X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə" (2009-cu il üzrə) ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli millət vəkilləri!

 

Bələdiyyələrin fəaliyyətinə «İnzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2009-cu il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm. Bələdiyyələrin statusu ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların və digər normativ-hüquqi aktların müddəalarını, «Yerli özünüidarəetmə haqqında» Avropa Xartiyasının tələblərini nəzərə alaraq illik məruzə əsasən iki istiqamət üzrə hazırlanmışdır: bələdiyyələrlə metodoloji iş və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət.

Diqqətinizə çatdırmaq istərdim ki, keçən il illik məruzə Milli Məclisdə dinlənilərkən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və onların fəaliyyətinə inzibati nəzarətlə bağlı millət vəkilləri tərəfindən irəli sürülmüş təkliflər, səslənmiş fikirlər, tövsiyyələr ümumiləşdirilmiş, təhlil olunmuş və nəzərə alınmışdır.

 

Hörmətli millət vəkilləri!

 

Yerli özünüidarə orqanları demokratik quruluşun əsaslarından birini təşkil etməklə dövlətin idarə olunmasında vətəndaşların iştirakını təmin edən çox mühüm vasitədir. Bələdiyyə quruculuğu ilə bağlı aparılan işlərin səmərəliliyi bütövlükdə ölkədə həyata keçirilən siyasi, iqtisadi, sosial siyasətin nəticəsindən asılıdır.

Dünyada qlobal iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2009-cu ildə Azərbaycan iqtisadiyyatında müsbət irəliləyişlər davam etmiş, nəhəng sosial-iqtisadi layihələr uğurla icra olunmuş, bütün sahələrdə müasir tələblərə cavab verən güclü infrastruktur yaradılmış, respublikamız dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir.

Davamlı iqtisadi inkişaf, bütün sahələrdə əldə olunan böyük uğurlar dövlətimizin qüdrətinin, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə səbəb olmuşdur. Bütün bunlar, əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın gələcək inkişafına hesablanmış siyasi kursun, hərtərəfli yüksəlişin və demokratik inkişaf yolunun dönməzliyinin və sarsılmazlığının bir daha təsdiqidir.

Əldə olunmuş iqtisadi artım bələdiyyələrin də inkişafı üçün mühüm zəmin yaradır. Regionların sosial-iqtisadi inkişafına dair və digər dövlət proqramlarının icra olunmasında, ölkədə geniş vüsət almış abadlıq və quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr fəal iştirak edir, insanların rifahının yaxşılaşması naminə səmərəli işlər görürlər.

2009-cu ildə ölkəmizdə yerli demokratiya və özünüidarənin inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Büövlükdə ötən il bələdiyyəçilik tarixində mühüm hadisələrlə zəngin olmuşdur. Mart ayında keçirilmiş referendumla Konstitusiyaya bələdiyyələrin müstəqilliyinə və onların yerli əhali qarşısında məsuliyyətinə dair yeni normaların daxil edilməsinin bələdiyyə idarəçiliyində böyük əhəmiyyəti vardır. Bu normalarda bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması kimi prinsipial məsələlər, habelə dövlət-bələdiyyə münasibətlərini tənzimləyən, eləcə də bələdiyyələrin fəaliyyəti barədə Milli Məclisə hesabatın təqdim olunmasına dair müddəalar öz əksini tapmışdır.

Bələdiyyələrin birləşmə prosedurunu sadələşdirən qanunun qəbul edilməsi yerli əhalinin və bələdiyyələrin birləşmə təşəbbüsünün daha əlverişli yollarla gerçəkləşməsinə real imkanlar yaratmışdır. Bunun nəticəsidir ki, ölkə üzrə 1651 bələdiyyənin birləşməsi nəticəsində 614 yeni bələdiyyə yaradılmışdır. Bütövlükdə, bələdiyyələrin sayı ölkə üzrə xeyli azalaraq 1718 olmuşdur. Birləşmə məsələlərini tənzimləmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 19 sentyabr və 26 noyabr 2009-cu il tarixli qərarlar qəbul edilmişdir.

Həmin qərarlara uyğun olaraq Ədliyyə Nazirliyi üzrə 15 dekabr 2009-cu il tarixli əmrlə komissiyaların müvafiq rayonlar üzrə fərdi tərkibi təsdiq olunmuş, komissiya üzvləri təlimatlandırılmış və digər təşkilati tədbirlər həyata keçirilmişdir.

Ölkəmizdə 2009-cu il dekabrın 23-də bələdiyyələrə keçirilmiş seçkilər çox böyük önəm daşıyır. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçilmişdir. Olduqca əlamətdardır ki, bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisi xeyli artmışdır. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olmuşdur.

2009-cu ildə Milli Məclisdə qəbul edilmiş Mənzil Məcəlləsində, "Təhsil haqqında", "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında bələdiyyələrin mənzil fondunun yaradılması, sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı vətəndaşlara bu mənzil fondundan yaşayış sahəsinin verilməsi, bələdiyyə təhsil müəssisələrinin yaradılması və idarə olunması, həmçinin, yerlərdə idmanın inkişafı sahəsində bələdiyyənin hüquq və vəzifələri təsbit edilmişdir.

27 oktyabr 2009-cu il tarixli Qanunla "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə üzvünün statusu haqqında" qanunlara əlavələr edilərək onların ardıcıl peşə hazırlığına və ixtisas artırılmasına cəlb olunması müəyyən edilmişdir.

Bələdiyyələrə metodoloji yardımın yaxşılaşdırılması, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2009-cu ildə Ədliyyə Akademiyasında və Dövlət İdarəçilik Akademiyasında 14 ixtisasartırma kursu təşkil olunmuş, Nazirliyin əməkdaşları tərəfindən 289 nəfər (2008-ci ildə 233 nəfər) bələdiyyə üzvü və qulluqçusu üçün müxtəlif mövzular üzrə mühazirələr oxunmuşdur. Bununla yanaşı, il ərzində 43 seminar təşkil olunmuş, 3545 nəfər bələdiyyə üzvü və qulluqçusunun bu seminarlarda iştirakı təmin edilmişdir.

Maarifləndirmə tədbirlərində xarici və yerli qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlarla fəal əməkdaşlıq edilmişdir. Bununla yanaşı, kütləvi informasiya vasitələrindən istifadə etməklə maarifçilik tədbirləri həyata keçirilmiş, aktual mövzular üzrə məqalələr dərc edilmiş, radio və televiziyalarda çıxışlar olmuşdur. Metodoloji işin yaxşılaşdırılması məsələləri Nazirliyin Kollegiyasında müzakirə edilərək müvafiq tapşırıqlar verilmiş, bələdiyyələrə kömək məqsədi ilə bütövlükdə, 2009-ci il ərzində 19 metodik vəsait hazırlanmışdır.

Yerli özünüidarənin inkişafı ilə bağlı Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulmuşdur. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırıqlara uyğun olaraq bələdiyyə orqanlarında idarəetmənin yaxşılaşdırılması, yerli demokratiyanın inkişafı, şəffaflığın artırılması, maliyyə intizamının və inzibati nəzarətin gücləndirilməsi üzrə, habelə yerli özünüidarə məsələlərinə dair Konstitusiyaya edilmiş dəyişiklik və əlavələrin icrası ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən qanun layihələri hazırlanaraq baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir.

"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2009-cu il üzrə) icrası istiqamətində bir sıra tədbirlər görülmüş, o cümlədən bələdiyyə üzvləri və qulluqçuları üçün keçirilmiş 19 seminarda şəffaflıq və korrupsiya problemlərinə dair mühazirələr oxunmuş, ayrı-ayrı bələdiyyələrə 560 tövsiyə göndərilmiş, 3 metodik vəsait hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanına uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onlara hüquqi və metodiki yardımın yaxşılaşdırılması məqsədi ilə regional ədliyyə şöbələrinin fəaliyyət göstərmələri üçün zəruri tədbirlər həyata keçirilmişdir.

Dövlət başçısının 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq müasir infrastruktrunun yaradılması, maddi-texniki bazasının gücləndirilməsi üzrə görülən tədbirlər çərçivəsində regional ədliyyə şöbələrinin işinin yüksək səviyyədə qurulması, onların zəruri iş şəraiti ilə təmin olunmasına xüsusi diqqət yetirilərək, artıq Şəki, Şirvan və Gəncə regional ədliyyə şöbələri üçün müasir tipli yeni inzibati binalar tikilərək istifadəyə verilmiş və bu istiqamətdə işlər davam etdirilir.

"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə 7 iyul 2009-cu il tarixli əmrlə konkret tədbirlər müəyyən edilmişdir. Həmin tədbirlərdə korrupsiya hüquqpozmaları ilə bağlı vətəndaşların müraciətlərinin ümumiləşdirilməsi, təhlillər aparılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi üzrə qanunçuluğun möhkəmləndirilməsi, maarifçilik işinin yaxşılaşdırılması və bu kimi başqa mühüm məsələlər nəzərdə tutulmuşdur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması və onun səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılmış, Nazirliyin 19 fevral və 4 aprel 2009-cu il tarixli kollegiya iclaslarında müzakirə olunaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, yerli özünüidarə orqanları tərəfindən yol verilmiş qanun pozuntularının qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin tətbiqinə diqqətin artırılması, metodiki işin yaxşılaşdırılması, regional ədliyyə şöbələrinin işinin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

İnzibati nəzarət həyata keçirilərkən "Yerli özünüidarəetmə haqqında» Avropa Xartiyasında və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunda müəyyən edilmiş prinsiplərə ardıcıl əməl olunması, inzibati nəzarətin səmərəliliyinin təmin edilməsi başlıca vəzifələrdəndir.

2009-cu il ərzində inzibati nəzarət qaydasında baxılması üçün bələdiyyələr tərəfindən ədliyyə orqanlarına 21383 akt göndərilmişdir. Bu aktlardan 333-ü Nazirliyin təklifləri əsasında ləğv edilmiş və ya dəyişdirilmişdir. 87 bələdiyyə aktının ləğvi üçün məhkəmələrdə iddialar qaldırılmışdır.

İnzibati nəzarət icraatı zamanı bir neçə bələdiyyənin fəaliyyətində daha ciddi və cinayət xarakterli hüquq pozuntuları müəyyən edilmiş, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş və 23 fakt üzrə (2008-ci ildə 15 olmuşdur) cinayət işi başlanmışdır. Həmin araşdırmalar üzrə ümumilikdə 16 milyon manatdan çox maliyyə pozuntusu aşkar edilmişdir. Prokurorluq orqanlarına göndərilmiş materiallar əsasında Binəqədi rayonu Xocasən, Sabunçu rayonu Balaxanı, Suraxanı rayonu Zığ, Quba rayonu II Nügədi, Şəmkir rayonu Qaracəmirli, Əzizbəyov rayonu Pirşağı, Qaradağ rayonu Ümid, Sahil və digər bələdiyyələrdə aşkar edilən cinayət xarakterli qanun pozuntularına görə Azərbaycan Respublikası CM-nin 308, 313 və digər maddələri ilə cinayət işləri başlanmışdır.

Göstərilən cinayət işləri üzrə bələdiyyə sədrlərinin bəziləri məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş, islah işlərinə və cərimə cəzalarına məhkum olunmuş, bir sıra işlər üzrə istintaq davam etdirilir.

Fəaliyyətləri zamanı qanun pozuntularına yol verdiklərinə görə 674 (2008-ci ildə 421 olmuşdur) bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir.

İnzibati nəzarət icraatı zamanı aşkar edilmiş nöqsanları, qanun pozuntularını aradan qaldırmaq və qarşısını almaq məqsədi ilə ayrı-ayrı bələdiyyələrə 872 tövsiyə göndərilmişdir.

2009-cu il ərzində 484.6 ha torpaq sahəsinin xüsusi mülkiyyətə, 4294.6 ha torpaq sahəsinin icarəyə, 291.8 ha torpaq sahəsinin isə istifadəyə qanunsuz olaraq verilməsi haqqında bələdiyyə qərarları Nazirliyin təklifləri əsasında bələdiyyələr, habelə iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə, il ərzində qanunsuz ayrılmış 5071 ha torpaq sahəsinin bələdiyyəyə qaytarılması təmin olunmuşdur.

Məhkəmə və istintaq orqanlarının bələdiyyələr və onların vəzifəli şəxsləri barədə 21 xüsusi qərardad və təqdimatlarının ictimai və fərdi xəbərdarlıq əhəmiyyəti nəzərə alınaraq müvafiq bələdiyyələrdə Nazirliyin əməkdaşlarının iştirakı ilə müzakirələr təşkil olunmuş və bələdiyyələrə mövcud qanun pozuntuları və nöqsanların qarşısının alınması ilə bağlı zəruri təklif və tövsiyələr verilmişdir.

2007-2008-ci illərdə bəzi istisnalar nəzərə alınmaqla bələdiyyə torpaqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qanunlar qəbul edilmişdir. Hərrac və müsabiqələrin keçirilməsində təcrübənin olmamasına görə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə bir çox seminarlar təşkil edilmiş, 3 metodik vəsait hazırlanaraq bələdiyyələrin istifadəsinə verilmişdir. Bütövülkdə, hərrac və ya müsabiqələrin keçirilməsi məsələləri 24 seminarın gündəliyinə daxil edilmişdir.

Bələdiyyə torpaqlarının hərrac və ya müsabiqələr vasitəsi ilə mülkiyyətə və icarəyə verilməsi ilə bağlı "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bir sıra hallarda torpaq sahəsi vətəndaşların mülkiyyətinə satılarkən qiyməti bazar məzənnəsinə uyğun olmamış, satışı qanunvericiliklə qadağan olunan torpaq sahələri bələdiyyələr tərəfindən hərraca və ya müsabiqəyə çıxarılmışdır. Bu və digər pozuntular barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, hərrac və ya müsabiqə komissiyasına məlumat verilərək onların aradan qaldırılması, eləcə də bəzi hərrac və müsabiqələrin nəticələrinin ləğv edilməsi təklif olunmuş, bütün bələdiyyələrə hərrac və müsabiqə qaydalarına, torpaq qanunvericiliyinə əməl olunması barədə tövsiyə göndərilmiş, 3 hərrac və müsabiqənin nəticələrinin ləğvi barədə məhkəmədə iddialar qaldırılmışdır.

Yerli vergi və ödənişlərin bələdiyyə büdcəsinin formalaşmasında mühüm önəm daşımasına baxmayaraq, onların yığılmasında problemlər hələ də qalmaqdadır. Bir sıra bələdiyyələrdə mədən vergisinin yığılma göstəricisi çox aşağı olmuş və ya yığılmamışdır. Sanatoriya-kurort ödənişlərinin alınmasında da passivlik vardır.

"Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında" Qanuna görə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər, bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlər, ixtisaslaşdırılmış avtomobil dayanacaqları, bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlər bələdiyyə büdcəsinin tərkib hissəsinə daxildir. Müəyyən edilmişdir ki, uzun müddət həmin ödənişlərin bələdiyyələr tərəfindən yığılması təmin olunmamışdır. Bu problemin aradan qaldırılması və qanunsuzluğun qarşısının alınması məqsədi ilə bələdiyyələrə Ədliyyə Nazirliyi tərəfindən müvafiq tövsiyyə verilmiş və başqa tədbirlər görülmüşdür. Hazırda bu məsələ qanunvericiliyə uyğun tənzimlənir.

Bələdiyyələrin milli assosiasiyalarının fəallığı daha da artmış, onların təşəbbüsü və ya iştirakı ilə bir çox tədbirlər keçirilmişdir. Milli assosiasiyaların nümayəndələri hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə sıx əlaqədə işləmiş, bələdiyyələrin fəaliyyəti ilə bağlı müzakirələr aparmışlar.

Bələdiyyələrin Milli assosiasiyaları və "İrəli" İctimai Birliyi tərəfindən 2009-cu ilin oktyabr - noyabr aylarında bələdiyyə seçkilərinə vətəndaşların marağını və hüquqi biliklərini artırmaq məqsədilə Respublikanın 56 şəhər və rayon mərkəzində "Yerli Demokratiya Həftəsi" keçirilmişdir. "Həftə" çərçivəsində müxtəlif mövzularda çoxsaylı maarifləndirici təlimlər həyata keçirilib.

Yerli özünüidarə sahəsində Avropa Şurasının müvafiq strukturları ilə əlaqələrin inkişaf etdirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə mühüm əhəmiyyət verilərək, bir sıra beynəlxalq qurumların nümayəndələri ilə görüşlər keçirilmiş, beynəlxalq tədbirlərdə iştirak edilmiş, aktual məsələlər üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun təkliflər verilmişdir.

- 11 sentyabr 2009-cu il tarixdə Ədliyyə Nazirliyində ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbərliyi ilə görüş keçirilmişdir. Görüşdə ölkəmizdə aparılan geniş demokratik dəyişikliklər, bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlərdən danışılmış, Konstitusiyaya edilmiş dəyişikliklərin yerli demokratiyanın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılmışdır. Konqresin rəhbərliyi Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığın inkişafında ölkəmizin güclü siyasi iradə nümayiş etdirdiyini, Azərbaycanda gedən davamlı iqtisadi tərəqqinin şahidi olduğunu bildirmiş, bələdiyyələrin inkişafı sahəsində görülən işləri müsbət qiymətləndirmişdir.

- 30 sentyabr 2009-cu ildə İstanbulda Türk Dünyası Bələdiyyələri Birliyinin ikinci baş toplantısı keçirilmişdir. 14 ölkənin daxil olduğu Birliyin bu mühüm tədbirində Ədliyyə Nazirliyinin, bələdiyyələrin Milli assosiasiyalarının nümayəndələri iştirak etmişlər. Tədbirin təşkilatçıları Azərbaycan Respublikası ilə Birliyin səmərəli əməkdaşlığını yüksək qiymətləndirmiş, Ədliyyə Nazirliyinin nümayəndəsi Birliyin Yönətim kuruluna və Ölkələrarası əlaqələr komissiyasına üzv seçilmişdir;

- 16-17 noyabr 2009-cu il tarixdə Niderlandın Utrext şəhərində yerli və regional hakimiyyətlərə məsul olan Avropa nazirləri Konfransının 16-cı sessiyası keçirilmişdir. Tədbirdə müzakirə olunan məsələlərə dair Azərbaycanın mövqeyi bildirilmiş, dünyada cərəyan edən maliyyə böhranı şəraitində ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində respublikamızın iqtisadi yüksəlişi barədə məlumat verilmiş, həmçinin Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzünün ağır nəticələri diqqətə çatdırılmışdır. Konfransın sonunda Avropa Şurasının yerli və regional demokratiya sahəsində fəaliyyətinin genişləndirilməsini özündə əks etdirən Utrext Bəyannaməsi qəbul edilmişdir.

 

Hörmətli millət vəkilləri!

 

Yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Məclis tərəfindən həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyətini qeyd etməklə aşağıdakı təklifə də baxılmasını xahiş edirik:

- Qanunvericiliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara və bu kateqoriyadan olan digər şəxslərə fərdi yaşayış evinin tikintisi üçün bir dəfə pulsuz torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Humanitar ehtiyacdan irəli gələn bu göstərişlərin icra edilməsində qanunvericilikdə boşluq və ziddiyyətli məqamların olmasına görə bir sıra çətinliklər vardır. Ona görə də «Hərbi qulluqçuların statusu haqqında» Qanuna və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında» Əsasnaməyə müvafiq dəyişiklik və əlavələrin edilməsini təklif edirik.

Diqqətinizə görə təşəkkür edirəm.

23.02.2010

Keçidlər