X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə hakimiyyətinin tədrisi mövzusunda beynəlxalq Konfransda Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun çıxışı (Serbiya, Belqrad, 5.12.2008)



Hörmətli tədbir iştirakçıları!

Xanımlar və cənablar!

Hər şeydən əvvəl hakimlərin tədrisi kimi aktual məsələyə həsr edilmiş Konfransın yüksək səviyyədə təşkilinə görə Serbiya Hökumətinə və ATƏT-ə minnətdarlığımı bildirirəm.

Hakimlərin beynəlxalq standartlara uyğun tədrisi səmərəli ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Təsadüfi deyil ki, Avropa Hakimləri Məşvərətçi Şurası öz rəylərində dövlətin demokratik fəaliyyətinin təminatçısı olan məhkəmə hakimiyyətinin gücləndirilməsində hakimlərin ilkin və davamlı tədrisinin mühüm əhəmiyyətini vurğulayır.

Məsələ ilə bağlı bu günlərdə bir çox digər Avropa ölkələrində də nüfuzlu beynəlxalq təşkilatlarla birgə forumlar keçirilir və Azərbaycan bu işə mühüm əhəmiyyət verərək həmin tədbirlərdə yüksək səviyyədə təmsil olunur. Bu baxımdan Serbiya Məhkəmə Akademiyası haqqında layihənin müzakirəsi üçün belə mötəbər tədbirin təşkili və təcrübə mübadiləsinin keçirilməsi xüsusilə təqdirəlayiqdir.

Gərgin əməyin məhsulu olan bu layihədə Akademiyanın yüksək statusunun müəyyən edilməsi, ilkin və davamlı tədrislə bağlı mütərəqqi müddəaların təsbit olunması səmərəli təcrübə mübadiləsi üçün geniş diskussiyaya imkan yaradır. Bu baxımdan tədbirin proqramına beynəlxalq təcrübə ilə bağlı çıxışların daxil edilməsinin əhəmiyyəti də qeyd olunmalıdır.

Avropa birliyinə sıx inteqrasiya edən Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində demokratik islahatlar davam etdirilmiş, iqtisadi inkişaf sürətinə görə Azərbaycan lider dövlətə çevrilmişdir.

Hüquqi dövlətin daha da inkişafı və möhkəmlənməsinə xidmət edən uğurlu məhkəmə-hüquq islahatı çərçivəsində hakimlərin seçilməsinə, onların ilkin və davamlı tədrisinə xüsusi diqqət yetirilmiş, bu sahədə bütün mövcud prosedurlar beynəlxalq standartlara uyğun yenidən qurulmuşdur.

Bu zaman Avropa Şurası Nazirlər Komitəsinin Hakimlərin müstəqilliyi, səmərəliliyi və roluna dair 12 saylı (1994) Tövsiyəsi, Hakimlərin statusu haqqında Avropa Xartiyası (1998), Avropa Hakimlərinin Məşvərətçi Şurasının Məhkəmələrin müstəqilliyi və dəyişməzliyinə dair standartlarla əlaqədar 1 saylı (2001) rəyi diqqət mərkəzində saxlanılmışdır.

Aparılmış islahatlar nəticəsində yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. 15 nəfərdən ibarət olan Şura əsasən hakimlərdən (9 nəfər) formalaşmış, eyni zamanda, onun tərkibinə hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxil olmuşlar. Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Məhkəmə hakimiyyətinin nüfuzu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən subyektlərdən - hakimlərdən çox asılıdır.

Hakimlər hüququ reallığa çevirən, insanların ədalət və hüquq haqqında fikirlərinə birbaşa təsir edən şəxslərdir. Bu mənada hakimlərin seçilməsi və onların peşəkarlığının artırılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda hakimliyə namizədlərin seçilməsinin yeni qaydalarının hazırlanması məqsədilə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradılaraq gərgin müzakirələr keçirilmiş və nəhayət, Avropada ən mütərəqqi və şəffaf üsullarla seçim proseduru hazırlanaraq Avropa Şurasında ekspertizadan keçirildikdən sonra qəbul olunmuşdur.

Çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və məhkəmələrdə stajkeçmədən ibarət olan bu seçim proseduru müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir.

Azərbaycan üçün yeni təsisat olan Hakimlərin Seçki Komitəsinin də üzvlərinin yarıdan çoxu hakimdir. Digərləri isə prokurorluğun və vəkilliyin, Məhkəmə-Hüquq Şurası Aparatının, Ədliyyə Nazirliyinin nümayəndələridir. Komitənin tərkibində həmçinin yüksək ixtisaslı hüquqşünas alim də təmsil olunur.

Qeyd etmək istərdim ki, hakimlərin seçilməsi ilə bağlı yeni qaydalara uyğun olaraq bütün namizədlər üçün bərabər şərait yaradılması məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq onların hamısı - 1000 nəfərdən çox şəxs vahid zalda imtahanlar vermiş və nəticələr dərhal, həmin zalda, namizədlərin qarşısında yoxlanılaraq elan edilmişdir.

İmtahanların bütün digər mərhələləri də şəffaf üsullarla, vahid zalda, namizədlərin qarşısında həyata keçirilmişdir. Bu proseslərdə iştirak etmiş 10-larla yerli və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri hakimlərin seçilməsinin şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermişlər.

Son təcrübə göstərdi ki, yüksək tələbkarlıq əsasında keçirilən bu proses obyektiv seçim üçün çox yararlıdır. Artıq həmin prosedurlarla seçilmiş və ilkin tədris keçmiş 157 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilmişlər. Onların uğurlu fəaliyyəti ilə bağlı rəylər bizi olduqca sevindirir. Bütün bu tədbirlər əhalidə məhkəmə hakimiyyətinə inamı artırmış, həmçinin hakimlərin müstəqilliyinin etibarlı təmin olunması, korrupsiyaya qarşı mübarizə işinə də öz töhfəsini vermişdir.

Azərbaycanda məhkəmələrin iş həcmi son illər dəfələrlə artmışdır. Ölkəmiz tərəfindən görülmüş tədbirlər isə hakimlərin də sayının yüksək hazırlıq keçmiş şəxslər hesabına 50% artırılmasına imkan yaratmış, bununla da bir hakimin üzərinə düşən işlərin sayı xeyli azalmışdır.

Hakimlərin maddi təminatının yaxşılaşdırılması da Azərbaycan dövləti tərəfindən diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı 25 dəfə artırılmışdır.

Qeyd etmək istərdim ki, bu tədbirlər artıq 20 ildir ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin işğal olunduğu, 1 milyondan artıq əhalinin qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü şəraitdə həyata keçirilmişdir.

Davamlı tədrisə gəldikdə isə bu sahədə iş Avropa hakimləri məşvərətçi şurasının Hakimlərin milli və Avropa səviyyəsində ilkin və davamlı tədrisi barədə 4 saylı (2003) rəyi əsas götürülməklə yenidən qurulmuşdur.

Bu məqsədlə beynəlxalq təcrübə öyrənilmiş, Azərbaycan-Avropa Şurası birgə işçi komissiyası yaradılmışdır.

Hakimlərin və prokurorların tədrisinin xüsusi ixtisaslaşmış və icra hakimiyyətindən asılı olmayan qurum tərəfindən həyata keçirilməsi qərara alınaraq Məhkəmə-Hüquq Şurası yanında xüsusi tədris sektoru yaradılmışdır.

Ötən il fəaliyyətə başlamış sektor prokuror və yuxarı instansiya məhkəmələrinin hakimlərindən ibarət tərkibdə yaradılmışdır.

Sektor tərəfindən tədris könüllülük prinsipi əsasında həyata keçirilir, həmçinin təlim proqramları hakimlərin arzusu nəzərə alınmaqla tərtib edilir.

Belə ki, davamlı tədris kurslarının proqramları hazırlanarkən hakimlərlə sorğular keçirilir, onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilir və müxtəlif sahələr üzrə hazırlanan proqramlar məhz bu ehtiyaclara uyğun tərtib edilir.

Hakimlər iştirak etmək istədikləri davamlı tədris kursunun proqramını da təqvim planına uyğun olaraq özləri seçirlər. Eyni zamanda, ilk təyin olunmuş hakimlərə xüsusi qayğı göstərilərək onların Azərbaycan qanunvericiliyinə əsasən ilk illər ərzində ən azı bir dəfə davamlı tədrisə mütləq cəlb olunmaları nəzərdə tutulur.

Tədris prosesində professional müəllim heyətinin hazırlanması ən mühüm məsələlərdəndir. Bununla əlaqədar tərəfimizdən bu sahəyə xüsusi diqqət yetirilir, müəllim heyəti üçün ixtisasartırma tədbirləri, təcrübə mübadiləsi təşkil olunur. Nüfuzlu beynəlxalq ekspertlərlə bu il keçirdiyimiz "İnteraktiv tədris kursunun aparılması qaydaları" mövzusunda seminarlar xüsusi qeyd olunmalıdır.

Hakimlərin tədrisində beynəlxalq təşkilatlarla sıx işgüzar əlaqələr qurulur, beynəlxalq mütəxəssislərin iştirakı ilə silsilə tədris tədbirləri keçirilir.

Məsələn, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsində Avropa Məhkəməsinin hakimləri ilə bilavasitə görüşlərin səmərəsi nəzərə alınaraq məhkəmənin 5 hakimi, o cümlədən məhkəmənin sədri Jan-Rol Kosta dəvətimizə əsasən Azərbaycana səfərə gəlmiş və hakimlər qarşısında mühazirələrlə çıxışlar etmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.

Qeyd etmək istərdim ki, ədliyyə sahəsində yüksək hazırlıqlı və peşəkar kadr korpusunun yaradılması məqsədilə Azərbaycanda Ədliyyə Akademiyası təsis edilmişdir. Bu günlərdə - Azərbaycan Ədliyyəsinin 90 illik yubileyi ərəfəsində ölkə Prezidenti tərəfindən Akademiyanın Nizamnaməsi təsdiq edilmişdir.

Bu da çox vacibdir ki, qeyd edilən təsisat yüksək status almış, o cümlədən rektorun bilavasitə dövlət başçısı tərəfindən təyinatı müəyyən olunmuşdur.

Geniş dinləyici spektrinə malik olan Akademiya ədliyyə və prokurorluq, habelə ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik orqanları üçün ixtisaslı kadrlar hazırlayacaqdır. Eyni zamanda, məhkəmə aparatı işçiləri, xüsusi notariuslar, bələdiyyə üzvləri və qulluqçuları, dövlət orqanlarının işçiləri, habelə ali təhsil müəssisələrinin elmi-pedaqoji heyətləri də Akademiyada ixtisasartırma kurslarına cəlb ediləcək, bu tədris ocağında hüquq sahəsi üzrə aspirant və doktorantlar hazırlanacaqdır.

Bununla yanaşı, Akademiya tərəfindən ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və prokurorluq orqanlarına, vəkilliyə qəbul edilən namizədlərin icbari təlimi həyata keçiriləcəkdir.

Beləliklə, Akademiyanın müdavimləri hüquq sahəsində peşəkar fəaliyyətə vəsiqə qazanacaq, cəmiyyət isə bu gün böyük ehtiyac duyulan yüksək ixtisaslı hüquqşünaslarla təmin olunacaqdır.

Akademiya həmçinin, ədliyyə, prokurorluq orqanlarının, vəkillik institutunun inkişafı naminə konseptual problemləri tədqiq edəcək, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmalar aparacaqdır.

Hazırda hakimlərin tədrisi sahəsində fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən Məhkəmə-Hüquq Şurasının müvafiq tədris sektoru ilə Ədliyyə Akademiyasının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi üzrə işlər aparılır.

Bu sahədə fəaliyyətin əsasında isə demokratik dəyərlər və müsbət beynəlxalq təcrübə dayanmalıdır. Bu baxımdan bugünki beynəlxalq konfransın bütün iştirakçılar üçün əhəmiyyətini bir daha qeyd edir və keçirilmiş müzakirələrin ən yaxşı modellərin müəyyən edilməsində mühüm rolu olacağına əminliyimi bildirirəm.

Diqqətinizə görə minnətdaram.

Keçidlər