X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə (2008-ci il üzrə)» Ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli millət vəkilləri!

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2008-ci il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm:

Yola saldığımız il ölkəmiz üçün uğurlarla zəngin olmuş, böyük quruculuq işləri həyata keçirilmiş, ictimai həyatın bütün sahələrində islahatlar müvəffəqiyyətlə davam etdirilmişdir. Ölkəmizin beynəlxalq əlaqələri və nüfuzu xeyli yüksəlmişdir.

Ötən il Azərbaycan Respublikası Prezidentliyinə keçirilmiş seçkilərdə möhtərəm prezidentimiz cənab İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə parlaq qələbəsi aparılan siyasi kursa xalqımızın yüksək etimadını nümayiş etdirdi, ölkənin uğurlu gələcəyinə inamı daha da artırdı.

Ölkəmizdə həyata keçirilən hərtərəfli mütərəqqi islahatlar demokratik təsisatların möhkəmlənməsinə, daha səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin, dərinləşməsinə imkan yaratmışdır. Ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilmiş, dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmə daha da təkmilləşmişdir.

Yerli demokratiyanın inkişaf etdrilməsinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olması bu sahədə yeni-yeni uğurlar əldə olunmasına böyük zəmin yaradır. Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə əhalinin maraq və inamının artması seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir.

Sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin rolunun gücləndirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə 25 iyul 2008-ci ildə Yevlax şəhərində bələdiyyə sədrlərinin II Ümumrespublika toplantısı keçirilmişdir.Həmin tədbirdə bələdiyyələrin fəaliyyəti geniş müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə önəm verilmişdir. 25 aprel 2008-ci il tarixli qanunla «Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında» və «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının qanunlarına dəyişiklik və əlavələr edilərək bələdiyyələrin birləşmə imkanlarının genişləndirilməsi istiqamətində gərəkli addımlar atılmışdır. Yeni qanun bələdiyyələrin maliyyə, əmlak və başqa resurslardan daha səmərəli istifadə etməsinə imkan yaradır.

Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinə yönəlmiş 23 oktyabr 2007-ci il tarixli qanunla dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində istifadə, icarə və mülkiyyət hüquqlarının yalnız hərrac və ya müsabiqələr vasitəsi ilə əldə olunmasının müəyyən edilməsi çox böyük əhəmiyyət daşıyır. Bununla bağlı Milli Məclis 28 oktyabr 2008-ci il tarixli Qanun qəbul edərək «Torpaq islahatı haqqında», «Torpaq icarəsi haqqında», «Torpaq bazarı haqqında», «Torpaq Məcəlləsi» və bir sıra başqa qanunlara dəyişiklik və əlavələr etmişdir. Eyni zamanda, ölkə Prezidentinin 10 dekabr 2008-ci il tarixli Fərmanı ilə «Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları»na dəyişiklik və əlavələr edilmişdir. Yeni qanunvericilik aktları bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrin maliyyə mənbələrinin gücləndirilməsinə imkan yaradır.

Milli Məclisin 26 dekabr 2008-ci il tarixli qərarı ilə ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair referendum aktının layihəsinə insan haqlarının etibarlı qorunması, dövlət idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi və digər demokratik müddəalarla yanaşı, yerli özünüidarə orqanlarının müstəqilliyinə təminat verən normalar da daxil edilmişdir. Bələdiyyələrin müstəqilliyinin konstitusion təsbitini nəzərdə tutan bu əlavələr beynəlxalq standartlara, o cümlədən «Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının» tələblərinə tam uyğun olmaqla, bələdiyyələrin inkişafına əlavə təminat verəcəkdir.

2009-cu ildə keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq, bu seçkilərin mütəşəkkil keçirilməsi məqsədilə maarifləndirmə işinin təşkili, o cümlədən bələdiyyələrin cəmiyyətdə günbəgün artan rolunun və əhəmiyyətinin əhaliyə çatdırılması qarşıda duran ən başlıca vəzifələrdəndir.

Bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illlərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nda olduqca önəmli tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, həmin proqramda:

-bələdiyyə qanunvericiliyinin tətbiqi ilə əlaqədar mövcud boşluqların aradan qaldırılması üçün müvafiq ekspertizanın aparılması və təkliflərin verilməsi;

-bələdiyyələr və icra hakimiyyəti orqanlarının səlahiyyətləri və birgə fəaliyyəti ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi;

-bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

-bələdiyyələrin yerlərdə əhaliyə sosial (təhsil, səhiyyə) və kommunal xidmətlərin təşkilində rolunun genişləndirilməsi;

-əhalinin aztəminatlı təbəqələrinə göstərilən sosial yardımların və xidmətlərin ünvanlılığını təmin etmək məqsədi ilə bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsi kimi çox mühüm tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir.

Bütün bunlar yerli demokratiyanın daha da inkişaf etdirilməsində çox önəmli olmaqla yanaşı, həm də «Yerli özünüidarəetmə haqqında» Avropa Xartiyasından irəli gələn öhdəliklərin, Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda yerli və regional demokratiyaya dair 126 nömrəli tövsiyəsinin tamamilə yerinə yetirilməsinə yönəlmişdir.

Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramından irəli gələn vəzifələr Ədliyyə Nazirliyi Kollegiyasının 30 oktyabr 2008-ci il tarixli iclasında geniş müzakirə edilərək bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə orqanlarına göstərilən metodik yardımın səviyyəsinin yüksəldilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində 19 noyabr 2008-ci il tarixdə bələdiyyələrin və bələdiyyələrin Milli assosiasiyalarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilərək Dövlət Proqramından irəli gələn vəzifələr və onların yerinə yetirilməsi tədbirləri müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il və 28 iyul 2007-ci il tarixli Sərəncamları ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı»nda və «Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»da yerli özünüidarə ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası da Ədliyyə Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Bu mühüm dövlət sənədlərinin icrası məqsədi ilə ayrı-ayrı rayonlarda seminarlar və digər tədbirlər keçirilmiş, həmçinin, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə məsələləri 17 seminarın gündəliyinə daxil edilmişdir.

Bələdiyyələrin işinin qanunauyğunluğunun təmin edilməsi məqsədi ilə onların fəaliyyətinə «Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası»nda müəyyən edilmiş prinsiplərə uyğun inzibati nəzarət həyata keçirilir. Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş bu mühüm vəzifələrin icrası üzrə Nazirlik tərəfindən müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikası Prezidentinin «Ədliyyə orqanlarının inkişafı haqqında» Fərmanına uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onlara hüquqi və metodiki yardımın yaxşılaşdırılması məqsədi ilə regional ədliyyə şöbələrinin kadrlarla komplektləşdirilməsi, onların işinin düzgün təşkili üçün əlavə tədbirlər həyata keçirilmiş, yeni təyin olunmuş kadrların peşə hazırlığını yaxşılaşdırmaq məqsədi ilə onlara əməli və metodik kömək göstərilmişdir.

2008-ci il ərzində Ədliyyə Nazirliyinə (Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi də daxil olmaqla) bələdiyyələrin fəaliyyəti ilə bağlı 1615 müraciət edilmişdir. İcraatda olan müraciətlərin bir qisminə baxılaraq müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab verilmiş, bəziləri üzrə inzibati nəzarət icraatı aparılmışdır.

2008-ci il ərzində Nazirliyə inzibati nəzarət qaydasında baxılması üçün 15670 bələdiyyə aktı göndərilmiş və onların qanunvericiliyə uyğunluğu öyrənilmişdir. Bundan başqa, 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icraatına 1395 bələdiyyə aktı daxil olmuşdur. Beləliklə, ölkə bələdiyyələri tərəfindən 17065 akt baxılmaq üçün ədliyyə orqanlarına təqdim olunmuşdur.

İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 635 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələr qarşısında məsələ qaldırılmışdır. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən 436 akt ləğv edilmiş, 1 akt dəyişdirilmiş, digərləri isə baxılmaqdadır. Ləğv edilməmiş qərarlar üzrə isə il ərzində məhkəmələrə 143 iddia verilmişdir. Bununla yanaşı, fəaliyyətləri zamanı qanun pozuntularına yol verdiklərinə görə 421 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir.

İnzibati nəzarət icraatı zamanı bəzi bələdiyyələrin fəaliyyətində daha ciddi və cinayət xarakterli hüquq pozuntularına rast gəlinmişdir. Torpaqların ayrılmasında hərrac və müsabiqə qaydalarının pozulması, satışı qadağan olunan torpaq sahələrinin xüsusi mülkiyyətə verilərək dövriyyədən əsassız çıxarılması, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması, pul vəsaitlərinin qanunsuz xərclənməsi, torpaq sahəsi ayrılarkən bazar qiymətlərinin nəzərə alınmaması, vergi və ödənişlərin yerli büdcəyə ödənilməsinin tam təmin olunmaması nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması, maliyyə sənədlərinin gizlədilməsi faktları üzrə 15 bələdiyyə haqqında prokurorluq orqanlarına edilmiş müraciətlər əsasında cinayət işləri başlanılmışdır.

- Neftçala rayonu Xəzər bələdiyyəsində təkbaşına qərarlar verilməsi, torpaq vergisi və icarə haqlarının toplanmaması nəticəsində bələdiyyə büdcəsinə 168 min manat məbləğdə ziyan vurulduğuna görə Cinayət Məcəlləsinin 308.1 və 314-cü maddələri ilə;

- Goranboy rayonu Xanqərvənd bələdiyyəsində təkbaşına qərarlar verilməsi nəticəsində bələdiyyə büdcəsinə 31 min manatdan çox məbləğdə ziyan vurulmasına görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə;

- Quba rayonu Gömür Dəhnə bələdiyyəsində təkbaşına qərarlar verməklə, pul vəsaitinin qanunsuz xərclənməsi nəticəsində bələdiyyə büdcəsinə 48088 manata yaxın məbləğdə ziyan vurulmasına, xəzinə-bank sənədlərinin gizlədilməsinə görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Lənkəran rayonu Liman bələdiyyəsində 30 ha, Quba rayonu Dağlı bələdiyyəsində 4,24 ha, Oğuz rayonu Tayıflı bələdiyyəsində 3 ha, Bərdə rayonu Qasımbəyli bələdiyyəsində 5 ha ümumi istifadədə olan torpaq sahəsinin qanunsuz olaraq xüsusi mülkiyyətə verilməsi faktlarına görə də cinayət işləri başlanmışdır.

Göstərilənlərdən başqa, Zaqatala rayonu Aşağı Tala, Cəlilabad rayonu Çinar, Masallı rayonu Mahmudavar, Kürdəmir rayonu Mürtülü, Ağcabədi rayonu Böyük Kəhrizli, Tovuz rayonu İbrahimhacılı bələdiyyələrində də bələdiyyə büdcəsinə ziyan vurulması faktları aşkar edilmişdir. Sabunçu rayonu Maştağa bələdiyyəsində sədr tərəfindən təkbaşına qərarlar verməklə pul vəsaitinin qanunsuz xərclənməsi nəticəsində bələdiyyə büdcəsinə 305 min manat məbləğində ziyan vurulmasına dair materiallar Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddəsi ilə başlanmış cinayət işinə əlavə olunmaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.

2008-ci il ərzində bələdiyyələr tərəfindən 289.2 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 5703.3 ha torpaq sahəsinin qanunsuz olaraq icarəyə, 97.9 ha torpaq sahəsinin isə qanunsuz olaraq istifadəyə verilməsi haqqında qərarlar Nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr, habelə iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə, il ərzində 6090 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.

Ayrı-ayrı bələdiyyələrdə maliyyə vəsaitinin həcminin bələdiyyə aktlarında göstərilməməsi, bələdiyyə iclaslarının ardıcıl keçirilməməsi, iclas protokollarının tərtib edilməməsi, bələdiyyələrin daimi komissiyalarının formalaşdırılmaması hallarına da rast gəlinir. Bəzi bələdiyyələr isə istifadə olunmuş pul vəsaitlərinin xərclənməsi barədə mühasibat uçotu qaydalarına uyğun sənədləşdirmə aparmamışlar.

Bununla yanaşı, bəzi bələdiyyələrdə zəbt olunmuş torpaqların azad edilməsi və ya qanunsuz istifadəçilərin vergiyə cəlb olunması, həmçinin, torpaqlara dair icarə haqqının yığılması üçün tədbirlər görülmür.

Təhlillər göstərir ki, bələdiyyə büdcəsi başlıca olaraq torpaq və əmlak vergisi, bələdiyyə əmlakının özəlləşdrilməsi, icarəyə verilməsi hesabına formalaşır. Qanunvericilikdə müyyən edilmiş başqa vergi və ödənişlərin xüsusi çəkisi isə bələdiyyə büdcəsində çox cüzidir. Mədən vergisinin, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin toplanmasında fəaliyyətsizlik mövcuddur.

Hüquqpozma şəraitinin aradan qaldırılmasında qabaqlayıcı tədbirlərin keçirilməsinə xüsusi önəm verilərək məhkəmə və istintaq orqanlarının bələdiyyələr və onların vəzifəli şəxsləri barədə 27 xüsusi qərardad və təqdimatlarının müvafiq bələdiyyələrdə Nazirliyin əməkdaşlarının iştirakı ilə müzakirəsi təşkil olunmuşdur. Həmin müzakirələrdə bələdiyyələrə mövcud qanun pozuntuları və nöqsanların qarşısının alınması ilə bağlı təklif və tövsiyələr verilmişdir. Bələdiyyələrin fəaliyyətində qanun pozuntularına yol verilməməsi və maarifçilik məqsədi ilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 808 tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi təklif edilmişdir.

Göstərilənlərlə yanaşı, Nazirlik tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi və onlara hüquqi, metodoloji yardım göstərilməsi məqsədi ilə bir çox seminarlar, tədris kursları, müşavirələr və s. tədbirlər təşkil olunmuş, metodik vəsaitlər hazırlanmışdır.

2008-ci ildə Ədliyyə Akademiyasında bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün keçirilmiş həftəlik kurslarda dinləyicilərə Akademiyanın, Nazirliyin Qanunvericilik baş idarəsi və Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları tərəfindən mühazirələr oxunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da ixtisasartırma kursu təşkil edilmişdir. 2008-ci il ərzində keçirilmiş 15 tədris kursuna 233 nəfər dinləyici cəlb olunmuşdur.

Maarifçilik işində seminarların, müşavirələrin bölgələrdə təşklinə xüsusi əhəmiyyət verilir. İl ərzində keçirilmiş 24 seminarda 1214 nəfər bələdiyyə üzvü və bələdiyyə qulluqçusunun iştirakı təmin edilmişdir. Qeyd olunmalıdır ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən də regionda fəal maarifçilik işləri aparılmışdır. İl ərzində Naxçıvan Muxtar Respublikasının bələdiyyələri üçün 7 seminar-müşavirə keçirilmiş və bu tədbirlərə 300-dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.

«Avropada yerli demokratiya həftəsi»nin keçirilməsi ilə bağlı 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, Ədliyyə Nazirliyi və bələdiyyələrin Milli assosiasiyalarının yaxından iştirakı ilə 51 rayonda bələdiyyə sədrlərinin müşavirələri keçirilmiş, bələdiyyələrin qarşısında duran vəzifələr geniş müzakirə edilmişdir.

Beləliklə, başqa təlim-tədris tədbirləri də daxil olmaqla 2500-dən çox bələdiyyə üzvü və qulluqçusu maariflənməyə cəlb olunmuşlar. Bütövlükdə il ərzində 114 maarifləndirici tədbir keçirilmişdir.

Göstərilənlərlə yanaşı, kütləvi informasiya vasitələrindən istifadə etməklə daha geniş auditoriya üçün maarifçilik tədbirləri həyata keçirilmiş, mətbu nəşrlərdə məqalələr dərc olunmuş, radio və televiziyalarda mütəmadi çıxışlar edilmişdir.

Ədliyyə Nazirliyinin rəsmi nəşri olan «Yerli özünüidarə orqanlarının normativ aktlarının Bülleteni»ndə aidiyyəti qanunvericilik aktları, xarici ölkələrdə yerli özünüidarəetmə təcrübəsinə dair materiallar, bələdiyyələr üçün digər zəruri metodik vəsaitlər və s. materiallar dərc olunmuşdur. İl ərzində 12 metodik vəsait hazırlanmışdır.

2008-ci ildə bələdiyyələrin Milli assosiasiyalarının fəaliyyəti də xeyli genişlənmiş, onların təşəbbüsü və ya iştirakı ilə bir çox tədbirlər keçirilmişdir. Bələdiyyə sədrlərinin II Ümumrespublika Toplantısının hər il Azərbaycanda yerli demokratiya həftəsinin keçirilməsi barədə qərarına uyğun olaraq 2008-ci ilin noyabrında həftə çərçivəsində bələdiyyələrdə açıq qapı günləri, yerli sakinlərlə çoxsaylı görüşlər, sakinlərin iştirakı ilə bələdiyyə iclasları və tədbirlər keçirilmiş, sakinlərin təklifləri, istəkləri dinlənilmişdir. Bu tədbirlərin bəzilərində Avropa Şurasının eksperti də iştirak edərək, yerli demokratiya həftəsinin keçirilməsinə yüksək qiymət vermişdir. Avropa Şurasının Demokratiya və Siyasi Məsələlər Baş Direktorluğunun hazırladığı məlumatda “Yerli demokratiya həftəsi”nin ən fəal keçirildiyi ölkələr arasında Azərbaycanın da adı qeyd olunmuşdur.

Yerli demokratiya və özünüidarənin inkişafı istiqamətində Avropa Şurasının müvafiq qurumları və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa da xüsusi əhəmiyyət verilir. İlk növbədə qeyd olunmalıdır ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda yerli və regional demokratiyaya dair 126 nömrəli Tövsiyəsinin yerinə yetirilməsi yönündə görülmüş işlərlə bağlı Azərbaycan Hökumətinin yeni məruzəsi müvafiq dövlət orqanlarının məlumatları nəzərə alınmaqla hazırlanaraq Konqresə göndərilmişdir.

Həmçinin, Avropa İttifaqından və Avropa Yerli və Regional Hakimiyyətlər Konqresindən Azərbaycan Hökumətinə göndərilmiş «Avropa regional demokratiya Xartiyası»nın layihəsinə baxılmış, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyi hazırki dövrdə həmin Xartiyanın bəzi müddəalarının qəbul olunmasının mümkünsüzlüyü barədə Nazirlik tərəfindən aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla əsaslandırılmış rəy tərtib olunaraq bu Xartiyaya qoşulmaqdan imtina edilmişdir.

Yerli özünüidarə sahəsində Avropa Şurasının müvafiq strukturları ilə qarşılıqlı əlaqələr daha da möhkəmləndirilmişdir. Keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyəti ölkəmizi layiqincə təmsil etmiş, aktual məsələlər üzrə ölkəmizin maraqlarına uyğun təkliflər verilmiş və bir çox hallarda bu təkliflər qəbul edilmişdir.

Avropa Şurası ilə əlaqələri genişləndirmək, yerli özünüidarənin inkişafında onların potensialından daha səmərəli istifadə etmək məqsədi ilə Avropa Şurasının Yerli Hökumətin İslahatı üzrə Ekspertiza Mərkəzi ilə əməkdaşlıq edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təkliflər verilmişdir.

Hörmətli millət vəkilləri!

Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması məqsədilə keçirilmiş auditin nəticələrinin seçicilərə elan edilməsi, yeni vergi və ödəniş növləri müəyyən etməklə bələdiyyələrin maliyyə əsaslarını gücləndirmək, bələdiyyələr tərəfindən subvensiya alınması layihələri ilə bağlı prinsipləri və şərtləri müəyyən edən normaların əlavə edilməsi üçün «Bələdiyyələrin maliyyəsinin əsasları», «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», «Dövlət büdcəsi haqqında» Qanunlara dəyişikliklər edilməsi barədə illik məruzədə tərəfimizdən bir sıra təkliflər verilmişdir.

Hesab edirik ki, qeyd edilən təkliflərin həyata keçirilməsi bələdiyyələrin maliyyə təminatının yaxşılaşdırılmasına və müstəqilliyinin möhkəmlənməsinə, onların fəaliyyətində səmərəliliyinin artırılmasına müsbət təsir göstərə bilər.

Bələdiyyələrə hüquqi və metodik kömək göstərilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi yönündə işlər davam etdirilir.

Diqqətinizə görə təşəkkür edirəm.

 

10/02/2009

Keçidlər