X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevin Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2009-cu ildə tətbiq edilməsi vəziyyətinə həsr olunmuş konfrasda çıxışı



Hörmətli konfrans iştirakçıları!

Xanımlar və cənablar!
 

Dövlətimizin ali məqsədi olan insan hüquqlarının təmin edilməsinə həsr olunmuş bu mötəbər konfransa dəvətə görə təşəkkürümü bildirərək Sizin hamınızı Ədliyyə Nazirliyinin rəhbərliyi adından salamlayıram.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixdə imzaladığı İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun varisliyinin bariz nümunəsidir. Belə ki, Milli Fəaliyyət Planında ulu öndərimizin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının fəlsəfəsi inkişaf etdirilmişdir.

Təsadüfi deyil ki, həmin Dövlət Proqramının müasir tariximiz üçün əhəmiyyəti nəzərə alınaraq ölkə Prezidentinin Sərəncamı ilə (18 iyun 2007-ci il) iyunun 18-i Azərbaycanda insan hüquqları günü elan edilmişdir. Maraqlıdır ki, BMT-nin İnsan Hüquqları Şurası tərəfindən «İnstitusional quruculuq paketi» də məhz 2007-ci ildə həmin gündə qəbul edilmiş və yeni Universal Dövri İcmal mexanizmi təsis edilmişdir. Bu özü-özlüyündə insan hüquqları kimi mühüm məsələdə tarix boyu müşahidə olunan hüquqi varislik elementi kimi dəyərləndirilə bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan əhatəli qərarlar qəbul olunmuşdur. Bu istiqamətdə əməli işlərin görülməsi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının məntiqi davamı olaraq onların hazırda keyfiyyətcə yeni mərhələsinin başlanması deməkdir.

Xüsusi vurğulanmalıdır ki, Fəaliyyət Planının əsas istiqamətləri üzrə məqsəd və vəzifələr bu islahatları daim diqqət mərkəzində saxlayan ölkə başçısının 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı»nda da öz inkişafını tapmışdır. Müstəsna əhəmiyyətə malik olan bu vacib sənəd dövlətimizin siyasi iradəsinin növbəti təzahürü olmaqla, ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən edir. Bu Proqram ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş kompleks və çoxşaxəli tədbirləri nəzərdə tutur. Dövlət Proqramı ədliyyə işçiləri, hüquq ictimaiyyəti tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanmışdır.

İnsan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən Dövlət Proqramının qəbul edilməsindən artıq bir il keçir. Proqramın icrası üzrə 2009-cu ildə görülmüş işlər, qarşıya çıxan problemlər və onların həlli yolları, cari ildə yerinə yetirilməli tədbirlər bu ilin yanvar ayında nazirliyin kollegiya iclasında geniş müzakirə edilmişdir.

2009-cu ildə ədliyyə orqanları tərəfindən Milli Fəaliyyət Planının icrası ilə bağlı konkret əməli işlər görülmüşdür. Bu baxımdan Ədliyyə Nazirliyi insan hüquqları ilə bağlı bütün məsələlərdə Ombudsmanın fəaliyyətinə daim diqqət və həssaslıqla yanaşmışdır. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də ədliyyə orqanları Milli Fəaliyyət Planının həyata keçirilməsində, Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılmasında Ombudsman aparatı ilə fəal əməkdaşlıq etmişdir. Bizim qarşılıqlı fəaliyyətimizin səmərəliliyi müvəkkilin bu il təqdim etdiyi məruzəsində öz əksini tapmışdır.

Qanunvericiliyin inkişafı istiqamətində nazirliyin əsas səyləri sosial, mülki, iqtisadi sahələrdə, həmçinin ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin mütərəqqi xarici təcrübəyə uyğun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə yönəlmişdir. Ötən il nazirlik tərəfindən 150-dən çox normativ hüquqi akt layihəsi hazırlanmış, müxtəlif hüquq münasibətlərini tənzimləyən 1300-ə yaxın belə akt hüquqi ekspertizadan keçirilmiş, 64 normativ hüquqi akt və normativ xarakterli akt dövlət qeydiyyatına alınmışdır. Fəaliyyət Planının müvafiq bəndləri nəzərə alınaraq normativ hüquqi aktların layihələrinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar ekspertizasına, insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilmişdir.

İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi üzrə mühüm işlər görülmüş, Fəaliyyət Planının 7-ci bəndinə müvafiq olaraq birgə layihələrin həyata keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi diqqət mərkəzində saxlanılmışdır. Ədliyyə Nazirliyi BMT-nin İnkişaf Proqramı, İnsan Hüquqları üzrə Ali Komissarının ofisi, UNİCEF, habelə ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər qurumlarla səmərəli əməkdaşlığını mütəmadi inkişaf etdirir.

Ötən dövrdə ölkəmizin beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə dair müvafiq dövlət orqanlarının iştirakı ilə hazırlanmış dövri hesabatlar, dinləmələrlə bağlı digər sənədlər aidiyyəti üzrə təqdim edilmişdir. Dövlət başçısının sərəncamlarına əsasən Ədliyyə Nazirliyinin rəhbər işçiləri «Universal Dövri İcmal mexanizmi», «Mülki və siyasi hüquqlar haqqında» və «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktlar, irqi, habelə qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi, uşaq hüquqları, işgəncələrə qarşı konvensiyalar üzrə milli məruzələrin BMT-nin aidiyyəti komitələrində təqdimatında fəal iştirak etmişlər. Dövlətimizin hesabatları, insan hüquqları sahəsində bir sıra məsələlərlə bağlı müzakirələr konstruktiv, səmimi dialoq şəraitində aparılmış, verilmiş suallar nümayəndə heyətinin üzvləri tərəfindən dolğun məlumatlarla və şərhlərlə cavablandırılmış, irəli sürülmüş tövsiyələrə, təkliflərə münasibət bildirilmiş və hazırda onların həyata keçirilməsi üzrə müəyyən tədbirlər görülür.

Aparılmış müzakirələr onu göstərmişdir ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların uğurları beynəlxalq aləmdə də təqdir olunur. Təqdim olunmuş məruzələrdə və dinləmələrdə beynəlxalq ictimaiyyətin diqqəti xüsusi olaraq Ermənistanın ölkəmizə qarşı təcavüzü, torpaqlarımızın işğalı nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş soydaşımızın hüquqlarının kütləvi şəkildə pozulması və digər məsələlərə cəlb olunmuşdur. Həmin tədbirlərdə nümayəndə heyəti ilə birgə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), bir çox milli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmiş, Fəaliyyət Planının 8-ci bəndinə uyğun olaraq Universal Dövri İcmal mexanizmi üzrə milli məruzəmizin hazırlanmasında bir sıra QHT-lərin tövsiyə və təkliflərindən istifadə olunmuş, səmərəli görüşlər keçirilərək ətraflı fikir mübadiləsi aparılmışdır.
 

Hörmətli konfrans iştirakçıları!

2009-cu ildə ölkəmiz Fəaliyyət Planında nəzərdə tutulmuş etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi istiqamətində növbəti addımını ataraq «Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında» Konvensiyanı təsdiq etmişdir. Ötən ildə uşaq hüquqları da diqqət mərkəzində saxlanılmış, «Uşaq ili» çərçivəsində bir sıra tədbirlər təşkil edilmişdir. Azərbaycan Respublikası Hökumətinin UNİCEF-lə əməkdaşlığına dair Ölkə Proqramı çərçivəsində hazırlanmış «Uşaqların müdafiəsi: Yuvenal ədliyyə islahatı» Fəaliyyət Planının icrası davam etdirilmiş, ədliyyə və daxili işlər nazirliklərinin iştirakı ilə pilot layihələr və s. tədbirlər həyata keçirilmişdir. Əməkdaşlığımız davam etdirilərək bu ay UNİCEF və hər iki nazirlik arasında «Yuvenal ədliyyə islahatı» üzrə yeni illik Fəaliyyət Planı imzalanmışdır.

Yeri gəlmişkən bildirmək istərdim ki, dünən Ədliyyə Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa/MDB ölkələri üzrə Regional Ofisinin direktoru cənab Stiven Allenlə görüş keçirilmişdir. Bu görüşdə ölkəmizdə uşaq hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunması, barələrində ədalət mühakiməsinin həyata keçirilməsi, cəzaların icrasının xüsusiyyətləri barədə məlumat verilmiş, UNİCEF-lə əməkdaşlığımız və növbəti ölkə proqramı üzrə səmərəli müzakirələr aparılmışdır.

Cinayət təqibinin həyata keçirilməsi zamanı yetkinlik yaşına çatmayanlara və qadınlara xüsusi münasibət göstərilir. 2009-cu ildə məhkum olunmuş yetkinlik yaşına çatmayanların və qadınların əksəriyyəti barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar tətbiq edilmişdir.

Ədliyyə Nazirliyi ölkə Prezidentinin tapşırıqlarına əsasən yoxsul əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə 10 regional hüquqi məsləhət xidməti mərkəzinin yaradılmasını təmin etmişdir. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi, həmçinin lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, mərkəzlər tam fəaliyyətə başlayanadək nazirlik tərəfindən bölgələrdə əhaliyə pulsuz hüquqi yardım göstərilməsini təmin etmək məqsədilə regional ədliyyə şöbələrinə də zəruri tapşırıqlar verilmişdir. Hazırda respublikamızın digər 10 regionunda hüquqi məsləhət xidməti mərkəzlərinin fəaliyyətə başlamaları üçün lazımi təşkilati işlər görülür.

2009-cu ildə beynəlxalq hüquqi yardımın göstərilməsi ilə əlaqədar daxil olmuş sənədlər üzrə 6 mindən çox rəy və digər məlumatlar hazırlanıb aidiyyəti üzrə göndərilmişdir. Fəaliyyət Planının 13-cü bəndinin icrası ilə əlaqədar cəzaların qalan hissəsini çəkmək üçün 64 məhkumun təhvil verilməsi və alınması həyata keçirilmiş, adam oğurluğu və digər bu kimi ağır cinayətlər törədərək ədalət mühakiməsindən boyun qaçıran 6 təqsirləndirilən şəxs xaricdən respublikamıza ekstradisiya edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası vəziyyəti bu il ümumiləşdirilmişdir. İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, habelə Avropa Şurası və Avropa Komissiyasının, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) tövsiyələrinə, Avropa Penitensiar qaydalarının tələblərinə uyğun olaraq penitensiar müəssisələrdə məhkumların hüquqlarının daha etibarlı təmin edilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması, onların əməyə cəlb olunması üzrə kompleks tədbirlər görülmüş, iri həcmli infrastruktur layihələr üzrə işlər müvəffəqiyyətlə davam etdirilmişdir.

Dövlət Proqramına uyğun olaraq ən yüksək tələblərə cavab verən Bakı istintaq təcridxanasının birinci buraxılış obyektlərinin inşası başa çatdırılaraq 2009-cu ildə istifadəyə verilmiş, insan hüquqlarının qorunmasına daim xüsusi diqqət yetirən dövlətimizin başçısı kompleksə baş çəkərək yaradılmış şəraitlə tanış olmuşdur.

Nazirliyin tibb xidmətinin yenidən qurulması, ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi, zəruri müasir avadanlıqlarla və dərman preparatları ilə təmin olunması məhkumların və təqsirləndirilən şəxslərin müayinəsi və müalicəsi işinin təşkilinin keyfiyyətcə xeyli yaxşılaşdırılmasını şərtləndirmişdir.

Ölkəmizdə bərqərar olunmuş ictimai-siyasi sabitlik, vətəndaş birliyi, hərtərəfli sürətli inkişaf şəraitində məhkumlara münasibətdə humanist cəza siyasəti tətbiq olunur. 1995-2010-ci illər ərzində Azərbaycan Respublikası Prezidentinin 47 fərmanı əsasında 5029 nəfər əfv olunmuş, 9 dəfə qəbul edilmiş amnistiya aktları on minlərlə məhkuma şamil edilmişdir. Yalnız 2009-cu ilin mart ayında elan olunmuş sonuncu amnistiya aktı bütövlükdə 9372 nəfəri əhatə etmiş, onlardan 4167 məhkum azadlığa buraxılmışdır.

İslahatların aparılması, qanunvericiliyin dinamik inkişafı, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi nəzərə alınaraq hüquqi maarifləndirməyə böyük önəm verilir. İnsan hüquqları sahəsində tədris və maarifləndirmə ilə əlaqədar Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məsələlərində nazirliyin mətbu nəşrlərindən, internet saytından geniş istifadə olunur. Əhalinin hüquqi biliklərinin artırılması, qanunların mətni ilə onların birbaşa sərbəst və təmənnasız tanış olmasına kömək məqsədilə nazirlik tərəfindən 2006-cı ildən aparılan və milli qanunvericiliyin elektron məlumat bazası əks olunmuş «e-qanun.az» internet saytı interaktiv rejimdə fəaliyyət göstərir. Saytın texniki imkanlarının genişləndirilməsi, o cümlədən mətndə axtarış sisteminin yaradılması ilə bağlı layihə həyata keçirilmiş və hazırda proqram təminatının və saytın yeni versiyasının mükəmməl işləməsi üçün müasir avadanlıqlar quraşdırılır.
 

Hörmətli konfrans iştirakçıları!

Çıxışımın sonunda qeyd etmək istərdim ki, bugünkü tədbir xalqımızın ümummilli liderinin 87-ci ildönümü dövrünə təsadüf edir və diqqətinizə çatdırdığım məqamlar dahi şəxsiyyətin müəyyən etdiyi siyasətə uyğun olaraq görülən işlərin yalnız bir hissəsidir. Bu əziz gün ərəfəsində nazirliyin əməkdaşları Heydər Əliyev Fondunda əbədiyaşar liderin şərəfli həyat yolunu daha da dərindən öyrənmək imkanına malik olmuşlar. Unudulmaz təəssüratlara görə ədliyyə işçiləri və şəxsən öz adımdan dahi öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılmasında, ulu öndərin arzu və ideyalarının geniş miqyaslı layihələrdə həyata keçirilməsində, uşaqların hüquqlarının təmin olunmasında böyük xidmətləri olan Fondun rəhbəri, hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
 

Hörmətli xanımlar və cənablar!

Dövlətimiz gündən-günə inkişaf edir və biz bu inkişafa uyğun olaraq öz işimizi davam etdiririk, islahatlar aparırıq. Necə deyərlər, bu prosesin əvvəli var, amma sonu yoxdur. Bu baxımdan əhalinin müxtəlif qruplarının hüquqlarının etibarlı müdafiəsini təmin etmək məqsədilə aparılan məqsədyönlü işlər daim təkmilləşdirilir.

Bu gün Milli Fəaliyyət Planının icrası üzrə 2009-cu ildə görülmüş məqsədyönlü və ardıcıl tədbirlər barədə dəyərli çıxışlar edildi. Ümidvaram ki, bu mühüm sənədin yerinə yetirilməsi ilə bağlı müzakirələr və fikir mübadiləsi onun davamlı icrasının uğurla həyata keçirilməsi, bütövlükdə insan hüquqlarının qorunması baxımından faydalı və əhəmiyyətli olacaq.
 

Diqqətinizə görə təşəkkür edirəm.

Keçidlər