X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələr tərəfindən qanunçuluğa əməl edilməsi vəziyyəti gündən-günə yaxşılaşır"



(Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirovla müsahibə)

- Bir neçə gün əvvəl Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Ədliyyə Nazirliyinin illik məruzəsi dinlənildi. İllik məruzə hansı zərurətdən təqdim olunur?

- Hər ilin sonunda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisə illik məruzəsi təqdim olunur. Bu «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanunun tələbidir. İllik məruzədə il ərzində bələdiyyə institutunun inkişafı, inzibati nəzarətin nəticələri, yerli özünüidarənin təkmilləşdirilməsi məsələləri əks olunur. Bunun əhəmiyyəti ondadır ki, ölkədə yerli demokratiyanın vəziyyəti, bələdiyyələrin inkişafı, uğurları, problemləri barədə Milli Məclis üzvlərinə, ictimaiyyətə, ölkə vətəndaşlarına məlumat verilir. Eyni zamanda deputatlar tərəfindən yerli özünüidarə məsələlərinə böyük diqqət göstərilərək illik məruzə ətrafında ciddi müzakirələr aparılır, çox səmərəli təkliflər irəli sürülür, tövsiyələr bildirilir. Bunlar da sonrakı fəaliyyətdə nəzərə alınır.

- Bələdiyyələrin ölkədə, cəmiyyətdə rolu və onların fəaliyyətinə inzibati nəzarətin mahiyyəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycanda yerli özünüidarə prinsipi ilk olaraq 1995-ci ildə qəbul edilmiş Konstitusiyada təsbit olunmuşdur. Sonradan «Yerli özünüidarə haqqında» Avropa Xartiyasının müddəaları əsas götürülərək yerli özünüidarənin mühüm sahələrini tənzimləyən yeni qanunvericilik aktları qəbul edilmişdir. Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək, əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.

İlk bələdiyyə seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyev xalqa müraciətində demişdir: "Yerli idarəetmə orqanları yerlərdə onların səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Beləliklə, onlar dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcəklər, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər".

Doğrudan da ötən dövr ərzində bələdiyyələr ictimai həyatda daha fəal rol oynamağa başlamış, yerli demokratiyanın inkişafında və sosial məsələlərin həllində xeyli irəliləyişə nail olmuşlar. Bir çox yerli əhəmiyyətli iqtisadi, sosial, ekoloji və digər problemlər məhz bələdiyyələrin imkanları hesabına həll edilir.

Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyələrin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır. Bu məqsədlə «Yerli özünüidarə haqqında» Avropa Xartiyası nəzərə alınmaqla 2003-cü ilin may ayında «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanun qəbul edilmiş və ölkə Prezidentinin Fərmanı ilə müvafiq nəzarətin həyata keçirilməsi səlahiyyətləri Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş bu mühüm vəzifənin icrası və bələdiyyələrin işində qanunçuluğun təmin edilməsi məqsədi ilə onların fəaliyyətinə Avropa Xartiyasında müəyyən edilmiş prinsiplərə uyğun inzibati nəzarət həyata keçirilir. Yəni, inzibati nəzarət qanunçuluğa və Konstitusiya prinsiplərinə riayət olunmasını təmin etmək üçün nəzərdə tutulub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onlara hüquqi və metodiki yardımın yaxşılaşdırılması məqsədi ilə Ədliyyə Nazirliyinin tabeliyində 10 regional ədliyyə şöbəsi yaradılmışdır. Nazirlik tərəfindən bələdiyyələrin maarifləndirilməsi işinə xüsusi diqqət yetirilir, onların fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər mütəmadi olaraq nazirliyin kollegiyasında müzakirə edilir.

- Yola saldığımız 2012-ci ildə və əvvəlki illərdə ölkəmizdə bələdiyyələrin inkişafında, inzibati nəzarətin həyata keçirilməsində hansı irəliləyişə nail olunub?

- Ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli özünüidarə sahəsində də ciddi irəliləyişlər olub. Artıq ölkədə bələdiyyəçilik ənənəsi formalaşıb, insanların iqtisadi, sosial və yerli əhəmiyyətli digər məsələlərlə bağlı bu quruma müraciətləri çoxalıb, inamı artıb. Bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılıb və bu iş müntəzəm olaraq təkmilləşdirilir. 2007-ci ildə Bakıda və 2008-ci ildə Yevlaxda keçirilmiş bələdiyyə sədrlərinin Ümumrespublika toplantıları bələdiyyələrin rolunun gücləndirilməsində mühüm addım olmuşdur. Şəhər, qəsəbə və kənd bələdiyyələri Milli assosiasiyalarının yaradılması yerli özünüidarə orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə, onların işinin yüksək səviyyəyə qaldırılmasına və problemlərinin həllinə imkan yaratmışdır. «Avropada yerli demokratiya həftəsi» tədbirləri çərçivəsində Azərbaycanda görülmüş müsbət işlər, ölkəmizin fəallığı yerli özünüidarə üzrə qəbul olunmuş «Valensiya bəyannamə»sində, həmçinin Avropa Şurası Demokratiya və Siyasi Məsələlər Baş Direktorluğunun hazırladığı hesabat sənədində də qeyd olunmuşdur.

Yerli demokratiyanın inkişafı ilə bağlı ölkəmizin Avropa Şurası və digər beynəlxalq qurumlarla fəal əməkdaşlıq əlaqələri vardır. Keçən ilin noyabr ayında Yerli və Regional Demokratiya üzrə Avropa Komitəsinin Bürosunda rəqabət şəraitində keçirilmiş seçkilərdə Azərbaycana üstünlük verilərək, nümayəndəmizin Büro üzvü seçilməsi ölkəmiz üçün növbəti bir uğurdur, böyük etimaddır. Ölkəmiz Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətində də çox fəal təmsil olunur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsində xeyli müsbət dəyişikliklərə nail olunmuşdur. Ötən il inzibati nəzarət qaydasında baxılması üçün bələdiyyələrdən Ədliyyə Nazirliyinə 52300-dən çox bələdiyyə aktı daxil olmuşdur. Bu 2007-ci ilə nisbətən 3 dəfə çoxdur, baxmayaraq ki, bələdiyyələrin sayı 2009-cu ildə 2757-dən 1718-ə qədər azalmışdır. Bələdiyyələrə qarşı məhkəmələrdə qaldırılan iddiaların sayı son beş ildə 36 dəfə azalmışdır. Bu o deməkdir ki, bələdiyyələr tərəfindən qanunçuluğa əməl edilməsi vəziyyəti gündən-günə yaxşılaşır.

Bələdiyyələrin inkişafı ilə bağlı görülmüş işlərdən çox danışmaq olar. Lakin ölkəmizdə yerli demokratiyanın yüksək səviyyədə olması üçün görüləsi işlər də çoxdur.

- Avropa Şurası Yerli və Regional Hakmiyyətlər Konqresinin monitorinq qrupunun Azərbaycana səfəri və bu səfərin nəticələri haqqında nə deyə bilərsiniz?

- Konqresin iş planına uyğun olaraq monitorinq qrupunun üzvləri 2012-ci ilin aprel ayında ölkəmizdə səfərdə olmuş, dövlət orqanları, qeyri-hökümət təşkilatları, aidiyyəti qurumlarla çoxsaylı görüşlər keçirmişlər. Oktyabr ayında Konqresin Plenar sessiyasında müzakirələr aparılmış, Azərbaycanla bağlı 345 saylı Qətnamə və 326 saylı Tövsiyə qəbul edilmişdir. Azərbaycan tərəfinin şərhləri və mövqeyi Konqresin katibliyi tərəfindən hesabata əlavə olunmuşdur. Qəbul olunan 326 saylı Tövsiyədə Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, bələdiyyələrə ayrılan maliyyə vəsaitlərinin artırılması, bələdiyyə assosiasiyalarının işinin gücləndirilməsi, kadr hazırlığının yüksəldilməsi və sair məsələlər öz əksini tapmışdır. Bu sənədlərdə qeyd olunmuş müddəalar Ədliyyə Nazirliyində təhlil edilmiş, müvafiq təkliflər paketi hazırlanaraq rəy bildirilməsi üçün aidiyyəti orqanlara təqdim edilmişdir.

- Yerli icra orqanları və bələdiyyələr arasında vəzifə və səlahiyyət bölgüsünü necə dəyərləndirərsiniz? İcra orqanlarının bir çox səlahiyyətlərinin bələdiyyələrə verilməsi barədə mətbuatda tez-tez səslənən fikirlərə münasibətiniz.

- Ölkəmizdə möhkəm dövlət idarəçiliyi sistemi, mükəmməl qanunvericilik bazası yaradılmışdır. Yerli icra orqanları ölkə Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun fəaliyyət göstərirlər. Bələdiyyə orqanlarının fəaliyyəti isə çoxsaylı qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənir. Burada qeyri-dəqiq heç nə yoxdur və bu da hər iki qurumun ölkəmizin inkişafı prosesində əlaqəli surətdə iştirakına maneçilik törətmir. Diqqət yetirsəniz görərsiniz ki, iqtisadi, sosial və digər sahələr üzrə çoxsaylı Dövlət Proqramlarının icrasında bələdiyyələrin də iştirakı nəzərdə tutulur.

İcra orqanlarının səlahiyyətlərinin çox hissəsinin birdən-birə bələdiyyələrə verilməsi, belə bir böyük məsuliyyətin onların üzərinə qoyulması bu qurumun fəaliyyətində xaosa, özbaşınalığa, qanunsuzluğa gətirib çıxara bilər. Nəzərə alsaq ki, bələdiyyələr yeni yaradılmış özünüidarə orqanıdır, onun təkmilləşdirilməsi, möhkəmlənməsi üçün müəyyən zaman tələb olunur. Ona görə də düşünürəm ki, onların səlahiyyətlərinin artırılması prosesi tədricən, davamlı və düşünülmüş şəkildə olmalıdır və hazırda bu belə də həyata keçirilir.

- Bələdiyyələr tərəfindən daha çox hansı qanun pozuntularına yol verilir?

- Keçən il 1500-dən çox bələdiyyə aktında qanunvericiliyin pozulması halları aşkar edilmiş, nazirliyin təklifi əsasında bunlar ləğv edilmiş və ya dəyişdirilmişdir. 500-dən çox inzibati xəta protokolu tərtib edilmişdir. Daha ciddi qanun pozuntuları üzrə 28 material hüquqi qiymət verilməsi üçün Baş prokurorluğa göndərilmiş, bunlardan 15 material üzrə cinayət işi başlanmışdır. 9 min hektara yaxın bələdiyyə torpaqlarının qanunsuz ayrılmasının qarşısı alınmışdır. Ayrı-ayrı bələdiyyələr tərəfindən bir sıra qanun pozuntularına yol verilir ki, bu da narahatlıq doğurur. Məsələn, satışı qadağan olunan torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, torpaq sahələrinin qanunsuz icarəyə verilməsi, hərrac və ya müsabiqədənkənar qanunsuz torpaq satışı, bələdiyyənin maliyyə-təsərrüfat sənədlərinin gizlədilməsi və məhv edilməsi, vəzifə səlahiyyətlərindən süi-istifadə edilməsi nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması, icarə haqqının, vergi və ödənişlərin vaxtında, tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi.

Belə qanun pozuntuları və nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün bələdiyyələrə təkliflər verilir, tövsiyə məktubları göndərilir.

- Bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından qarşıdakı dövrdə Ədliyyə Nazirliyi hansı tədbirləri həyata keçirəcək?

- Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər sayəsində ölkəmizin qüdrəti artmış, dövlətçiliyimiz daha da möhkəmlənmişdir. Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin ideyaları əsasında gerçəkləşən sürətli inkişaf prosesi dövlətimizin hərtərəfli tərəqqisinə, onun beynəlxalq nüfuzunun yüksəlməsinə səbəb olmuşdur. Respublikamızın iqtisadi potensialının güclənməsi sosial, hüquqi və digər sahələrlə yanaşı yerli özünüidarənin də inkişafına müsbət təsir etmişdir. Azərbaycanın əsas hədəf seçdiyi yüksək inkişaf etmiş dövlət quruculuğunda qanunların aliliyi təmin olunmalı, qanunçuluğa ciddi əməl edilməlidir - həm dövlət qurumları, həm yerli özünüidarə orqanları, həm də vətəndaşlar tərəfindən.

Bu gün dövlət orqanları qarşısında daha ciddi vəzifələr durur. Fevralın 12-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda Prezidentimizin dediyi kimi, hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Ədliyyə Nazirliyi digər fəaliyyət istiqamətləri üzrə olduğu kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsində də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu tapşırıq və tələblərini qətiyyətlə, inamla həyata keçirəcəkdir.

"525-ci qəzet"
22.02.2013

Keçidlər