X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə" (2011-ci il üzrə) ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

Xanımlar və cənablar!

Yola saldığımız 2011-ci ildə qlobal böhran şəraitində yaşayan çağdaş dünyamız bir sıra yeni problemlərlə üzləşsə də, Respublikamızda həyata keçirilən çox uğurlu və düzgün siyasət nəticəsində bütün sahələrdə dayanıqlıq təmin edilmiş, ölkəmizin valyuta ehtiyatları, kredit reytinqləri, beynəlxalq nüfuzu daha da artmışdır.

2011-ci il həm də Respublikamız üçün siyasi-diplomatik sahədə qazanılan uğurlarla əlamətdardır. Ötən il oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında Azərbaycanın bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin diplomatik qələbələrinin zirvə nöqtəsi oldu.

Dövlət müstəqilliyinin 20 ili ərzində ölkəmizdə çoxsaylı siyasi, sosial, iqtisadi uğurlarla yanaşı yerli özünüidarəetmənin həyata keçirilməsi istiqamətində önəmli nailiyyətlər əldə edilmişdir. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını özünün ali məqsədi elan etmiş dövlətimiz ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq yerli demokratiyanın inkişaf etdirilməsi üçün möhkəm baza yaratmışdır.

Yerli özünüidarəetmənin səmərəliliyinin artırılması ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər 2011-ci ildə də davam etdirilmiş, yerli demokratiya və özünüidarəetmənin daha da inkişaf etdirilməsi üçün bir sıra qanunlar qəbul edilmiş, bələdiyyələrə dövlətin maliyyə yardımı artırılmışdır.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi məqsədi ilə inzibati nəzarətin yaxşılaşdırılması üçün Ədliyyə Nazirliyi Kollegiyasının 29 dekabr 2010-cu il tarixli qərarı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın ədliyyə orqanlarında icrası üzrə 2011-ci il üçün Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planında bələdiyyələrin fəaliyyətində aşkar edilmiş qanun pozuntularını təhlil etmək və onların qarşısının alınması üçün tədbirlər görmək, bələdiyyə üzvü və qulluqçuları üçün bələdiyyə qanunvericiliyinə dair maarifləndirmə tədbirləri keçirmək və başqa önəmli məsələlər nəzərdə tutulmuş və onların icrası təmin edilmişdir.

Nazirliyinin 31 yanvar 2011-ci il tarixli Kollegiya iclasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələləri geniş müzakirə edilərək bu sahədə effektivliyin artırılması məqsədi ilə "Ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə əlavə tədbirlər barədə" nazirlik üzrə 01.02.2011-ci il tarixli əmr imzalanmışdır. Həmin əmrdə Nazirlər Kabinetinin 14.01.2011-ci il tarixli iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlardan və 27.01.2011-ci il tarixdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dövlət başçısının göstərişi ilə keçirilmiş geniş iclasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilmişdir.

Yerli özünüidarə orqanları tərəfindən yol verilən korrupsiya hüquqpozmalarının aşkar edilməsi üzrə məqsədyönlü tədbirlərin görülməsi, bu sahədə prokurorluq orqanları ilə qarşılıqlı fəaliyyətin səmərəsinin artırılması, bələdiyyələrə göstərilən metodiki yardımın səviyyəsinin yüksəldilməsi bir vəzifə olaraq tələb edilmişdir.

Ədliyyə Nazirliyinin vəzifə və funksiyalarına uyğun olaraq bütün imkanlardan istifadə edilməklə bələdiyyələrin işinə inzibati nəzarətin həyata keçirilməsində səmərəliliyi təmin etmək, bu yöndə qanunçuluğu gücləndirməyə diqqət daha da artırılmışdır. İnzibati nəzarətin həyata keçirilməsində regional ədliyyə şöbələrinə əməli və metodik yardımın gücləndirilməsi üçün müvafiq normativ hüquqi aktlardan irəli gələn vəzifələr onların iştirakı ilə bir daha müzakirə edilərək zəruri tapşırıqlar verilmiş, 2011-ci ildə hüquqi ekspertiza üçün mütləq təqdim olunan bələdiyyə aktlarına regional ədliyyə şöbələrində baxılması bütünlüklə təmin olunmuşdur.

Qeyd olunmalıdır ki, ölkədə antikorrupsiya siyasətinin gücləndirilməsi, bu məqsədlə Ədliyyə Nazirliyində qaynar xəttin açılması vətəndaşların müraciət etmə imkanlarını xeyli asanlaşdırmışdır. İl ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı Nazirliyə vətəndaşlardan və ayrı-ayrı qurumlardan 2387 müraciət daxil olmuşdur. Korrupsiya hüquqpozmaları ilə bağlı 38 müraciət daxil olmuş, 10 müraciət "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanına uyğun olaraq dərhal prokurorluq orqanlarına göndərilmişdir.

Müraciətlərə baxılarkən aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması və qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə 279 tövsiyə verilmişdir.

2011-ci ildə bələdiyyələr tərəfindən qəbul edilmiş 31974 akt ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinə göndərilmişdir ki, bu da ötən illə müqayisədə 20% çox olmuşdur. Bundan başqa Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 1902 bələdiyyə aktı ekspertiza üçün göndərilmişdir. Bələdiyyə aktlarının sayındakı bu artım bələdiyyələrin hüquqi maarifləndirilməsi işinin, inzibati məsuliyyət institutunun tətbiqinin və həyata keçirilmiş başqa tədbirlərin səmərəli olmasının göstəricisi hesab etmək olar. Təqdim edilmiş bələdiyyə aktlarının hər birinə ayrı-ayrılıqda baxılaraq mahiyyəti üzrə rəy tərtib edilmişdir. Ekspertiza aparılarkən aşkara çıxan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülmüş, müxtəlif bələdiyyələrdə yol verilmiş hüquq pozuntularının gələcəkdə təkrarlanmaması məqsədi ilə 3529 tövsiyə verilmiş, 1646 bələdiyyə aktının qəbulunda daha ciddi hüquq pozuntusuna yol verilməsi nəzərə alınaraq onların ləğv edilməsi və ya dəyişdirilməsi təklif olunmuşdur. Həmin təkliflərə əsasən 485 bələdiyyə aktına dəyişikliklər edilmiş, 987 akt ləğv edilmiş, 39 akt üzrə məhkəmələrdə iddialar qaldırılmışdır. Ötən il 28 bələdiyyənin fəaliyyətində daha ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş, onlardan 15-i üzrə cinayət işi başlanmışdır.

Aşkar edilmiş faktlar üzrə aparılmış təhlillər göstərmişdir ki, Bakı şəhərinin Bakıxanov və Ramana bələdiyyələrində, Şəmkir rayonu Çənlibel, Qapanlı bələdiyyələrində, Şamaxı rayonu Sabir, Salyan rayonu Xıdırlı, Balakən rayonu Qazbinə, Ağstafa rayonu Tatlı bələdiyyələrində daha ciddi qanun pozuntusuna yol verilmişdir.

Bələdiyyələr tərəfindən bütövlükdə il ərzində 5483 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları aşkar edilmişdir. Onlardan 143 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 4075 ha torpaq sahəsinin icarəyə, 60 ha istifadəyə qanunsuz ayrılması haqqında qərarlar Nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir.

Bələdiyyələr tərəfindən ekspertiza üçün təqdim edilən hüquqi aktların sayı əvvəlki illərlə müqayisədə xeyli artsa da, bir sıra bələdiyyələr "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını vaxtında təqdim etməmişlər. Belə halların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə (326-1.2-ci və 326-1.1-ci) əsasən inzibati xəta haqqında 690 protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir. (Müqayisə üçün qeyd edirik ki, 2010-cu ilin müvafiq dövründə inzibati xəta haqqında 481 protokol tərtib olunmuşdur).

Ədliyyə Nazirliyi Kollegiyasının qərarlarına uyğun olaraq 2011-ci ildə bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntuları ilə bağlı aparılmış təhlil və ümumiləşdirmə nəticəsində aşağıdakı qanun pozuntularının xarakterik olması müəyyən edilmişdir: Bunlardan satışı qadağan olunan torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi; hərrac və ya müsabiqədən kənar qanunsuz torpaq satışı; torpaq sahəsi ayrılarkən bazar qiymətlərinin nəzərə alınmaması; müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan torpaq ayrılması; zəbt edilmiş torpaq sahələrinin boşaldılması üçün tədbirlərin görülməməsi; mülki dövriyyəyə çıxarılan torpaqlar barədə əhalinin məlumatlandırılmaması; bələdiyyə tərəfindən vətəndaşlara əvəzi ödənilmədən pay torpağının verilməsi; pul vəsaitlərinin qanunsuz xərclənməsi; vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi; bələdiyyənin maliyyə-təsərrüfat sənədlərinin gizlədilməsi və məhv edilməsi; əsas vəsaitlərin qanunsuz satılması; demokratik idarəçılık qaydalarının pozulması; əmək qanunvericiliyinin tələblərinin pozulması kimi məsələləri göstərmək olar.

Araşdırmalar göstərir ki, bələdiyyələrin bir çoxunda yerli vergi və ödənişlərin yığılmasında səriştəsizlik və passivlik vardır. Torpaq, mədən və başqa vergi və ödənişlərin, icarə haqlarının vaxtında və tam yığılması təmin edilmir ki, bu da bələdiyyə büdcəsinə mənfi təsir göstərir. Üstəlik, vergi ödəyicilərinə, icarəçilərə qarşı tələbkarlığın olmaması, bununla bağlı məhkəmələrə müraciət edilməsi halları yox dərəcəsindədir. Başlıca problemlərdən biri də bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır. Halbuki torpaqlardan səmərəli istifadə olunması yerli büdcənin gəlirlərinin artırılmasının əsas qaynaqlarından biri ola bilər.

Azərbaycan Respublikasının Baş Prokurorluğu da bələdiyyələrdə tez-tez rast gəlinən xarakterik qanun pozuntularını, onlara şərait yaradan halları təhlil etmiş və müvafiq təkliflər vermişdir. Həmin təkliflər əsasında Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə zəruri tövsiyələr verilmiş, aidiyyəti məsələlər barəsində tədbir görülməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də məlumatlandırılmışdır.

2011-ci il ərzində bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədi ilə 59 seminar keçirilmiş və bu seminarlarda 4671 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Muxtar Respublikanın bələdiyyələri üçün 8 seminar keçirilmiş və bu seminarlara 550 şəxs cəlb olunmuşdur. Bütövlükdə maarifçilik tədbirlərinə il ərzində 5 mindən çox bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir ki, bu da 2010-cu il ilə müqayisədə 22 % artmışdır.

2011-ci ildə də bələdiyyələrə metodik kömək göstərilməsi istiqamətində işlər davam etdirilmiş, aktual mövzular üzrə 11 metodik vəsait hazırlanmış, "Yerli özünüidarə orqanlarının normativ aktlarının Bülleteni"nin çap işi davam etdirilmiş və bu dərgidə bələdiyyələr üçün praktik önəm daşıyan materiallar dərc olunmuşdur.

Bələdiyyə fəaliyyətinin daha səmərəli həyata keçirilməsi, hüquq pozuntularının qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən tövsiyələr verilmişdir. Bu tövsiyələr bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməsi, yerli büdcənin tərtib edilməsi və icrası, bələdiyyə tərəfindən ayrılmış vəsaitin miqdarının iclas qərarında əks olunması, bələdiyyələrdə kargüzarlıq işinin təşkili və vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın artırılması və s. ilə bağlı olmuşdur.

2011-ci ildə istintaq orqanlarından daxil olmuş təqdimatların hüquq pozuntularının qarşısının alınmasında profilaktik önəm daşımasını nəzərə alaraq onların hər birinin ayrı-ayrılıqda bələdiyyələrdə müzakirələri təşkil edilmiş, nəticəsi üzrə tədbirlər görülmüşdür. Eyni zamanda, aşkar edilmiş cinayət xarakterli qanun pozuntularının təkrar edilməməsi və belə pozuntuların profilaktikasını gücləndirmək məqsədi ilə yol verilmiş pozuntular aidiyyəti bələdiyyələrdə müzakirə edilmiş, bələdiyyələrə müvafiq tövsiyələr verilmişdir.

Yerli özünüidarənin səmərəli həyata keçirilməsində milli assosiasiyaların da mühüm rolu vardır. Milli assosiasiyaların nümayəndələri Milli Məclisin Regional Məsələlər Komitəsinin yerli özünüidarəetmə ilə bağlı keçirilən iclaslarında iştirak etmiş, öz təklif və rəylərini bildirmişlər. Milli Assosiasiyaların təşəbbüsü ilə ölkəmizdə "yerli demokratiya həftəsi" keçirilmişdir. "Həftə"çərçivəsində "açıq qapı" günləri təşkil edilmiş, yerli əhalinin rəy və təklifləri öyrənilmişdir.

Milli Assosiasiyaların nümayəndələri Avropa Şurasının Yerli və Regional hakimiyyətlər Konqresi, Avropa İttifaqı Regionlar Komitəsi və bir sıra başqa beynəlxalq qurumlarla əməkdaşlığı davam etdirmişlər.

Ədliyyə Nazirliyi yerli özünüidarə sahəsində Avropa Şurasının müvafiq qurumları ilə əməkdaşlığı davam etdirmiş, bir sıra beynəlxalq tədbirlərdə iştirak edilmişdir. Bu tədbirlərdə Nazirliyin nümayəndələri ümumavropa əhəmiyyətli məsələlərin müzakirəsində təkliflərlə çıxış etmiş, ölkəmizdə yerli demokratiyanın vəziyyəti və başqa məsələlər üzrə ətraflı məlumatlar vermişlər.

2011-ci ilin 3-4 noyabr tarixlərində Kiyev şəhərində Avropa Şurası Yerli və regional hakimiyyətlərə məsul nazirlərin Konfransının 17-ci Sessiyası keçirilmişdir. Sessiyada yerli səviyyədə insan hüquqlarının təmin olunması, iqtisadi və maliyyə böhranı zamanı yerli özünüidarəetmə, transsərhəd əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunmuş, fikir və təcrübə mübadiləsi aparılmışdır. Azərbaycan nümayəndə heyəti tədbirdə respublikamızda aparılan hərtərəfli islahatlar barədə məlumat vermiş, dünyanı iqtisadi böhran bürüdüyü illərdə də ölkəmizdə intensiv sosial-iqtisadi inkişafın davam etməsi, Ermənistanın ölkəmizə qarşı təcavüzünün transsərhəd əməkdaşlığın həyata keçirilməsində əsas maneə olmasını iştirakçıların diqqətinə çatdırmışdır. Sessiyada Yerli və regional demokratiya sahəsində fəaliyyətin genişləndirilməsini özündə əks etdirən Kiyev bəyannaməsi qəbul edilmişdir. Qeyd olunmalıdır ki, Bəyannamənin layihəsinə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qanunazidd rejimin təşviqinə və sərhədyanı əlaqələrin yaradılmasına dair təkliflər edilmiş, lakin Azərbaycan tərəfinin qəti tədbirləri nəticəsində Ermənistanın bu təxribatçı hərəkətlərinin qarşısı alınmışdır.

Bələdiyyələrin işinin təkmilləşdirilməsi, müasir tələblərə uyğun qurulması dövlətimizin daim diqqət mərkəzində olmuşdur. 30 noyabr 2011-ci ildə bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin uğurla keçirilməsi də bunu təsdiq edir. Şəffaf və demokratik şəraitdə keçirilmiş bu seçkilərdə seçicilərin fəallığının yüksək olması əhalinin yerli özünüidarəyə marağının artmasını göstərir. Hazırda birləşmə nəticəsində yaranmış 5 yerli özünüidarə orqanları üzrə qanunvericiliyə uyğun olaraq təhvil-təslim işlərinin aparılmasına başlanılmışdır.

Yerli özünüidarənin yaxşılaşdırılması, bu sahədə qanunçuluğun möhkəmləndirilməsi məqsədi ilə normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün bir sıra qanun layihələri hazırlanaraq baxılması üçün aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir. Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış təkliflərin bir çoxu Milli Məclisin 25 oktyabr 2011-ci il tarixli Qanunu ilə qəbul edilmiş və artıq qüvvəyə minmişdir. Dövlət büdcəsindən bələdiyyələr üçün hər il ayrılan dotasiyanın miqdarının artırılaraq 2012-ci il üçün 5 milyon manat məbləğində müəyyən edilməsi barədə Milli Məclisin qəbul etdiyi qanun da yerli özünüidarəetmə orqanlarına maliyyə köməyi baxımından çox əhəmiyyətlidir.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il tarixli Fərmanı ilə "Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi" Qaydaları da təsdiq edilmişdir. Bu Qaydaların əhəmiyyətini nəzərə alaraq onun bələdiyyələrdə öyrənilməsi üçün hazırda maarifçilik tədbirlərinə başlanılmışdır.

Yerli özünüidarə orqanlarının işinin yaxşılaşdırılması və qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən aşağıdakı təkliflərə baxılmasını məqsədəuyğun hesab edirik:

- "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 28 oktyabr 2008-ci il tarixli Qanuna əsasən bir sıra istisnalar nəzərə alınmaqla torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Qeyd olunan müddəa Torpaq Məcəlləsinin, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və bələdiyyələrin torpaq münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının müvafiq normalarında öz əksini tapmadığı üçün həmin qanunun tətbiqində çətinliklər yaranır. Ona görə də qeyd edilən normanın bələdiyyə torpaqları ilə bağlı münasibətləri tənzimləyən mövcud qanunvericilikdə öz əksini tapması təklif olunur;

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bu normanın tələbləri "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Torpaq bazarı haqqında" qanunlarda əks etdirilmədiyi üçün müəyyən çətinliklər yaradır. Ona görə də həmin qanunların Mülki Məcəlləyə uyğunlaşdırılması məqsədəuyğundur.

Hörmətli millət vəkilləri!

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə"ni diqqətinizə təqdim edərək, müzakirələr zamanı səslənəcək təkliflərin, tövsiyyələrin və iradların ölkəmizdə yerli demokratiyanın inkişafına töhvə verəcəyinə əmin olduğumuzu bildirmək istəyirəm.

Diqqətinizə görə sağ olun!

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
14.02.2012

Keçidlər