X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hüquqi dövlət quruculuğu yolunda təcrübə və əməkdaşlıq. Beynəlxalq konfransda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun çıxışı (Almaniya, Berlin, 9-10.06.2009)



Hörmətli Konfrans iştirakçıları,

İcazə verin, ilk öncə, bizim hamımız üçün aktual olan məsələyə həsr olunmuş konfransda iştirak üçün dəvətə görə təşkilatçılara və səmimi qonaqpərvərliyə görə bizim alman dostlarımıza minnətdarlığımı bildirim.

Hörmətli xanımlar və cənablar,

Hüquqi dövlət ideyası hələ qədim zamanlardan bir çox mütəfəkkir və filosofların əsərlərinin mövzusu olmuşdur. Artıq o dövrdə bu anlayışın mahiyyətini formalaşdırmaq məqsədi ilə hüquqla hakimiyyətin qarşılıqlı əlaqəsi üçün lazımi prinsip və formaların axtarışına başlanılmışdır.

Bizim bu məsələni "Rextştadt" hüquqi dövlət nəzəriyyəsinin baniləri İmmanuel Kantın, Valkerin və Fon Molin vətəni olan Almaniyada müzakirə etməyimiz çox simvolikdir.

Keçmişin və müasirliyin təcrübəsi hüquqi dövlətçiliyin dəyərini ictimai-siyasi hakimiyyətin təşkilinin ali forması olduğunu əsaslı nümayiş etdirir. Bununla belə müxtəlif ölkələrdə hüquqi dövlətin təşkilinin təcrübəsi qarşıya qoyulmuş məqsədə nail olunmasının üsullarının müxtəlifliyinə dəlalət edir.

Azərbaycanın hüquqi dövlət quuruculuğuna totalitar rejimin onillərlə hökm sürməsi nəticəsində yaranmış olduqca əlverişsiz şəraitdə başlaması ölkəmizin keçdiyi bu yolun özünəməxsusluğuna əsaslı təsir göstərmişdir. Bununla yanaşı, hüquqi dövlət quruculuğu yolunda ilk addımlar ağır nəticələrə səbəb olan məlum münaqişə, sosial-siyasi konfrontasiya və cəmiyyətin bütün sahələrini əhatə edən dərin böhran şəraitində atılmalı olmuşdur.

Lakin bütün bunlar dünyada toplanmış müsbət təcrübənin mənimsənilməsinə yaradıcı yanaşaraq qısa müddətdə köklü demokratik dəyişiklikləri həyata keçirmiş dövlətimizin gücünü zəiflədə bilməmişdir.

Bu yolda ölkədə 3 dəfə konstitusiya islahatları aparılmışdır.

1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik və dünyəvi dövlətin qurulması məqsəd kimi bəyan edilmiş, onun konsepsiyası müəyyən edilmişdir.

Hüquqi dövlətin 3 əsas komponenti olan qanunun aliliyi (1), hakimiyyətlərin bölgüsü və qarşılıqlı əlaqəsi (2), insan və vətəndaş hüquq və azadlıqları (3) Konstitusiyada təsbit olunmuş və təsdiqini tapmışdır.

"Xalqın aliliyi onun iradəsini ifadə edən Konstitusiyanın aliliyi vasitəsilə dövlətin bütün vətəndaşlarının azadlığını, bərabərliyini və müstəqilliyini şərtləndirir" Kantın məşhur tezisi Azərbaycan Konstitusiyasının əsasını təşkil edir. Konstitusiyaya əsasən Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır.

İnsanın və onun hüquq və azadlıqlarının ali dəyər olması, hakimiyyətlərin bölgüsü, Konstitusiyanın birbaşa qüvvəsi və hüquq mənbələrinin konstitusion hüquqi xarakteri barədə müddəaları hüquqi dövlət quruculuğunun əsaslarının müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir.

Konstitusiya normalarında vətəndaş cəmiyyətinin formalaşdırılmasının əsasları, assosiasiyaların azadlığı, mülkiyyətin xüsusi, dövlət, bələdiyyə formalarının bərabər şəkildə mühafizəsi, sahibkarlıq fəaliyyətinin azadlığı, iqtisadi münasibətlərdə rəqabətin dəstəklənməsi və s. öz əksini tapmışdır.

Növbəti konstitusiya islahatları (2002 və 2009-cu illərdə) demokratik institutların möhkəmləndirilməsi tədbirləri, hüquq sisteminin beynəlxalq-hüquq, o cümlədən insan hüquqları sahəsində standartlara uyğunlaşdırılması, genişmiqyaslı məhkəmə-hüquq islahatları, vətəndaş cəmiyyətinin zəruri vasitələrinin formalaşdırılmasının tamamlanması ilə müşahidə olunmuşdur. Sonuncu konstitusiya islahatları isə həm də sosial əməkdaşlıq cəmiyyətinin yaradılması prosesinin başlanılması ilə xarakterizə olunur.

Bu gün dünyada üç əsas əlamətə əsaslanaraq özünü hüquqi dövlət kimi təqdim edən bir çox ölkələr var. Lakin hüquqi dövlət haqqında o zaman danışmaq olar ki, demokratik ənənələr, insan hüquqlarına hörmət, bu hüquqların ədalət mühakiməsi institutları vasitəsilə müdafiəsi kimi hüquqi dövlət dominantları real təmin olunsun.

Hazırda ölkəmizdə belə cəmiyyətin bütün sistemyaradıcı institutları uğurlu fəaliyyət göstərir.

Xüsusi rol qanunvericilik hakimiyyətinə məxsusdur. Bizim Parlament siyasi-hüquqi sistemin möhkəmlənməsinə yönəlmiş ümumilikdə 2700-dən çox qanun qəbul etmiş və fəal işləməkdə davam edir. Təkcə ötən il 240-a yaxın qanun və qərarlar qəbul olunmuşdur.

Bu fəal qanunyaradıcı fəaliyyət mütərəqqi təcrübə nəzərə alınmaqla bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda həyata keçirilmişdi. Bu işdə GTZ-nin rolunu xüsusi vurğulayaraq, fürsətdən istifadə edib həmin prosesdə fəal iştirakına görə minnətdarlığımı bildirmək istəyirəm. Qanun layihələri Avropa Şurasında, ATƏT-də ekspertizadan keçirilmiş, onları Almaniya, Avstriya, ABŞ, Böyük Britaniya və s. ölkələrdən ekspertlər dəyərləndirmişlər.

Milli Məclis ölkənin ali qanunverici və təmsilçi orqanı olmaqla yanaşı nəzarət səlahiyyətlərinə malikdir: büdcəni təsdiq edir, baş nazirin, baş prokurorun təyin olunmasına razılıq verir, Konstitusiya, Ali, apellyasiya məhkəmələrinin hakimlərini təyin edir, ombudsmanı seçir, Hökumətin, baş prokurorun, bələdiyyələrin və s. hesabatlarını dinləyir.

Yeri gəlmişkən, Azərbaycanda ən cavan olan yerli özünüidarə institutunun yaradılmasına Konstitusiyada bələdiyyələrin təşkili və fəaliyyətinin əsas prinsiplərinin təsbit olunması ilə başlanılmışdır. Sonra Azərbaycan tarixində ilk dəfə 1999-cu ildə demokratik əsaslarla bələdiyyələrə seçkilər keçirməyə imkan verən lazımi normativ hüquqi baza yaradılmışdır.

Bələdiyyələrin təşəkkül tapması fəal qanunyaradıcı fəaliyyət ilə müşayiət olunurdu. "Yerli özünüidarə haqqında" Avropa Xartiyası ratifikasiya olunmuş, yerli özünüidarə orqanlarının fəaliyyətinə aidiyyəti olan 23 qanun və 500-dən çox normativ-hüquqi akt qəbul olunmuşdur.

Avropa Şurası ilə birgə işlənib hazırlanmış fəaliyyət planına əsasən yerli demokratiya fəaliyyətinin təkmilləşdirilməsi üzrə konkret tədbirlər həyata keçirilmişdir.

Yerli demokratiya orqanlarının möhkəmləndirilməsi və inkişafı, onların işinin əlaqələndirilməsi, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və Norveç Bələdiyyə Assosiasiyasının dəstəyi ilə sosial-iqtisadi problemlərinin həlli üçün ölkəmizdə şəhər, qəsəbə və kənd Milli Assosiasiyaları yaradılmışdır.

Konstitusiya qanunu əsasında 2001-ci ildə yaradılmış Ombudsman institutu da vacib rol oynayır. Ombudsman, vətəndaşların pozulmuş hüquqlarının bərpası, onların pozulması hallarının qarşısının alınması ilə məşğul olur, ümumilikdə hüquqların təmin edilməsi vəziyyətini öyrənir, hüquqi maarifləndirmə və elmi-analitik işi həyata keçirir, hər il Milli Məclisdə çıxış edərək öz fəaliyyəti haqqında ictimaiyyət üçün hesabat təqdim edir, bu hüquqları pozan şəxsləri ifşa edir, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində təklif və tövsiyələrini verir.

Hüquqi dövlətdə mühüm rola malik olan vətəndaş cəmiyyətinin ölkənin ictimai-siyasi həyatına cəlb olunması prosesi davam edir. Qısa müddətdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının sayı 8 dəfə artaraq 2500-ə çatmışdır. Vətəndaş sektorunun möhkəmləndirilməsi və davamlı inkişafı, ictimai xarakterli problemlərin həllində QHT-lərin rolunun artırılması məqsədilə dövlət başçısı 2007-ci ildə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasını təsdiq etmiş, yaradılmış eyniadlı Şura tərəfindən fəaliyyətinin birinci ilində 200-ə yaxın təşkilata 2 mln. ABŞ dolları həcmində qrant ayrılmışdır.

Vətəndaş cəmiyyəti ilə uğurlu əməkdaşlığa nümunə olaraq Ədliyyə Nazirliyinin təşəbbüsü ilə penitensiar müəssisələrin fəaliyyətinə nəzarət üzrə İctimai Komitənin yaradılmasını göstərmək istərdim. Demokratik əsaslarla formalaşdırılmış Komitənin tərkibinə nüfuzlu hüquq müdafiəçiləri və insan hüquqları üzrə tanınmış QHT nümayəndələri daxildir. Komitənin işi artıq beynəlxalq ictimaiyyət tərəfindən yaxşı təcrübə nümunələrindən biri kimi qəbul olunmuşdur.

Hüquqi dövlətin bərqərar olması müstəqil məhkəmə hakimiyyəti və onun hərtərəfli hüquq-müdafiə fəaliyyəti olmadan mümkün deyil. Ölkəmizin SSRİ-nin tərkibinə daxil olduğu zaman Azərbaycan məhkəmələrinin də aid olduğu sovet məhkəmələrinin 70 illik hakimiyyəti kommunist partiyalılığı dövründə sinfi zorakılığın tabe edilmiş itaətli elementləri olmuşdu. Bu şəraitdə ədalətli mühakimə və müstəqil məhkəmə sadəcə olaraq mümkünsüz idi.

Məhkəmənin siyasətsizləşdirilməsi və "departizasiyası" ideyası həmçinin, Konstitusiyada öz əksini tapmışdır. Konstitusiyada bəyan olunmuş ədalət mühakiməsinin həyata keçirilməsinin demokratik prinsipləri 1997-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Qanunda təsbit edilmiş və növbəti inkişafını tapmışdır.

Konstitusion müddəaların şərtsiz icrasının müdafiəsində duran, normativ hüquqi aktların, dövlət hakimiyyət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərinin Konstitusiyaya uyğunluğuna nəzarəti həyata keçirən Konstitusiya Məhkəməsi hüquqi dövlət üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda Konstitusiya Məhkəməsi məhz belə səlahiyyətlərə malikdir. Onun həyata keçirdiyi nəzarət sahələrinə həmçinin, səlahiyyətlərlə bağlı mübahisələr, vətəndaşların şikayətləri və məhkəmələrin sorğusu əsasında vətəndaşların hüquq və azadlıqlarını pozan qanunların Konstitusiyaya uyğunluğunun yoxlanılması, Konstitusiyasının şərhi və s. məsələlər daxildir.

Lakin biz nail olunanlarla kifayətlənmirik və islahatlar aparmaqda davam edirik.

2004-cü ildən Avropa Şurası ilə sıx əməkdaşlıqda məhkəmə fəaliyyətini Avropa standartlarına uyğun şəkildə tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işə başlanılmışdır.

Nəticədə "Məhkəmələr və hakimlər haqqında" Qanun əsaslı yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" Qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, Hakim vəzifəsinə namizədlərin seçilməsi Qaydaları, Hakimlərin etik davranış kodeksi, Hakimlərin assosiasiyalarının nizamnaməsi, məhkəmələrdə kargüzarlıq işinin aparılması haqqında Təlimat və digər sənədlər qəbul olunmuş və uğurla tətbiq olunur.

Yeni qanunvericiliyə uyğun olaraq məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını həyata keçirən, məhkəmə sisteminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələləri həll edən, daimi fəaliyyət göstərən müstəqil orqan olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır.

Şuranın 15 üzvündən əksəriyyəti (9 nəfər) hakimdir. Həmçinin burada qanunvericilik və icra hakimiyyəti, prokurorluq və Vəkillər Kollegiyası təmsil olunur.

Hüquqi dövlətin vacib komponenti olan məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasında hakim vəzifəsinə namizədlərin seçilməsi prosesi sözsüz ki, əsas rol oynayır. Namizədlərin seçilməsi məqsədi ilə müstəqil orqan olan, əksəriyyəti (6 nəfər) hakimlər olmaqla tərkibi 11 nəfərdən ibarət Hakimlərin Seçki Komitəsi yaradılmışdır.

Avropa Şurası ilə birgə ən mütərəqqi və şəffaf metodlar əsasında işlənib hazırlanmış, test, yazılı və şifahi imtahanlar, məhkəmələrdə uzunmüddətli treninq və stajorluq daxil olan çoxmərhələli hakimlərin seçki qaydası xüsusilə diqqətəlayiqdir.

Vətəndaşların ədalətli məhkəmə hüququnun təmin olunmasına xüsusi önəm verərək, biz məhkəmə sisteminin təkmilləşdirilməsini davam etdirir, həmçinin hakim və vəkillərin sayını, habelə onların peşəkarlığını artırır, yeni məhkəmələr təsis edir, məhkəmələrin infrastrukturunu müasirləşdirir, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarını tətbiq edirik və s. Bu məsələlərin həllində bizə Dünya Bankı, Avropa Komissiyası, İnsan hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Ümumi Hüquq Təşkilatı, ABACEELİ və s. əvəzolunmaz dəstək göstərirlər.

Məqsədimiz ölkəmizdə konstitusion qanunçuluğun və hüquq qaydasının daha etibarlı müdafiəçisi olacaq məhkəmə hakimiyyətinin yaradılmasıdır. Məhkəmə hakimiyyəti Azərbaycan dövlətçiliyinin hüquqi profilini möhkəmləndirməyə və hakimiyyətin bütün qollarının qarşılıqlı əlaqəsində balans rolunu oynamağa yönəlmişdir.

Bütün bunlar Azərbaycan dövlətinin davamlı inkişafının rəhnidir.

Hörmətli xanımlar və cənablar!

Davamlı inkişafı hüquqi dövlətdən kənar təsəvvür etmək çətindir. Demokratik islahatlar, qanunun aliliyi, sahibkarlığın və iqtisadiyyatın inkişafı üçün yaradılmış əlverişli şəraitin mövcudluğu Dünya Bankı və "Doing business - 2009" Beynəlxalq Maliyyə korporasiyasının hesabatına uyğun olaraq Azərbaycanın biznes mühitinin yaxşılaşdırılmasına görə 1 nömrəli islahatçı ölkə kimi müəyyən edilməsini şərtləndirmişdir. Misal olaraq, son 5 ilin büdcə gəlirlərinin miqdarı 12 dəfə, ÜDM və sənaye potensialı 2,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 3,5 dəfə azalmış, sərmayələrin həcmi 62 mlrd. ABŞ dollarına çatmışdır. Bu siyahını davam etdirmək olar.

Çıxışımın sonunda, gələcəyimizin bundan asılı olduğu üçün hamıya hüquqi dövlətin möhkəmləndirilməsi işində yeni nailiyyətlər arzu etmək və "İnsan şüurunun qalib gələ bilməyəcəyi çətinlik yoxdur" qədim kəlamında deyildiyi kimi, nəticələrə nail olacağımıza ümidvar olduğumu bildirmək istəyirəm.

Diqqətinizə görə minnətdaram.

Keçidlər