X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə" (2012-ci il üzrə) Ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!
Hörmətli deputatlar!
Xanımlar və cənablar!

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2012-ci il üzrə illik məruzə diqqətinizə təqdim olunur.

Azərbaycanın milli inkişaf siyasətinin 2012-ci ildə də qətiyyətlə və uzaqgörənliklə davam etdirilməsi, həyata keçirilən müdrik dövlət idarəçiliyi sayəsində ölkəmizin qüdrəti artmış, dövlətçiliyimiz daha da möhkəmlənmişdir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında gerçəkləşən sürətli inkişaf prosesi dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə, dünya birliyinin Azərbaycana böyük hörmət və etimad göstərməsinə səbəb olmuşdur. Respublikamızın iqtisadi potensialının güclənməsi sosial, hüquqi və digər sahələrlə yanaşı yerli özünüidarənin də inkişafına müsbət təsir etmişdir.

Yerli demokratiya ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş bir sıra dövlət proqramlarında nəzərdə tutulmuş, Milli Məclis tərəfindən yerli özünüidarəni tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilmişdir. Belə ki, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" və digər Qanunlara yerli özünüidarəni yaxşılaşdırmağa yönəlmiş bir sıra zəruri dəyişiklik və əlavələr edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda yerli özünüidarənin, yerli demokratiyanın inkişafı məsələlərinə də önəm verilərək görüləcək işlərin dairəsi, o cümlədən yerli büdcənin tərtibinə və icrasına, sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmləri və prosedurları, bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin, bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması və s. kimi önəmli vəzifələr müəyyən edilmişdir. Eyni zamanda, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsi bələdiyyələrə tövsiyə olunmuşdur.

Nazirlik tərəfindən hazırlanmış layihə əsasında "Bələdiyyələrin Nümunəvi Reqlamenti" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Bələdiyyə idarəçiliyinin yaxşılaşdırılmasında Reqlamentin böyük önəm daşımasını nəzərə alaraq zəruri maarifçilik tədbirləri keçirilir.

"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası" dövlət sifarişlərinin bələdiyyələrə də verilməsini nəzərdə tutur. Bu da bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir. Bələdiyyələrin maliyyə vəziyyətini gücləndirmək məqsədi ilə dövlət büdcəsindən ayrılan dotasiyaların həcmi də Milli Məclisin təşəbbüsü ilə ötən illərlə müqayisədə artırılaraq 5 milyon manatdan çox olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) icrası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilmiş, maarifləndirici seminarlar və s. tədbirlər keçirilmişdir.

İl ərzində 75 seminar keçirilmiş, həmin tədbirlərə 4820 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur. Seminarlar başlıca olaraq aşağıdakı mövzular üzrə keçirilmişdir: bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri; insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu; insan hüquqlarına dair beynəlxalq sənədlərdən irəli gələn vəzifələr; yerli özünüidarəetmədə şəffaflığın artırılması; yeni qanunvericiliyin tətbiqi məsələləri; korrupsiyaya qarşı mübarizədə "Şəffaf bələdiyyə" metodu; gender bərabərliyi və s.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi də maarifçilik tədbirlərinə önəm verərək il ərzində 24 seminar keçirmiş, həmin seminarlara 700 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.

Ötən il Ədliyyə Akademiyasında, Dövlət İdarəçilik Akademiyasında, eləcə də Türk Dünyası Bələdiyyələr Birliyinin təşkil etdiyi Türkiyə Respublikasının İstanbul və Kocaeli şəhərlərində 21 tədris kursu keçirilmiş və bu kurslara 482 nəfər bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur. Kurslarda bələdiyyə idarəçiliyi üçün önəm daşıyan aktual mövzular üzrə mühazirələr oxunmuş, İstanbul və Kocaeli şəhər bələdiyyələri ilə təcrübə mübadiləsi təşkil edilmiş, onların işi ilə yaxından tanış olmuşlar. Bütövlükdə il ərzində 6000-dən çox bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə cəlb olunmuşlar və bu ötən illə müqayisədə 16,8 % çoxdur.

Ölkə Prezidentinin sərəncamları ilə bir sıra bələdiyyə sədrlərinin yüksək dövlət mükafatları ilə təltif olunması da ölkəmizdə yerli özünüidarənin inkişafının, yerli demokratiyanın daha da tərəqqi etməsinin, bələdiyyələrin fəaliyyətinin dövlətin daim diqqət mərkəzində olmasının göstəricisidir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, onun səmərəliliyinin artırılması, bələdiyyələrdə qanunçuluğun möhkəmləndirilməsi məsələləri Ədliyyə Nazirliyinin Kollegiya iclaslarında dəfələrlə müzakirə edilmiş, bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilmiş, həlli vacib olan məsələlər üzrə zəruri tapşırıqlar verilmiş, bir sıra başqa tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, Regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün şöbələrə hərtərəfli metodik kömək göstərilmiş, onların əməkdaşlarının peşə hazırlığının artırılması üçün zəruri tədbirlər görülmüş, nəticədə Regional ədliyyə şöbələrin işinin səmərəsi xeyli artmışdır.

İnzibati nəzarətin "Yerli özünüidarə haqqında" Avropa Xartiyasında və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunda müəyyən edilmiş qaydada və hallarda həyata keçirilməsi, bələdiyyələrin fəaliyyətinə edilən müdaxilənin qanunda nəzərdə tutulan məqsədə mütənasib olması, inzibati nəzarəti həyata keçirərkən bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst həll etmək hüququnun məhdudlaşdırılmaması və s. kimi prinsiplərə əməl olunmaqla bələdiyyələrdə qanunçuluğun təmin olunması istiqamətində tədbirlər davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində bələdiyyə idarəçiliyinin səmərəliliyi xeyli artmışdır. Belə ki, 2012-ci ildə Nazirliyə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1587 müraciət (ötən illə müqayisədə 31% az) daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Fərmanına uyğun olaraq 8 müraciət araşdırılması üçün dərhal Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.

Eləcə də, 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52370 bələdiyyə aktı (ötən illə müqayisədə 64% çox) daxil olmuşdur. Onlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ya ləğv edilməsi haqqında bələdiyyələrə təklif göndərilmişdir. Həmin təkliflərin çoxu bələdiyyələr tərəfindən təmin edilmişdir. Bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 5 iddia qaldırılmış, onlardan 4-ü təmin edilmiş, 1-i isə baxılmaqdadır.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 950 bələdiyyə aktı təqdim olunmuş və onların hüquqi ekspertizadan keçməsi təmin edilmiş, 1 bələdiyyə aktı qanunvericiliyə uyğun olmadığı üçün ləğv olunmuşdur.

Daxil olan aktların ekspertizası göstərir ki, bələdiyyə aktlarının qəbulunda daha çox aşağıdakı nöqsanlara, qanunsuzluqlara yol verilir: iclas protokollarının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması; ayrılması nəzərdə tutulan maliyyə vəsaitinin miqdarının qərarda göstərilməməsi; dövlət tərəfindən ayrılan dotasiyaların xərclənməsi ilə bağlı ayrıca qərarın qəbul edilməməsi; torpaq sahəsinin ayrılması ilə əlaqədar qanunda müəyyən edilmiş müvafiq rəylərin aktlarda göstərilməməsi; bələdiyyələrin müvafiq komissiyalarının təkliflərinin bələdiyyə iclaslarında müzakirə olunmaması; torpaq sahəsinin dəyəri ödənilmədən satılması barədə qərarın verilməsi və s.

Bu uyğunsuzluqların aradan qaldırılması üçün mütəmadi olaraq bələdiyyələrə təklif və tövsiyələr göndərilmişdir. Həmin təklif və tövsiyələrin bələdiyyələr tərəfindən vaxtında icra olunması və nəzərə alınması bələdiyyələrin işinə müsbət təsir göstərmiş, 2012-ci ildə əvvəlki ilə nisbətən bələdiyyə mülkiyyətinə qaytarılan əmlakın miqdarı 2 dəfə artıq olmuşdur. Belə ki, il ərzində 8937,76 ha torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınmış, eyni zamanda, bələdiyyə büdcəsinə vurulmuş 305 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmişdir.

Bir sıra bələdiyyələr "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını vaxtında təqdim etməmişlər. Belə halların qarşısının alınması məqsədi ilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında 517 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş, onlardan 15 material üzrə cinayət işi başlanılmış, 4 material üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilmiş, digərləri isə baxılmaqdadır.

Ədlliyyə Nazirliyinin iş planlarına, Kollegiya qərarlarına uyğun olaraq bələdiyyələrdə mədən və torpaq vergisinin toplanılması vəziyyəti, hərrac və müsabiqə qaydalarına əməl olunması məsələləri təhlil edilmiş, bələdiyyələrin fəaliyyətində yol verilmiş hüquq pozuntuları ilə bağlı ümumiləşdirmə aparılmışdır. Aparılmış təhlil və ümumiləşdirmələr nəticəsində bələdiyyələrin fəaliyyətində aşağıdakı hüquq pozuntularının xarakterik olması müəyyən edilmişdir: satışı qadağan olunan torpaq sahələrinin (kənd təsərrüfatına yararlı torpaqlar, yerli əhalinin ümumi istifadəsində olan örüş torpaqları, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri, xüsusi mühafizə zonasında yerləşən torpaqlar) xüsusi mülkiyyətə verilməsi; torpaq sahələrinin qanunsuz icarəyə verilməsi; müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan torpaq ayrılması; hərrac və ya müsabiqədən kənar qanunsuz torpaq satışı; bələdiyyənin maliyyə-təsərrüfat sənədlərinin gizlədilməsi və məhv edilməsi; vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması; icarə haqqının, vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi; demokratik idarəçilik qaydalarının pozulması; kargüzarlıq işinin düzgün qurulmaması; bələdiyyə aktlarının qanunun tələblərinə uyğun tərtib olunmaması və s. Bununla əlaqədar ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3917 tövsiyə verilmişdir.

Bir sıra bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi də narahatlıq yaradır. Belə ki, mövcud 1718 bələdiyyədən yalnız 1128-nə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd verilmiş, yerquruluşu işləri isə indiyədək yalnız 1454 bələdiyyənin torpaqlarında aparılmışdır. Bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilmişdir.

Yerli özünüidarəetmənin inkişafı yönündə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir. Konqresin monitorinq qrupu 2-5 aprel 2012-ci il tarixdə ölkəmizdə səfərdə olmuş, aidiyyəti dövlət orqanlarının, o cümlədən Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilmiş, onları maraqlandıran suallar cavablandırılmış, eyni zamanda monitorinq qrupunun məruzəsinin və Konqresin qətnamə və tövsiyələrinin layihələrinə rəy və təkliflər verilmiş, onların bəziləri nəzərə alınmışdır.

2012-ci il oktyabrın 17-də Konqresin Plenar Sessiyasında Azərbaycanla bağlı monitorinq hesabatı və onun əsasında hazırlanmış qətnamə və tövsiyə layihəsinə dair müzakirələr aparılmış, 345 saylı qətnamə və 326 saylı tövsiyə qəbul edilmişdir. Yerli özünüidarəetmənin, yerli demokratiyanın inkişafı, bələdiyyələrin fəaliyyətinin "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına, Konqresin 2003-cü il və 2012-ci il tarixli tövsiyələrinə uyğunlaşdırmaq məqsədi ilə görülmüş işlər Ədliyyə Nazirliyi tərəfindən təhlil edilmiş, müvafiq təkliflər paketi hazırlanmış və baxılması üçün aidiyyəti orqanlara təqdim edilmişdir.

Avropa Şurasının Yerli və Regional Demokratiya üzrə Avropa Komitəsi ilə ölkəmizin fəal əməkdaşlıq əlaqələri vardır. 2012-ci ilin noyabr ayında Strasburqda həmin qurumun növbəti 50-ci iclasında Komitənin Bürosuna rəqabət şəraitində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Komitənin Büro üzvü seçilmişdir. Bu Komitənin rəhbər heyətində ilk dəfə ölkəmizə belə bir etimadın göstərilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində dövlətimizin beynəlxalq imicinin artmasının daha bir təzahürüdür.

Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətində təmsil olunmaqla sıx əməkdaşlıq davam etdirilərək Birliyin türkdilli dövlətlərdə təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edilmiş və Azərbaycan bələdiyyələri üçün Türkiyədə tədris, təcrübə keçmələri təşkil olunmuşdur.

Hörmətli millət vəkilləri!

Görülmüş işlərlə yanaşı, yerli özünüidarənin təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı məsələyə baxılması da məqsədəuyğun olardı:

Daşınmaz əmlakın inventar dəyərinin müəyyən edilməsi inzibati xərclərin artmasına səbəb olduğundan bələdiyyələr fiziki şəxslərin əmlak vergisinin yığılmasında çətinliklərlə üzləşirlər. Buna görə də, fiziki şəxslərin əmlak vergisinin hesablanması ilə bağlı qanunvericilikdə sadələşdirilmiş prosedur qaydalarının müəyyən edilməsini təklif edirik.

Yerli demokratiyanın, bələdiyyə institutunun inkişafı, yerli özünüidarə sahəsində qanunvericiliyin möhkəmləndirilməsi və inzibati nəzarətin gücləndirilməsi bundan sonra da davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
15.02.2013

Keçidlər