X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hüquqi dövlət quruculuğunda növbəti mühüm addım (16-17 mart 2012-ci il, "Xalq qəzeti")



İnsan hüquqları üzrə Milli Fəaliyyət Proqramı uzunmüddətli inkişafa xidmət edən strategiyanın tərkib hissəsidir

Müstəqilliyin bərpa edilməsindən sonrakı 20 il ərzində ölkəmizdə insan hüquqlarının təminatı və cəmiyyətimizin müasir inkişafı naminə son dərəcə vacib və mühüm qərarlar qəbul edilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir. Beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunaraq yüksək dəyərləndirilən və cəmiyyətimizdə böyük rəğbətlə qarşılanan belə konseptual xarakterli sənədlərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"dır. Fundamental sənəd respublikamızda hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən genişmiqyaslı islahatları şərtləndirən sosial zərurətdən irəli gələrək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəf və istiqamətlərinin mühüm tərkib hissəsi olmaqla, insan hüquqları ilə bağlı ölkəmizin perspektiv inkişafına, yeni iqtisadi və sosial çağırışlara yönələn milli strategiyadır.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizin qorunub saxlanılması mümkün olmuş, qətiyyətli addımlar atılmış, xalqımızın rifahının yüksəldilməsi, demokratik hüquqi dövlətin, xüsusilə insan hüquq və azadlıqlarının bərqərar olmasında dinamik inkişafa nail olunmuş, ümumbəşəri dəyərlərin üstünlüyü qəbul edilmişdir. Ulu öndər vurğulayırdı ki, "hər bir insanın hüquqlarının qorunması bütün cəmiyyətin hüquqlarının qorunması deməkdir". Həqiqətən də insan hüquqları faktoru nəzərə alınmaqla qısa müddət ərzində cəmiyyətdə hüquq düşüncəsinin və mədəniyyətinin köklü surətdə dəyişilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, dövlət idarəetməsində, məhkəmə və qanunvericilik sistemində ciddi islahatlar həyata keçirilmişdir. Respublikamızda beynəlxalq hüququn norma və prinsipləri əsasında mükəmməl normativ hüquqi baza yaradılmış, milli qanunvericiliyimiz təkmilləşdirilmiş, ölkəmiz insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulmuşdur. Həmin hüquqların səmərəli təminatı üçün mövcud resurslar beynəlxalq standartlara uyğunlaşdırılmış, beynəlxalq müqavilələrin müddəalarının milli səviyyədə implementasiyası təmin olunmuşdur.

Bu gün ölkə başçısı cənab İlham Əliyevin milli dövlətçilik strategiyasına uyğun olaraq respublikamızda bütün sahələrdə hərtərəfli islahatlar aparılır, ölkəmiz qlobal və regional səviyyələrdə mühüm tarixi nailiyyətlərə imza atır, davamlı demokratik-hüquqi, dünyəvi inkişafın nəticəsi olaraq beynəlxalq strukturlara inteqrasiya olunur. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlər dövlətimizin siyasi-diplomatik və demokratik tərəqqisi baxımından əlamətdar hadisələrlə zəngin olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin sonlarında BMT Baş Məclisinin plenar iclasında respublikamızın bu mötəbər qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, habelə bu günlərdə Meksikada "Böyük iyirmiliyin" (G-20) sammitinə post-sovet ölkələri arasından ilk dəfə yalnız Azərbaycanın dəvət edilməsi ölkəmizin qlobal nüfuza və beynəlxalq dəstəyə malik olmasının bariz nümunəsi kimi insan hüquqları sahəsindəki səmərəli fəaliyyətinə də təsirsiz ötüşməmişdir.

Ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər hər şeydən əvvəl respublikamızın hərtərəfli inkişafı və gələcək perspektivləri üçün zəmin yaratmışdır. Elə bu səbəbdən də, Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır: "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər". Əlbəttə, ölkəmiz üçün olduqca məsuliyyətli bir dövrdə uzunmüddətli və davamlı inkişafa nail olmaq vəzifəsi mükəmməl milli mexanizmləri özündə ehtiva edən yeni proqram xarakterli sənədin işlənib hazırlanmasını labüd etmişdir.

İnsan hüquqlarının təminatı üzrə həyata keçirilən tədbirlərin davamlılığnı təmin edən Milli Fəaliyyət Proqramının ölkə başçısı tərəfindən təsdiq edilməsi, insan hüquq və azadlıqlarının qorunmasının səmərəliliyinin daha da artırılmasına, yeni təfəkkürün və milli hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, mütərəqqi qanunvericilik bazasının formalaşdırılmasına xidmət edir.

Proqramda həmçinin, ədliyyə sahəsi ilə bağlı olan bir sıra mühüm tədbirlər - normativ-hüquqi bazanın təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımıza dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi, əhalinin kövrək təbəqələrinin, xüsusilə uşaqların, qadınların və məhkumların hüquqlarına daha həssas yanaşılması, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı daha səmərəli mübarizə, elektron xidmətlərin göstərilməsi və digər məsələlər üzrə konkret vəzifələr müəyyən olunmuşdur.

Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrin dürüst icrasına nail olunması baxımından ilk növbədə şəxsiyyət azadlığının mahiyyətinə dair siyasi nəzəriyyələr sistemində təşəkkül tapmış fəlsəfi yanaşmalara qısa tarixi ekskurs etmək yerinə düşərdi.

Ümumiyyətlə, insan hüquqları ideyaları qədim tarixi köklərə malik olsa da, şəxsiyyət, onun azadlığı və bərabərliyi, özünəməxsusluğu ilə bağlı prinsiplərin tanınması, onların ali dəyər və ümumbəşəri sərvət kimi etiraf olunması müasir dövrün mühüm problemlərindən biridir. İnsan varlığının bünövrəsini təşkil edən fərdi azadlıqların, şəxsiyyətin özünüifadə, yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərinin inkişafına təkan verilməsi istənilən dövlətin və cəmiyyətin ali məqsədini, orada baş verən köklü islahatların əsasını təşkil etmişdir. Vaxtilə hüquqi dövlət və şəxsiyyət azadlığı konsepsiyasının müəlliflərindən biri olan klassik alman filosofu İmenual Kant qeyd edirdi ki, azadlıq həm özünün, həm də başqasının şəxsində insana heç bir halda vasitə kimi deyil, yalnız və yalnız məqsəd kimi yanaşmaqdan ibarətdir. Ona görə də, müasir dövrdə insan hüquqlarına hörmət, bu hüquq və azadlıqların təminatı hər bir dövlətin ali məqsədini təşkil etməklə, beynəlxalq aləmdə ölkənin və cəmiyyətin demokratik inkişaf səviyyəsini, eyni zamanda millətlərin sivil xarakterini müəyyən edən əsas qiymətləndirmə meyarlarından biri sayılır.

İnsan hüquqlarının qorunması, bu hüquq və azadlıqlara dövlətlər tərəfindən dəstək verilməsinin zəruriliyi ilə bağlı ideyalar yalnız XX əsrin ortalarından etibarən daha geniş miqyasda inkişaf etmiş və imperativlik qazanmışdır. Artıq müasir dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi ayrı-ayrı dövlətlərin daxili yurisdiksiyasından çıxaraq bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi üçün hər hansı ölkənin hüquq sistemini və ictimai həyatını beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək qeyri-mümkündür. Ona görə də, Azərbaycan Respublikası həmin sənədlərdə nəzərdə tutulan prinsipləri özünün əsas fəaliyyət istiqaməti kimi müəyyən etməklə ötən dövr ərzində əksəriyyəti insan hüquq və azadlıqların təminatı ilə əlaqədar olan 380-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur.

İnsan hüquqlarının müdafiəsi ilə bağlı konsepsiya milli səviyyədə ilk dəfə 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ulu öndərin bilavasitə müəllifi olduğu Konstitusiyamızda təsbit olunmuşdur. Konstitusiyada insan hüquqlarının təmin edilməsi dövlətimizin ali məqsədi elan olunaraq, bu hüquq və azadlıqların gözlənilməsi, onların qorunması bütün hakimiyyət orqanlarının borcu kimi müəyyən edilir. Eyni zamanda, XXI əsrin yeni liberal təfəkkür tərzi və müasir tələbləri nəzərə alınaraq Konstitusiyaya 2002 və 2009-cu illərdə insan haqlarının qorunması baxımından mütərəqqi xarakterli bir sıra mühüm əlavə və dəyişikliklər edilmiş, Əsas Qanunda təsbit olunan bu prinsiplər müstəqil dövlətimizin başlıca prioriteti kimi hüquq və azadlıqların daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin, hər kəsin bərabər hüquqlarının real təminatına, sosial yönümlü iqtisadiyyatın gücləndirilməsinə yönəlmişdir.

Eyni zamanda insan hüquqlarına həssas münasibət ölkəmizdə müvafiq hüquqi mexanizmlərin yaradılmasını zəruri etmiş, xüsusi normalar müəyyən edilməklə bu hüquqların milli qanunvericilik qaydasında daha da möhkəmlənməsinə səbəb olmuşdur. İnsan hüquqlarının etibarlı təmin olunması üzrə həyata keçirilən tədbirlərin əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanında dəqiqliklə müəyyən edilərək, bu mühüm sənəd demokratiyanın inkişafının sürətləndirilməsi və ölkəmizin dünya birliyinə da sıx inteqrasiyası üçün zəmin yaratmışdır. Ümummilli liderimizin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" qanunvericilik və institusional islahatları özündə əks etdirən xüsusi əhəmiyyətə malik sənəd olmaqla ölkəmizdə demoktarik institutların formalaşması prosesini sürətləndirmiş, yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, ombudsman kimi yeni təsisatlar yaradılaraq insan hüquqları sahəsində irəliyə doğru daha mühüm addımlar atılmışdır.

Respublikamızda qanunun aliliyinin təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı və demokratik proseslərin dönməz xarakter alması ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv olmaqla insan hüquq və azadlıqlarına sadiqliyini bir daha nümayiş etdirmişdir. Eyni zamanda, ölkəmizin Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olması, onun insan hüquqlarının müdafiəsi ilə bağlı qərarlarının qanunvericilik, icra və məhkəmə orqanları üçün rəsmi istinad mənbəyinə çevrilməsi, presedent hüququnun tətbiqi xüsusilə qeyd edilməlidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2006-cı il dekabrın 28-də İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasına əlverişli şərait yaratmışdır. Bu xüsusi əhəmiyyətli sənəd ədliyyə və məhkəmə sistemində insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunan mühüm mərhələsinin başlanmasını, o cümlədən, Azərbaycan ədliyyəsinin müxtəlif sahələri üzrə əsaslı tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir.

Qeyd etmək lazımdır ki, son illər ərzində ölkəmizdə qəbul edilən bütün normativ-hüquqi aktlarda respublikamızın taleyüklü məsələlərinə xüsusi diqqət yetirilərək, həmin sənədlərdə insan haqlarının səmərəli təminatı baxımından qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqları ilə bağlı tədbirlərə ən ümdə vəzifələrdən biri kimi kimi yanaşılır.

Görülən işlərin məntiqi davamı olaraq 27.12.2011-ci il tarixli Milli Fəaliyyət Proqramında xalqımızın ən ağrılı problemi olan Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin kütləvi şəkildə pozulmuş hüquqları ilə bağlı tədbirlərin gücləndirilməsinə xüsusi yer ayrılır. Qeyd etmək lazımdır ki, ölkəmizdə bu problemə demokratiyanın, insan hüquqlarının inkişafı və qorunması baxımından mühüm əhəmiyyət verilməklə, daim həssas münasibət göstərilərək diqqət mərkəzində saxlanılır. Ölkə Prezidenti Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçıları ilə görüşdə qeyd etmişdir: "Azərbaycan əhalisinin kifayət qədər böyük hissəsi bütün insan hüquqlarından məhrum edilibdir. Onların insan hüquqları kobudcasına tapdalanıbdır. Mən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində öz doğma yerlərindən didərgin düşmüş bizim soydaşlarımız haqqında söhbət açıram. Bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eyni zamanda, etnik təmizləmə siyasəti ilə tamamlanmışdır və bir milyon soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır". Respublikamızın suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi əleyhinə yönəlmiş təcavüz təkcə yüz minlərlə insana qarşı deyil, eyni zamanda milli abidələrimizə, təbii sərvətlərimizə, bütövlükdə isə dünya mədəniyyət xəzinəsinə edilən cinayətkar qəsddir. Bununla əlaqədar ölkəmizin haqq səsinin dünyaya çatdırılması, qeyd olunan faktlar əsasında zəruri tədbirlərin görülməsi üçün mövcud hüquqi vasitələrdən daha səmərəli istifadə olunmalıdır.

Proqramda eyni zamanda, etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyətin davamlılığına xüsusi diqqət yetirilir. Dövlət siyasətinin tərkib hissəsini təşkil edən bu məsələyə etnik azlıqların bərabər hüquq və azadlıqlara malik olması baxımından böyük əhəmiyyət verilir. Bu gün Azərbaycan artıq bütün dünyada tolerant ölkə kimi tanınır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı üçün beynəlxalq prinsiplərə əsaslanan bərabər imkanlar və hərtərəfli ictimai-siyasi şərait yaradılmışdır. Ölkəmiz müxtəlif mədəniyyətlərin qovşağına, dinlər və konfessiyalararası dialoq məkanına çevrilərək, qarşılıqlı birgə əməkdaşlıq üzrə mötəbər konfranslara ev sahibliyi edir, dünyada tolerantlıq örnəyi kimi tanınmaqla beynəlxalq aləmdə müsbət təcrübəyə malik dövlət olaraq təqdir edilir.

Xüsusi vurğulamaq lazımdır ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması, milli dəyərlərimizin mühafizəsi, habelə mədəniyyətlərarası dialoq mühitinin yaradılması üzrə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox transmilli əhəmiyyətə malik olan böyük layihələr həyata keçirilmiş, hazırda bu istiqamətdə respublikamızda genişmiqyaslı işlər davam etdirilir.

Qeyd etmək lazımdır ki, ölkəmizin dövlət və ictimai həyatında insan hüquqlarının və azadlıqlarının qorunmasında ədliyyə orqanlarının özünəməxsus rolu və geniş funksiyaları nəzərə alınaraq Proqramdakı tədbirlərin böyük bir qisminin icrasına Ədliyyə Nazirliyinin cəlb olunması nazirliyə göstərilən yüksək etimadın bariz nümunəsidir. Eyni zamanda, ədliyyə və məhkəmə sistemində dövlətimizin qarşıya qoyduğu ali məqsədə nail olmaq üçün insan hüquqlarının qorunması üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələrin bilavasitə ədliyyə sahəsi ilə bağlılığı nazirliyin bu prosesdə yaxından iştirakını daha da zəruri edir.

Milli Fəaliyyət Proqramının müstəsna əhəmiyyəti nəzərə alınaraq, bu mühüm sənəd Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə edilmiş, ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi və mütəşəkkil icrasının təmin olunmasına dair müvafiq tapşırıqlar verilmiş, sənədin icrasına dair tədbirlər planı işlənib hazırlanmışdır. Qeyd edək ki, Proqram ölkə əhalisinin maarifləndirilməsi, müddəalarının ədliyyə işçiləri tərəfindən müfəssəl mənimsənilməsi və gündəlik fəaliyyətdə istifadə edilməsi məqsədilə Azərbaycan və ingilis dillərində toplu şəklində çap olunmuşdur.

Proqrama əsasən ədliyyə sahəsində həyata keçirilməsi nəzərdə tutulan müxtəlif istiqamətlər üzrə, o cümlədən sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə şəraitin və rejimin beynəlxalq standartlara uyğunlaşdırılması, yeni penitensiar müəssisələrin inşa edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin islah edilməsinə ictimaiyyətin cəlb edilməsi və ictimai nəzarət mexanizmlərinin tətbiq olunması, bununla bağlı qabaqcıl təcrübənin öyrənilməsi, habelə həbs yerlərində işgəncə və pis rəftar hallarının yolverilməzliyi məsələlərinə xüsusi yer ayrılmış, nazirliyin müvafiq struktur qurumlarına konkret tapşırıqlar verilmişdir. Təsadüfi deyildir ki, hal-hazırda qeyd olunan sahələrdə Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlarla geniş əlaqələr yaratmaqla bir çox layihələrin icrasını və qarşılıqlı təcrübə mübadiləsini davam etdirir, eyni zamanda "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" çərçivəsində ardıcıl tədbirlər həyata keçirilir.

İnsan hüquqlarının təmin edilməsini şərtləndirən mühüm amillərdən biri də bütün neqativ təzahürlərə qarşı barışmaz mübarizənin aparılması, xüsusilə əhalinin haqlı narazılığına səbəb olan korrupsiya hallarının aradan qaldırılmasıdır. Bununla əlaqədar Milli Fəaliyyət Proqramında müvafiq bəndlərin təsbit olunması dövlətimizin bu ümumbəşəri sosial bəlaya qarşı mübarizə əzminin davamlılığının göstəricisi olmaqla, bu istiqamətdə qəti tədbirlərin görülməsini zəruri edir. Proqrama əsasən korrupsiya ilə mübarizənin gücləndirilməsi, milli mexanizmlərin inkişafı, institusional islahatların davamlılığı, habelə antikorrupsiya tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq, növbəti illər üçün bu sahədə fəaliyyət planının hazırlanması ilə bağlı vəzifələr nəzərdə tutulur.

Ölkəmizdə korrupsiyanın qanunun aliliyinə, demokratik təsisatlara və insan hüquqlarına təhlükə yaratdığını, bərabərlik və sosial ədalət prinsiplərini pozduğunu, iqtisadi inkişaf üçün maneələr törətdiyini və digər amilləri nəzərə alaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə korrupsiyaya qarşı davamlı mübarizə aparılır, genişmiqyaslı qanunvericilik və institusional tədbirlər görülur. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi üzrə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə daim xüsusi önəm verilir. Həmçinin, ədliyyə orqanları tərəfindən korrupsiya ilə qəti mübarizə aparılaraq süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması, ədliyyə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin, habelə məhkəmələrdə icra və əmək intizamının gücləndirilməsi ilə bağlı ciddi işlər həyata keçirilir. Bundan əlavə, ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın artırılması üçün vətəndaşların müraciətlərinə qayğılı münasibət bəslənilməklə nazirliyin internet saytında "qaynar xətt" bölməsi və ayrıca telefon xidmətləri yaradılmışdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işində fəal iştirak edilir, ölkəmizin beynəlxalq antikorrupsiya fəaliyyəti genişləndirilir, qabaqcıl təcrübələrin öyrənilməsi diqqət mərkəzində saxlanılır. Buna görə də son illər republikamızda korrupsiyanın qarşısının alınması ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərə qlobal səviyyədə böyük marağın artması müşahidə edilir.

Proqramda eyni zamanda, "Elektron Azərbaycan" Dövlət Proqramının məqsədlərindən və ölkə başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanından irəli gələn müasir informasiya cəmiyyətinə xas modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi, habelə vətəndaşların müraciət etmək imkanlarının artırılması məqsədilə regional elektron müraciət terminallarının yaradılmasının zəruriliyi qeyd olunur. Bu məqsədlərin reallaşması üçün ədliyyə qurumlarında universal elektron xidmət köşkləri quraşdırılmış, nazirliyin internet saytında elektron xidmət bölməsi və digər bu tipli xidmət növləri yaradılmışdır.

Milli Fəaliyyət Proqramında insan hüquqlarının müdafiəsində müstəsna əhəmiyyət kəsb edən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə bir sıra müddəalar, o cümlədən məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirləri ilə bağlı məsələlər nəzərdə tutulmuşdur.

Məhkəmə qərarlarının vaxtında və dəqiq icrasının təmin olunması məqsədilə icra tədbirlərinə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası məsələlərinə xüsusi yer ayrılması ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmələrin nüfuzunun gücləndirilməsinə, nəticə etibarilə insan və vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunmasına xidmət edir.

Proqramda qeyd olunduğu kimi, son illər məhkəmə qərarlarının vaxtında və düzgün icrası ilə bağlı görülən tədbirlərin, o cümlədən qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinin nəticəsi olaraq icra işinin keyfiyyəti xeyli yaxşılaşdırılmış, atılan məqsədyönlü addımlar bu sahədə mövcud olan bir sıra problemlərin aradan qaldırılmasına imkan vermişdir.

İlk növbədə qeyd olunmaldır ki, məhkəmələrin qəbul etdiyi qərarların dövlət adından çıxarılması və məcburi olması ilə bağlı imperativ göstəriş Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir. Bu məsələ prinsipial əhəmiyyət daşıdığından 2009-cu il 18 mart referendumu ilə Əsas Qanunun 129-cu maddəsinə edilmiş mühüm əlavələrdən biri də məhz məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. Məhkəmə qərarlarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması haqqında müddəa həmin qərarların təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, icra sahəsində bəzi problemli məqamların aradan qaldırılmasına xidmət edərək, icranın məcburiliyi ilə bağlı müvafiq qanunvericiliyə konstitusion təminatı daha da gücləndirmişdir.

Hazırda ölkəmizdə məhkəmə qərarlarının icrası ilə bağlı görülən işlərin məntiqi davamı olaraq keyfiyyətcə yeni mərhələ başlanmışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 18 iyun 2010-cu ildə "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" qanunlara, Cinayət, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun qəbul olunmuş, bu sahədə mövcud çatışmazlıqların və nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülmüş, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübə öyrənilməklə qanunvericiliyə yeni mühüm dəyişikliklər edilmiş, icra işinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsinə dair ölkə Prezidenti 15 iyul 2010-cu il tarixdə növbəti əhatəli Fərman imzalamışdır. Yeni qanunvericiliyə uyğun olaraq, icra məmurlarının hüquqları genişləndirilmiş, o cümlədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, axtarışın elan edilməsi sahəsində onlara yeni səlahiyyətlər verilmiş, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə sanksiyalar sərtləşdirilmişdir. Əlbəttə, cəzanın sərtləşdirilməsi ilk baxışda hüquq və azadlıqlar baxımından düzgün olmayan rəyin formalaşmasına səbəb ola bilər. Lakin məhşur italyan hüquq mütəfəkkiri və nəzəriyyəçisi Çezare Bekkarianın təbirincə desək, dövlətin cinayətə görə cəza vermək hüququ ümumi rifahı ayrı-ayrı şəxslərin qəsdlərindən müdafiə etmək zərurətinə əsaslanır və dövlət vətəndaşlara nə qədər çox azadlıq verirsə, cəza da bir o qədər ədalətli olur.

Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icra prosesində yaranan maneələrin aradan qaldırılması məqsədilə icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilmiş, əlavə imkanlar və işlək mexanizmlər yaradılmışdır. Hazırda insan hüquqlarının daha səmərəli təmin olunması məqsədilə icra sahəsində tələbkarlığın gücləndirilməsi, məsuliyyət hissinin artırılması, yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi və vətəndaşların pozulmuş hüquqlarının bərpası üzrə təsirli tədbirlər davam etdirilir, ölkə Prezidentinin fərmanına əsasən dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər 6 aydan bir dövlət başçısına məlumat verilir. Bu təcrübə bütün icra iştirakçılarının məsuliyyət hissinin daha da artırılmasına xidmət edərək, artıq öz müsbət nəticəsini verməkdədir. Yeri gəlmişkən qeyd edək ki, Nazirlik tərəfindən görülən tədbirlər nəticəsində dövlət orqanlarının borclu olması ilə bağlı 2011-ci ildə daxil olan icra sənədlərinin 99%-nin icrasına nail olunmuşdur.

Ölkədə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticəsi kimi vətəndaşların öz mülki hüquqlarını məhkəmə yolu ilə qorumasına üstünlük verməsi ilə əlaqədar icra sənədlərinin sayında artım müşahidə edilmiş, onların sayı 2011-ci ildə əvvəlki illə müqayisədə 22,2%, beş il əvvəllə müqayisədə iki dəfə artaraq 144 mindən çox olmuşdur. Qeyd etmək lazımdır ki, ötən il icraatda olan icra sənədlərinin 84%-ə yaxını öz qanuni həllini tapmış, qalanlarının isə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tamamlanması üçün tədbirlər davam etdirilir.

Eyni zamanda, 2011-ci ildə icraatda olmuş işlər üzrə hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 28% artaraq 97,2 milyon manat təşkil etmiş, icranın təmin olunmamasına görə 1207 şəxsin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1602 borclu şəxs inzibati məsuliyyətə cəlb olunmuş, həmçinin 222-si barəsində cinayət işi başlanılmışdır.

Qeyd olunmalıdır ki, aşkarlığın təmin edilməsi tədbirləri çərçivəsində artıq ötən ildən məhkəmə qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlak barədə nazirliyin internet saytında məlumatlar verilir, televiziya kanallarında icra məmurlarının fəaliyyətindən bəhs edən süjetlər nümayiş olunur, bu sahədə maarifləndirmə və məlumat xarakterli digər tədbirlər həyata keçirilir. Həmçinin, icra xidmətinin yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik işçilər hesabına möhkəmləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq son illər ədliyyə orqanlarına şəffaf müsabiqə əsasında qəbul olunmuş 222 nəfər gənc hüquqşünasların 80 faizdən çoxu məhz bu xidmətə təyinat almış, fəaliyyətində vətəndaşların haqlı narazılığına səbəb olan neqativ hallara yol verən işçilər ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən ədliyyə orqanlarından xaric edilmişlər.

Müasir dövrdə hüquqi dövlət anlayışını şərtləndirən ən mühüm amillərdən biri əlbəttə, məhkəmələrin müstəqilliyinin təmin edilməsi və dövlət adından çıxarılan məhkəmə qərarlarının lazımi səviyyədə icrasıdır. Qərarların icrası vətəndaşın təkcə dövlətə olan inamını, etimadını deyil, həm də qanun qarşısındakı məsuliyyətini artırır. Sözsüz ki, məhkəmə qərarlarının icrası ilə bağlı Proqramda nəzərdə tutulan məsələ icra işinin təkmilləşdirilərək keyfiyyətcə yeni səviyyədə qurulmasına, bu sahədə vəziyyətin daha da yaxşılaşdırılmasına və mövcud problemlərin aradan qaldırılmasına imkan verəcəkdir.

Milli Fəaliyyət Proqramında eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bununla əlaqədar beynəlxalq təcrübənin dərindən öyrənilməsi üçün İcra baş idarəsinə müvafiq tapşırıqlar verilmiş və bu istiqamətdə mövcud icra mexanizmlərinin təkmilləşdirilməsi, icra məmurlarının peşəkarlığının artırılması, habelə Avropa Məhkəməsi presedentlərinin mənimsənilməsi üzrə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

Proqramda insan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları ilə yanaşı, eyni zamanda bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi ilə bağlı vəzifələr də müəyyən olunmuşdur.

Təsadüfi deyildir ki, hələ 28 dekabr 2006-cı il tarixli Milli Fəaliyyət Planında insan hüquqları sahəsində beynəlxalq normaların bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təşkili ilə əlaqədar xüsusi müddəa nəzərdə tutulmuş, bununla bağlı Ədliyyə Akademiyasında ixtisasartırma kursunun tədris proqramı əsasında İnsan hüquqlarına dair Avropa Konvensiyası, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası və digər beynəlxalq sənədlərin öyrənilməsinə, habelə onların milli qanunvericiliyə implementasiyası məsələlərinə xüsusi yer ayrılmış, insan hüquqlarının qorunmasında bələdiyyələrin roluna dair mühazirələr oxunmuşdur. Bu sahədə həmçinin, beynəlxalq qurumların və xarici ölkə ekspertlərinin iştirakı ilə birgə tədbirlər, o cümlədən İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən maliyyələşdirilən layihə üzrə "Azərbaycanda bələdiyyələrin statusu və onların insan hüquqlarının müdafiəsi sahəsində rolu" mövzusunda seminar keçirilmişdir.

Həmçinin, Milli Fəaliyyət Proqramında qeyd olunan məsələlərlə əlaqədar Ədliyyə Akademiyasında bələdiyyə üzvləri və qulluqçuları üçün insan hüquqları sahəsində beynəlxalq sənədlərin tədrisi təşkil edilmiş, müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, artıq 2012-ci ilin yanvar ayında keçirilmiş 4 regional seminarda "İnsan hüquqlarının qorunması işində bələdiyyələrin rolu" mövzusunda mühazirələr oxunmuş, dinləyicilərə insan hüquqları sahəsində konvension öhdəliklər, onların tətbiqi üzrə üzv dövlətin vəzifələri və s. barədə geniş məlumat verilmişdir.

Ümumiyyətlə, Nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən ötən il bələdiyyə üzvləri ilə 59 zona seminarları keçirilmiş, 4600-ə yaxın bələdiyyə üzvü və bələdiyyə qulluqçusu ixtisasartırma kurslarına cəlb edilmiş, görülən maarifləndirmə tədbirləri yerli demokratiyanın inkişafı, vətəndaşlarla ünsiyyətdə sivil özünüidarə mexanizmlərinin tətbiqi və insan hüquqlarının daha səmərəli müdafiəsi işinin təkmilləşdirilməsinə xidmət etmişdir.

Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda Azərbaycan Respublikasının Milli Məclisinə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə (2011-ci il üzrə) təqdim olunmuş, nazirliyin vəzifə və funksiyalarına uyğun olaraq bələdiyyələrin işinə inzibati nəzarətin həyata keçirilməsində səmərəliliyin təmin edilməsi, bu yöndə qanunçuluğun gücləndirilməsi, yerlərdə vətəndaşların hüquq və azadlıqlarının, xüsusilə mülkiyyət hüquqlarının daha səmərəli təminatı üçün meydana cıxan maneələrin, o cümlədən korrupsiya hallarının aradan qaldırılması üzrə görülən çoxsaylı tədbirlər barədə məlumat verilmiş, insanların qanuni mənafelərinin qorunması, yerli özünüidarə orqanlarının işinin yaxşılaşdırılması və qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə təkliflər verilmiş, faydalı müzakirələr aparılmışdır.

Hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiya ilə mübarizə potensialının artırılması, insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan digər cinayətlərin qarşısının alınması, habelə şəxslərin təqsirsizlik prezumpsiyasının təmin edilməsi baxımından Milli Fəaliyyət Proqramının müvafiq müddəaları Nazirliyin İstintaq idarəsinin əməliyyat müşavirəsində müzakirə olunmuş, aidiyyəti bəndlər üzrə ətraflı fikir mübadiləsi aparılmış, sənədin icrası ilə bağlı konkret vəzifələr müəyyən edilmişdir. İstintaq işi ilə bağlı nazirlik qarşısında Proqramda həlli vacib olan bir sıra tədbirlər, o cümlədən, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin olunması məqsədilə Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin hazırlanması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onların cinayət məsuliyyətinin müəyyən edilməsinə dair təkliflərin hazırlanması və s. məsələlər üzrə mühüm vəzifələr dayanır. Qeyd olunan məsələlərlə bağlı idarə tərəfindən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanun layihəsinə baxılmış, müvafiq müddəalar üzrə bir sıra əsaslandırılmış təkliflər verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Milli Məclisdə müzakirəyə çıxarılan həmin qanun layihəsində saxlanılan və həbs edilən şəxslərin hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi ilə bağlı kifayət qədər mütərəqqi yeniliklər, habelə Avropa Şurasının və Avropa İnsan Hüquqları Məhkəməsinin tələbləri baxımından mükəmməl normalar nəzərdə tutulmuşdur.

Milli Fəaliyyət Proqramı hüquqi dövlət quruculuğunda növbəti mühüm addım kimi ilk növbədə dövlətimizin ali məqsədi olan insan və vətəndaşların hüquqlarının, onlara layiqli həyat səviyyəsinin təmin olunması məramına xidmət etməklə, ölkəmizdə bütün istiqamətlərdə həyata keçirilən kompleks tədbirlərin keyfiyyətcə yeni mərhələsinin başlanmasının, habelə demokratikləşmə prosesinin, siyasi və hüquqi islahatların cəmiyyətin hazırki inkişaf tempinə uyğun olaraq daha da dərinləşməsinin göstəricisidir.

Müasirləşən cəmiyyətimizdə şahidi olduğumuz islahatların növbəti təzahürü kimi Milli Fəaliyyət Proqramı gələcək nailiyyətlərin əldə olunmasında birgə səylərimzin daha da gücləndirilməsini, günün tələbləri nəzərə alınmaqla zəruri tədbrilərin həyata keçirilməsini, bu mühüm işdə dövlətçilik və vətəndaşlıq mövqeyini rəhbər tutmaqla qeyri-hökumət və dövlət strukturları arasında sıx əməkdaşlığın və konstruktiv dialoqun davam etdirilməsini şərtləndirir.

Bu gün hər birimiz qəti əminliklə söyləyə bilərik ki, respublikamız artıq qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi region dövlətindən dünya əhəmiyyətli ölkəyə çevrilir, müasirləşmə və modernləşmə istiqamətində inamla irəliləyir və demokratik dəyərləri sürətlə mənimsəyir. Artıq ölkəmiz insan hüquq və azadlıqlarının təminatına əsaslanan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşdirilməsində ciddi rol oynamaqla, eyni zamanda ümumbəşəri sərvət olan hüquqi dövlət quruculuğu prosesinə yeni-yeni töhfələr verir. Ölkə başçısı cənab İlham Əliyev öz çıxışlarında hər zaman vurğulamışdır ki, Azərbaycanda hüquqi dövlət quruculuğu sürətlə və uğurla gedir, qəbul edilmiş qərarlar, məhkəmə-hüquq sistemində aparılmış islahatlar, yeniliklər, eyni zamanda, dünyada mövcud olan ən mütərəqqi təcrübənin respublikamızda tətbiqi bütövlükdə ölkəmizin güclənməsinə, insan hüquqlarının müdafiəsinə xidmət edir. Azərbaycanın hazırki dinamik iqtisadi inkişafı, əhalinin rifahının yüksəlməsi onu deməyə əsas verir ki, hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən insan hüquq və azadlıqlarının təminatı üzrə görülən genişmiqyaslı tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

Keçidlər