X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun çıxışı



Hörmətli qonaqlar!

Əziz həmkarlar!

İlk növbədə Azərbaycan Ədliyyəsinin 90 illik yubileyi münasibətilə səmimi təbrikə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün ədliyyə işçiləri adından dərin minnətdarlığımı bildirirəm.

Bu əlamətdar bayram münasibətilə ədliyyə orqanları işçilərini, hakimləri və ədliyyə veteranlarını ürəkdən təbrik edir, uğurlar və möhkəm cansağlığı arzulayıram.

Bugünkü tədbirimizdə iştirak edən Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri cənab Ramiz Mehdiyevi, hökumət üzvlərini və digər hörmətli qonaqlarımızı salamlayır, bayram tədbirimizə qatıldıqlarına görə minnətdarlığımı bildirirəm.

Dahi öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə noyabr ayının 22-sinin ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi ümummilli liderimizin Azərbaycan ədliyyə sisteminə göstərdiyi xüsusi diqqət və qayğının təzahürü olmuşdur.

Bu il biz peşə bayramımızı və Azərbaycan ədliyyəsinin 90 illik yubileyini ikiqat sevinc hissi ilə qeyd edirik.

Belə ki, ötən ay müasir Azərbaycan dövlətinin memarı olan ümummilli liderimizin dövlət quruculuğu ideyalarını uğurla davam və inkişaf etdirən cənab İlham Əliyev böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə prezidenti seçilmişdir.

Milyonlarla soydaşımız hədsiz fərəh və iftixar hissi ilə ölkəmizdə azad, demokratik və şəffaf keçirilmiş seçkilərdə möhtərəm prezidentimizin inamlı qələbəsini bayram etmişdir.

Bu gün qürur hissi ilə deyirik ki, Azərbaycanda dövlət başçımızın bilavasitə rəhbərliyi ilə həyata keçirilən dinamik iqtisadi inkişaf, genişmiqyaslı quruculuq işləri, uğurlu xarici siyasət ölkəmizi regionun lider dövlətinə çevirmiş, Azərbaycanın iqtisadi potensialı dəfələrlə yüksələrək, dünyada analoqu olmayan inkişaf sürətinə nail olunmuşdur.

Ədliyyə işçilərinin peşə bayramı günündə biz ənənəvi olaraq Azərbaycan ədliyyə və məhkəmə sisteminin təşəkkülü və inkişafı tarixini, görülən işləri və qarşıda duran vəzifələri bir daha nəzərdən keçiririk.

Böyük ehtiramla Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin fəaliyyətini yada salırıq. O zaman vəziyyətin mürəkkəbliyinə, ixtisaslı kadrların məhdudluğuna baxmayaraq qısa müddətdə qazanılmış nailiyyətləri, qəbul edilmiş mühüm qərarları xatırlayırıq.

1920-ci ilin aprel ayında ölkə işğal edildikdən sonra ədliyyə sistemində sovetlər birliyinin mahiyyətinə xas olan dəyişikliklər aparılmasını, ədliyyə və məhkəmə orqanlarından repressiya aləti kimi istifadə edildiyi dövrləri də unutmamalıyıq.

Ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və ümumiyyətlə Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən və əsaslı surətdə təsis edilməsinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olması hər bir ədliyyə işçisində xüsusi qürur hissi yaradır.

Belə ki, Azərbaycanda Ədliyyə Nazirliyi 1970-ci ildə yenidən təsis edilmiş, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün şərait yaradılmışdır.

Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqəti ölkəmizin müstəqillik illərində də davam etmiş, hüquq sistemində inqilabi demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilmişdir. Yeni məhkəmə və hüquq sistemi bərqərar olunmuş, ədliyyənin fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur.

Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ əsasları təkmilləşdirilmiş, nazirliyin yeni əsasnaməsi qəbul edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmişdir.

Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında proqram xarakterli Fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanunların qəbulu ədliyyə fəaliyyətinin inkişafında xüsusi əhəmiyyət kəsb etmişdir.

Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi:

- qanunların təkmilləşdirilməsi üzrə iş aparır və normativ hüquqi aktların layihələrini hazırlayır,

- vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını aparır,

- əhalinin və qüvvədən düşmüş sənədlərin reyestrini aparır,

- penitensiar sistemə rəhbərlik edir,

- notariat fəaliyyətini təmin edir,

- Məhkəmə ekspertizalarının keçirilməsini təmin edir,

- cinayət təqibini həyata keçirir,

- məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını təmin edir,

- bələdiyyələrə metodoloji yardım və inzibati nəzarəti həyata keçirir,

- ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir.

Bütün bu fəaliyyət sahələrinin arxasında geniş həcmli konkret işlər dayanır.

Ölkəmizdə hərtərəfli islahatların, o cümlədən, hüquqi sahədə ardıcıl mütərəqqi tədbirlərin nəticəsi olaraq ədliyyə sahəsində görülən işlərin miqyası da artmış, ədliyyə fəaliyyətinin gələcək hərtərəfli inkişafının təmin edilməsi ilə bağlı kompleks tədbirlər müəyyən edən Dövlət Proqramının layihəsi hazırlanmışdır.

Belə ki, son illər ərzində Ədliyyə Nazirliyi tərəfindən 10 minədək qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, ictimai həyatın müxtəlif sahələri üzrə 750-dək qanunvericilik layihələri hazırlanmışdır.

Notariat hərəkətlərinin sayı 2000-ci illə müqayisədə 3 yarım dəfə, istintaq edilən cinayət işlərinin sayı 3 dəfə, icra edilən məhkəmə qərarlarının sayı 2 dəfə, qeydiyyata alınan qeyri-kommersiya hüquqi şəxslərinin sayı 12 dəfə artmışdır.

Bələdiyyələrə inzibati nəzarətin həyata keçirildiyi son 4 il ərzində daxil olan bələdiyyə aktlarının sayı 7 dəfə artmış, 1700-dək qanunsuz bələdiyyə aktı ləğv edilmişdir.

Vətəndaşların hüquqlarının qorunması, hüquqi xidmətin göstərilməsi və s. məsələlərlə bağlı xarici dövlətlərə 29 mindən çox sorğu və digər sənədlər göndərilmişdir.

Orta hesabla nazirlikdə hər gün digər dövlətlərdən daxil olan 30 sorğu həll edilir.

Əhalinin hüquqi maarifləndirilməsi və şəffaflığın artırılması məqsədilə nazirliyin 4 internet saytı fəaliyyət göstərir, 4 hüquq jurnalı, "Ədliyyə" qəzeti və digər nəşrləri dərc olunur.

Ədliyyə orqanları tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə yeni iş metodları, elm və texnikanın müasir nailiyyətləri tətbiq edilir.

Belə ki, nazirlik tərəfindən "Elektron notariat" və "Vətəndaşlıq vəziyyəti aktları" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemləri yaradılmış, Dövlət notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilmişdir.

Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemləri vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdiriləcək, habelə keçən əsrin əvvəllərindən, müxtəlif orqanlarda parakəndə şəkildə olan vətəndaşlıq vəziyyəti barədə məlumatların toplanması, təzələnməsi və etibarlı qorunması mümkün olacaqdır.

Artıq Ədliyyə Nazirliyi tərəfindən məhkəmə proseslərində aşkar istifadə edilməsi üçün cinayət işlərinin eksperimental olaraq elektron versiyaları hazırlanıb və tətbiq olunur.

İcra edilməmiş məhkəmə qərarları üzrə dərhal müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə mərkəzləşdirilmiş məlumat-informasiya bankının yaradılmasına başlanılmışdır.

Əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyində, regional və yerli ədliyyə orqanlarında, məhkəmələrdə, Məhkəmə-Hüquq Şurasında müasir elektron informasiya sisteminin yaradılması və onların vahid şəbəkədə birləşdirilməsi üzrə işlər davam etdirilir.

Yeni informasiya texnologiyalarının tətbiqi, habelə iş üsul və vasitələrinin təkmilləşdirilməsi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq, insanların müraciət etmə, o cümlədən elektron yazışma imkanları genişləndirilmişdir.

Ədliyyə orqanları və məhkəmələrin sağlam mənəviyyata, yüksək hazırlığa və peşəkarlığa malik işçilərlə möhkəmləndirmək üzrə məqsədyönlü tədbirlər görülür.

Bununla əlaqədar dövlət başçısı tərəfindən ədliyyə orqanlarına işə qəbulun yeni, şəffaf qaydaları müəyyən olunmuş, hazırlıqlı hüquqşünaslar test üsulu ilə keçirilmiş müsabiqədə müvəffəqiyyət qazanaraq ədliyyə orqanlarına qulluğa qəbul edilmişlər və uğurlu fəaliyyət göstərirlər.

Hakimlərin seçilməsi ilə bağlı yeni qaydalara əsasən çoxmərhələli şəffaf seçim proseduru müəyyən olunmuş, imtahanların bütün mərhələləri vahid zalda, namizədlərin qarşısında təşkil edilmişdir.

Xarici müşahidəçilər bu cür prosesin ölkələrində yalnız arzu olunduğunu bildirmişlər.

Bu prosedurlar əsasında yeni təyin olunmuş hakimlərin fəaliyyəti ilə bağlı müsbət rəylər bizi olduqca sevindirir.

Bütün bunlar Azərbaycanda həyata keçirilən mütərəqqi islahatların real təzahürü olmaqla ölkənin hərtərəfli tərəqqisinin məntiqi davamıdır.

Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük bir qrup ədliyyə orqanları işçisi və hakimlər yüksək dövlət təltiflərinə, fəxri adlara layiq bilinmişlər. Bu münasibətlə həmkarlarımızı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayıram.

Eyni zamanda, dövlət başçımız tərəfindən işçilərin maddi və sosial təminatının yaxşılaşdırılması, ədliyyə orqanlarının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən Ədliyyə Akademiyasının nizamnaməsi təsdiq edilmişdir.

Peşə bayramını və əlamətdar yubileyi təntənəli qeyd edən ədliyyə işçiləri dövlət başçımıza müraciət qəbul edərək, Azərbaycan ədliyyəsinin inkişafına dövlət qayğısına, yüksək təltiflərə görə dərin ehtiramla minnətdarlıqlarını bildirmişlər. Göstərilən etimadı fədakar əməkləri ilə doğruldacaqlarını ifadə etmişlər.

Sonda əlamətdar bayram münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, ölkəmizin daha da tərəqqisi naminə ümummilli liderimizin müəyyən etdiyi və möhtərəm Prezidentimizin uğurla davam etdirdiyi dövlət inkişafı kursunun həyata keçirilməsində müvəffəqiyyətlər arzulayıram.

Diqqətinizə görə minnətdaram!

Keçidlər