X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə (2006-cı il üzrə) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli millət vəkilləri!

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2006-cı il üzrə illik məruzəni icazənizlə diqqətinizə təqdim edərdim.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə geniş miqyaslı demokratik islahatların əsasını qoymuşdur. Konstitusiyada yerli özünüidarə ilə bağlı müddəaların əks etdirilməsi ölkəmiz üçün yeni olan bələdiyyə institutunun formalaşdırılmasını müəyyən etmişdir. Demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan müstəqil Azərbaycan Respublikasının nail olduğu ən mühüm demokratik dəyərlərdən biri də yerli özünüidarəetmə institutunun- bələdiyyələrin yaradılmasıdır. Qısa müddət ərzində ölkəmizdə yerli özünüidarənin təşkilinə və daha da demokratikləşməsinə istiqamətlənmiş çoxsaylı tədbirlər görülmüş və beynəlxalq tələblərə cavab verən mütərəqqi qanunvericilik bazası yaradılmışdır. Bələdiyyələr ictimai həyatda daha fəal rol oynamağa başlamış və xeyli irəliləyişə nail olmuşlar.

Bələdiyyələr getdikcə daha yaxşı təşkilatlanaraq özünüidarənin təkmilləşdirilməsinə meyl edir və yeni-yeni formalar əldə edirlər. Bu baxımdan şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən milli assosiasiyaların təsis edilməsi xüsusi qeyd olunmalıdır. Avropa Şurasının Azərbaycanla əməkdaşlığa dair fəaliyyət planında milli bələdiyyə assosiasiyalarının təşkili prosesinin 2007-ci ilin sonunda başa çatacağı nəzərdə tutulurdu. Lakin, bu assosiasiyaların yerli özünüidarənin inkişafına mühüm təsir göstərmək imkanları nəzərə alınaraq müvafiq işlər daha da tezləşdirilmiş və 2006-cı ilin dekabr ayında tamamlanmışdır. Ölkəmizdə yaradılmış 2757 bələdiyyənin işinin təşkili, onların koordinasiya və təmsil olunması baxımından assosiasiyaların yaradılması çox əhəmiyyətlidir. Bələdiyyələrin regional səviyyədə təşkil olunması da mühümdür. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasında şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən regional assosiasiyalar yaradılmışdır. Beləliklə, ölkəmizdə bələdiyyələrin 6 assosiasiyası mövcuddur və qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi assosiasiyaların təşkilində işçi qruplarına hər cür köməklik göstərmişdir.

Bələdiyyə institutunun inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, mövcud problemlərin öyrənilərək həll edilməsi daim Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin diqqət mərkəzindədir. Ölkəmizin də qoşulduğu Yerli özünüidarə haqqında Avropa Xartiyasına görə yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər tam və müstəsna olmalıdır. Bu baxımdan, son illər bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində işlərin davam etdirilməsi diqqətəlayiqdir. Belə ki, Ailə kəndli təsərrüfatı haqqında Qanuna uyğun olaraq 2006-cı ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilərək ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiqləyən sənədin bələdiyyələr tərəfindən verilməsi müəyyən edilmişdir. Həyata keçirilmiş digər tədbirləri də (məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli, bələdiyyələrin statusunun Avropa standartlarına uyğunlaşdırılması, milli assosiasiyaların yaradılması) nəzərə alaraq hesab edirik ki, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin apardığı monitorinqin nəticələri üzrə 2003-cü ilin may ayında qəbul etdiyi Tövsiyələrin əksəriyyəti yerinə yetirilmişdir. Əlamətdar haldır ki, hazırda Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinə Milli Məclisdə baxılır.

Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyələrin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.

Hər şeydən öncə qeyd olunmalıdır ki, məqsəd inzibati nəzarətin təkmilləşdirilməsi, onun daha da obyektiv, hərtərəfli və qanunauyğun aparılmasını və nəticədə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına nail olmaqdan ibarətdir. Bu məqsədlə əvvəlki illərdə yaranmış təcrübə qiymətləndirilmiş, çatışmazlıqlar aşkar edilərək onların həlli yolları müəyyən edilmişdir. Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətinin yaxşılaşdırılması, üçün bir sıra olduqca mühüm tədbirlər həyata keçirmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi tədbirləri barədə 26 may 2006-cı il tarixli Sərəncamı ilə Mərkəz struktur bölmə kimi Ədliyyə Nazirliyinin aparatına daxil edilmiş və onun statusu yüksəlmişdir. Həmin Sərəncamda Ədliyyə Nazirliyinin yerli (regional) bölmələrinin yaradılması barədə tapşırıq verilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinin yeni strukturu təsdiq edilərək Mərkəzə baş idarə statusu verilmiş, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi məqsədi ilə ədliyyə nazirinin əmrinə əsasən Mərkəzin tərkibində xüsusi qurum- İnzibati nəzarət idarəsi yaradılmışdır. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması, yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması məqsədi ilə həmin fərmanda regional ədliyyə şöbələrinin yaradılması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müvafiq ştat vahidləri ayrılmış və həmin şöbələrin fəaliyyətə başlamaları üçün hazırda təşkilati tədbirlər həyata keçirilir.

2006-cı il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. İl ərzində Ədliyyə Nazirliyinin icraatında bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayət xarakterli 1.086 müraciət olmuşdur. Nazirlik tərəfindən vətəndaşların, dövlət orqanlarının və digər təşkilatların müraciətlərinə diqqətlə yanaşılmış, bələdiyyələrin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı həmin müraciətlərdə göstərilən məlumatlar hərtərəfli öyrənilərək, zəruri hallarda yerində araşdırmalar aparılmış, müraciətlərə əsaslandırılmış cavablar verilmiş, vətəndaşların qəbulu həyata keçirilmişdir. 2006-cı ildə 1633 (2005-ci ildə - 357) vətəndaş qəbul edilmişdir ki, bu da keçən ildəkindən 4,5 dəfə çoxdur.

İl ərzində mütləq təqdim olunmalı bələdiyyə aktları üzrə 16.703 akt (onlardan 295-i Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuşdur) icraata qəbul edilmişdir ki, bu da keçən ildəkindən 65% çoxdur (2005-ci ildə 10.120 akt daxil olmuşdur). 988 (2005-ci ildə - 470) qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyyələrə müraciət edilmişdir. Müqayisə üçün qeyd edək ki, bələdiyyə qərarlarının ləğvi və ya dəyişdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin bələdiyyələrə müraciətlərinin sayı 2005-ci ilə nisbətən 2 dəfə artmışdır. Həmin müraciətlərin nəticəsi olaraq 466 qərar bələdiyyə tərəfindən ləğv edilmiş, 22 qərar dəyişdirilmişdir.

Bundan başqa əsasən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı olan 48 qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün məhkəmədə iddia qaldırılmışdır. Məsələnin vacibliyi nəzərə alınaraq bu işlərə baxılması vəziyyətinə dair məhkəmə təcrübəsini ümumiləşdirib məhkəmələrə müvafiq izahlar verilməsi barədə Ali Məhkəməyə müraciət olunmuşdur.

Bələdiyyə aktlarının qanunla müəyyən edilmiş qaydada Ədliyyə Nazirliyinə göndərilməməsinə görə 146 (2005-ci ildə 80) inzibati xəta protokolu tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Onlardan 81 nəfər bələdiyyə sədri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb edilmişlər.

Təəssüf ki, bir sıra hallarda cinayət xarakterli hüquq pozuntularına da rast gəlinir. İl ərzində 17 bələdiyyənin (2005-ci ildə isə 15) fəaliyyətində ciddi pozuntular aşkar edildiyinə görə həmin pozuntulara hüquqi qiymət verilməsi üçün materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Cinayət xarakterli pozuntulara Bakı şəhəri Xətai və Rəsulzadə, Abşeron rayonu Ceyranbatan, Biləsuvar rayonu Bəydili, İsmətli və Ovçubərə, Masallı rayonu Qızılağac və Köhnə Alvadı, Astara rayonu Astara, Şəki rayonu Təpəcənnət, Sabirabad rayonu Qaralar, İmişli rayonu Soltanmuradlı, Göyçay rayonu Qarayazı, Samux rayonu Qarayeri, Zaqatala rayonu Fındıqlı, Qusar rayonu Hil və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyələrində yol verilmişdir.

Cinayət xarakterli işlərin təhlili göstərir ki, baş vermiş qanun pozuntuları əsasən aşağıdakı istiqamətlərdədir:

  • bələdiyyənin maliyyə sənədlərinin qanunsuz məhv edilməsi;
  • bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlərə dair təkbaşına sərəncam verilməsi;
  • bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmaması;
  • bələdiyyə torpaqlarının normativ qiymətdən aşağı, bir sıra hallarda dəyəri ödənilmədən satılması nəticəsində bələdiyyəyə mühüm ziyan vurulması;
  • yuksək gərginlikli elektrik xətlərinin, ixrac neft boru kəmərlərinin, suvarma kanallarının mühafizə zolaqlarında vətəndaşlara torpaq sahələrinin ayrılması;
  • bələdiyyə mülkiyyətində olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi;
  • satışı qadağan olunan örüş və kənd təsərrüfatına yararlı torpaqların qanunsuz satılması.

 

Torpaq qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması məsələsi daim diqqət mərkəzində olmuş və bununla əlaqədar əlavə tədbirlər də həyata keçirilmişdir. Belə ki, 2006-ci il ərzində bələdiyyələr tərəfindən 894 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 665 ha torpaq sahəsinin isə qanunsuz olaraq icarəyə verilməsi haqqında qərarlar Nazirliyin tövsiyələri əsasında müvafiq bələdiyyələr, həmçinin Nazirliyin iddiaları əsasında məhkəmə tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində 1559 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.

Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməməsi qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşların narazılığına səbəb olan haldır. Belə ki, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 8-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə, istifadəyə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya vasitələrində hər il hesabat dərc etdirməlidirlər. Təəssüf ki, Qanunun bu tələbinə əməl edilmir.

Bələdiyyə torpaqlarının idarə edilməsi məsələlərinə dair qanun pozuntularının qarşısının alınması, habelə mövcud problemlərin təhlili üçün aidiyyəti dövlət orqanları ilə birlikdə hüquqi maarifləndirməyə yönəlmiş seminar, müşavirə və digər tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə Azərbaycan Respublikası Milli Məclisinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin memarlıq xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Ədliyyə Nazirliyinin, bələdiyyələrin və digər təşkilatların nümayəndələri iştirak etmişlər.

Bələdiyyələrdə yol verilmiş qanun pozuntularının profilaktikasına xüsusi əhəmiyyət verilərək başlanmış cinayət işləri üzrə istintaq və məhkəmə orqanları tərəfindən cinayətin səbəb və şəraitinin aradan qaldırılmasına dair 12 təqdimat, xüsusi qərar və qərardadlar verilmişdir. Onların İmişli, Xaçmaz, Neftçala, Göyçay, Oğuz, Zaqatala, və Qax rayonlarının müvafiq bələdiyyələrində müzakirəsi zamanı Nazirliyin əməkdaşları iştirak etmiş, qanun pozuntularına gələcəkdə yol verilməməsi istiqamətində təklif və tövsiyələrini bildirmişlər.

Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirərkən Auditorlar Palatası, Hesablama Palatası və digər aidiyyəti orqanlar ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.

Bununla belə hesab edirik ki, inzibati nəzarətin səmərəliliyinin artırılması, bu sahədə işin təşkilinin keyfiyyətcə yaxşılaşdırılaraq daha yüksək səviyyəyə çatdırılması istiqamətində bir çox işlər görülməlidir. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasının əsas şərtlərindən biri bələdiyyələrdə işin düzgün təşkili, onların səriştəli kadrlarla təmin edilməsidir. Ədliyyə Nazirliyi bu məsələlərə xüsusi əhəmiyyət verərək bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının maariflənməsini daim diqqət mərkəzində saxlamışdır.

Nazirliyin Hüquq Tədris Mərkəzində təşkil edilən kurslarla kifayətlənməyərək hüquq maarifçiliyinin yalnız bələdiyyə üzvləri və bələdiyyə qulluqçularını deyil, daha geniş auditoriyanı əhatə etməsi məqsədi ilə, kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək televiziya və radioda 25 çıxış edilmiş, qəzet və jurnallarda 22 məqalə yazılmışdır. Bu məqsədlə Azərbaycan Televiziyasında bələdiyyələrlə bağlı hazırlanmış xüsusi verilişlərin böyük əhəmiyyəti olmuşdur. Bundan başqa 19 yerli və regional seminarlar və digər tədbirlər keçirilmişdir.

Bələdiyyələrin maarifləndirilməsi işində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə zəruri kömək göstərilir. Keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, eləcə də, müvafiq bələdiyyələrin nümayəndələrinin iştirakı təmin edilir, onların zəruri hüquqi ədəbiyyatla təmin olunmasına kömək edilir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi də regionda müvafiq maarifləndirici tədbirlər həyata keçirir.

Bələdiyyələrin maarifləndirilməsinə yönələn tədbirlər həm də digər aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq şəraitində həyata keçirilmişdir. Bu tədbirlərdə cəmiyyətin demokratikləşməsi prosesində yerli özünüidarəetmə orqanlarının rolu, onların hüquq və vəzifələri, işin təşkili məsələləri, torpaq qanunvericiliyi, korrupsiya problemləri barədə ətraflı müzakirələr aparılmışdır.

Bələdiyyələrin maarifləndirilməsi məsələlərində metodik vəsaitlərin hazırlanması çox önəmlidir. Bunu nəzərə alaraq həlli vacib olan bu və digər sahədə işin düzgün təşkilini təmin etmək üçün bələdiyyələrin maraqlarına və ehtiyaclarına cavab verən vəsaitlər hazırlanmasına üstünlük verilmişdir. Belə ki, Britaniya Şurası (British Council) və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (İFES) birlikdə Bələdiyyələr və onların icmaları Təlim Proqramı hazırlanmış və bələdiyyələrin istifadəsinə verilmişdir.

Bundan başqa, 2005-ci ildə Bakı və Sumqayıt şəhərlərində Bələdiyyələr və ekologiya: mövcud problemlər və onların həlli yolları mövzusunda keçirilmiş elmi-praktik konfransların materialları, eləcə də müvafiq qanunlar Sumqayıt bələdiyyəsinin maliyyə köməyi ilə dərc olunaraq bələdiyyələrin istifadəsinə verilmişdir.

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təşkilatlarla, xarici ölkələrin dövlət və yerli özünüidarə orqanları ilə məqsədyönlü əməkdaşlığın həyata keçirilməsini zəruri etmişdir. Bu baxımdan, beynəlxalq əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilmişdir. Bütövlükdə il ərzində 30-dan artıq müxtəlif beynəlxalq tədbirlər həyata keçirilmişdir.

Avropa Şurası və onun müvafiq təşkilatları ilə sıx və intensiv əlaqələr bələdiyyələrin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilində çox əhəmiyyətlidir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) ilə yerli özünüidarə sahəsində korrupsiyaya qarşı mübarizə, yerli hakimiyyətlərin milli assosiasiyalarının təşkili, bələdiyyələrə müstəsna səlahiyyətlərin verilməsi, regional əməkdaşlıq, bələdiyyələrin maliyyə müstəqilliyi və s. məsələlər üzrə faydalı əməkdaşlıq edilmişdir.

Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə olduqca səmərəli və işgüzar münasibətlər qurularaq onunla yerli və regional demokratiya məsələlərinin həllində geniş əməkdaşlıq həyata keçirilmişdir. Məhz bu əməkdaşlığın bariz nümunəsidir ki, Konqresin keçmiş prezidenti Covanni Di Stazi və yeni prezidenti Halvdan Skard, Konqresin vitse-prezidentləri Yan Mikalef və Yelena Sfirloqa, həmçinin digər yüksək vəzifəli şəxslər ayrı-ayrılıqda 2006-cı ildə Azərbaycana işgüzar səfərlər etmişlər. Xüsusi ilə əlamətdardır ki, Halvdan Skard prezident seçildikdən sonra özünün ilk xarici səfərini ölkəmizə etmişdir.

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov Strasburqda Konqresin iyun sessiyasında iştirak edərək Cənubi Qafqazda yerli və regional demokratiya məsələləri üzrə plenar iclasda çıxış etmiş, yerli özünüidarə institutunun inkişafı üzrə ölkəmizdə görülən işlər barədə geniş məlumat vermiş, Ermənistanın hərbi təcavüzünün ağır nəticələri, həmçinin bir milyondan artıq vətəndaşımızın özünüidarə hüququndan məhrum olmasını iştirakçıların diqqətinə çatdırmışdır.

Məlum olduğu kimi, 6 noyabr 2006-cı ildə bələdiyyələrə təkrar, əlavə, ilk dəfə və yeni seçkilər keçirilmişdir. Seçkilərin keçirilməsində Ədliyyə Nazirliyi əsas etibarilə seçicilərin maariflənməsinə yönələn tədbirlər həyata keçirmiş və bununla əlaqədar həm Mərkəzi Seçki Komissiyası ilə, həm də yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Yerli və Regional Hakimiyyətlər Konqresi seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində hakimiyyətin həyata keçirdiyi səyləri alqışlamışdır.

Bütün bunlarla yanaşı bildiririk ki, 2004-2005-ci ilin yekunları üzrə Milli Məclisə təqdim olunan illik məruzələrdə inzibati nəzarətin və bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək məqsədilə bəzi təkliflər verilmişdir. Onlara əlavə olaraq aşağıdakı yeni təkliflərə də baxıla bilər:

  • bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət zamanı müstəqil audit xidmətindən istifadə edilməsi maliyyə məsrəfləri tələb etdiyi üçün inzibati nəzarəti həyata keçirən orqana dövlət büdcəsindən hər il üçün maliyyə vəsaitinin ayrılması zəruridir. Bu, inzibati nəzarətin həyata keçirilməsi məsələlərində maliyyə sərbəstliyini təmin etmiş olar. Ona görə də Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanuna müvafiq əlavələr edilməsi məqsədəuyğundur;
  • Bələdiyyələrin maliyyəsinin əsasları haqqında, Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunlarında bələdiyyələrin üzərinə yerli büdcə vəsaitinin xərclənməsi barədə hesabatın əhaliyə çatdırılması vəzifəsi qoyulmuşdur. Yerli özünüidarəetmənin səmərəliliyini artırmaq və əhalini bələdiyyələrin fəaliyyəti barədə tam və obyektiv məlumatla təmin etmək məqsədi ilə müvafiq hüquq normalarının qanunvericilikdə daha da gücləndirilməsi məqsədəuyğun olardı;
  • Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində torpağın xüsusi mülkiyyətə verilməsi ilə bağlı müəyyən olunmuş adambaşına düşən orta torpaq normasına uyğun olaraq kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar üçün maksimum həddi müəyyən edən limit qoyulmuşdur. Torpaqların surətli alqı-satqısını nəzərə alaraq həmin limitin yenidən nəzərdən keçirilməsi məqsədəmüvafiqdir;
  • Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununda vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə fərdi və kollektiv surətdə müraciət etmək hüquqları təsbit edilmiş, lakin qanunvericilikdə qeyd olunan müraciətlər üzrə icraatın və kargüzarlığın aparılması qaydaları açıqlanmamışdır (qeyd edirik ki, Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikası Qanunu, habelə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları yerli özünüidarə orqanlarına bilavasitə şamil edilmir). Ona görə də, bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması və həmin müraciətlər üzrə kargüzarlığın aparılması qaydalarının tənzimlənməsi üçün müvafiq normativ hüquqi aktın qəbul edilməsi təklif olunur;
  • bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrinə əsasən bələdiyyələrə bəzi yeni tam və müstəsna səlahiyyətlərin verilməsi məsələsinə baxılması da məqsədəuyğun olardı.

 

Hörmətli millət vəkilləri!

Ölkəmizdə geniş, hərtərəfli quruculuq işləri aparılır və davamlı olaraq bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir, mövqeləri möhkəmlənir. Demokratik dəyişikliklərin geniş vüsət aldığı indiki zamanda yerli özünüidarənin, bələdiyyələrin də rolu getdikcə artmaqdadır. Ölkədə yerli demokratiyanın inkişafı, bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, onların fəaliyyətinə inzibati nəzarətin daha səmərəli həyata keçirilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

Keçidlər