X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İnsan hüquqlarının təmin olunması dövlətin ali məqsədidir



Xəbər verildiyi kimi, BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi üzrə işçi qrupunun 4-cü sessiyası çərçivəsində bu il fevralın 4-də Cenevrədə Azərbaycan Respublikasının milli məruzəsinə baxılmışdır. Dövlət başçısının 2009-cu il 13 yanvar tarixli sərəncamına uyğun olaraq ölkəmizi sessiyada təmsil etmiş nümayəndə heyətinin üzvü, ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev müxbirimizin suallarını cavablandırmışdır.

- Toğrul müəllim, BMT-nin İnsan Hüquqları Şurası və Universal Dövri İcmal mexanizmi barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.

- İnsan Hüquqları Şurası BMT Baş Assambleyası tərəfindən 2006-cı il martın 15-də insan hüquqlarına riayət olunmasına dair vəziyyətin tənzimlənməsi və buna dair tövsiyələrin verilməsi məqsədilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı sistemi çərçivəsində fəaliyyət göstərən və 47 üzv dövlətdən ibarət olan hökumətlərarası orqandır. Azərbaycan elə həmin ildə Şuraya üzv seçilirək, qurumun rəhbər orqanında 4 ölkə (Filippin, Argentina, Kanada, Nigeriya) ilə yanaşı, vitse-prezident statusunda təmsil olunur.

2007-ci il iyunun 18-də İnsan Hüquqları Şurası tərəfindən gələcək fəaliyyətində rəhbər tutulacaq «İnstitusional quruculuq paketi» qəbul edilmiş və bu paket çərçivəsində BMT-nin 192 üzv dövlətlərində insan hüquqları sahəsində vəziyyəti qiymətləndirməyə imkan yaradan yeni universal dövri icmal mexanizmi təsis edilmişdir. Burada oxucularımız üçün hesab edirəm ki, maraqlı və önəmli olan bir məsələni diqqətə çatdırmaq istərdim. Belə ki, məhz həmin tarixdə ölkəmizdə hər il iyunun 18-nin İnsan hüquqları günü kimi qeyd olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanmışdır.

Universal Dövri İcmal mexanizminin və Azərbaycanda insan hüquqları gününün eyni tarixdə təsis olunması, fikrimizcə, çox əlamətdar və diqqətəlayiq bir hadisədir və mahiyyət etibarilə böyük rəmzi məna daşıyır. İnsan hüquqlarının təmin olunmasını özünün ali məqsədi elan etmiş Azərbaycanda bu günün təsis edilməsi dövləmizin siyasi iradəsinin təzahürü olmaqla, insan hüquqlarının təşviqinin, bu sahədə beynəlxalq öhdəliklərə sadiqliyin bariz nümunəsidir.

Universal Dövri İcmal mexanizminə gəldikdə isə, bildirməliyəm ki, BMT-nin müqavilə qurumlarından fərqli olaraq, bu mexanizm çərçivəsində hər hansı konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsinə deyil, ümumilikdə hər bir dövlətdə insan hüquqlarının bütün sahələri ilə bağlı vəziyyətə baxılır.

Qeyd etmək lazımdır ki, dövlətin təqdim etdiyi məruzə onun hazırlanması metodologiyasını, mülkü cəmiyyət də daxil olmaqla aparılan geniş məşvərət prosesini, dövlətin institusional və normativ əsaslarını, insan hüquqlarının qorunması ilə məşğul olan milli təsisatların fəaliyyətini, beynəlxalq öhdəlikləri, bu öhdəliklərin həyata keçirilməsi üçün görülmüş tədbirləri, insan hüquqları sahəsində əldə olunmuş nailiyyətləri, müsbət təcrübə və mövcud çətinlikləri əks etdirməlidir.

BMT-yə üzv olan bütün ölkələr üçün tətbiq olunan bu mexanizm çərçivəsində dövlətlərin insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə hansı səviyyədə əməl olunması araşdırılır, müzakirələr aparılır və sonda müvafiq tövsiyələri özündə əks etdirən yekun hesabat qəbul olunur.

Şuranın digər funksiyaları isə yeni yaradılmış insan hüquqlarının tematik problemləri üzrə ekspert və məsləhət yardımı göstərən Məsləhət komitəsi tərəfindən həyata keçirilir.

İnsan Hüquqları Şurası öz işini həmçinin, əvvəllər mövcud olmuş İnsan Hüquqları üzrə Komissiya tərəfindən təsis edilmiş və hazırda Şura tərəfindən idarə olunan BMT-nin Xüsusi Prosedurları ilə də davam etdirir.

- Azərbaycanın universal dövri icmal mexanizmi üzrə hazırladığı milli məruzənin Cenevrədəki sessiyada müzakirəsi ilə bağlı mətbuatda yazılar dərc olunmuşdur. Siz bu barədə nə deyə bilərsiniz?

- Əvvəla qeyd etmək istərdim ki, ölkəmizin məruzəsi mövcud beynəlxalq qaydalara və təcrübəyə uyğun hazırlanmışdır. Bununla əlaqədar dövlət başçısının sərəncamı ilə işçi qrupu yaradılmış, məruzənin hazırlanması üçün dövlət qurumları ilə yanaşı, respublikamızda insan hüquqları sahəsində fəaliyyət göstərən bir sıra QHT-lərin tövsiyə və təkliflərindən istifadə olunmuş, məsələ ilə bağlı Xarici İşlər Nazirliyində ötən ilin oktyabrında dövlət orqanlarının və çoxsaylı QHT nümayəndələrinin görüşü keçirilərək ətraflı fikir mübadiləsi aparılmışdır.

BMT-nin Cenevrədəki ofisində keçirilmiş sessiyada Azərbaycan yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunmuşdur. Tədbirdə təqdim etdiyimiz məruzə ilə bağlı müzakirələr olduqca konstruktiv və səmimi dialoq şəraitində aparılmışdır. Tam qətiyyətlə bildirirəm ki, 60-a yaxın dövlətin nümayəndələri ölkəmizin dolğun, hərtərəfli, əsaslandırılmış şəkildə, eyni zamanda mövcud problemlərin həlli yollarını göstərməklə hazırlanmış hesabatını yüksək qiymətləndirmiş və təqdim olunan məruzəyə böyük maraq göstərərək, respublikamızda insan hüquqlarının təmin olunmasına yetirilən diqqətin və bütövlükdə, beynəlxalq konvensiyalar üzrə öhdəliklərin yerinə yetirilməsinə dövlət səviyyəsində olduqca ciddi münasibətin olduğunu vurğulamışlar.

Nümayəndə heyətinin üzvləri milli məruzənin təqdim olunması zamanı çıxış edərək, son illər ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilmiş ardıcıl və məqsədyönlü kompleks tədbirlər, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, demokratik hüquqi islahatların, yeni proqramların həyata keçirilməsi barədə geniş məlumat vermiş, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı bu il martın 18-də keçiriləcək referendumun ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətini vurğulamışlar.

Sonra sessiyada iştirakçı dövlətlərin nümayəndələrinin sualları ətraflı, dolğun məlumatlarla və şərhlərlə cavablandırılmış, uşaq və qadın hüquqları, insan alverinə qarşı mübarizə, habelə söz və mətbuat azadlığı, jurnalist məsuliyyəti və digər məsələlərlə bağlı fikir mübadiləsi, bir sıra problemlər üzrə müzakirələr aparılmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin, o cümlədən penitensiar xidmətin müasirləşdirilməsi, şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi üzrə respublikamızın əldə etdiyi nailiyyətlər, hakimlərin, ədliyyə işçilərinin, prokurorların və digər hüquqşünasların tədrisi ilə bağlı Ədliyyə Akademiyasının yaradılması alqışlanmışdır. Tədbir zamanı iştirakçı dövlətlər arasında məhkəmə-hüquq islahatları barədə BMT-nin rəsmi ingilis və rus dillərində xüsusi hazırlanmış kitabçalar paylanmışdır.

Tədbirdə nümayəndə heyəti ilə birgə İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman), bir sıra milli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti BMT-nin İnsan hüquqları üzrə ali komissarı xanım Navanethem Pillay, Qaçqınlar üzrə ali komissar Antonio Guterres və digər rəsmi şəxslərlə görüşmüşdür.

- Toğrul müəllim, bu günlərdə dövlət başçısı tərəfindən Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir. Bu barədə nə deyə bilərsiniz?

- İlk növbədə bildirməliyəm ki, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları demokratik inkişafın ayrılmaz elementidir və bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Son illər ərzində dövlət başçısı tərəfindən ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm, əhatəli, həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan qərarlar qəbul olunmuşdur. Bu istiqamətdə əməli işlərin görülməsi ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlamış məhkəmə-hüquq islahatlarının məntiqi davamıdır.

Ölkəmiz gündən-günə sürətlə inkişaf edir və biz də bu inkişafa uyğun olaraq öz işimizi davam etdiririk, islahatlar aparırıq. Necə deyərlər, bu prosesin əvvəli var, amma sonu yoxdur.

Ölkə Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə «Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı»nın qəbul olunması dövlətimizin siyasi iradəsinin növbəti təzahürü olmaqla, ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən edir. Bu Proqram məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsinə, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş əhatəli, kompleks, çoxşaxəli tədbirləri nəzərdə tutur. Ədliyyə işçiləri, hüquq ictimaiyyəti tərəfindən Dövlət Proqramı dərin rəğbətlə və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Əvvəldə də qeyd etdiyim kimi, Cenevrədəki sessiya zamanı ölkəmizdə ədliyyə və məhkəmə sistemində islahatların davam etdirilməsinə dair müzakirələr aparılmışdır ki, Dövlət Proqramı da bu suallara cavab verən əyani, önəmli bir sənəddir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və operativ şəkildə yerinə yetirilməsi ilə əlaqədar qarşımızda çox mühüm vəzifələr durur və ümid edirəm ki, bütövlükdə mahiyyəti üzrə insan hüquqlarının qorunmasına xidmət edən bu Proqramın da icrasının gözlənilən müsbət nəticələrini əldə edəcəyik.

Sonda xüsusi vurğulamaq istərdim ki, BMT-nin İnsan Hüquqları Şurasında ölkəmizin milli məruzəsi ilə bağlı keçirilən müzakirələrin nəticəsi onu göstərdi ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların uğurları beynəlxalq aləmdə də təqdir olunur.

Keçidlər