həyata keçirilir, müntəzəm təcrübə mübadiləsi aparılır.

Ədliyyə Nazirliyi beynəlxalq hüquq əməkdaşlığına, xarici dövlətlərin ədliyyə orqanları və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir. Son illər ərzində 10-dan çox ölkənin ədliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında saziş imzalanmışdır. Nazirliyin BMT, Avropa Şurası, ATƏT, Beynəlxalq Prokurorlar Assosiasiyası, Beynəlxalq Amnistiya Təşkilatı, Helsinki Vətəndaş Assambleyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər mötəbər təşkilatlarla sıx əməkdaşlıq münasibətlərini qeyd etmək lazımdır.

Ədliyyə naziri Fikrət Məmmədov bu ilin aprel ayında Helsinkidə keçirilmiş Avropa ölkələri ədliyyə nazirlərinin 26-cı konfransında, həmin ərəfədə Lyublyanada, avqust ayında isə Kopenhagendə keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin iclaslarında iştirak etmişdir. Azərbaycanın ədliyyə naziri bu ilin aprelində Banqkok şəhərində təşkil olunmuş BMT-nin mütəşəkkil cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi üzrə ən ali forumu olan 11-ci konqresində ölkəmizin nümayəndə heyətinə rəhbərlik etmiş və konqresin 1-ci vitse-prezidenti seçilmişdir. Azərbaycan nümayəndəsinin konqresin rəhbərliyində təmsil olunması dövlətimizin cinayətkarlığa qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlığı üçün daha geniş imkanlar yaratmışdır.

Nazirliyin fəaliyyətində aşkarlığın təmin edilməsi, görülən tədbirlərlə bağlı əhalinin geniş məlumatlandırılması, informasiyaların ilk mənbədən verilməsi və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə yeni və müasir iş üsullarından istifadəyə xüsusi diqqət yetirilir.

Ədliyyə Nazirliyi hüquqi maarifləndirmənin və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işində nazirliyin mətbu nəşrlərinin imkanlarından səmərəli istifadə edilməsinə və onların fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. 5 mətbu nəşrə malik olan nazirliyimizin interaktiv rejimdə internet səhifəsi də fəaliyyət göstərir.

İnformasiya və izahat işinin, ictimaiyyətlə əlaqələrin daha səmərəli şəkildə qurulması ilə bağlı cari il mayın 11-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında nazirlik və komitələrin mətbuat xidmətlərinin işinin təşkilinə dair keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar 2005-ci il avqustun 1-dən 7-dək "Ədliyyə həftəsi" keçirilmişdir.

Ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və inkişafının təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ulu öndərimizin xarici və daxili siyasətini uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev məhkəmə-hüquq islahatlarına mühüm əhəmiyyət verərək ədliyyə fəaliyyətini daim diqqət mərkəzində saxlaması bütün ədliyyə işçilərində böyük məsuliyyət və eyni zamanda, minnətdarlıq hissləri yaradır. Ötən il ədliyyə işçilərinin peşə bayramı ərəfəsində nazirliyin rəhbər heyətinə ali xüsusi rütbələrin verilməsi və bir qrup əməkdaşımızın dövlət təltifləri ilə mükafatlandırılması ölkə başçısının Ədliyyə Nazirliyinə göstərdiyi yüksək etimadın növbəti təzahürü olmuşdur. Bu qayğıdan qürur duyan və üzərlərinə düşən mühüm vəzifələri aydın şəkildə dərk edən bütün ədliyyə işçiləri ölkəmizin tərəqqisi, dövlətimizin daha da qüdrətlənməsi və xalqımızın firavanlığı naminə gərəkli və yorulmaz fəaliyyətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bundan sonra da layiqli yardımçı olmaq üçün var qüvvələri ilə çalışmaq əzmindədirlər.

Vilayət ZAHİROV,
ədliyyə nazirinin müavini,
III dərəcəli dövlət ədliyyə müşaviri

Keçidlər