X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan ədliyyəsi müasir texnologiyalar tətbiq edilməklə inkişaf edir



Ötən ay xalqımız dövlət müstəqilliyimizin iyirminci ildönümünü təntənə ilə qeyd etdi. Tarix üçün son dərəcə qısa olan bu dövrə nəzər saldıqda Azərbaycanın bu illər ərzində bəlkə də əsrlərə bərabər bir yol keçdiyinin şahidi oluruq.

Ümummilli lideri Heydər Əliyevin nadir və iti dövlətçilik zəkası, böyük qətiyyəti və iradəsi sayəsində müstəqilliyimiz qorunub saxlanılmış, sabitlik təmin edilmiş, atəşkəsə nail olunmuş, misilsiz quruculuq işlərinə, bütün sahələrdə hərtərəfli demokratik islahatlara başlanmış, güclü dövlətin möhkəm təməli qoyulmuşdur. Dahi öndərin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində ölkəmiz inkişaf templərinə görə dünyada lider dövlətlərin birinə çevrilmişdir. Təsadüfi deyil ki, bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizini təşkil edir. Dövlətimizin iştirakı olmadan regionda hər hansı layihənin həyata keçirilməsi təsəvvür belə olunmur. Hətta bütün dünyanı maliyyə böhranı bürüdüyü son illərdə də respublikamızın intensiv inkişafı davam etmiş, büdcəmiz 15 dəfə artmış, ölkədə yoxsulluq səviyyəsi 5 dəfə azalaraq 9,1% təşkil etmiş, iri sosial layihələr müvəffəqiyyətlə icra edilmişdir.

Bu uğurlu siyasətin təntənəsi olaraq müstəqilliyimizin 20 illiyi ərəfəsində xalqımızın böyük tarixi nailiyyətə imza atması - Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə böyük şöhrətə malik olduğunu sübut etmişdir.

Fəxrlə deyə bilərik ki, geniş vüsət alan hərtərəfli islahatlar ədliyyə və məhkəmə sistemini də əhatə etmiş, Azərbaycan ədliyyəsinin inkişafı, müasirləşdirilməsi üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklər baş vermişdir.

Dövlətimizlə bərabər sürətlə yeniləşən, möhkəmlənən və inkişaf edən Azərbaycan ədliyyəsi barədə məhz bu gün, 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günündə söhbət açmaq olduqca xoş və şərəflidir. Ümummilli liderimizin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ədliyyə işçilərinə bəxş edilmiş bu bayram artıq 12-ci ildir ki, böyük ruh yüksəkliyi və ulu öndərimizə dərin minnətdarlıq hissi ilə qeyd edilir.

Ədliyyə fəaliyyətinin mənəvi stimullaşdırılmasına və onun tarixi varisliyinin təsbit edilməsinə səbəb olan bu Sərəncam Azərbaycan ədliyyəsinin inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olmuşdur.

Hər il Ədliyyə Nazirliyinin təşəkkülünün ildönümündə ənənəvi olaraq ölkəmizin şərəfli ədliyyə tarixi bir daha səhifələnir, Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin qısa zaman kəsiyində qazandığı nailiyyətlər ehtiramla xatırlanır, ilbəil yaranan müsbət təcrübə və ənənələrə yenidən nəzər salınır. 1918-1920-ci illərdə ədliyyə sahəsində həyata keçirilən tədbirlərin, o cümlədən hüquq sisteminin demokratikləşdirilməsi istiqamətində islahatların mahiyyətcə müasir dövrümüzlə nə dərəcədə səsləşdiyinin şahidi oluruq. Ölkə işğal edildikdən sonrakı dövr - Azərbaycan ədliyyə sistemində bolşevik prinsiplərinə uyğun aparılan dəyişikliklər, Nazirliyin dəfələrlə ləğv edilib, yenidən yaradılması, ondan repressiya aləti kimi istifadə edilməsi də unudulmur.

Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən və əsaslı surətdə təsis olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanda Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa edilməklə ədliyyə fəaliyyəti təkmilləşdirilmiş və onun gələcək inkişafı üçün şərait yaradılmışdır.

Ədliyyənin inkişafına xüsusi diqqət böyük öndərimizin Azərbaycan rəhbərliyinə qayıdışından sonra da davam etmiş, hüquq sistemində inqilabi demokratik dəyişikliklərə səbəb olan məhkəmə-hüquq islahatı çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilmişdir. Ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı nazirlikdə icra xidməti, istintaq aparatı, bələdiyyələrlə iş və məhkəmə ekspertizası mərkəzləri yaradılmış, bir çox digər məsələlərin həlli Nazirliyə həvalə edilmişdir.

Ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur.

Ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmiş, ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" tam yeni qanunların qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında mühüm təkan olmuşdur.

Ədliyyə sahəsində aparılmış islahatlara uyğun olaraq yeni qurumlar - Ədliyyə Akademiyası, bələdiyyələrə inzibati nəzarət idarəsi, müxtəlif reyestrlər, o cümlədən Əhalinin, Hüquqi Aktların və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrləri, habelə regional ədliyyə şöbələri yaradılmış, ədliyyə infrastrukturu yaxşılaşdırılmışdır.

Göründüyü kimi, ötən əsrin 90-cı illərinin əvvəllərinə nisbətən Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir. Bu da öz növbəsində, iş həcminin dəfələrlə artması deməkdir. Bununla əlaqədar qarşıda qoyulmuş yüksək tələblərin icrası, fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür.

Təkcə bu ilin 10 ayı ərzində Nazirliyin kollegiya iclaslarında 30 mühüm məsələyə baxılmış, ayrı-ayrı sahələrdə işin səmərəliliyinin artırılması üzrə 22 təşkilati əmr imzalanmışdır.

Qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edən nazirlik tərəfindən bu il 240 normativ hüquqi sənəd layihəsi hazırlanmış, 1352-si hüquqi ekspertizadan keçirilmiş, 700-dən çox normativ akt dövlət qeydiyyatına və ya uçotuna alınmışdır. Ölkənin qanunvericilik bazasının inkişafı nəzərə alınaraq ədliyyə işçiləri tərəfindən hüquqi maarifləndirmə məqsədi ilə mətbuatda, televiziya və radioda 1220-dən çox çıxışlar edilmiş, nazirlik tərəfindən aparılan milli qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az) zənginləşdirilərək sayta daxil edilmiş sənədlərin sayı 22 mindən çox olmuşdur.

Keçidlər