X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Yoxlamaların tənzimlənməsi sahibkarların hüquqlarının qorunmasına xidmət edir



Azərbaycanda iqtisadi tərəqqi üçün əlverişli şəraitin yaradılması, dövlət siyasətinin əsas prioriteti kimi insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması üzrə ardıcıl tədbirlər həyata keçirilir. Həmin tədbirlər sırasında ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" təsdiq edilmiş, bu sənəddən irəli gələn vəzifələrin icrası Ədliyyə Nazirliyinə həvalə olunaraq reyestrin cari ilin may ayının 1-dən fəaliyyətə başlaması barədə tapşırıq verilmişdir. Qeyd olunanlarla bağlı ədliyyə nazirinin müavini II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev müxbirimizin suallarını cavablandırmışdır.

- Hörmətli Toğrul müəllim, ilk öncə bu Fərmanın qəbul edilməsi zərurəti və onun əhəmiyyəti ilə bağlı fikrinizi bilmək istərdik.

İlk növbədə qeyd etməliyəm ki, Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, əhalinin sosial rifahının artırılması daim dövlətin diqqət mərkəzində olub. İqtisadiyyatımızın formalaşdığı keçid dövründən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə ciddi tədbirlər həyata keçirilmiş, müvafiq normativ hüquqi aktlar qəbul edilmiş, genişmiqyaslı islahatlar aparılmışdır.

Sonrakı illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən institusional və struktur islahatlar, iqtisadiyyatın liberallaşdırılması, azad rəqabətin təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, investisiyaların qorunması üzrə görülmüş işlər ölkəmizin hərtərəfli sürətli inkişafına zəmin yaratmışdır. Azərbaycanın hazırki sosial-iqtisadi inkişaf mərhələsi, ali məqsədimiz olan insan hüquqlarının təmin edilməsi və sosial yönümlü iqtisadi siyasətin həyata keçirilməsi bu islahatların davam etdirilməsini, inkişafa maneə yaradan halların aradan qaldırılmasını tələb edir.

Cənab Prezident cari ilin mart ayında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, eləcə də aprel ayında Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları ilə bağlı iclasında çıxış edərək ölkəmiz üçün, o cümlədən sahibkarlığın inkişafı üçün inhisarçılığa, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin vacibliyini bir daha bildirmişdir. Ölkə başçısı tərəfindən bu məsələlərə daim xüsusi önəm verilərək dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların hüquqlarının qorunması, sui-istifadələrin qarşısının alınması istiqamətində ardıcıl qərarlar qəbul edilir.

Məlumdur ki, 2010-cu il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanda sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunmuşdur. İlk növbədə yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi müəyyən edilmişdir. Bununla yanaşı, adıçəkilən sənəddə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə olunmasını təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılmış, onun aparılması isə Ədliyyə Nazirliyinə həvalə edilmişdir.

Qarşıda qoyulmuş mühüm vəzifələrin icrası ilə bağlı nazirlikdə işçi qrupu təşkil edilərək beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə qısa müddətdə digər dövlətlərin qanunvericiliyi təhlil edilmiş, nazirliyin əməkdaşları bir sıra xarici ölkələrə ezam olunmuş, bu sahədə böyük təcrübəyə malik olan Beynəlxalq Maliyyə Korporasiyası ilə səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur.

Əldə edilmiş bütün məlumatlar nəzərə alınmaqla aidiyyəti dövlət orqanları ilə birgə təkliflər verilmiş və müvafiq Əsasnamə təsdiq olunaraq həmin reyestrin bu ilin mayın 1-dən fəaliyyətə başlaması müəyyən edilmişdir.

- Reyestrin tətbiqi sahibkarların hüquqlarının qorunması üçün hansı təminatlar verir?

Reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementidir.

Bu yeni sistemin tətbiqi aparılan yoxlamaların şəffaflığını təmin edərək hər bir yoxlayıcı qurumun yoxladığı sahədə səlahiyyətlərini və çərçivələrini dəqiqləşdirməyə, təkrarçılığı aradan qaldırmağa və dövlət resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək. Bununla da yoxlamaların tənzimlənməsi həyata keçirilir və sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün əlavə təminatlar yaradılır. Bildiyiniz kimi, dövlət başçımız Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında lazımsız yoxlamaların aparılmamasını, onlara son qoyulmasını tələb edərək bu barədə ciddi tapşırıqlar vermişdir.

Əsasnaməyə uyğun olaraq sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparmaq səlahiyyətinə malik olan icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər yoxlamaları müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alındıqdan sonra keçirə bilərlər. Faktiki olaraq hər hansı yoxlamanın aparılması üçün onun reyestrdə qeydiyyata alınması məcburidir. Bu müddəa yoxlamaların keçirilməsi ilə bağlı yeni tənzimləmə mexanizminin əsas xəttini təşkil edərək sahibkarların mənafelərinin qorunmasına dövlətin verdiyi əhəmiyyətin birmənalı təzahürüdür.

Təcrübədə mövcud olan və müxtəlif adlar altında keçirilən yoxlamaların qeydiyyatından yayınma hallarının qarşısının alınması vacib amillərdən biridir. Bununla əlaqədar Əsasnamədə bütün yoxlama növləri (araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) dəqiq sadalanmış və adından asılı olmayaraq onların hamısının reyestrdə qeydiyyata alınmasının təmin edilməsi vəzifəsi yoxlayıcı orqanların üzərinə qoyulmuşdur.

Ümumiyyətlə, aparılmış təhlillər və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırda ölkə başçısının tapşırığına əsasən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi hazırlanır.

- Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestri hansı qaydada həyata keçiriləcək və şəffaflığın təmin edilməsinə necə nail olunacaq?

Əsasnaməyə uyğun olaraq reyestr elektron formada aparılır və buraya yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir.

Eyni zamanda, Əsasnamədə bəzi istisnalar da mövcuddur ki, onların tətbiqi aparılan yoxlamaların xüsusiyyətlərindən irəli gəlir. Məsələn, sərhəd-buraxılış məntəqələrində, dəniz və hava limanlarında nəzarətlə bağlı yoxlamaların çevik aparılmasının zəruriliyi və əvvəlcədən planlaşdırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar onların reyestrdə qeydiyyatının aparılması tələb olunmur. Həmçinin, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdə nəzarət mexanizmləri müəyyən olunduğu üçün həmin müqavilələrdən irəli gələn yoxlamaların da qeydiyyata alınmaması istisna hal kimi göstərilmişdir.

Yoxlayıcı orqanlar növbəti il üzrə yoxlamaların keçirilməsi haqqında zəruri məlumatları, yəni yoxlanılan şəxsin adı, onun barəsində aparılan sonuncu yoxlama, yoxlamanın hüquqi əsası, predmeti, növü, müddəti, yoxlanılan dövr və s. məlumatları hər il 1 noyabr tarixinədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bütün hallarda yoxlamaların qeydiyyata alınması üçün bu barədə məlumatlar, ən azı 1 iş günü əvvəl Ədliyyə Nazirliyinə təqdim edilməli və ya onlayn rejimində göndərilməlidir. Yoxlama 1 iş günü müddətində qeydiyyata alınır, ona vahid və təkrarlanmayan yoxlama kodu verilir.

Aidiyyəti orqanın vəzifəli şəxsi yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Hesab edirəm ki, bu müddəa sahibkarın hüquqlarının əlavə təminatı olaraq olduqca mütərəqqi və vacibdir. Əvvəla, həmin çıxarışın yoxlayıcı orqan tərəfindən təqdim edilməsi məcburidir. Çünki bu hüquq deyil, vəzifə kimi müəyyən olunur və bununla da həmin orqanın üzərinə öz tədbirinin qanunauyğun olduğunu sübuta yetirmək öhdəliyi qoyulur. Həmçinin, qeyd olunanlar yoxlamanın qanuni əsaslarla aparılması, buna ciddi dövlət nəzarətinin həyata keçirilməsi baxımından sahibkarda əminlik yaradır. Nəzərə almaq lazımdır ki, Ədliyyə Nazirliyi həmin çıxarışı nəinki yoxlayıcı orqana, sorğusu olduğu təqdirdə yoxlanılan şəxsə də göndərir. Bu, sahibkara yoxlamanın qanunvericiliyə uyğun təşkil edilməsini qiymətləndirməyə və bundan asılı olaraq onun öz hüquqlarından istifadə etməsinə imkan verir.

Qeydiyyata alınmış yoxlama sahibkarlıq subyektindən asılı olmayan səbəblərdən aparılmamışdırsa, həmin yoxlama növbəti 1 il müddətində təkrar qeydiyyata alınmır. Bu qayda yoxlayıcı orqanların öz fəaliyyətini dəqiq planlaşdırmasını zəruri edir.

Reyestrə həmçinin, yoxlamanın nəticələri, o cümlədən qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyət tədbirləri haqqında məlumatlar daxil edilir.

Ayrıca qeyd etməliyəm ki, Əsasnamədə sahibkarlıq subyektlərinin yoxlama ilə bağlı öz münasibətlərini bildirmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, reyestrə yoxlayıcı orqanların təqdim etdiyi məlumatlarla yanaşı, sahibkarlıq subyektlərinin xüsusi qeydləri - onun yoxlama barədə qeydi, müraciəti, şikayəti və digər aidiyyəti məsələlər də daxil edilir. Bu məlumatların reyestrdə olması yoxlayıcı orqanların öz əməkdaşlarının fəaliyyəti haqqında informasiyanı operativ şəkildə əldə etməsinə, keçirilən hər bir yoxlamanın səmərəliliyi, obyektivliyi barədə və digər məlumatları almağa şərait yaradır.

Aşkarlığın təmin olunması məqsədilə yoxlamalar barədə məlumatlar internet şəbəkəsində (www.yoxlama.gov.az) yerləşdirilir. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri yalnız özlərinə aid olan yoxlamalarla bağlı məlumat bazasına daxil edilən informasiyalardan istifadə edə bilərlər.

- Bu Əsasnamədə müasir informasiya texnologiyalarının tətbiqi nə ilə şərtləndirilir?

Ümumiyyətlə, müasir informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəetmə sistemində geniş tətbiq edilməsi yaşadığımız dövrün tələbidir. Bu texnologiyaların tətbiqi bütün dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, çevikliyin, dəqiqliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Təbiidir ki, bu gün ölkə iqtisadiyyatının sürətli inkişafı nəzərə alınmaqla əsassız yoxlamaların qadağan edilməsi, dövlət orqanları tərəfindən yoxlama və nəzarət funksiyalarının həyata keçirilmə mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi nöqteyi-nəzərindən İKT-nın tətbiqi olduqca aktualdır.

Əvvəla, reyestr özü xüsusi dövlət informasiya ehtiyatıdır. Onun formalaşdırılması və aparılması prosesi bütünlüklə İKT ilə bağlıdır. Eyni zamanda, bu informasiya resursu bilavasitə fərdi məlumatları ehtiva edir və onların mühafizəsi təmin olunmalıdır. Bunun üçün yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilməlidir. Əsasnamədə reyestrin elektron formada aparılması, yoxlayıcı orqanlar tərəfindən məlumatların elektron formatda tərtib edilməsi imkanı, reyestrdən çıxarışın onlayn rejimdə göndərilməsi tələbi nəzərdə tutulmuşdur. Bu da qeydiyyat işində operativliyi təmin etməklə səmərəliliyin artırılmasına, əsassız vaxt itkisinin aradan qaldırılmasına xidmət edir. Reyestrin qeydiyyat informasiya sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədilə müvafiq texniki-proqram kompleksinin formalaşdırılmasının və məlumatların müdafiə sisteminin təşkilinin Əsasnamədə xüsusi vurğulanması bu istiqamətdə həyata keçirilən fəaliyyətin əhəmiyyətini bir daha təsdiq edir.

Əvvəllər ölkəmizdə mövcud olmayan bu mürəkkəb sistemin qısa müddət ərzində qurulması tələb olunur və Ədliyyə Nazirliyində bu istiqamətdə praktiki işlər görülməkdədir. Belə ki, aidiyyəti normativ hüquqi aktlar təhlil edilmiş, maliyyə hesablamaları aparılmış, yoxlamaların vahid məlumat reyestrinin aparılması üçün nazirlikdə struktur dəyişiklikləri edilərək yeni qurum yaradılmış, reyestrin qeydiyyat informasiya sisteminin və onun texniki-proqram kompleksinin formalaşdırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, aidiyyəti orqanlarla məlumat mübadiləsi üçün zəruri sənəd nümunələri işlənilmiş, Vergilər Nazirliyi ilə onlayn rejimdə fəaliyyət göstərən infrastruktur qurularaq sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatlar əldə edilmişdir.

Bundan əlavə, Ədliyyə Nazirliyində yoxlayıcı orqanların aidiyyəti əməkdaşları üçün metodiki seminarlar da keçirilmişdir. Ölkənin müxtəlif regionlarını təmsil edən çoxsaylı nümayəndələrin iştirak etdiyi seminarlarda qeydiyyat informasiya sistemi təqdim edilmiş, ondan istifadə qaydaları izah olunmuş, seminar iştirakçılarına müvafiq təlimatlar verilmiş, onların çoxsaylı sualları cavablandırılmış, işin səmərəsinin artırılması üzrə təkliflər müzakirə edilmişdir. Dövlət başçısının Fərmanına əsasən reyestrin Naxçıvan Muxtar Respublikasında da fəaliyyətinin təşkili ilə əlaqədar Nazirlik tərəfindən Muxtar Respublikanın Ədliyyə Nazirliyinin iştirakı ilə eyni formatlı tədbir Naxçıvan şəhərində keçirilmişdir.

Ədliyyə Nazirliyi tərəfindən bu sahədə görülən tədbirlər davam etdirilməklə, ölkə başçısının tapşırığına müvafiq olaraq may ayının 1-dən etibarən yoxlamaların qeydiyyatı işinə başlanılaraq reyestrin fəaliyyəti təmin ediləcək.

- Reyestrdə qeydiyyata alınan yoxlamalar əsasında hər hansı ümumiləşdirmələrin aparılması nəzərdə tutulurmu?

Əsasnaməyə uyğun olaraq Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə hər 3 aydan bir Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat verməlidir. Bu məlumatlara keçirilmiş yoxlamaların predmeti və əsasları, yoxlayıcı orqanlar və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər, təhlillər, statistik və digər göstəricilər daxil edilir.

Sözsüz ki, həmin məlumatlar üzrə ümumiləşdirmələrin nəticələri biznes mühitinin daha da yaxşılaşdırılmasına, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, ortaya çıxan problemlərin aradan qaldırılmasına xidmət edəcək.

Eyni zamanda, vurğulamaq istəyirəm ki, reyestrin dürüst və qanunauyğun şəkildə tətbiqinin əlavə təminatı olaraq daha bir önəmli məsələ Əsasnamədə yoxlayıcı və reyestri aparan orqanların vəzifəli şəxslərinin məsuliyyətinin müəyyən edilməsidir. Belə ki, yoxlayıcı orqanların vəzifəli şəxsləri reyestrdə qeydiyyatdan keçməyən və ya Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə məsuliyyət daşıyırlar. Reyestri aparan orqanın vəzifəli şəxsləri isə öz növbəsində, reyestrin və yoxlamaların qeydiyyatının aparılması, reyestr məlumatlarının mühafizəsi və istifadəsi ilə bağlı tələblərin pozulmasına görə məsuliyyət daşıyırlar. Bununla əlaqədar ölkə başçısının Fərmanı ilə verilmiş tapşırıqların icrası çərçivəsində məsuliyyət dərəcəsinin və növlərinin müəyyənləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanır.

Sonda, onun da vacibliyini qeyd etməliyəm ki, cəmiyyətimizin inkişafını əngəlləyən hallarla mübarizə dövlətimizin siyasi iradəsi olaraq ictimaiyyət tərəfindən də dəstəklənməlidir. Cənab Prezident bu ilin fevral ayında Qazax rayonunda əhali ilə görüşü zamanı bunun əhəmiyyətini xüsusi vurğulamışdır. O, vətəndaşlarımıza müraciət edərək bütün xoşagəlməz hallar, ədalətsizliklər, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına nöqsanların aradan qaldırılması üçün məlumatlar verilməsini xahiş etmişdir.

Məhz bu məqsədlərə yönəlmiş ölkə başçısının sözügedən Fərmanı respublikamızda sahibkarlığın daha da inkişafına, qanunçuluğun və şəffaflığın təmin edilməsinə, istehlakçıların hüquqlarının qorunmasına, eyni zamanda, yoxlamanın sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən cəza mexanizmi kimi deyil, məsləhət və istiqamət verən xidmət kimi qəbul edilməsinə zəmin yaradacaqdır.

- Çox sağ olun. Müsahibəyə görə təşəkkürümüzü bildiririk.

Keçidlər