X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli millət vəkilləri!

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2007-ci il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm:

Ölkəmizdə uğurla həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində son illər böyük sosial-iqtisadi tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bütün sahələrini əhatə etmişdir. Bu tərəqqi demokratik təsisatların möhkəmlənməsinə, səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin təkmilləşərək həyat normasına çevrilməsinə imkan yaratmış, dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmə daha da təkmilləşmişdir. Ulu öndər Heydər Əliyev yerli özünüidarəetmənin yaradılmasını ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi hesab etmis, onun inkişafına çox böyük qayğı göstərmiş, bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir.

Ümumilli liderimiz Heydər Əliyev demokratik cəmiyyət quruculuğu prosesində yerli özünüidarənin rolunu yüksək qiymətləndirərək demisdir: Yerli özünüidarənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Bu həm də demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlara imkanlar yaradılmasının göstəricisidir.

İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönələn əhəmiyyətli dövlət tədbirləri cəmiyyətdə daha uğurlu gələcəyə böyük inam yaratmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının həyata keçirilməsi bələdiyyələrin də səfərbər olmasına, onların yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində fəallıq göstərməsinə, təşəbbüskarlıq, işgüzarlıq meyllərinin artmasına səbəb olmuşdur. Sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin rolunun gücləndirilməsi məqsədi ilə yerli özünüidarəetmə orqanlarının tarixində ilk dəfə olaraq 27 iyun 2007-ci ildə Bakı şəhərində bələdiyyə sədrlərinin Ümumrespublika toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri və məsul işçiləri, nazirlər, komitə sədrləri, Milli Məclisin deputatları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyə sədrləri, bələdiyyələrin Milli assosiasiyalarının, Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

Həmin tədbirdə bələdiyyələrin fəaliyyəti geniş müzakirə edilmiş, həyata keçirilmiş tədbirlər, müsbət işlər və çatışmazlıqlar qeyd olunaraq bələdiyyələrin qarşısında duran vəzifələr müəyyən edilmişdir. Toplantıda Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının Fəaliyyətini Əlaqələndirmə Şurasının yaradılması da önəmli olmuşdur.

Son illərdə qəbul edilmiş bir sıra dövlət proqramları həm də yerli özünüidarənin inkişafı ilə bağlı prioritet istiqamətlər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə təkan vermiş və bu işin daha məqsədyönlü aparılmasına şərait yaratmışdır. İnsan hüquqlarının müdafiəsi baxımından müstəsna əhəmiyyətinə görə Milli Fəaliyyət Planı Yerli özünüidarə orqanlarının normativ aktlarının Bülletenində dərc olunaraq bələdiyyələrə çatdırılmışdır.

Digər mühüm dövlət sənədi kimi, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya-nın yerinə yetirilməsi ilə bağlı prioritetlər müəyyən edilərək müvafiq Fəaliyyət Planı təsdiq edilmişdir. Hər iki sənəd bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, yerli əhalinin hüquqlarının qorunması baxımından böyük əhəmiyyətə malikdir.

Yerli özünüidarəetmə ilə bağlı əldə olunmuş təcrübə bu sahədə işin təkmilləşdirilməsi, yerli demokratiyanın inkişafı, əhalinin sosial-iqtisadi problemlərinin daha çevik üsullarla həll edilməsi üçün möhkəm zəmindir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin yerli özünüidarənin inkişafına daim qayğı göstərməsi bu prosesdə mühüm irəliləyişlər əldə olunmasına təminat verir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticəsidir ki, ötən bir il ərzində bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bir sıra mühüm qanunlar qəbul edilmişdir. Yerli özünüidarə haqqında Avropa Xartiyasına uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməsi istiqamətində işlər davam etdirilərək onlara digər yeni səlahiyyətlər də verilmişdir.

Belə ki, Bələdiyyələrin statusu haqqında Qanuna dəyişiklik və əlavələr edilərək yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mərasim xidmətlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmuşdur. Büdcədə zəruri xərclərin nəzərdə tutulması və təyinatı üzrə sərf olunmasına dair yeni norma müəyyən edilmişdir.

Bələdiyyələrə dövlət əmlakının verilməsi istiqamətində də işlər davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə ölkənin kənd və qəsəbə ərazisində yerləşən yolların və küçələrin bir hissəsinin bələdiyyələrin balansına təhvil verilməsi üçün Nazirlər Kabinetinə tapşırıq verilmişdir.

Məlumdur ki, Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşa çıxarılması nəzərdə tutulmuşdur. Hesab edirik ki, bu qanunun qəbul edilməsi bələdiyyələrin daha geniş dairədə fəaliyyət göstərməsinə imkan yaradacaqdır. Layihənin əhəmiyyətini və geniş marağa səbəb olmasını nəzərə alaraq rəy verilməsi üçün həmin sənəd Avropa Şurasına ekspertizaya göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Ədliyyə orqanlarının inkişafı haqqında 17 avqust 2006-cı il tarixli Fərmanının icrası ilə bağlı Ədliyyə Nazirliyinin yeni struktur vahidi kimi baş idarə statusunda təşkil olunan Bələdiyyələrlə iş mərkəzinin Əsasnaməsi təsdiq edilmişdir. Eyni zamanda, əhalinin zəruri hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi, habelə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, bələdiyyələrdə aparılan işin, eləcə də onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə regional ədliyyə şöbələrinin yaradılması ilə bağlı hazırlıq işləri başa çatdırılmış, şöbələrin dislokasiyası və ştat vahidləri müəyyən edilmiş, regional ədliyyə şöbələrinin əsasnaməsi təsdiq edilmişdir. Ədliyyə Nazirliyinin 25 iyun 2007-ci il tarixli əmri ilə regional ədliyyə şöbələri yaradılmış və həmin şöbələrin kadrlarla komplektləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və yerinə yetirilməsi Ədliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdəndir və onun daim təkmilləşdirilməsinə, daha səmərəli həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Qeyd olunmalıdır ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi və maarifçilik işinin təşkili məsələlərində əvvəlki illər üzrə illik məruzələrin müzakirələri zamanı Milli Məclis tərəfindən verilmiş tövsiyələr nəzərə alınmış, onların yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda inzibati araşdırmaların yekunu təhlil edilərək müvafiq tövsiyə tərtib edilmiş və bütün bələdiyyələrə göndərilmişdir. Yol verilmiş qanun pozuntuları, onların xarakteri, cinayət faktları, inzibati məsuliyyətə cəlbetmə tədbirləri və s. göstərilməklə, həmin pozuntulardan nəticə çıxarılmasının zəruriliyi tövsiyədə qeyd olunmuşdur.

2007-ci il ərzində Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1649 müraciət daxil olmuş, 115 müraciət üzrə inzibati nəzarət icraatı aparılmışdır. Bundan başqa, 2007-ci il ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində bələdiyyənin fəaliyyəti ilə bağlı 5 müraciətə baxılmışdır.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanuna görə, bələdiyyələr qəbul etdikləri müvafiq aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Son illər qəbul edilmiş bələdiyyə aktlarının sayında xeyli artım müşahidə olunmaqdadır. Belə ki, 2007-ci il ərzində Nazirliyə inzibati nəzarət qaydasında baxılması üçün 17522 bələdiyyə aktı daxil olmuş və onların qanunvericiliyə uyğunluğu öyrənilmişdir. (2006-cı ildə icraata 16404 bələdiyyə aktı daxil olmuşdur). Bələdiyyələrin qəbul etdikləri aktların ilbəil artması ölkəmizdə gedən iqtisadi inkişafla, həyata keçirilən maarifçilik işi ilə sıx bağlı olub, bələdiyyələrin getdikcə daha da fəallaşdığını göstərir.

Qanunazidd qərarların ləğv edilməsi məsələsinə xüsusi əhəmiyyət verilərək onların qanuna uyğunlaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Belə ki, bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi nəticəsində 933 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələr qarşısında məsələ qaldırılmışdır. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən 242 akt ləğv edilmiş, 21 akt dəyişdirilmiş, digərləri isə baxılmaqdadır. Təmin edilməmiş müraciətlər üzrə il ərzində məhkəmələrə keçən illə müqayisədə 4 dəfə çox - 180 iddia verilmişdir (2006-cı ildə 48 iddia verilmişdir).

Bununla yanaşı, 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icraatına 1355 bələdiyyə aktı daxil olmuş, onlardan 3 aktın ləğvi və ya dəyişdirilməsi üçün müvafiq bələdiyyələrə müraciət olunmuş, 2 akta dair isə tövsiyə məktubu göndərilmişdir.

Bir sıra bələdiyyələr Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını təqdim etməmişlər. Bu vəziyyətin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi üçün Nazirlik tərəfindən müvafiq tədbirlər görülməsi davam etdirilmişdir.

Bundan başqa, fəaliyyətləri zamanı qanun pozuntularına yol verdiklərinə görə 309 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir. Bu, keçən ilə münasibətdə 2 dəfədən artıqdır (müqayisə üçün qeyd edirik ki, 2006-ci ildə inzibati xəta haqqında 146 protokol tərtib olunmuşdur).

Tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında 185 bələdiyyə sədri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb edilmişlər.

Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.1-ci maddəsinə əsasən (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə) 9 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir.

Göstərilənlərlə yanaşı, 25 bələdiyyənin fəaliyyəti inzibati nəzarət qaydasında araşdırılarkən daha ciddi qanun pozuntuları aşkar edilmiş və bununla bağlı prokurorluq orqanlarına müraciət olunaraq müvafiq faktlar üzrə cinayət işləri başlanmışdır (müqayisə üçün qeyd edirik ki, 2006-cı ildə 17 bələdiyyədə cinayət xarakterli faktlar aşkar edilmişdir).

İnzibati araşdırma zamanı ziyanvurma hallarının qarşısının alınmasına mühüm əhəmiyyət verilərək müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, 2007-ci il ərzində 116560 manat məbləğində əsas vəsaitin uçotdan yayındırılması hallarının qarşısı alınaraq həmin vəsaitlər bələdiyyə balansına daxil edilmişdir. İnzibati araşdırma nəticəsində aşkar edilmiş ziyanvurma faktı 253639 manat təşkil edir.

Cinayət xarakterli işlərin təhlili göstərir ki, bələdiyyə mülkiyyətində olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi, dövlət mülkiyyətinə məxsus əmlakın qanunsuz satılması, dövlət büdcəsinə ziyan vurulması, mühasibat uçotunun qanunazidd aparılması, bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmaması, bələdiyyə iclasının səlahiyyətlərinə aid məsələlərə dair təkbaşına sərəncamlar verilməsi, bələdiyyənin maliyyə sənədlərinin gizlədilməsi kimi ciddi qanun pozuntularına yol verilmişdir.

Qanun pozuntularının başvermə səbəblərinin və şəraitinin aradan qaldırılması məqsədi ilə digər profilaktik tədbirlərin də həyata keçirilməsinə diqqət yetirilir. Belə ki, məhkəmə və istintaq orqanlarının bələdiyyələr və onların vəzifəli şəxsləri barədə 14 xüsusi qərardad və təqdimatı Nazirliyin əməkdaşlarının iştirakı ilə həmin bələdiyyələrdə müzakirə olunmuş, mövcud qanun pozuntuları və nöqsanların bir daha təkrar olunmaması üçün konkret təkliflər verilmişdir.

Qanun pozuntularının qarşısının alınması məqsədi ilə bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 282 tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi tövsiyə edilmişdir.

Bələdiyyələrin fəaliyyətində aşkar edilmiş pozuntular əsasən torpaq qanunvericiliyinin tələblərinə əməl olunmaması ilə əlaqədar olduğundan bu məsələ daim diqqət mərkəzində olmuş və bununla əlaqədar əlavə tədbirlər həyata keçirilmişdir. Belə ki, 2007-ci il ərzində bələdiyyələr tərəfindən 301 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1817 ha torpaq sahəsinin qanunsuz olaraq icarəyə, 31 ha torpaq sahəsinin isə qanunsuz olaraq istifadəyə verilməsi haqqında qərarlar Nazirliyin tövsiyələri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində 2149 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.

Torpaq sahələrinin ayrılmasında qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı bütün bələdiyyələrə 20 aprel 2007-ci ildə tövsiyə məktubu göndərilmişdir. Məktubda bələdiyyə torpaqlarından qanunauyğun və səmərəli istifadə olunması, torpaq qanunvericiliyinin pozulması hallarına yol verilməsinin səbəbləri və gələcəkdə onların qarşısının alınması məsələləri öz əksini tapmışdır. Bununla yanaşı, hüquqi və fiziki şəxslər tərəfindən dövlətə məxsus torpaq sahələri barəsində qanunsuz qərarlar verilməsinin qarşısının alınması məqsədi ilə bütün bələdiyyələrə 29 dekabr 2007-ci il tarixdə tövsiyə məktubu göndərilmişdir.

Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun 2-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il 237 nömrəli Fərmanı ilə bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid müvafiq sənədlərin iki ay müddətində bələdiyyələrə təhvil verilməsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Buna baxmayaraq, hələ də bir sıra bələdiyyələrə müvafiq sənədlər təhvil verilməmişdir.

Daha çox yol verilən qanun pozuntularından biri də qiymət intizamına əməl olunmaması ilə bağlıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Bələdiyyələrdə aparılmış araşdırmalar zamanı bir çox hallarda bələdiyyə torpaqlarının bazar qiymətləri nəzərə alınmadan, normativ qiymət həddində satılması müəyyən edilmişdir.

Qiymət intizamının tez-tez pozulmasını nəzərə alaraq bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilərkən qanunvericiliyə əməl edilməsi, hər bir bələdiyyə torpağının normativ qiymətindən aşağı olmamaq şərti ilə, bazar qiymətinə uyğun satılması, torpağın normativ və satış qiymətinin bələdiyyə qərarında göstərilməsi və eləcə də torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltməkdən ötrü hərrac və müsabiqələr keçirilməsi barədə 9 aprel 2007-ci ildə bələdiyyələrə tövsiyə məktubu göndərilmişdir.

Milli Məclisin qəbul etdiyi Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il tarixli Qanunla bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsinə dair yeni normanın müəyyən olunması göstərilən problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Qanunun əhəmiyyətini nəzərə alaraq onun düzgün icrasını təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən müvafiq tövsiyə hazırlanmış və bələdiyyələrə göndərilmişdir.

Bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntularının səbəblərindən biri də bəzi hallarda şəffaflığın və demokratik idarəçilik prinsiplərinin pozulmasıdır. Eyni zamanda, bələdiyyə iclaslarının mütəmadi keçirilməməsi, iclas protokollarının tərtib edilməməsi, bələdiyyələrin daimi komissiyalarının formalaşdırılmaması kimi hallara da rast gəlinir.

Bələdiyyələrdə mövcud olan problemlərdən biri də torpaq və daşınmaz əmlak vergisinin yığılmaması və bu sahədə olan səriştəsizliklə bağlıdır. Bir çox bələdiyyələrdə iş düzgün təşkil edilmədiyindən zəbt olunmuş torpaqların azad edilməməsi, istifadəçilərin vergiyə cəlb olunmaması, həmçinin, icarəyə verilmiş torpaqlara dair icarə haqqının vaxtında və ya ümumiyyətlə yığılmaması halları da baş verir ki, bütün bunlar bələdiyyə büdcəsinə mənfi təsir göstərən amillərdir.

Göstərilən problemlərin həlli məqsədi ilə Nazirlik tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara hüquqi, metodoloji yardım göstərilməsi diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə bələdiyyələrin maarifləndirilməsinə yönəldilmiş bir çox seminarlar, tədris kursları, müşavirələr və s. tədbirlər təşkil olunmuş, metodik vəsaitlər hazırlanmışdır. Bələdiyyələrin maarifləndirilməsinə yönələn tədbirlər həm də digər aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatları, eləcə də beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Bu tədbirlərin nəticəsində 2050 nəfərdən çox bələdiyyə üzvü və qulluqçusu müxtəlif formalarda təşkil olunan təlim-tədris proseslərinə cəlb olunmuşlar.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq təşkil edilmiş Ədliyyə Akademiyasında yerli özünüidarə orqanları üçün kadr hazırlığı və kadrların ixtisaslarının artırılması işini məqsədyönlü şəkildə həyata keçirmək üçün bələdiyyə fakültəsinin açılması da nəzərdə tutulmuşdur. Bu isə, maarifçilik işinin daha peşəkar, planlı və səmərəli aparılmasına imkan yaradacaqdır.

Maarifçilik işində geniş tətbiq edilən vasitələrdən biri də rayonlarda seminarların keçirilməsidir. Bütövlükdə, il ərzində keçirilmiş 24 seminarda 1793 nəfər bələdiyyə üzvü və bələdiyyə qulluqçusunun iştirakı təmin edilmişdir.

Göstərilənlərlə yanaşı, kütləvi informasiya vasitələrindən istifadə etməklə daha geniş auditoriya üçün maarifləndirici tədbirlər həyata keçirilmişdir.

Ədliyyə Nazirliyində bələdiyyələrə metodik kömək göstərilməsi daim diqqət mərkəzində olmuşdur. Bütövlükdə isə il ərzində 14 metodik vəsait hazırlanmışdır.

Bələdiyyələrin maarifləndirilməsi işində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə də zəruri kömək göstərilir. Keçirilən maarifçilik tədbirlərində Muxtar Respublika Ədliyyə Nazirliyinin, eləcə də, müvafiq bələdiyyələrin nümayəndələrinin iştirakına şərait yaradılır, onların ehtiyacları öyrənilərək zəruri hüquqi ədəbiyyatla təmin edilirlər. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi də regionda maarifləndirici tədbirlər həyata keçirir. Bu tədbirlərin səmərəli keçməsinə kömək etmək məqsədi ilə müxtəlif mövzularda hazırlanmış məruzələr, sənədlərin nümunələri və digər metodik vəsaitlər Naxçıvan MR Ədliyyə Nazirliyinə göndərilmişdir. Qeyd olunanlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarının təcrübə keçmələri təşkil edilmiş, bələdiyyələr üçün Naxçıvan şəhərində seminar keçirilmiş, Ədliyyə Nazirliyinə zəruri texniki yardım göstərilmişdir.

Yerli demokratiya və özünüidarənin inkişafı istiqamətində Avropa Şurasının müvafiq qurumları və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa da xüsusi əhəmiyyət verilir.

İlk növbədə qeyd olunmalıdır ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda yerli və regional demokratiyaya dair 126 nömrəli Tövsiyəsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Hökumətinin məruzəsi müvafiq dövlət orqanlarının məlumatları alınmaqla hazırlanmış və vaxtında Konqresə göndərilməsi təmin edilmişdir. Hökumətin məruzəsində yerli və regional demokratiyanın inkişafında, yerli özünüidarənin həyata keçirilməsinin yaxşılaşdırılmasında Azərbaycan Hökumətinin həyata keçirdiyi islahatlar, müxtəlif iqtisadi, təşkilati, hüquqi, siyasi tədbirlər ətraflı qeyd olunmuşdur.

Oktyabrın 15-16-da İspaniyanın Valensiya şəhərində Avropa Şurasına üzv olan ölkələrin yerli və regional qurumlar üzrə məsul nazirlərin konfransının 15-ci sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Tədbirdə konfrans iştirakçılarına ölkəmizdə yerli özünüidarəetmə sahəsində həyata keçirilən mütərəqqi islahatlar barədə ətraflı məlumat verilmiş, Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğal olunması səbəbindən həmin ərazidə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü nümayəndələrin nəzərinə çatdırılmışdır. Sessiyanın sonunda Valensiya bəyannaməsi qəbul edilmişdir. Konfransın yekun sənədi olan həmin Bəyannamədə Avropada Yerli Demokratiya Həftəsinin keçirilməsi ilə bağlı ölkəmizin fəallığı yüksək qiymətləndirilmişdir.

Mühüm siyasi tədbir kimi Avropada Yerli Demokratiya Həftəsinin keçirilməsi barədə qəbul edilmiş qərarın yerinə yetirilməsi işinə Azərbaycan bələdiyyələri də qoşularaq xüsusi fəallıq göstərmişlər. Demokratiya həftəsinin mütəşəkkil və məqsədyönlü keçirilməsini təmin etmək üçün bələdiyyələrin Milli assosiyasiyalarının təşəbbüsü, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının təşkilatçılığı ilə bələdiyyə sədrləri üçün müşavirələr təşkil edilmiş, həftənin keçirilməsi ilə bağlı bələdiyyələrə müvafiq tövsiyələr verilmişdir. Tədbirin əhəmiyyəti nəzərə alınaraq noyabr ayında da Azərbaycanda Yerli Demokratiya Həftəsi keçirilmişdir. Bu tədbirin keçirilməsi bələdiyyələrlə əhalinin qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması və yerli demokratiyanın inkişafı baxımından çox önəmli olmuşdur.

6 dekabr 2007-ci il tarixdə Strasburqda Avropa Şurasının Demokratiya və Siyasi məsələlər üzrə Baş Direktorluğu və Demokratik İnstitutlar üzrə Direktorluğun təşkilatçılığı ilə Azərbaycanda daha təkmil yerli özünüidarə strategiyası: mövcud vəziyyətin qiymətləndirilməsi və əməkdaşlıq üçün gələcəkdə atılacaq mümkün tədbirlərin müəyyən edilməsi mövzusunda işçi qrupunun görüşü keçirilmişdir. Həmin tədbirdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, bələdiyyələrin Milli assosiasiyalarının nümayəndələri iştirak etmişlər. Azərbaycan tərəfinin məruzələri müsbət qiymətləndirilərək yeni fəaliyyət planının hazırlanması qərara alınmışdır.

Bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi zəruriliyini nəzərə alaraq aşağıdakılar təklif olunur:

- Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin 4-cü və 5-ci bəndlərinə və Azərbaycan Respublikasının 15.10.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Bələdiyyənin nümunəvi nizamnaməsinin VIII bəndinə əsasən, bələdiyyə üzvləri bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər. Bələdiyyələrin statusu haqqında Qanunun 15-ci maddəsinin ikinci hissəsinə əsasən bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə və ya digər müəssisə və idarələr ola bilər. Bu baxımdan yuxarıda qeyd olunan Qanunlarda daimi əsasda sözlərinin təkmilləşdirilməsi məqsədəmüvafiqdir;

- təcrübədə örüş torpaq sahələrinin daşlı örüş, yararsız örüş adı altında satılması hallarına rast gəlinir. Torpaq Məcəlləsində örüş, biçənək, otlaq sahələrinin anlayışı verilməmiş, onların növləri sadalanmamışdır. Ona görə də Torpaq Məcəlləsinə müvafiq dəyişiklik edilməsinə ehtiyac vardır;

- bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə daşınmaz əmlak üzərində bələdiyyələrin hüquqlarının qeydiyyatının rüsumsuz aparılması məqsədəuyğundur. Bununla əlaqədar Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi məqsədəmüvafiqdir.

Hörmətli millət vəkilləri!

Yola saldığımız 2007-ci il Azərbaycanın içtimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olmuşdur. Ölkəmizin dünyada anoloqu olmayan sürətli inkişafı uğurlu islahatların, demokratik dəyərlərin cəmiyyətdə möhkəmlənməsinin məntiqi yekunudur. Qazanılmış mühüm naliyyətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixin sərt sınaqlarından qələbələrlə çıxmış siyasi kursunun yaradıcılıqla, qətiyyətlə davam etdirilməsinin nəticəsidir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atmış Azərbaycanın beynəlxalq aləmdə nüfuzu hər an artır, mövqeləri möhkəmlənir, demokratik imici yüksəlir.

Ölkəmizin müstəqil dövlət kimi formalaşması və inkişafında mühüm amilə çevrilmiş yerli demokratiyanın möhkəmləndirilməsi, cəmiyyətdə bələdiyyələrin rolunun artırılması, bələdiyyələr tərəfindən qanunçuluğa tam əməl edilməsi, onların fəaliyyətinə inzibati nəzarətin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində bundan sonra da zəruri tədbirlər görüləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Keçidlər