X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə sahəsində idarəçilik mexanizmləri təkmilləşdirilir



Ölkəmizdə insan hüquqlarının etibarlı təminatı, demokratik dəyərlərin təşviqi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən olmaqla, həmin istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin son dövrlərdə bir sıra aktual sahələrdə qəbul etdiyi qərarlara, görülən böyükmiqyaslı işlərə nəzər yetirmək kifayətdir.

Yeni çağırışların nəzərə alınması baxımından dövlət başçısının keçən ilin dekabr ayında imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqlarının təmin olunması üzrə görülən tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasında mühüm mərhələnin başlanğıcı olmuşdur.

İdarəetmə sahəsində qabaqcıl innovasiyaların və yeni texnologiyaların tətbiqi, eləcə də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üzrə görülən işlər çərçivəsində ölkə Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbul olunması elektron xidmətə keçidin sürətləndirilməsində, bu sahədə aparılan islahatların davamlılığının təmin edilməsində xüsusi rol oynamışdır.

Keçən ilin sonunda Ədliyyə Nazirliyinin internet saytında (www.justice.gov.az) elektron xidmət bölməsi qurulmuş, ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, eləcə də məhkəmə qərarlarının icrası barədə vətəndaşların ətraflı məlumat əldə etmələrinə, elektron qaydada qəbula yazılmalarına imkan yaradılmışdır.

Hazırda ölkəmizdə "elektron ədliyyə"nin daha da inkişaf etdirilməsi məqsədilə "Elektron xidmət növlərinin siyahısı"na əlavələr olunması tərəfimizdən təklif edilmiş, nəticədə nazirlik üzrə xidmətlərin dairəsi genişlənərək onların sayı 17-ə çatmışdır.

Təhlillər göstərir ki, nazirliyin saytında olan "Elektron xidmətlər" bölməsinə cari ilin on ayı ərzində qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə məlumatlarla bağlı 20 mindən, notariat kontorları və notariat hərəkətlərinin aparılması barədə informasiyanın alınması üçün isə 30 min dəfədən çox müraciət olunmuşdur. Bu isə orta hesabla 1 gün ərzində müvafiq sahələr üzrə təxminən 70-100 müraciət deməkdir.

Bu gün nikaha daxil olmaq üçün ərizəni və doğumun qeydiyyatı ilə bağlı zəruri sənədləri qeydiyyat orqanına elektron qaydada göndərmək, həmçinin bu xidmətlər vasitəsilə nikah gününü müəyyən etmək artıq reallığa çevrilmişdir.

Eyni zamanda, valideynlərə uşaqlarına ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. informasiya almaq üçün geniş axtarış sistemi də yaradılmışdır. Həmin xidmət ictimaiyyət tərəfindən böyük maraqla qarşılanaraq ötən müddətdə sistemdə bununla bağlı 135 mindən yuxarı başçəkmə qeydə alınmışdır.

Nazirlik tərəfindən aparılan sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən informasiya və ya müvafiq çıxarış əldə etmək üçün il ərzində ayrı-ayrı sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən sistemdən 55 min dəfədən artıq istifadə olunmuşdur.

Beləliklə, insanların hər hansı minimal məlumat əldə etmək və ya sadə bir əməliyyat aparmaq üçün bilavasitə dövlət orqanlarına gəlmələrinə və əlavə vaxt itkisinə ehtiyac qalmır. Hər şeydən önəmlisi isə bu cür xidmətlərdən real istifadənin təmin olunmasıdır.

"Elektron xidmət növlərinin siyahısı"nda nəzərdə tutulmuş bir sıra xidmət növlərinin praktiki tətbiqi məsələsinə isə zəruri maliyyə vəsaitinin ayrılması və elektron imzanın tətbiqi kontekstindən yanaşılmalıdır.

Həmçinin, notariat qurumlarında universal elektron xidmət köşkləri hazırlanaraq sınaq rejimində istifadəyə verilmişdir. Onların köməkliyi ilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə əlaqədar məlumatları öyrənə, zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilirlər.

Artıq məhkəmə sisteminin vahid internet portalı da yaradılmışdır. Bu portala www.courts.az internet səhifəsi vasitəsilə daxil olmaqla hər kəsin məhkəmələr, onların yurisdiksiyası, baxılan işlər və qəbul edilən qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri barədə ətraflı məlumat alması, onlayn rejimində müraciət etməsi, müxtəlif iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etməsi mümkündür.

Dövlət təsisatlarında modern və çevik idarəetmənin təmin edilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin zəruriliyi nəzərə alınaraq ölkə Prezidenti tərəfindən 2012-ci il 4 sentyabr tarixli Fərmanla "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə" təsdiq edilmiş, yeni sistemə keçidin konkret müddətləri və onun dövlət orqanlarında tətbiqi dairəsi müəyyən olunmuşdur.

Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində sənəd dövriyyəsi və informasiya mübadiləsini asanlaşdıran qabaqcıl idarəetmə modeli hazırlanmış və onun tətbiqi üçün pilot qurum kimi müəyyən edilmiş 20-yə yaxın məhkəmə və ədliyyə orqanında daxili şəbəkə quraşdırılaraq zəruri avadanlıqlarla və proqram təminatı ilə təchiz olunmuşdur.

Həmin layihə üzrə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin inşası nəzərdə tutulmuş, keçən il Oğuz, bugünlərdə isə Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binalar istifadəyə verilmiş, habelə tərkibində bir neçə məhkəmənin fəaliyyət göstərəcəyi Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsi üçün yeni binanın inşasına başlanılmışdır.

Xüsusi vurğulanmalıdır ki, ötən həftə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olmuşdur. Milli memarlıq üslubunda, beynəlxalq standartlar səviyyəsində tikilmiş və modern informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür və bir sıra yenilikləri ilə fərqlənir.

Belə ki, informasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə bənzəri olmayan məhkəmə zallarında proseslərin daha dəqiq, sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün zəruri infrastruktur yaradılmışdır. Zallarda təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsi üçün xüsusi avadanlıq da mövcuddur.

Məhkəmədə ilk dəfə olaraq tətbiq edilən və 6 qurumla eyni vaxtda videomüzakirələr aparmağa şərait yaradan "Bloostar" adlı video-konfrans telefon sistemi quraşdırılmışdır.

Bunu da bildirməyi vacib hesab edirəm ki, insan hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən zəif hesab olunan əlillərin məhkəməyə müraciət etmək imkanlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə onların məhkəmənin binasında sərbəst hərəkətinə bütün şərait yaradılmış, o cümlədən girişdə qaldırıcı qurğu quraşdırılmışdır. Otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlillər üçün yazılar tətbiq olunmuş və döşəməyə xüsusi örtüklər vurulmuşdur.

Binada vətəndaşların məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etmələrinə imkan verən müasir elektron daşıyıcılar, o cümlədən məlumat məntəqəsi və köşkü, xüsusi monitorlar da istifadəyə verilmişdir.

Qeyd etmək yerinə düşər ki, bu ayın əvvəllərində BMT və Azəbaycan Hökuməti tərəfindən birgə təşkil olunan və dünyanın müxtəlif ölkələrindən 1500-dən çox nümayəndənin iştirak etdiyi VII İnternet İdarəçilik Forumunun regionda ilk dəfə, məhz respublikamızda keçirilməsi də informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafına yaradılan şəraitin əyani təzahürüdür.

Ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər, hərtərəfli institusional islahatlar dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılmasına, əhaliyə göstərilən xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalardan istifadə etməklə təşkilində səmərəliliyin yüksəlməsinə yönəlmişdir.

Bu istiqamətdə növbəti addım olaraq ölkə başçısının cari ilin 13 iyul və 5 sentyabr tarixli fərmanları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinin yaradılması dövlət qulluqçusu və vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.

Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni üslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas prinsiplər kimi müəyyən edilmişdir.

Mərkəzlərin fəaliyyəti vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılmasını, onlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl olunmasını, şəffaflığın artırılmasını, korrupsiyaya qarşı mübarizənin, dövlət strukturlarına etimadın daha da gücləndirilməsini təmin edəcəkdir.

"ASAN xidmət" mərkəzləri hazırda 9 dövlət orqanına aid 23 xidməti özündə birləşdirir. Burada Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, o cümlədən doğumun, ölümün, nikahın, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, müvafiq şəhadətnamələrin verilməsi və notariat fəaliyyəti ilə bağlı xidmətlərin əhaliyə onların yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq və təqvimin bütün günlərində göstərilməsi nəzərdə tutulur.

Dövlət başçısının müvafiq fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq nazirlik tərəfindən "ASAN xidmət" mərkəzinin yaradılması üzrə pilot layihənin həyata keçirilməsi üçün orada fəaliyyət göstərəcək qeydiyyat şöbəsi və notariat kontorunun strukturu, ştat vahidi, eləcə də nəzakətli, məsuliyyətli, peşəkar, ünsiyyət qurmaq bacarığına malik kadrlar barədə təkliflər verilmişdir. Həmin namizədlər Dövlət Agentliyi tərəfindən təşkil olunmuş etik kurslara, vətəndaşları qarşılama, dinləmə və izah etmə bacarıqlarını inkişaf etdirən treyninqlərə cəlb olunmuşlar.

Nazirlikdə əhaliyə bilavasitə xidmət göstərən sahələrin fəaliyyətinə daim xüsusi diqqət yetirilir. Qeyd olunmalıdır ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat orqanları ilə bağlı daxil olmuş şikayətlər dərhal nəzarətə götürülməklə narahatlıq yaradan məsələlər zəruri hallarda yerində araşdırılır. Vətəndaşların müraciətlərinə etinasız və formal yanaşdıqlarına görə təkcə bu il ərzində rayon qeydiyyat şöbələrinin 7 əməkdaşı, habelə 2 dövlət notariusu intizam məsuliyyətinə cəlb olunmuş, regional müşavirələrdə aidiyyəti məsələlər üzrə müzakirələr keçirilmiş, bütün yerli qurumlara müvafiq təlimatlar göndərilmişdir.

Bu gün qeydiyyat şöbələrində hüquqi xidmətin yüksək səviyyədə göstərilməsi məqsədilə vətəndaşların qəbuluna həssaslıqla yanaşılaraq onların əlaqədar təşkilatlara, o cümlədən şəxsiyyət vəsiqəsinin olmaması və ya qüvvədən düşməsi ilə əlaqədar polis şöbələrinə, qəyyumluq və himayəçilik məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarına, qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq məhkəmələrə müraciət etmələri üçün də köməklik göstərilir. Həyata keçirilən bu tədbirlər vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır və ilk növbədə əhalinin zəif qrupları bilavasitə dövlətin qayğısını görür.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və gələcəyə hesablanmış inkişaf konsepsiyasına uyğun olaraq ölkəmizin iqtisadi cəhətdən getdikcə gücləndiyi dövrdə ümumbəşəri sosial bəla olan korrupsiya ilə mübarizəyə respublika Prezidenti tərəfindən xüsusi önəm verilir və bu istiqamətdə ardıcıl islahatlar, institusional tədbirlər həyata keçirilir.

Məlumdur ki, dövlət başçısının siyasi iradəsi ilə Korrupsiyaya qarşı mübarizə haqqında qanun qəbul olunmuş, 2004-2006-cı illəri əhatə edən müvafiq Dövlət Proqramı, 2007-2011-ci illər üçün Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmuşdur.

Korrupsiyaya qarşı dözümsüzlük mühitinin qarşıda gələn illərdə də qətiyyətlə davam etdirilməsi məqsədilə ölkə başçısının cari ilin 5 sentyabr tarixli Sərəncamı ilə 2012-2015-ci illər üçün Açıq Hökumətin təşviqinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları qəbul olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu qərarı onun "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir." fikrini əyani şəkildə bir daha təsdiq etmişdir.

Qeyd olunan Fəaliyyət Planlarında bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun və şəffaflığın artırılması, elektron xidmətlərin təkmilləşdirilməsi və digər mühüm məqsədlər müəyyən edilmişdir.

Vətəndaş cəmiyyətinin inkişafı və QHT-hökumət münasibətlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar sırasında dövlət başçısının tapşırığına əsasən ölkədə fəaliyyət göstərən aparıcı qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə cari ilin iyul ayında keçirilən görüş xüsusi vurğulanmalıdır.

Məlumat üçün bildirirəm ki, Avropa Şurasının ekspertləri ilə aprel ayında nazirlikdə görüş təşkil olunaraq AŞ-nın Qanun Vasitəsilə Demokratiya Uğrunda Komissiyasının (Venesiya Komissiyası) və Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının Ekspert şurasının ölkəmizin QHT haqqında qanunvericiliyi barədə rəyləri ilə bağlı fikir mübadiləsi aparılaraq belə təşkilatların qeydiyyat proseduru, gələcək əməkdaşlıq perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri müzakirə olunmuşdur.

Vətəndaş cəmiyyətinin tərəqqisi üçün yaradılan əlverişli şərait nəticəsində ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilbəil genişlənərək Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2800-ü ötmüşdür. Son illərdə qeydiyyata alınmış təşkilatlar əsasən iqtisadi və sosial yönümlüdür, bütövlükdə isə hüquq, mətbuat, beynəlxalq əməkdaşlıq, uşaq və gənclər, idman, təhsil, elm, mədəniyyət sahələri ilə bağlı müraciətlər üstünlük təşkil edir.

Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycanda filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı isə hazırda qanunvericiliyə uyğun olaraq həmin qurumlarla bağlanmış müvafiq saziş əsasında həyata keçirilir.

Qeyd olunmalıdır ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət tərəfindən onlara maliyyə dəstəyinin göstərilməsi mexanizmlərinin tətbiqi nəticəsində 2012-ci ilin 10 ayı ərzində nazirlik tərəfindən 668 qrant müqaviləsi qeydiyyata alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici təxminən 37% çox olmaqla, qrant məbləğlərində 45% artım müşahidə edilmişdir. Bununla belə, təcrübə onu da göstərir ki, bir sıra QHT-lər tərəfindən onların işinin səmərəli təşkili üçün dövlət qeydiyyatının zəruriliyi məsələləri önə çəkilsə də, sonradan həmin qurumların ictimai həyatda aktiv fəaliyyətləri görünmür.

Azərbaycan şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Fikrimcə, yuxarıda adıçəkilən Fəaliyyət Planlarının tam və dürüst şəkildə həyata keçirilməsi ölkəmizdə dövlət orqanlarının nüfuzunun və vətəndaşların dövlətə etimadının artırılmasına mühüm töhfə verəcəkdir.

Fəaliyyət Planlarının icrası üzrə ədliyyə orqanlarının qarşısında duran vəzifələr nazirliyin kollegiya iclasında geniş müzakirə olunaraq 2012-ci və 2013-cü illər üçün İş planları təsdiq edilmiş, sənədlərin ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi, onların vaxtında və mütəşəkkil icrasının təmin olunmasına dair tapşırıqlar verilərək həyata keçirilməsinə başlanılmışdır.

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə tədbirlər nazirlik tərəfindən davam etdirilərək belə hüquqpozmalarla bağlı yoxlamaların nəticələri üzrə cari ildə 7 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb olunmuş, 1 nəfər barədə toplanmış materialların isə prokurorluğa göndərilməsi qərara alınmışdır.

Təbii ki, bu baxımdan hüquq-mühafizə orqanı olaraq nazirliyin kadr siyasətində şəffaflıq, habelə yüksək biliyə, peşəkarlığa, təşəbbüskarlığa, mənəvi və etik dəyərlərə malik korpusun formalaşdırılması və insan resurslarının idarə edilməsi sahəsində səmərəliliyin artırılması çox önəmlidir.

Ədliyyə orqanlarına qulluğa qəbul 2006-cı ildən etibarən şəffaf prosedurlarla açıq müsabiqə yolu ilə aparılır. Bu il iki dəfə işə qəbulla bağlı belə müsabiqə elan olunmuşdur. Onlardan biri, sayca yeddinci müsabiqə üzrə test imtahanı cari ilin iyun ayında ilk dəfə olaraq daxili imkanların mövcudluğu və qazanılmış təcrübə nəzərə alınaraq bilavasitə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən keçirilmişdir.

Test imtahanında, həmçinin ilk dəfədir ki, suallar bilavasitə imtahan zalında - vahid auditoriyada namizədlərin, eləcə də çoxsaylı yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə seçilmiş, sual kitabçaları formasında çoxaldılaraq paylanılmışdır. İmtahandan dərhal sonra cavab kartları optik qurğular vasitəsilə yoxlanılaraq nəticələr yerindəcə elan olunmuşdur. İmtahan prosesi internet vasitəsilə "on-line" rejimində birbaşa yayımlanmışdır.

Artıq müsabiqə bu günlərdə başa çatmış, bütün mərhələləri, o cümlədən peşə fəaliyyətinə buraxılması üçün Ədliyyə Akademiyasında icbari təlim kurslarını uğurla keçmiş 45 hüquqşünas peşə bayramı ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbul edilmişlər. Sevindirici haldır ki, onların böyük əksəriyyətini - təxminən 96%-ni gənclər təşkil edir. Nazirliyin rəhbərliyi tərəfindən stajorlarla keçirilmiş görüş zamanı dövlət qulluğuna qəbul edilən hər bir şəxsdən məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğu diqqətə çatdırılmış, onlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələr verilmişdir.

Məlumat üçün bildirirəm ki, hələ bu müsabiqəyə yekun vurulmamış, oktyabr ayının 15-də yeni, sayca səkkizinci açıq müsabiqə elan olunmuşdur. Hüquqşünasların nəzərinə çatdırmaq istərdim ki, hazırda nazirlikdə sənəd qəbulu davam edir, yalnız müvafiq formada ərizə təqdim etməklə müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak edə bilərlər.

Qeyd olunmalıdır ki, ümumilikdə müsabiqələr əsasında ədliyyə orqanlarına qulluğa qəbul edilərək nazirliyin aparatına, Əhalinin Dövlət Reyestri Xidmətinə, Ədliyyə Akademiyasına, regional ədliyyə və qeydiyyat şöbələrinə, yerli icra və digər qurumlara təyinat almış 380-ə yaxın hüquqşünas kadr fəaliyyət göstərdikləri müvafiq xidmət sahələrində çalışan bütün əməkdaşların təxminən 40%-ni təşkil edir.

Son illər notariat sahəsində də şəffaf prosedurlarla keçirilmiş imtahan və müsahibələrin nəticələri üzrə uğur qazanmış 129 nəfərə müvafiq şəhadətnamələr verilmiş, notarius korpusunun 30%-ə qədəri yenilənmişdir.

İslahatlar nəticəsində hazırda ölkəmizdə xüsusi notariat institutunun tətbiqi reallaşmışdır. Belə ki, artıq respublikada fəaliyyət göstərən notariusların 40%-i notariat fəaliyyətini xüsusi qaydada həyata keçirir.

Nazirliyin Ədliyyə Akademiyasında beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, qabaqcıl tədris metodlarından istifadə olunmaqla ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılmaları məqsədilə icbari təlimin, eləcə də hakim vəzifəsinə namizədlərin və hakimlərin tədrisinin keçirilməsi, həmçinin ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığının və ixtisasının artırılması təşkil olunur.

Keçən ilin sonunda Azərbaycan və Türkiyə Ədliyyə akademiyaları arasında əməkdaşlığa dair İşçi Proqram imzalanmışdır. Yüksək səviyyədə qurulmuş münasibətlərin nəticəsidir ki, qardaş ölkədə müxtəlif vaxtlarda, eləcə də bu il ərzində hakimliyə namizədlərin iki həftəlik nəzəri və praktiki təlimləri keçirilmişdir.

Respublikamızın hüquqi sahədə əməkdaşlığının genişləndirilməsi istiqamətində müxtəlif beynəlxalq təşkilatlar və xarici dövlətlərin ədliyyə orqanları ilə işgüzar əlaqələr qurulmuşdur. Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ), Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, Hüquqşünasların tədrisi üzrə HELP Proqramı, Hakimlərin və prokurorların tədrisi üzrə Lissabon Şəbəkəsi, habelə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ), Amerika Hüquqşünaslar Assosiasiyası, Avropa Ümumi Hüquq Təşkilatı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq aparılır, ölkəmiz Beynəlxalq Prokurorlar Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbərliyində təmsil olunur.

Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində hazırlanmış Ədliyyə Nazirliyi ilə Avropa Komissiyası arasında "Ədliyyə islahatlarına dəstək" proqramının icrasına başlanılmışdır.

2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsinə, penitensiar sistemin müasirləşdirilməsinə yönəlmiş bu layihənin mütəşəkkil və vaxtında icrasının təmin olunması, işlərin əlaqələndirilməsi, monitorinqlərin aparılması məqsədilə nazirlikdə Avropa İttifaqının, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələrinin də iştirak etdiyi geniş tərkibli Proqramın İdarəetmə Komitəsi yaradılmışdır.

Layihə çərçivəsində İmişli və Xaçmaz regional ədliyyə şöbələrinin yeni inzibati binalarının tikintisinə başlanılmışdır. Şöbələrdə vahid domen şəbəkəsinin, elektron kitabxananın yaradılması və digər istiqamətlərdə informasiya texnologiyalarının tətbiqi üzrə tədbirlər görülür, əhalinin maarifləndirilməsi məqsədilə bu qurumların fəaliyyətini işıqlandıran video çarx hazırlanmış, qısa bukletlər və təqvimlər nəşr edilərək yayılmışdır.

Avropanın tanınmış təhsil müəssisələrindən cəlb edilmiş mühazirəçilərin də iştirakı ilə "təlimçilərin təlimi" məqsədilə Ədliyyə Akademiyasının əməkdaşları üçün müxtəlif seminarlar və kurslar həyata keçirilir. Akademiyanın dövrü nəşri və veb səhifəsinin hazırlanması nəzərdə tutulur.

Eyni zamanda, penitensiar müəssisələrdə saxlanılan şəxslərin müasir tələblərə uyğun məlumat-qeydiyyat şəbəkəsinin, həmçinin vahid elektron tibbi qeydiyyat informasiya bazasının qurulması ilə bağlı praktiki işlər görülür, penitensiar xidmət əməkdaşlarının fəaliyyətinə metodiki köməkliyin göstərilməsi üçün əsas normativ aktlar toplusu, həmçinin Cəzaların İcrası Məcəlləsinin elmi-praktiki şərhi böyük tirajla çap olunmuşdur.

Ötən ay ölkəmizdə səfərdə olan avropalı ekspertlərdən ibarət Qiymətləndirmə Missiyası tərəfindən proqramın icra vəziyyəti öyrənilərək layihə üzrə başlanmış işlər təqdir olunmuşdur.

Şübhəsiz ki, əldə etdiyimiz nəticələrlə kifayətlənməməli, vətəndaşlara göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması, son dövrün mütərəqqi yeniliklərinin tətbiqi, idarəçilik mexanizmlərinin daim təkmilləşdirilməsi vasitəsilə hər zaman ədliyyə orqanlarının dinamik inkişafına nail olmalıyıq.

Bu gün ədliyyə orqanlarında aparılan islahatlar, zamanın tələbinə uyğun müasir inkişaf meylləri, fəaliyyətimizdəki keyfiyyətcə dəyişikliklər barədə məlumat verməklə, həm də fürsətdən istifadə edərək bütün ədliyyə işçilərini xalqımızın ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibətilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.

 

Toğrul Musayev,
Azərbaycan Respublikası
ədliyyə nazirinin müavini
II dərəcəli dövlət ədliyyə müşaviri

Keçidlər