X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan uşaq hüquqlari üzrə beynəlxalq öhdəliklərə sadiqdir



Xəbər verildiyi kimi, bu il yanvarın 19-da Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları üzrə Komitəsinin 41-ci sessiyasında Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair Hökumətimizin ikinci dövri hesabatına baxılmışdır. AzərTAcın müxbiri sessiyada ölkəmizi təmsil etmiş nümayəndə heyətinin üzvü, ədliyyə nazirinin müavini Toğrul Musayevdən müsahibə almışdır.

- Siz Azərbaycanın qoşulduğu bir sıra BMT konvensiyaları üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hesabatlara baxılmasında iştirak etmisiniz. Bu dəfəki müzakirələr barədə nə deyə bilərsiniz?

- Əvvəla, qeyd etmək istərdim ki, bu cür hesabatların hazırlanması mövcud beynəlxalq qaydalara və təcrübəyə uyğun həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda bu məsələlərə mühüm əhəmiyyət verilir. Hesabatların hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə işçi qrupları yaradılır və müvafiq komitələrin sessiyalarında ölkəmiz yüksək səviyyəli nümayəndə heyətləri ilə təmsil olunur. BMT rəsmiləri bu faktı çox müsbət qarşılayaraq, respublikamızda insan hüquqlarının təmin olunmasına yetirilən diqqətin və bütövlükdə, beynəlxalq konvensiyalar üzrə öhdəliklərin yerinə yetirilməsinə dövlət səviyyəsində olduqca ciddi münasibətin təzahürü kimi qiymətləndirirlər.

Nümayəndə heyətinin üzvləri Uşaq hüquqları üzrə Komitənin növbəti sessiyasında çıxış edərək, hökumətin ilkin məruzəsinin Komitəyə təqdim edilməsindən sonrakı müddət ərzində uşaq hüquqlarının müdafiəsi üzrə həyata keçirilmiş ardıcıl və məqsədyönlü kompleks tədbirlər barədə, o cümlədən Konvensiyanın milli qanunvericilikdə implementasiyası ilə bağlı geniş hüquqi bazanın formalaşdırılması, yeni proqramların həyata keçirilməsi və bununla əlaqədar müvafiq qurumların yaradılması haqqında ətraflı məlumatı Komitə üzvlərinin diqqətinə çatdırdılar. Sessiyada hesabatla bağlı keçirilən müzakirələrdə meydana çıxan suallar cavablandırıldı, əlavə izahlar verildi və bunun nəticəsi olaraq, 1997-ci ildə ilk hesabatla əlaqədar verilmiş tövsiyələrin yerinə yetirilməsi qənaətinə gəlindi. - Komitə üzvlərinin hesabata münasibəti necə oldu?

- Müzakirələr, ümumiyyətlə olduqca konstruktiv və səmimi dialoq şəraitində keçdi. Onlar təqdim edilən məlumatlara çox böyük maraq göstərərək, bütün məsələləri təfərrüatı ilə aydınlaşdırmağa çalışırdılar. Bununla bağlı bir məsələni qeyd etmək istərdim. Bəzi mətbu orqanlarda belə yanlış fikir səslənib ki, guya hesabatda və nümayəndə heyəti üzvlərinin cavablarında yalnız qanunvericilik sahəsində görülən işlər qeyd olunub. Bildirirəm ki, bu, qətiyyən həqiqətə uyğun deyil. Hesabat əsasən bütün sahələrdə görülən konkret tədbirləri əks etdirir, üstəlik, çıxışlar da əməli işlərə və faktlara əsaslanmışdır. Məhz buna görə də, Komitə üzvləri Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı ciddi irəliləyişlərin olduğunu etiraf etmişlər. Eyni zamanda, müzakirələr onu da göstərdi ki, Uşaq hüquqları haqqında Konvensiyanın yerinə yetirilməsi ilə bağlı bir sıra problemlərin həllinə yeni yanaşmaya, bəzi məsələlər üzrə normativ-hüquqi aktların və statistik məlumatların daha da təkmilləşdirilməsinə müəyyən ehtiyac var. - Yəqin ki, Siz də, öz növbənizdə, uşaq hüquqları ilə bağlı ədliyyə sahəsində görülən işləri diqqətə çatdırdınız?

- Bəli, uşaqların Konvensiyada nəzərdə tutulmuş hüquqlarının qorunmasında ədliyyə sisteminin roluna dair, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti, onlar barədə ibtidai istintaqın aparılmasının, məhkəmə baxışının, cəzanın təyin edilməsi və icrasının xüsusiyyətləri, məhkəmə statistikasının təhlili, yetkinlik yaşına çatmayan məhkumların saxlanılma şəraitinin yaxşılaşdırılması, bu sahədə ardıcıl tədbirlərin görülməsi və ölkəmizdə yuvenal ədliyyənin təşəkkülü, həmçinin övladlığa götürülmə və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işinin təkmilləşdirilməsi istiqamətində görülmüş mütərəqqi tədbirlər, o cümlədən bu qeydiyyatın mərkəzsizləşdirmə qaydasında yerlərdə aparılması və digər məsələlər barədə Komitə üzvləri məlumatlandırıldı. Xüsusi vurğulandı ki, həyata keçirilən kompleks profilaktik tədbirlərin nəticəsi olaraq, yetkinlik yaşına çatmayanlar arasında məhkumların sayının xeyli azalması tendensiyası müşahidə olunur və son illərdə yetkinlik yaşına çatmayanlara münasibətdə milli qanunvericilikdə təsbit olunmuş humanist prinsiplərin məhkəmələr tərəfindən real tətbiqi nəticəsində onlara əksər hallarda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar təyin edilir.

Sessiyada hazırda ölkəmizdə məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən konkret tədbirlər barədə verilən ətraflı məlumat da Komitə üzvlərinin böyük marağına səbəb oldu.

Müzakirələr zamanı, həmçinin, Konvensiyanın praktiki tətbiqi ilə əlaqədar meydana çıxan problemlər və onların həlli yolları ətrafında faydalı və səmərəli fikir mübadiləsi aparıldı.

Keçidlər