X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan ədliyyəsi müstəqil dövlətimizlə birgə inkişaf edir, möhkəmlənir və müasirləşir



Yeddi ildir ki, ədliyyə işçiləri noyabrın 22-də öz peşə bayramlarını geniş və təntənəli şəkildə qeyd edirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə təsis edilmiş bu bayramı ədliyyə işçiləri cari ildə daha böyük ruh yüksəkliyi və ikiqat sevinclə qarşılayırlar.

Ötən ay Heydər Əliyevin idarəçilik məktəbinin ən layiqli yetirməsi, ulu öndərimizin siyasi kursunu, dövlət quruculuğu ideyalarını uğurla davam və inkişaf etdirən möhtərəm Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin 3 ili tamam oldu. Müstəqil dövlətimizin yeni yüksəliş dövrünün başlanğıcı kimi səciyyələnən bu qısa müddətdə həyatın bütün sahələrində misli görünməmiş nailiyyətlərin əldə olunması, Azərbaycanın dünyada dinamik inkişaf edən dövlətə çevrilməsi hər birimizdə, o cümlədən ədliyyə işçilərində coşqun fərəh və qürur hissləri doğurmuşdur.

Ölkəmizdə hüquqi dövlət quruculuğu və qanunun aliliyinin təmin olunmasında fəal iştirak edən ədliyyə işçiləri üçün 2006-cı il həm də ona görə əlamətdardır ki, möhtərəm Prezident İlham Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq bu il ədliyyə fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi və ədliyyə orqanlarının inkişafı ilə bağlı tarixi əhəmiyyətli sənədlər qəbul edilmişdir.

Azərbaycanın dövlətçilik tarixində Ədliyyə Nazirliyinin özünəməxsus yeri var. Ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra yaradılan dövlət orqanlarından biri də Ədliyyə Nazirliyi olmuşdur. Yeni formalaşdırılan hökumət ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verərək öz işinə ilk növbədə ədalət mühakiməsinin təşkili ilə başlamışdır.

1918-ci ildə Azərbaycanda məhkəmə sistemi dağınıq, pərakəndə və iflic vəziyyətində idi. Şəhər və qəzaların əksəriyyətində hüquqşünas kadrlar, xüsusilə müstəntiq və hakimlər çatışmırdı, bəzi yerlərdə isə məhkəmə idarələri öz fəaliyyətini dayandırmışdı. Ədliyyə Nazirliyi məhz belə bir ağır şəraitdə fəaliyyətə başlamışdı. İlk növbədə respublikada qayda-qanunun bərpası ilə əlaqədar müvafiq hüquqi aktların qəbul edilməsi üçün tədbirlər görülmüş, qısa müddətdə məhkəmə aparatları bərpa edilmişdir. Zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin az-çox savadı olan hissəsinin hüquqi maarifləndirilməsi məqsədilə hüquq kurslarının təşkil edilməsi, hüquq ədəbiyyatı kitabxanasının yaradılması təxirəsalınmaz vəzifə hesab edilmişdir. Eyni zamanda, dövlətin əsaslarının möhkəmləndirilməsinə xidmət edən qanun layihələri hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır. 1919-cu ildə həbsxanalar nazirliyin tabeliyinə verilərək bu sahədə iş təkmilləşdirilmişdir.

Ümumilikdə, Azərbaycan ədliyyəsinin şərəfli dövrü olan həmin illərdə şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, Ədliyyə Nazirliyi tərəfindən ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görülmüşdür.

Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə ədliyyə tariximizin keşməkeşli mərhələsi başlanır. Uzun illər ərzində ədliyyə orqanları ideoloji əsaslar üzərində fəaliyyət göstərən partiya-dövlət aparatının formal əlavəsi rolunu oynamışdır. Ədliyyə Nazirliyi Ədliyyə Xalq Komissarlığı ilə əvəz edilmiş, xeyli müddət prokurorluq, Ali Məhkəmə və digər orqanlar ədliyyə orqanlarının vəzifəsini yerinə yetirmişlər.

1970-ci ildə Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilərək ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılması ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsaduf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ədliyyə Nazirliyinin inkişafı da məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Demokratik prinsiplərin, humanist dəyərlərin və insan hüquqlarının ön plana çəkildiyi müasir zamanda hər bir ölkənin dövlət və ictimai həyatında ədliyyə orqanları mühüm yer tutur. Hüquqi dövlət quruculuğu yolunu seçmiş Azərbaycanda da Ədliyyə Nazirliyinin bu istiqamətdə əhəmiyyəti və nüfuzu müqayisəolunmaz dərəcədə artmışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü məhkəmə-hüquq islahatı nəticəsində Ədliyyə Nazirliyinin də fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.

Hazırda Ədliyyə Nazirliyi yeni Əsasnaməsinə uyğun olaraq qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları və notariatın fəaliyyətini təşkil edir, hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir və hüquqi şəxslərin dövlət reyestrini, həmçinin Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır. Nazirlik qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir, məhkəmə qərarlarının icrasını təmin edir, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir, bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Nazirlik qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır, məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir, hüquq sahələrinə dair elmi-tədqiqat işlərini aparır, hakimlərin, ədliyyə işçilərinin, müxtəlif sahələrdə çalışan mütəxəssislərin hüquq peşəsi üzrə ixtisasının artırılmasını təmin edir, hüquqi maarifləndirmə işini həyata keçirir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Təkcə bu sadalamanın özü nazirliyin qarşısında dayanan mühüm vəzifələrin miqyasını göstərir, hər bir fəaliyyət sahəsinin arxasında isə geniş həcmli konkret işlər durur.

Cari ilin yanvar-sentyabr ayları ərzində 1325 qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilmiş, bilavasitə nazirlik tərəfindən 100 normativ-hüquqi aktın layihəsi hazırlanmış, 106 normativ hüquqi və normativ xarakterli akt ekspertizadan keçirilmişdir. Eyni zamanda, əhalinin hüquqi biliklərinin artırılması, qanunların mətni ilə onların birbaşa tanış olmasına kömək məqsədilə ABŞ-ın USAİD təşkilatı ilə birgə böyük həcmli layihə həyata keçirilərək milli qanunvericiliyin elektron məlumat bazası hazırlanmışdır. İnternetə çıxışı olan hər bir vətəndaş www.e-qanun.az ünvanına müraciət etməklə sərbəst və təmənnasız şəkildə qanunlarla tanış ola və mətnlərini əldə edə bilir. Həmçinin, nazirliyin internet səhifəsi vasitəsilə də həmin ünvana çıxmaq mümkündür.

Notariat və VVADQ orqanları tərəfindən göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirliyin təşəbbüsü əsasında bu sahədə qanunvericilik təkmilləşdirilərək bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, işin müasir tələblər səviyyəsində qurulması üçün notariat və VVADQ orqanlarının strukturu təkmilləşdirilmişdir. Bu ilin 10 ayı ərzində 1.350.000-ə yaxın notariat hərəkəti və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair 240.000 əməliyyat rəsmiləşdirilmişdir.

Ölkəmizin xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən konvensiyaya qoşulması ilə əlaqədar əhali üçün əlverişli şərait yaradılaraq sənədlərin leqallaşdırmadan azad edilməsi haqqında şəhadətnamənin (Apostille) forması təsdiq edilmiş, apostilin verilməsi üçün sənədləri qəbul edən notariat kontorlarının siyahısı genişləndirilmişdir. Eyni zamanda, notariat qaydasında təsdiq edilən sənədlərin tərcüməsinin asanlaşdırılması üçün bu işin elektron şəbəkə vasitəsilə həyata keçirilməsi təşkil olunmuşdur.

Hüquqi şəxslərin qeydiyyatı işinin təkmilləşdirilməsi məqsədilə bu qurumların strukturuna və səlahiyyət bölgüsünə yenidən baxılmış, 15-ə yaxın yeni normativ hüquqi akt təsdiq edilmiş, ölkə başçısının tapşırıqlarına əsasən hazırlanmış müvafiq qanun layihəsinin qəbul edilməsi nəticəsində qeydiyyat müddəti qısaldılaraq kommersiya qurumlarına münasibətdə 5 gün müəyyən edilmiş, tələb olunan sənədlərin sayı isə azaldılmış, vətəndaşlara kömək məqsədilə hüquqi şəxslərin qeydiyyatı barədə metodiki vəsait hazırlanaraq "Ədliyyə" qəzetində dərc edilmiş və nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

Cari ilin 9 ayı ərzində 4.100-ə yaxın hüquqi şəxs dövlət qeydiyyatına alınmışdır. Onlardan 3.650-si kommersiya, o cümlədən 328-i xarici investisiyalı kommersiya təşkilatı olmuşdur. Dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə qədər artaraq 417 təşkil etmişdir. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2300-ə yaxındır. Son 9 ay ərzində 382 KİV dövlət reyestrinə daxil edilmişdir. Ümumilikdə belə KİV-lərin sayı 2690-a çatmışdır.

Məhkəmə qərarlarının vaxtında və düzgün icrası sahəsində ardıcıl tədbirlərin görülməsi davam etdirilmiş, nəzarətin gücləndirilməsi və təhlillərin yaxşılaşdırılması məqsədilə müvafiq statistik hesabat formaları təkmilləşdirilmişdir. Eyni zamanda, ictimaiyyəti narahat edən və haqlı şikayətlərə səbəb olan icra vəziyyətinin yaxşılaşdırılması və işçilərə qarşı tələbkarlığın artırılması üçün əlavə qəti tədbirlərin görülməsi zərurəti nəzərə alınaraq bu il iyulun 21-də nazirlikdə ölkənin bütün rayon və şəhər məhkəmə nəzarətçiləri və icraçıları qurumları rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə geniş müşavirə keçirilmişdir.

Tədbirdə məhkəmə qərarlarının icrasının bəzən əsassız olaraq yubadılmasının və süründürülməsinin, vətəndaşların get-gələ salınmasının və digər kobud nöqsanlara yol verilməsinin ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərdiyi vurğulanmış və müzakirələrin yekunlarına əsasən ədliyyə nazirinin əmri ilə kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə Bakı şəhərinin Sabunçu, Nəsimi, həmçinin Bərdə və İmişli rayon məhkəmə icraçıları qurumlarının rəhbərləri tutduqları vəzifədən azad edilmiş, bir sıra məsul əməkdaşlar ədliyyə orqanlarından xaric olunmuşlar. Eyni zamanda, xidməti vəzifələrini yarıtmaz yerinə yetirən bir çox əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilmiş və işdə dönüş yaratmaları üçün onlara vaxt verilmişdir. Nazirliyin Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları İdarəsinin rəhbərliyinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, tabe qurumların fəaliyyətində olan nöqsanların aradan qaldırılması, vətəndaşların müraciətlərinə diqqətlə baxılması üçün təsirli tədbirlərin görülməsi barədə ciddi tapşırıqlar verilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2006-cı ilin 9 ayı ərzində 37.700 sənəd icra olunmuşdur. Məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan nazirliyin istintaq idarəsinin icraatında 2006-cı ilin 10 ayı ərzində 156 cinayət işi olmuşdur. İstintaq nəticəsində bir çox şəxslərin qanuni hüquqlarının təmin edilməsinə nail olunmuşdur.

2006-cı ilin 9 ayı ərzində beynəlxalq hüquq əməkdaşlığı üzrə çoxsaylı tədbirlər təşkil olunmuş, nazirlikdə 529 beynəlxalq sənəd layihəsinin hüquqi ekspertizası keçirilmiş, mülki, ticarət, ailə və cinayət işlərinə dair hüquqi yardımla bağlı 4908 beynəlxalq sənəd və sorğular daxil olmuş və onların icrası üçün müvafiq tədbirlər görülmüşdür. Ədliyyə Nazirliyi tərəfindən, öz növbəsində, müxtəlif dövlətlərə 4300-ə yaxın belə sorğu və cavab göndərilmişdir.

Bu ilin mart ayında İtaliyanın ədliyyə naziri Roberto Kastelli Azərbaycana rəsmi səfərə gəlmiş, Ədliyyə Nazirliyində faydalı görüş keçirilmiş və hər iki ölkənin ədliyyə nazirlikləri arasında mövcud olan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə İcra Protokolu imzalanmışdır.

Bu il mayın 30-dan iyunun 2-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 13-cü ümumi sessiyasında Azərbaycanda yerli demokratiyanın inkişafı mövzusunda geniş məruzə ilə çıxışımız olmuş, bu sahədə görülən işlər diqqətə çatdırılmışdır. Səfər çərçivəsində Konqresin prezidenti H.Skard, Avropa Şurasının Baş katibi T.Devis və insan hüquqları üzrə komissar T.Hammerberq, Avropa Şurasının Hüquqi Məsələlər üzrə Baş Direktorluğunun rəhbəri Gi De Vel ilə görüşlərimiz zamanı həmsöhbətlərimin Azərbaycanda həyata keçirilən hərtərəfli mütərəqqi islahatları, əldə edilmiş yüksək nailiyyətləri xüsusi qeyd etmələrini vurğulamaq istərdim. Eyni zamanda, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni prezidenti H.Skardın ilk səfərini Bakıya etməsi bu nüfuzlu qurumun ölkəmizlə əməkdaşlığa nə dərəcədə böyük əhəmiyyət verdiyini əyani şəkildə sübut edir.

Ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatının müsbət nəticələrinin beynəlxalq aləmdə də etiraf olunmasının nəticəsidir ki, ötən il Tailandın paytaxtı Banqkokda təşkil olunmuş BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi üzrə 11-ci konqresində Azərbaycan ədliyyə naziri konqresin birinci vitse-prezidenti seçilmiş, plenar iclaslara, xüsusilə yüksək səviyyəli seqmentə sədrlik etmişdir.

Azərbaycan Çin Xalq Respublikasının təşəbbüsü və BMT-nin dəstəyi ilə yeni yaradılan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olmuş və qurumun bu ilin oktyabrında Pekində keçirilmiş təsis konfransında Azərbaycanın ədliyyə naziri əsas məruzəçilərdən biri kimi çıxış etmiş və Assosiasiyanın vitse-prezidenti seçilmişdir.

Bu günlərdə Rusiya hökumətinin Avropa Şurası ilə birgə təşkil etdiyi və 50-dək ölkənin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Moskvada keçirilmiş Avropa ədliyyə və daxili işlər nazirlərinin konfransında olmuşuq. Bu mötəbər tədbirdə Azərbaycanın ədliyyə nazirinə nümayəndələr adından Avropa Şurasının Hüquqi işlər üzrə Baş direktoru Gi De Velin fəaliyyətini başa vurması ilə bağlı çıxış etmək həvalə olunmuş və tərəfimizdən Avropa Şurasının fəaliyyətində cənab Gi De Velin xidmətləri qeyd edilərək Azərbaycanda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəallığına görə ona təşəkkür bildirilmişdir. Bütün tədbirlərdə çıxışlarımız zamanı dövlətimizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə iştirakçıların diqqəti cəlb edilmişdir.

Hüquqi sahədə əlaqələrin genişlənməsi ölkəmizə vacib məsələlərin həllində, həmçinin cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlıq üçün zəruri imkanlar yaratmaqla yanaşı, möhtərəm Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasını və müsbət imicinin möhkəmlənməsini bir daha təsdiq edir.

Ədliyyə orqanlarında kadrlarla işin yaxşılaşdırılması və kadr korpusunun yüksək ixtisaslı mütəxəssislər hesabına və şəffaflıq əsasında komplektləşdirilməsi məqsədilə dövlət qulluğu haqqında və antikorrupsiya qanunvericiliyinin tələblərinə uyğun olaraq ədliyyə orqanlarına, o cümlədən nazirliyin penitensiar sisteminə, tibb idarəsinə və əhalinin dövlət reyestri xidmətinə vakant vəzifələrə işə qəbul açıq müsabiqə əsasında keçirilmiş, bununla bağlı KİV-də müvafiq elanlar verilmiş və xüsusi komissiyalar yaradılmışdır. Müsabiqələrin nəticələrinə əsasən yüksək hazırlıq səviyyəsinə və zəruri mənəvi keyfiyyətlərə malik olan namizədlər keçən dövrdə müvafiq təyinatlar almış, eyni zamanda, Bakı Dövlət Universiteti ilə əməkdaşlığın nəticəsi olaraq ciddi seçim əsasında ədliyyə orqanlarına universitetin hüquq fakültəsini müvəffəqiyyətlə bitirmiş məzunlar işə qəbul edilmiş, bütövlükdə isə ədliyyə orqanları üzrə bu dövrdə 330 vakant ştat vahidi komplektləşdirilmişdir. Bu ilin 10 ayı ərzində 73 nəfər vəzifədə irəli çəkilmiş, 320-dən çox əməkdaşa xüsusi rütbələr verilmişdir.

Cari ilin 9 ayı ərzində nazirliyin Bələdiyyələrlə İş Mərkəzi yerli özünüidarə orqanlarına metodoloji yardım göstərilməsi, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin, demək olar ki, bütün regionlarını əhatə edən 30-a yaxın zona seminarı keçirmiş, Hüquq Tədris Mərkəzində bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları ixtisasartırma kurslarına cəlb edilmiş, 13 mindən çox bələdiyyə aktına baxılaraq onlardan nazirliyin təklifləri əsasında 340-ı ləğv edilmiş və ya dəyişdirilmiş, bəzi aktların ləğvi ilə bağlı məhkəmələrdə iddialar qaldırılmış, bələdiyyə aktlarını vaxtında təqdim etməyən 100-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilmişdir. İnzibati nəzarət qaydasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmiş maddi əskikliklər yerli büdcələrə ödətdirilmiş, ciddi qanun pozuntuları barədə 16 bələdiyyənin fəaliyyəti ilə bağlı müvafiq sənədlər prokurorluq orqanlarına göndərilmişdir. Eyni zamanda, bələdiyyələr tərəfindən 1000 hektardan artıq torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə və icarəsinə verilməsi haqqında qərarlar Bələdiyyələrlə İş Mərkəzinin təşəbbüsü ilə ləğv edilmişdir.

Nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə ölkə Prezidenti cənab

İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən may ayında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanun qəbul edilmişdir. Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu sənədlərin qəbul edilməsi ədliyyə işçilərində böyük razılıq və minnətdarlıq hissləri doğurmaqla yanaşı, onları qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının etibarlı qorunması işinə daha səmərəli xidmət etməyə səfərbər etmişdir.

Bu il avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyev tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" xüsusi fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsinin keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirmişdir.

Fərmanla mövcud qurumların bazasında yeni - Təşkilat-Nəzarət Baş İdarəsi, Qanunvericilik Baş İdarəsi, Qeydiyyat və Notariat Baş İdarəsi, habelə insan hüquqlarının təmin olunmasına, hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılmasına, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilərək İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılmışdır.

Ölkəmizdə ilk dəfə olaraq ədliyyə işçilərinin, prokurorların və digər hüquqşünas kadrların ixtisasının artırılması və peşə vərdişlərinə yiyələnməsi üçün məhkəmə-hüquq sahəsində çalışan 10 minlik kollektivə xidmət edəcək Ədliyyə Akademiyası təsis edilmişdir. Bu məqsədlə Avropa Şurası ilə birgə xüsusi işçi qrupu yaradılaraq akademiyanın fəaliyyəti müasir dünya təcrübəsinə uyğun qurulur.

Yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədilə regional ədliyyə şöbələrinin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması qərara alınmışdır. Qeyd etmək istərdim ki, əvvəlki bölgə şöbələrinin əvəzinə hər bir rayonda qeydiyyat şöbəsinin yaradılması bu orqanlara müraciət edən vətəndaşların xeyli məsafə qət etməsinin aradan qaldırılması, onların vaxtına və xərclərinə qənaət olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Ədliyyə Nazirliyinin strukturuna daxil olan Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi əsasında Penitensiar xidmət yaradılmış, Məhkəmə Ekspertizası Elmi Tədqiqat, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzinə çevrilmişdir. Nazirliyin kollegiyasının tərkibi və ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı təsdiq edilmişdir.

Ölkə başçısının tapşırığına əsasən penitensiar xidmətin işinin müasir tələblərə uyğun qurulması, mövcud problemlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir, kadrlara qarşı tələbkarlıq artırılır, məhkumların saxlanma şəraiti yaxşılaşdırılır, onların hüquqlarının etibarlı qorunması üçün zəruri tədbirlər görülür. Nazirliyin Tibb Baş İdarəsi tərəfindən keyfiyyətli tibbi xidmətin göstərilməsi, məhkumların tibb və sanitariya təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür. Vərəmlə mübarizə proqramı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə 1995-ci ildən həyata keçirilən səmərəli əməkdaşlıq real bəhrəsini verir. Bu nüfuzlu qurumla Ədliyyə Nazirliyinin birgə səyləri nəticəsində 7000-dən artıq məhkum müalicə edilmiş, onların arasında bu xəstəlikdən ölənlərin sayı dəfələrlə azalmışdır.

Eyni zamanda, penitensiar müəssisələrin fəaliyyətində tam şəffaflıq təmin olunur. Bu sahədə hüquq müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə məhkumların islah edilməsində iştirakı və penitensiar sistemdə nəzarəti həyata keçirmək üçün İctimai Komitə yaradılmışdır. Qeyd etmək istərdim ki, bu sahədə Azərbaycanın təcrübəsi beynəlxalq təşkilatlar və xarici ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Məsələn, bu yaxınlarda ölkəmizdə səfərdə olmuş Böyük Britaniya Lordlar Palatasının üzvü, cəzaçəkmə yerlərində islahatlar üzrə məşhur "Penal Reform İnternational" beynəlxalq təşkilatının fəxri prezidenti, tanınmış ictimai xadim baronessa Vivyen Stern Azərbaycanın penitensiar sistemində aparılan köklü islahatları olduqca yüksək qiymətləndirmiş və xüsusilə İctimai Komitənin yaradılması ilə bağlı təcrübənin geniş yayılmasının zəruriliyini bildirmişdir.

İnsan hüquqlarının qorunmasında məhkəmələrin müstəsna rolu nəzərə alınaraq ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə kompleks tədbirlər həyata keçirilir. Bu sahədə qanunvericilik bazası xeyli təkmilləşdirilmiş, Məhkəmə-Hüquq Şurasının tərkibi demokratik əsaslarla formalaşdırılmış, hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə ömürlük təyinat təsbit olunmuş, onların intizam məsuliyyəti məsələləri təkmilləşdirilmiş və Məhkəmə-Hüquq Şurasının müstəsna səlahiyyətinə aid edilmiş, hakimliyə namizədlərin seçilməsinin yeni qaydaları müəyyən olunmuşdur. Ölkəmizdə ilk dəfə yaradılmış müstəqil qurum - Hakimlərin Seçki Komitəsi səmərəli fəaliyyət göstərir.

Məhkəmə sisteminin müasirləşdirilməsi barədə dövlət başçısının 19 yanvar 2006-cı il tarixli fərmanı isə ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsində və inkişafında mühüm mərhələ olmuşdur.

Fərmanda regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni, o cümlədən, bölgələrdə apellyasiya məhkəmələrinin, əlavə iqtisad məhkəmələrinin yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının aradan qaldırılması üzrə tapşırıqlar verilmiş, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılmasına yönələn və digər mühüm vəzifələr müəyyən edilmişdir.

Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Məhkəmələrdə icra və əmək intizamına ciddi əməl edilməsi, süründürməçilik hallarının aradan qaldırılması ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrdə monitorinqlər keçirilmiş, bəzi hakimlər tərəfindən əmək və icra intizamının pozulması, vətəndaşların müraciətlərinə etinasız münasibət göstərilməsi və digər nöqsanlara yol verilməsi aşkar edilmişdir. Monitorinqin nəticələri Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə edilərək belə hallara yol vermiş 10 hakim barədə intizam icraatı başlanılmışdır. Ümumiyyətlə, MHŞ tərəfindən son il yarım ərzində 59 (o cümlədən, onların yarıya qədəri Ədliyyə Nazirliyinin təşəbbüsü ilə) intizam icraatı başlanılmış, 40 hakim cəzalandırılmış, 2 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bununla yanaşı, xüsusi vurğulamaq istərdim ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə araşdırmaların obyektiv və hərtərəfli aparılmasına xüsusi diqqət yetirilir, hakimin fəaliyyətində pozuntu müəyyən edilmədikdə icraata xitam verilir. Buna görə indiyədək 8 hakim barəsində məhz belə qərarlar qəbul olunmuşdur.

Eyni zamanda, bütün yuxarı məhkəmələrin rəhbərliyində dəyişiklik edilmişdir. Həmçinin, Ali Məhkəmənin və Apellyasiya Məhkəməsinin vətəndaşların ən çox şikayətlərinə səbəb olan mülki işlər üzrə kollegiyalarının rəhbərləri dəyişdirilərək daha səriştəli kadrlarla möhkəmləndirilmişdir. Görülən tədbirlər bəhrəsini vermiş və 2005-ci illə müqayisədə bu il yerli və apellyasiya məhkəmələrinin qərarlarından Ali Məhkəməyə verilən şikayətlərin sayı kəskin surətdə azalmışdır.

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara müvafiq, test üsulu, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılır. Bu imtahanlarda müvəffəqiyyət qazanmış 56 nəfər namizəd cari ilin fevral ayından ilkin tədris kurslarına cəlb edilmişdir. Kursların tədris proqramına ən aktual mövzular daxil edilmiş, yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunmuşdur. Tədris proqramına uyğun olaraq hakimliyə namizədlər hazırda məhkəmələrdə təcrübə keçmişlər. Onlar tədrisi başa vuraraq kursların nəticələri üzrə yazılı və şifahi imtahan vermiş və 55 nəfər hakimliyə namizəd yekun müsahibəyə buraxılmışdır.

Həmçinin hakim kadrlarına olan ehtiyac nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinə yenidən başlanılmış və 700-dən çox şəxs öz namizədliyini irəli sürmüşdür. Əvvəlki test imtahanı namizədlərin bilik səviyyəsinin aşağı olduğunu göstərdiyi üçün biz bu dəfə onların imtahandan əvvəl tədrisini təşkil etdik. Bu il oktyabrın 1-də Bakı İdman Sarayında vahid auditoriyada, eyni vaxtda hakimliyə namizədlər tam şəffaf şəraitdə test imtahanı vermişlər. İmtahanda iştirak etmiş 609 nəfərin 307-si 60 və daha çox bal toplayaraq növbəti mərhələyə vəsiqə qazanmışdır. Budəfəki sınaqda namizədlərin yüksək nəticələr göstərməsi bir tərəfdən bu proseslərə inamın artmasını, hakim olmaq istəyənlərin biliyin yeganə meyar olduğunu görərək buna daha böyük həvəs və məsuliyyətlə yanaşmasını, digər tərəfdən isə Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzində təşkil olunan kursların səmərəliliyini sübut etmişdir. Qeyd etmək lazımdır ki, ötən imtahanlarda olduğu kimi, prosesi izləmiş 30-dan artıq beynəlxalq və yerli QHT-ni təmsil edən müşahidəçilər, çoxsaylı KİV nümayəndələri imtahanın bütün mərhələlərini son dərəcə şəffaf və obyektiv prosedur kimi yüksək qiymətləndirmişlər.

Respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Belə ki, ölkədə aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirən Dünya Bankı ilə Ədliyyə Nazirliyi tərəfindən "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihənin həyata keçirilməsi qərara alınaraq Azərbaycan üçün ən əlverişli şərtlərlə 21,6 milyon ABŞ dolları məbləğində kreditin verilməsi, habelə layihə çərçivəsində Yaponiya hökumətinin 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi göstərməsi razılaşdırılmış, Azərbaycan dövləti tərəfindən bu məsələyə əlavə olaraq 11 milyon ABŞ dolları məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur. Layihəyə əsasən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur. Qeyd olunan layihə bu il oktyabrın 3-də Dünya Bankı ilə Azərbaycan Respublikası hökuməti adından tərəfimizdən imzalanmışdır.

Eyni zamanda, ölkə başçısının tapşırığına əsasən Ali Məhkəmənin yeni binasının inşası üçün şəhərin görkəmli yerində müvafiq ərazi ayrılmış, ədalət mühakiməsinin müstəqilliyinin təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə ən müasir tələblərə uyğun olan məhkəmə binasının təməli qoyulmuşdur.

Məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatının həyata keçirilməsinin təkmilləşdirilməsi, məhkəmələrdə yeni informasiya texnologiyalarının tətbiq edilməsi üçün Avropa Komissiyası TACİS proqramı ilə həyata keçirilən layihə çərçivəsində, demək olar ki, bütün məhkəmələr üçün ən müasir kompüter dəstləri, çoxsaylı digər təşkilati texniki avadanlıq alınmış, qanunvericiliyin elektron bazasının təşkili, ondan məhkəmələrin və əhalinin pulsuz və sərbəst istifadəsinin təmin olunması məqsədilə zəruri tədbirlər görülmüşdür.

Aparılan təhlillər və məhkəmə monitorinqləri göstərmişdir ki, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri də hakimlərin iş yükünün həddən artıq çox olmasıdır. Bununla əlaqədar normal iş yükünün müəyyən edilməsi üçün ölkənin bütün hakimləri arasında sorğu keçirilərək nəticələr ümumiləşdirilmiş və hakim ştat vahidlərinin ayrılmasına ehtiyac müəyyən edilmiş, ölkə Prezidentinin qərarı ilə hakimlərin sayı 160 vahid artırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin 2006-cı il payız sessiyasının açılışındakı nitqində qeyd etdiyi kimi, "vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir..."

Bu mənada, ölkəmizdə gedən nəhəng quruculuq işləri, sosial-iqtisadi inkişafla birlikdə Azərbaycanın ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan addımlar bütün ədliyyə işçilərində böyük ruh yüksəkliyi doğurmaqla, hamımızın qurub-yaratmaq eşqini gücləndirmişdir.

Möhtərəm Prezidentimizin ədliyyə və məhkəmə fəaliyyətinə yüksək qiymət verərək bir qrup ədliyyə işçisi və hakimləri dövlət təltiflərinə, fəxri adlara layiq bilməsi və ali xüsusi rütbələr verməsi hamımızda sonsuz minnətdarlıq hissləri doğurmaqla üzərimizə əlavə məsuliyyət qoyur.

Fürsətdən istifadə edərək peşə bayramımız münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir və onlara qanunun aliliyinin, insan hüquqlarının təmin olunması üzrə gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.

Fikrət MƏMMƏDOV,
I dərəcəli dövlət ədliyyə müşaviri,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
22.11.2006-cı il
"Azərbaycan" qəzeti

Keçidlər