X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə (2005-ci il üzrə)



Hörmətli cənab sədr!

Hörmətli millət vəkilləri!

İlk əvvəl Sizləri, ölkəmizdə çox şəffaf, ədalətli, demokratik, həmçinin gərgin mübarizə şəraitində keçirilən parlament seçkilərində uğur qazanmış millət vəkillərini Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi adından salamlayıram, təbrik edirəm və qarşıdakı fəaliyyətinizdə uğurlar arzu edirəm.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş hüquqi və demokartik dövlət quruculuğu kursuna müvafiq olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ictimai həyatımızın bütün sahələrində köklü dəyişikliklər baş vermişdir. Bu islahatlar çərçivəsində yerli özünüidarəni həyata keçirən bələdiyyələrin fəaliyyətinin beynəlxalq tələblər səviyyəsində qurulması müstəsna əhəmiyyət kəsb edir.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında yerli özünüidarə institutu ilə bağlı müddəaların əks etdirilməsi ölkəmiz üçün yeni olan bələdiyyə institutunun formalaşdırılmasının əsaslarını müəyyən etmişdir.

Qısa müddətdə yerli özünüidarəyə dair, o cümlədən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı beynəlxalq tələblərə cavab verən mütərəqqi qanunvericilik bazası yaradılmışdır. Aparılmış islahatlar nəticəsində demokartik prinsiplər əsasında və şəffaflıq şəraitində 1999-cu ildə ilk bələdiyyə seçkiləri, 2004-cü ilin dekabr ayında isə növbəti seçkilər keçirilərək tərkibinə 2735 bələdiyyə daxil olan yerli özünüidarəetmə sistemi formalaşmışdır.

13 may 2003-cü ildə Milli Məclis tərəfindən qəbul edilmiş Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanuna və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə edilmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin düzgün təşkili məqsədilə ötən dövrdə Ədliyyə Nazirliyi tərəfindən kompleks tədbirlər həyata keçirilmiş, müvafiq normativ hüquqi sənədlər hazırlanmış, o cümlədən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat təsdiq edilmişdir.

Eyni zamanda, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzinin fəaliyyəti təkmilləşdirilərək Nazirliyin təklifləri əsasında ölkə başçısının 2005-ci ilin yanvar ayının 6-dan qüvvəyə minmiş Fərmanı ilə mərkəzin əsasnaməsinə bir sıra dəyişiklik və əlavələr edilmiş, bu qurum Bələdiyyələrlə iş mərkəzi adlandırılmış, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı yerli qurumların təşkili nəzərdə tutulmuş, inzibati nəzarətin səmərəli həyata keçirilməsinə şərait yaradılması üçün digər tədbirlər müəyyən olunmuşdur.

Hazırda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanununa əsasən inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, ölkə başçısının fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir.

Qeyd olunan Qanuna əsasən inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən 2004-cü il üzrə hazırlanmış illik məruzə ölkə parlamentində dinlənilmiş və Milli Məclisin 19.04.2005-ci il tarixli qərarı ilə nəzərə alınmışdır. Həmin məruzə Ədliyyə Nazirliyinin nəşri olan Yerli özünüidarə orqanlarının normativ aktlarının bülletenində dərc edilmişdir.

İnzibati nəzarətin mahiyyətinin düzgün izahı məqsədilə ölkənin 20-dən çox şəhər və rayonunda seminarlar keçirilmiş, respublikanın bütün bələdiyyələrinə bələdiyyə aktlarının Mərkəzə təqdim edilməsi zəruriliyini əks etdirən metodiki məktublar göndərilmiş, KİV-də çoxsaylı çıxışlar edilmiş, Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində bələdiyyə üzvləri və qulluqçuları üçün təşkil edilmiş ixtisasartırma kurslarında mühazirələr oxunulmuşdur.

Bələdiyyələrin maarifləndirilməsi nəticəsində 2005-ci ildə Bələdiyyələrlə iş mərkəzinin icraatına daxil olmuş bələdiyyə aktlarının sayı 2004-cü illə müqayisədə təxminən 4 dəfə artaraq 10.100 təşkil etmişdir. İnzibati nəzarətin həyata keçirilməsi zamanı 470 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi üçün həmin aktları qəbul etmiş bələdiyyələrə müraciətlər edilmişdir. Bunun nəticəsində ilin sonuna bələdiyyələr tərəfindən 240 akt ləğv edilmiş, 70-i dəyişdirilmiş, habelə bəzi müraciətlərin təmin edilməməsi ilə bağlı Mərkəz tərəfindən məhkəmələrə iddialar verilmişdir. Hazırda digər aktlar üzrə müvafiq qərarların qəbul olunması üçün zəruri tədbirlər görülür. Eyni zamanda, bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun olan 57 normativ aktı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına və dövlət uçotuna alınmışdır.

Lakin görülmüş hüquqi maarifləndirmə tədbirlərinə baxmayaraq bir sıra bələdiyyələr tərəfindən qanunvericiliyin tələbləri pozularaq, təqdim edilməsi mütləq olan bələdiyyə aktları inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilmir. Bununla əlaqədar nazirliyin təklifləri əsasında Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilərək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə və həmin orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Qanunun tətbiqi nəticəsində 2005-ci ildə Mərkəzin əməkdaşları tərəfindən qanun pozuntusuna yol vermiş 80 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilmişdir (onlardan 43 nəfəri məhkəmələr tərəfindən artıq inzibati məsuliyyətə cəlb edilmişdir).

2005-ci ildə Bələdiyyələrlə iş mərkəzinə 2004-cü illə müqayisədə təxminən 1,5 dəfə çox - 1000-ə yaxın müraciət daxil olmuşdur. Müraciətlər əsasən bələdiyyə torpaqlarının idarə edilməsi, sabiq bələdiyyə sədri tərəfindən möhür və ştampların təhvil verilməməsi, bələdiyyə vəsaitlərinin düzgün xərclənməməsi, bələdiyyə sədrinin qanunsuz hərəkətləri, bələdiyyə üzvlərinin əmək haqqı və müavinəti ilə bağlı olmuşdur. Bütün müraciətlərə qanunla müəyyən edilmiş qaydada baxılaraq müvafiq cavablar verilmiş, o cümlədən 70-i təmin edilmiş, 22 müraciət üzrə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülmüşdür.

Eyni zamanda, Mərkəzə özündə inzibati nəzarət icraatına başlamaq tələbini əks etdirən 572 müraciət daxil olmuşdur. Bunların bir qisminə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılaraq müvafiq cavablar verilmiş, daha ciddi qanun pozuntularını əks etdirən müraciətlər üzrə isə bilavasitə yerində 22 araşdırma aparılmışdır. Araşdırmalar nəticəsində 28 bələdiyyə aktı ləğv edilmiş, 3 bələdiyyə aktı dəyişdirilmiş, ayrı-ayrı bələdiyyələrin ümumilikdə 16 növ fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı təkliflər verilmişdir.

Bununla yanaşı 8 bələdiyyədə aşkar edilmiş 343 milyon manatdan (68.600 AYN) çox maliyyə çatışmazlığı yerli büdcələrə ödətdirilmiş, bəzi bələdiyyələrdə aşkar edilmiş ciddi qanun pozuntuları və cinayət xarakterli faktlarla bağlı materiallar aidiyyəti üzrə tədbir görülməsi üçün prokurorluq orqanlarına göndərilmiş və nəticədə 2004-cü illə müqayisədə 3 dəfə çox - 15 cinayət işi başlanmışdır. Onlardan hesabat ilinin sonuna 10 cinayət işinin istintaqı tamamlanmış və məhkəməyə təqdim edilmiş (bunlardan 5 iş üzrə məhkəmə hökmü verilib, digərləri isə məhkəmələrin icraatındadır), 5 cinayət işi üzrə isə ibtidai istintaq davam edir.

2005-ci ildə Bələdiyyələrlə iş mərkəzi tərəfindən Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin, Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin, İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin, İmişli rayonu Ağcüyür bələdiyyəsinin, Sabirabad rayonu Xankeçən bələdiyyəsinin fəaliyyətlərində daha ciddi qanun pozuntuları aşkar edilmişdir.

Göstərilənlərlə yanaşı, aparılmış araşdırmalar zamanı bəzi bələdiyyələrdə ciddi maliyyə pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, inzibati nəzarətin həyata keçirilməsi zamanı İmişli rayonu İmişli bələdiyyəsinə 762 milyon manat (152.400 AYN) və Sarıxanlı bələdiyyəsinə 275 milyon manat (55.000 AYN), Salyan rayonu Kürşəngi bələdiyyəsinə 210 milyon manat (42.000 AYN), Ağcabədi rayonu Şənlik bələdiyyəsinə 173 milyon manat (34.600 AYN), Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinə 51 milyon manat (10.200 AYN) məbləğində maliyyə pozuntularına yol verilməsi aşkar edilmiş, ümumiyyətlə isə 2005-ci il üzrə bu rəqəm təxminən 2,6 milyard manat (520.000 AYN) təşkil etmişdir. Bununla bağlı müvafiq qaydada prokurorluğa göndərilmiş materiallar üzrə cinayət işləri başlanılmış və onlardan bəziləri üzrə istintaq davam edir, digərləri isə baxılması üçün məhkəməyə göndərilmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı bir sıra bələdiyyələrdə eyni xarakterli pozuntulara yol verilməsi müəyyən edilmişdir.

Həmin pozuntulardan yerli büdcənin ümumiyyətlə tərtib edilməməsi, yaxud qanunvericiliyə zidd olaraq tərtib edilməsi, bələdiyyədə auditin keçirilməməsi, bələdiyyənin maliyyə vəsaitinin israfı, bələdiyyə iclasının müvafiq qərarı olmadan iclasın səlahiyyətinə aid məsələlər barədə sədr tərəfindən təkbaşına qərar verilməsi (o cümlədən bələdiyyə torpaqlarının idarə edilməsi və maliyyə vəsaitinin xərclənməsi ilə bağlı), bələdiyyə iclaslarının mütəmadi keçirilməməsi və protokollaşdırılmaması, bələdiyyənin və bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməməsi, bələdiyyənin daimi komissiyalarının formalaşdırılmaması və yaxud qanunvericiliyə zidd qaydada formalaşdırılması, bələdiyyə qulluğunun qanunvericiliyə zidd təşkil edilməsi, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmaması, habelə torpaqlar satılarkən müvafiq bələdiyyə qərarının torpağın satış haqqı əvvəlcədən ödənilmədən verilməsi, vətəndaşların bələdiyyənin fəaliyyəti barədə məlumatlandırılmaması, vətəndaşların müraciətlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmaması və s. bu kimi qanun pozuntularını qeyd etmək olar.

Araşdırmaların nəticələri üzrə profilaktik tədbirlərin görülməsi, o cümlədən analoji qanun pozuntularına yol verilməməsi məqsədilə Mərkəzin əməkdaşları İmişli, Neftçala, Salyan və Quba rayonlarında, qeyd olunan və ətraf rayonların bələdiyyələri və hüquq mühafizə orqanları nümayəndələrinin iştirakı ilə cinayət işləri üzrə istintaq orqanları və məhkəmələr tərəfindən verilmiş təqdimatların müzakirəsini təşkil etmişlər. Həmçinin bələdiyyələr üçün xüsusi metodiki vəsaitlər hazırlanmış, bələdiyyə fəaliyyəti ilə bağlı yeni qanunvericilikdən və bələdiyyə aktlarından ibarət Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni nəşr edilmişdir.

Eyni zamanda 2005-ci ildə Mərkəz tərəfindən bələdiyyələrin, dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli və xarici qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, o cümlədən alimlərin və mütəxəssislərin iştirakı ilə 25-ə yaxın tədris tədbiri təşkil edilmişdir. Onlardan, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, İFES-Azərbaycan təşkilatı, Avrasiya Fondu, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və digər qurumlarla birgə keçirilmiş tədbirləri xüsusi qeyd etmək lazımdır. Həmçinin Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən ölkəmizdə keçirilmiş monitorinq əsasında verilmiş tövsiyələrə uyğun olaraq bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq Ədliyyə Nazirliyinin iştirakı ilə Bələdiyyələrin regional assosiasiyalarının nümunəvi əsasnaməsi layihəsi hazırlanmış və 03 may 2005-ci il tarixli Qanunla Milli Məclis tərəfindən təsdiq edilmişdir.

Eyni zamanda qeyd olunmalıdır ki, bələdiyyə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqətlə yanaşılır, bu sahədə normativ hüquqi aktlar müvafiq ekspertizadan keçirilərək beynəlxalq standartlara və milli qanunvericiliyin tələblərinə müvafiq qəbul edilir. Təsadüfi deyil ki, parlament tərəfindən 30 sentyabr 2005-ci il tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsi digər normativ hüquqi aktların müddəalarını təkrarladığından və konseptual baxımdan mülki hüququn mahiyyətinə uyğun olmadığından ölkə başçısı tərəfindən imzalanmadan geri qaytarılmışdır. Həmin sənəd təkrarən müzakirə edilərək Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə qeyd olunan qanunun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilmişdir.

Yerli özünüidarə orqanları arasında assosiasiyaların təşkili məsələsinə xüsusi diqqət yetirilərək Mərkəzin əməkdaşları tərəfindən bir sıra tədbirlərdə o cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyası tərəfindən 2005-ci ilin 15-16 sentyabr və 8-9 dekabr tarixlərində Bakı şəhərində keçirilmiş seminarlarda iştirak edilmiş, bu sahədə xarici (Türk Dünyası Bələdiyyələr Birliyinin fəaliyyəti) təcrübə öyrənilmiş, bələdiyyələr arasında geniş təbliğat işi aparılmışdır. Bu tədbirlər nəticəsində respublikanın müxtəlif regionlarını təmsil edən bələdiyyələr öz iclaslarını keçirərək assosiasiyaların yaradılması ilə bağlı təşəbbüs göstərilməsinə dair qərarlar vermişlər.

Eyni zamanda, ölkəmizdə olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin icraçı direktoru Ulrix Bonerin və İtaliyanın Regional İşlər naziri Enriko la Loccianın rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycan Respublikasının ədliyyə naziri ilə görüşərək bir sıra məsələlərlə yanaşı yerli özünüidarə və onun inkişafında bələdiyyə assosiasiyalarının rolu barədə fikir mübadiləsi aparmışlar.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, habelə beynəlxalq təcrübə əsasında milli qanunvericiliyimizin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması üçün, 2004-cü ilin yekunları üzrə Milli Məclisə təqdim olunmuş illik məruzədə verilmiş təkliflərlə yanaşı bələdiyyələrin fəaliyyətini tənzimləyən bəzi qanunvericilik aktlarına aşağıdakı əlavə və dəyişikliklər təklif olunur.

Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş Bələdiyyənin nümunəvi nizamnaməsinə əsasən bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilmədikdə bələdiyyə büdcəsinin vəsaiti hesabına üç ay ərzində müavinət alırlar. Müavinət almaq hüququnun yalnız öz səlahiyyətlərini daimi əsasla icra edən və əmək haqqını bələdiyyə büdcəsinin vəsaiti hesabına alan bələdiyyə üzvlərinə (bələdiyyənin sədri, sədr müavini və s.) və yaxud başqa iş yeri olanlar da daxil olmaqla bütün bələdiyyə üzvlərinə şamil edilməsi məsələsinin mövcud qanunvericilikdə aydınlaşdırılmaması yerli özünüidarə orqanlarında müəyyən çətinliklər yaradır. Bununla yanaşı, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin bir sıra əmək, o cümlədən məzuniyyət və s. hüquqları mövcud qanunvericilikdə əks etdirilməmişdir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Məcəllə bələdiyyə üzvlərinə şamil edilmir). Göstərilən məsələlərin tənzimlənməsi məqsədilə Bələdiyyənin nümunəvi nizamnaməsinə və "Bələdiyyə üzvünün statusu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədəuyğun olardı.

Nazirlik tərəfindən həyata keçirilən profilaktik və maarifləndirmə tədbirləri nəticəsində Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının inzibati nəzarət qaydasında baxılması üçün təqdim olunmasının sürətli artımı müşahidə edilir. Ölkəmizdəki 2.700-dən artıq bələdiyyə tərəfindən hər ay inzibati nəzarətin predmeti ola bilən bir çox qərarın qəbul edilməsi və həmçinin Avropa Şurası ekspertlərinin tövsiyələri nəzərə alınaraq, inzibati nəzarətin daha səmərəli həyata keçirilməsi məqsədilə gələcəkdə maliyyə imkanlarına uyğun olaraq Bələdiyyələrlə iş mərkəzinin yerli bölmələrinin yaradılmasına ehtiyac duyulacaqdır.

Hörmətli millət vəkilləri!

Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarə orqanlarına metodoloji yardımın göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə bütün zəruri tədbirlər görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

Keçidlər