X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunda çıxışı



Hörmətli cənab sədr!

Hörmətli plenum üzvləri və iştirakçıları!

İlk növbədə andiçmə və şərəfli hakim adını almaları münasibətilə gənc hakimlərimizi ürəkdən təbrik edir, bu yüksək etimadı ləyaqətlə doğrultmalarını arzu edirəm.

Bugünki andiçmə mərasimi təkcə sizin üçün deyil, bütün məhkəmə sistemində əlamətdar hadisədir. Çünki ölkəmizdə məhkəmə-hüquq islahatının geniş vüsət alması və bütün yeni məhkəmələrin fəaliyyətə başlaması məhz sizin təyinatınızla bağlıdır.

Andiçmə mərasiminin özü də adi bir günə deyil, sabah qeyd edəcəyimiz ilk milli konstitusiyamızın 15 illik yubileyi ərəfəsinə təsadüf edir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçərək bunu müəllifi olduğu Konstitusiyamızda təsbit etmiş və mütərəqqi məhkəmə-hüquq islahatının əsasını qoymuşdur.

İslahatların mütəşəkkil həyata keçirilməsi məqsədilə ümummilli liderimiz tərəfindən Hüquqi İslahatlar Komissiyası yaradılmış və bu işə xüsusi əhəmiyyət verən dahi öndərimiz həmin komissiyaya rəhbərliyi öz üzərinə götürmüşdür.

Tarix üçün çox qısa müddət ərzində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır.

İnsan haqlarının qorunmasında məhkəmə fəaliyyətinə böyük önəm verərən ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən bu sahədə məqsədyönlü tədbirlər davam etdirilmişdir.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası Avropa Şurası ekspertləri ilə birgə ətraflı tədqiq edilərək təkmilləşdirilmiş, yeni müstəqil qurumlar - Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimlərin müddətsiz təyinatı, oların fəaliyyətlərinin qiymətləndirilməsi qaydası təsbit olunmuşdur.

Korrupsiya hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə əsasən hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədilə məhkəmə qərarlarının dərci nəzərdə tutulmuşdur.

Ölkəmizdə hakimlərin seçilməsi prosesinə böyük önəm verilərək Avropada ən qabaqcıl təcrübə tətbiq olunmuşdur. Mürəkkəb və çoxmərhələli imtahanlardan idarət olan seçim prosedurları nəticəsində son 5 il ərzində 235 nəfər hüquqşünas yüksək hakim adına layiq bilinmişdir. Bu mövcud hakim korpusunun yarısı deməkdir.

Bununla yanaşı seçim prosedurları da daim təkmilləşdirilir. Əgər əvvəlki seçimlər zamanı hakimliyə namizədlər 4 və ya 6 ay müddətində ilkin tədrisə cəlb edilirdilərsə, sonuncu tədris proqramı artıq bir tədris ilini əhatə etmiş və tematik baxımdan daha zəngin olmuşdur.

Həmçinin, biz beynəlxalq təcrübəyə yiyələnmələri məqsədilə bütün hakimliyə namizədlərin Türkiyədə ayrıca təlimlərə cəlb edilməsinə nail olduq. Və bu çox gözəl bir təcrübənin əsasını qoydu.

Qeyd etmək istərdim ki, ilk dəfə hakim vəzifəsinə təyin edilən şəxslərin fəaliyyəti xüsusi diqqət mərkəzində saxlanılır.

Onlar barədə müsbət rəylər bizi olduqca sevindirir. Təsadüfi deyil ki, ilk dəfə təyin olunmuş hakimlərin 28 nəfəri (18 nəfər 55-lərdən, 10 nəfər 102-lərdən) apellyasiya məhkəmələrinə irəli çəkilmişlər.

Lakin təəssüfi ki, yeni hakimlərin heç də hamısı göstərilmiş yüksək etimadı doğrulda bilməmiş, 8 nəfəri, o cümlədən 1 nəfəri iki dəfə intizam məsuliyyətinə cəlb edilmişdir.

Ümumiyyətlə isə Məhkəmə-Hüquq Şurası tərəfindən son 5 il ərzində hakimlər barədə 120-dən çox intizam icraatı başlanılmış, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam icraatlarının nəticəsi üzrə 50-dən çox hakimin səlahiyyətlərinə xitam verilmiş, 10 hakim aşağı və ya iş həcmi daha az olan vəzifəyə keçirilmişdir.

Ümid edirəm ki, sizin barənizdə belə hallarla rastlaşmayacağıq və siz göstərilmiş etimadı doğruldacaqsınız.

Bunun üçün isə dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Bu gün bütün məhkəmələrdə yüksək iş şəraitinin təmin edilməsi üzrə intensiv tədbirlər həyata keçirilir. Ölkəmizdə hüquqi islahatların mütərəqqi mahiyyətini görən beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə yeni, çoxsaylı məhkəmə binalarının inşası aparılır, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə işlər görülür.

Hakimlərin maddi təminatı daim diqqət mərkəzində saxlanılır. Təkcə onu demək kifayətdir ki, hakimlərin maaşı 2000-ci illə müqayisədə 25 dəfə artmışdır. Eyni zamanda ilk dəfə hakim təyin edilmiş şəxslərə xüsusi diqqət göstərilmiş, onlara əlavə təminatlar nəzərdə tutulmuşdur.

Hörmətli hakimlər,

Bu gün Siz ən yüksək məhkəmə instansiyasında və Ədalət Sarayında and içdiniz.

Siz bunun yüksək məsuliyyətini dərk etməli, bu anda daim sadiq olmalı, ona uyğun davranış nümayiş etdirməlisiniz.

Daim peşəkarlığınızı artırmalı, qanunvericiliyi, məhkəmə təcrübəsini, xüsusilə də Avropa məhkəməsinin presedentlərini izləməli, xarici dilləri, yeni informasiya texnologiyalarından istifadəni öyrənməlisiniz.

Bilməlisiniz ki, ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə əməl etmək, hakim adına xələl gətirən hərəkətlərdən çəkinmək, ədalətli və qərəzsiz olmaq hakim vəzifəsinin ana xəttini təşkil edir.

Ümid edirəm ki, hər biriniz məhz bu yüksək amallara xidmət edəcək, məhkəmə hakimiyyətinə olan etibarı, inamı daim artıracaqsınız.

 

Diqqətinizə görə minnətdaram.

Keçidlər