X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə" (2010-cu il üzrə) ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli millət vəkilləri!

İlk əvvəl dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş azad, demokratik, ədalətli və şəffaf seçkilərdə qələbə qazanmağınız münasibətilə Sizi Ədliyyə Nazirliyinin çoxminli kollektivi adından təbrik edirəm, vətənimizin tərəqqisi, ölkəmizdə qanunvericilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətinizdə uğurlar, nailiyyətlər arzulayıram.

 

Hörmətli millət vəkilləri!

Bələdiyyələrin fəaliyyətinə «İnzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2010-cu il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm.

Respublikamızda aparılan genişmiqyaslı islahatlar milli iqtisadiyatımızın yüksəlişinə və güclənməsinə səbəb olmuşdur. Dünya dövlətlərini bürümüş maliyyə və iqtisadi böhrana baxmayaraq ölkəmizdə sosial-iqtisadi tərəqqi 2010-cu ildə də davam etmişdir. Azərbaycan Respublikasının bu böhrandan qurtuluşu ümummilli liderimiz Heydər Əliyevin dərin elmi təfəkkürü və böyük təcrübəsinə söykənən siyasət nəticəsində reallaşmışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, praqmatik siyasi fəaliyyət bu nailiyyətin başlıca qarantıdır.

Ölkəmiz üçün xarakterik olan əsas cəhətlərdən biri siyasi və sosial-iqtisadi sahədə həyata keçirilən islahatların ardıcıllığı və dönməzliyidir. Belə yanaşma demokratikləşmənin həyata keçirilməsində özünü daha aydın şəkildə göstərir. Yerli demokratiyanın inkişaf problemləri də dövlətimizin qayğısı ilə əhatə olunmuş və bu istiqamətdəki tədbirlər çərçivəsində mövcud normativ hüquqi baza təkmilləşdirilmiş, bir sıra digər mühüm işlər görülmüşdür.

Bələdiyyələrin fəaliyyətinin müasir səviyyədə qurulması, onların rolunun artırılması məqsədi ilə «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» 29 may 2009-cu il tarixli Qanunla 1567 bələdiyyənin birləşməsi nəticəsində 574 yeni bələdiyyənin yaradılması nəzərdə tutulmuşdur. 19 iyun 2009-cu il tarixli Qanunla isə Naxçıvan Muxtar Respublikasında 84 bələdiyyənin birləşməsi nəticəsində 40 yeni bələdiyyə yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 sentyabr tarixli Qərarı ilə bələdiyyələrin birləşməsi zamanı mülkiyyət, maliyyə və başqa məsələləri həll edəcək müvafiq komissiyaların fərdi tərkibinin təsdiq edilməsi və onlara rəhbərliyin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. Qeyd edilən normativ hüquqi aktların icrasını təmin etmək üçün Ədliyyə Nazirliyində 2009-cu il 15 dekabr tarixli əmrlə 46 rayon komissiyaların fərdi tərkibi təsdiq edilmişdir. Komissiyalar birləşmə zamanı aşkar etdikləri qanun pozuntuları, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə Ədliyyə Nazirliyinə məlumat verilməsi, habelə tərtib edilən aktlarda və qəbul edilən qərarlarda əks etdirilən məlumatların dürüstlüyünə diqqət yetirilməsi haqqında təlimatlandırılmışlar. Bu məqsədlə müvafiq iş proqramı tərtib edilmiş, təhvil-təslim aktlarının nümunələri hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılmışdır. 15 yanvar 2010-cu il tarixdə komissiya sədrlərinin iştirakı ilə keçirilmiş geniş müşavirədə qarşıda duran vəzifələr müzakirə edilərək tövsiyə və göstərişlər verilmişdir.

Qısa müddətdə 1552 bələdiyyənin əmlakı, maliyyə vəsaitləri və mal-material qalığı, debitor və kreditor borcları müəyyən edilərək aktlaşdırılmış, hər birləşmə faktı üzrə yekun təhvil-təslim aktı tərtib edilmiş və zəruri sənədlər komissiyalar tərəfindən yeni yaradılmış 569 bələdiyyəyə təhvil verilmişdir. Bələdiyyə seçkiləri baş tutmamış 15 yerli özünüidarə orqanları üzrə təhvil-təslim aparılmamışdır.

Birləşmə komissiyalarının təqdim etdiyi məlumatlara əsasən 11 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları müəyyən edilərək, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.

Bələdiyyələrin birləşməsi ilə bağlı təhvil-təslim işləri aparılarkən kargüzarlıq və mühasibatlıq işinin qanunvericiliyə uyğun təşkil olunmaması, yerli vergilərin, ödənişlərin düzgün hesablanmaması və digər qanun pozuntuları və nöqsanlar aşkar edilmiş, onların aradan qaldırılması üçün bütün bələdiyyələrə tövsiyə məktubları göndərilmişdir.

Birləşmə komissiyalarının fəaliyyətləri və görülən işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yekun hesabat təqdim olunmuşdur.

Göstərilənlərlə yanaşı, 501 yeni bələdiyyənin nizamnaməsi Ədliyyə Nazirliyində öyrənilərək, dövlət qeydiyyatına alınmış, birləşmiş 1332 bələdiyyənin nizamnaməsi qüvvədən düşdüyünə görə dövlət reyestrindən çıxarılmışdır.

«Yerli özünüidarə haqqında» Avropa Xartiyası, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikasının Qanunu müstəqil institut olan bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti zəruri hesab edir.

İnzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən ölkənin qanunlarına və başqa normativ hüquqi aktların tələblərinə riayət edilməsinə, bələdiyyə tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına xidmət etməlidir. Bələdiyyələrin fəaliyyətinə edilən müdaxilənin qanunda nəzərdə tutulan məqsədə mütənasib olması, yerli əhəmiyyətli məsələlərin qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnun məhdudlaşdırılmaması vacib şərtlərdəndir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət əvvəllər yalnız Nazirliyin bir struktur qurumu olan Bələdiyyələrlə iş mərkəzi tərəfindən həyata keçirilirdi. İnzibati nəzarətin səmərəsinin artırılması məqsədi ilə yerlərdə regional ədliyyə şöbələri yaradılmış, bu qurmalara təcrübəli işçilər təyinat almış və onlar üçün Ədliyyə Akademiyasında təlimlər təşkil olunmuşdur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı vəzifələrinin icrası üzrə 2010-cu ildə Ədliyyə Nazirliyində 26635 bələdiyyə aktına baxılmışdır (müqayisə üçün qeyd edirik ki, 2009-cu ildə 20152 bələdiyyə aktı olmuşdur). 1231 bələdiyyə aktı isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Birləşmə nəticəsində bələdiyyələrin sayı xeyli azalsa da, təqdim edilən bələdiyyə aktlarının sayında 32% artım həyata keçirilən inzibati nəzarətin və maarifçilik işlərinin səmərəliliyinin bariz nümunəsidir. Qeyd olunmalıdır ki, təqdim edilmiş bütün bələdiyyə aktlarının qanunvericiliyə uyğunluğu yoxlanılmış və hər biri üzrə müvafiq qərar qəbul edilmişdir.

Bələdiyyə aktlarından 25 363-ü qanunvericiliyə uyğun hesab olunmuş, 727 aktla bağlı verilmiş təkliflər əsasında onları qəbul etmiş bələdiyyələr tərəfindən 400-ü ləğv edilmiş, 41-i dəyişdirilmişdir. Təmin olunmayan təkliflərin 25-i üzrə bələdiyyə aktlarının qanunsuz hesab edilməsinə dair məhkəmələrdə iddialar qaldırılmış, artıq onların 11-i təmin edilmiş və digərlərinə baxılır.

Görülmüş tədbirlər nəticəsində 2010-cu ildə bələdiyyələr tərəfindən qanunsuz olaraq 79.07 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 3210.54 ha torpaq sahəsinin icarəyə, 27.85 ha torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qərarlar Nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələrin özləri və ya iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində 3317.46 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.

«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanunun 6-cı maddəsinə görə bələdiyyələr özlərinin normativ aktlarının, həmçinin, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin istifadəsi, yerli vergilərin və rüsumların tətbiqi, bələdiyyə mülkiyyətində olan əmlak və sair məsələlər barədə qəbul etdikləri aktları onların qanunauyğunluğuna inzibati nəzarətin təmin edilməsi məqsədi ilə mütləq Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Lakin təcrübədə hələ də bəzi bələdiyyələr tərəfindən qanunun bu tələbinə riayət edilməməsi hallarına rast gəlinir.

Bununla bağlı inzibati xəta haqqında 478 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Bundan başqa, üç halda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə inzibati məsuliyyətə cəlb olunma barədə müvafiq məhkəmələrə müraciətlər edilmişdir. Bütövlükdə il ərzində tərtib edilmiş 481 inzibati xəta protokolu əsasında 409 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, digərləri baxılmaqdadır.

Hesabat ilində bələdiyyələrin fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərdən 1468 şikayət xarakterli müraciət daxil olmuşdur. Müraciətlərin 45-i inzibati icraat qaydasında araşdırılmışdır.

Ümumilikdə inzibati araşdırmalar zamanı fəaliyyətində cinayət xarakterli qanun pozuntuları aşkar edilmiş, 27 bələdiyyə ilə əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Onlardan 21-i üzrə Cinayət Məcəlləsinin 308.1-ci və digər maddələri ilə cinayət işi başlanmışdır.

Bəzi cinayət işləri üzrə artıq məhkəmə hökmləri çıxarılmış, bəziləri isə istintaq və ya məhkəmə baxışı mərhələsindədir.

Azərbaycan Respublikası Prezidentinin «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında» 2009-cu il 22 iyun tarixli Fərmanının icrası daim diqqət mərkəzində saxlanılır və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı daxil olmuş müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Belə ki, 2010-cu ildə yerli özünüidarə orqanlarının fəaliyyətində korrupsiya hüquqpozmalarına yol verilməsi ilə əlaqədar Nazirliyə 39 müraciət daxil olmuşdur ki, onlardan 27-si inzibati nəzarət icraatı qaydasında araşdırılmış, 12-si isə həmin Fərmana uyğun olaraq dərhal prokurorluq orqanlarına göndərilmiş və onlardan 2-i üzrə cinayət işi başlanılmışdır.

Cinayət xarakterli hüquq pozuntularının təhlili göstərir ki, yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri tərəfindən maliyyə vəsaitinin qanunsuz xərclənməsi, pul vəsaitinin yerli büdcəyə mədaxil edilməməsi və mənimsənilməsi, torpaqların normativ qiymətdən aşağı və bazar qiymətləri nəzərə alınmayaraq qanunsuz satılması və ya icarəyə verilməsi, qanunla mülkiyyətə verilməsi qadağan olunan torpaq sahələrinin - örüş yerlərinin, meşə fondunun, mühafizə zolağında yerləşən, bələdiyyə mülkiyyətinə aid olmayan torpaqların satışı, bələdiyyə əmlakının qanunazidd satılması, bələdiyyə sədrləri tərəfindən vəzifə səlahiyyətlərini aşaraq təkbaşına qərarların verilməsi kimi hallar xarakterik olmuşdur.

İnzibati nəzarət zamanı aşkar edilmiş qanun pozuntularının və nöqsanların aradan qaldırılması, bələdiyyə fəaliyyətinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə müxtəlif məsələlərlə bağlı il ərzində 2034 tövsiyə verilmişdir. Bu tövsiyələrdə, mövcud problemlər və yol verilmiş nöqsanlar təhlil edilməklə onların aradan qaldırılması yolları göstərilmişdir.

2009-cu ildə keçirilmiş seçkilərdə bələdiyyə üzvlərinin xeyli yeniləşməsini nəzərə alaraq maarifçilik tədbirləri daha da genişləndirilmişdir. Bu məqsədlə bir çox ixtisasartırma kursları, seminar və s. tədbirlər təşkil olunmuş, kütləvi informasiya vasitələrində çıxışlar edilmişdir.

Ədliyyə Akademiyasında əsasən yeni seçilmiş bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün il ərzində təşkil edilmiş 17 ixtisasartırma kursunda 327 dinləyiciyə aktual mövzular üzrə mühazirələr oxunmuşdur. Bundan başqa, Dövlət İdarəçilik Akademiyasında da ixtisasartırma kusrları təşkil edilmişdir. Bütövlükdə, ixtasartırma kurslarına 381 dinləyici cəlb olunmuşdur ki, bu da 2009-cu ildəkindən 24 faiz çoxdur.

«Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası yönündə tədbirlər davam etdirilmişdir. Bu məqsədlə müxtəlif mövzularda 12 regional seminar keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Muxtar Respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə bələdiyyələrə müvafiq metodik kömək göstərilmiş və başqa maarifləndirici tədbirlər keçirilmişdir. İl ərzində Muxtar Respublikanın Ədliyyə Nazirliyi 9 seminar təşkil etmiş və bu tədbirlərə 900-dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir.

Ölkə üzrə bələdiyyə fəaliyyəti ilə bağlı 60-dan çox maarifçilik tədbirləri keçirilmişdir ki, bu tədbirlərə 4100-dən artıq bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşlar. Bundan əlavə Nazirliyin əməkdaşları tərəfindən yerli özünüidarə məsələləri ilə bağlı mərkəzi və yerli kütləvi informasiya vasitələrində 69 çıxış edilmişdir. Qanunvericilik aktlarının bələdiyyələrdə düzgün tətbiqini təmin etmək üçün 12 metodik vəsait hazırlanmışdır.

Bələdiyyələrin milli assosiasiyaları ilə sıx işgüzar əlaqələr qurularaq bir sıra aktual məsələlər onların iştirakı ilə müzakirə edilmiş, rəy və təklifləri nəzərə alınmışdır. Yerli özünüidarənin davamlı inkişafını təmin edən vəzifələr milli assosiasiyaların 2010-cu ilin aprel ayında keçirilmiş ümumi yığıncaqlarında geniş müzakirə edilmişdir. Milli assosiasiyaların nümayəndələri Latviya Bələdiyyələr İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və Latviyada bələdiyyələrin fəaliyyəti ilə bağlı təcrübə mübadiləsində iştirak etmiş, Almaniyada yerli özünüidarə təcrübəsi ilə tanış olmuşlar.

Yerli özünüidarənin inkişaf məsələləri üzrə Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq davam etdirilmişdir. 2010-cu ildə ölkəmizin Xarici İşlər Nazirliyinin təklifləri nəzərə alınaraq Ədliyyə Nazirliyinin əməkdaşları yerli özünüidarə məsələləri ilə bağlı 9 beynəlxalq tədbirdə iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya»nın yerinə yetirilməsi yönündə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə bir sıra yeni qanun layihələri hazırlanmışdır.

 

Hörmətli millət vəkilləri!

Görülmüş işlərlə yanaşı qeyd olunmalıdır ki, yerli özünüidarəni tənzimləyən bəzi qanunvericilik aktlarının daha da təkmilləşdirilməsinə zərurət yaranmışdır. Bu məqsədlə aşağıdakı təkliflərə baxılması məqsədəuyğun olardı:

- inzibati nəzarətin həyata keçirilməsi zamanı bir sıra hallarda bələdiyyə büdcəsinin qanunvericiliyə uyğun icrasının araşdırılması tələb olunur. Belə araşdırmanın aparılması isə müvafiq ekspertizanın təyin edilməsini zəruri edir. Hesab edirik ki, inzibati nəzarəti həyata keçirən orqanın bələdiyyənin maliyyə-büdcə ekspertizasını təyin etmək hüququ və ekspertiza ilə bağlı xərclərin dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi barədə «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanuna əlavələr edilməsi bu problemi aradan qaldıra bilər və inzibati nəzarətin səviyyəsini yüksəldər;

- bir çox hallarda yerli əhəmiyyətli səhiyyə, təhsil, rabitə, mədəniyyət, idman və s. dövlət sosial infrastruktur obyektlərinin yaradılması, həmçinin dövlət hakimiyyəti orqanlarının fəaliyyəti üçün zəruri olan inzibati binaların tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması zamanı böyük çətinliklər yaranır. Qanunvericiliyə görə belə obyektlər üçün bələdiyyə tərəfindən torpaq sahələrinin ayrılması yalnız hərrac və ya müsabiqə vasitəsi ilə mümkündür ki, bu da göstərilən məsələlərin operativ və vaxtında həll edilməsinə imkan vermir. Ona görə də Milli Məclisdə bu məsələyə də baxılmasını məqsədəuyğun hesab edirik.

- «Bələdiyyənin nümunəvi nizamnaməsi»ndə bələdiyyə üzvünə müalicə olunmaq və istirahət etmək üçün bələdiyyə büdcəsi hesabına iki aylıq əməkhaqqı məbləğində pul təminatının verilməsi nəzərdə tutulmuşdur. Bu müddəa bələdiyyə üzvlərinin sosial təminatının yaxşılaşdırılmasına yönəlsə də, təcrübədə onun tətbiqi ilə bağlı problemlər mövcuddur. Buna görə də hesab edirik ki, Nümunəvi Nizamnaməyə müvafiq dəyişiklik və əlavələr edilməsi zəruridir;

Bələdiyyələrin fəaliyyətinin qanunauyğun həyata keçirilməsini təmin etmək məqsədi ilə zəruri olan tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
11.02.2011

Keçidlər