X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı" adlı elmi-praktiki konfransda ədliyyə nazirinin müavini Vilayət Zahirovun "Ümumilli lider Heydər Əliyev və Azərbaycan ədliyyəsinin təşəkkülü" mövzusunda çıxışı (19 aprel 2013)



Hörmətli xanımlar və cənablar!
Hörmətli konfrans iştirakçıları!

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu mötəbər konfransın mühüm əhəmiyyətini qeyd edərək, iştirakçıları salamlayır və konfransın işində hər birinizə müvəffəqiyyətlər arzulayıram.

Ulu öndər Heydər Əliyevin əlamətdar yubilyeyi bütün dünya azərbaycanlıları tərəfindən böyük hörmət və ehtiramla qeyd edilir, bu dahi şəxsiyyətin xalqımız və Vətənimiz qarşısında misilsiz xidmətləri iftixar hissləri doğurur.

Ümummili liderimizin zəngin dövlətçilik təcrübəsi və siyasi irsi tariximizin ən mühüm, silinməz səhifələrini təşkil etməklə, əsl örnək və dəyərli siyasi məktəbdir.

Xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına məhz ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuş, milli bütövlüyünə onun fədakarlığı sayəsində sahib çıxmışdır.

Azərbaycan üçün yorulmadan çalışan ulu öndər ilk növbədə müstəqilliyimizin qorunub saxlanılmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna xidmətləri ilə milli qurur və fəxarət rəmzinə çevrilmişdir.

Müstəqilliyin ilk illərində ölkədə yaranmış xaosun, vətəndaş qarşıdurmasının aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması, ictimai-siyasi sabitliyin bərqərar olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qanunçuluğun təmin edilməsi məhz bu əvəzsiz liderin möhkəm iradəsi nəticəsində mümkün olmuşdur.

Ölkə iqtisadiyyatının dirçəldilməsi, Azərbaycanın neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi"nin bağlanması, Böyük ipək yolunun bərpası üçün konkret addımların atılması ölkəmizin dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilməsinə və xalqımızın rifahının yüksəldilməsinə zəmin yaratmış oldu.

Eyni zamanda, milli maraqlara söykənən və strateji hədəfləri nəzərə alan xarici siyasət kursunun müəyyənləşdirilməsi, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin qurulması Heydər Əliyev diplomatiyasının ən böyük uğuru və nailiyyəti kimi tariximizdə həkk olunmuşdur.

Ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu prosesinin başlanması, hərtərəfli köklü islahatların aparılması, qanunun aliliyi prinsipinin bərqərar olması, insan hüquqlarının etibarlı təmin edilməsi, bu sahədə müvafiq mexanizmlərin yaradılması Heydər Əliyev dühasının böyüklüyündən, onun yaradıcı şəxsiyyət xarakterinə malik olmasından irəli gəlir.

Məhz ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1995-ci ildə ulu öndərin müəllifi olduğu ilk demokratik Konstitusiyanın qəbul edilməsi ilə insan hüquqları anlayışı siyasi-hüquqi leksikona gətirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlətimizin ali məqsədi kimi bəyan edilərək, ölkəmizdə genişmiqyaslı hüquq islahatlarına qədəm qoyulmuşdur.

Bununla əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək ulu öndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən, insan hüquq və azadlıqlarının təminat mexanizmlərini özündə ehtiva edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olmuş, apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olunmuş, əfv və amnistiya təsisatları bərpa edilmişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılmış, bu sahədə köklü islahatlar aparılmaqla ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq, tərkibinin 60 faizi təzələnmiş, yüksək statusu müəyyən olunmuşdur.

Xüsusi qeyd edilməlidir ki, dövlətçiliyimizin bütün sahələrində olduğu kimi, Azərbaycan ədliyyəsinin təşəkkülü və gələcək inkişafı da demokratik-hüquqi dəyərlərə daim sadiq qalan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ədliyyə Nazirliyinin hələ sovetlər dönəmində - 1970-ci ildə ulu öndər tərəfindən yenidən təşkil olunması və gələcək fəaliyyətinə əlverişli şəraitin yaradılması bu mühüm dövlət təsisatının yenidən dirçəldilməsinə təkan vermişdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.

Dahi rəhbərin Azərbaycan ədliyyəsinə diqqəti və qayğısı nəticəsində ədliyyə ənənələri təşəkkül tapmış, ulu öndərin sərəncamı ilə ədliyyə işçilərinin peşə bayramı günü təsis edilmiş, ədliyyə orqanlarında mövcud iş, üsul və vasitələri köklü surətdə təkmilləşdirilmişdir.

Həmçinin, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişləndirilərək cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, nazirliyin üzərinə yeni vəzifələr qoyulmuş, o cümlədən qanunvericilik aktlarının layihələrinə hüquqi rəyin verilməsi və ekspertizası, siyasi partiyaların, ictimai birliklərin dövlət qeydiyyatına alınması, məhkəmə qərarlarının icrasının təmin edilməsi, ədalət mühakiməsi əleyhinə olan cinayətlər üzrə işlərin ibtidai istintaqının aparılması və digər mühüm istiqamətlər həvalə olunmuşdur.

Məhz ümummilli liderimizin təşəbbüsü ilə ölkəmizdə yerli demokratiya təsisatlarının konstitusion əsasları formalaşdırlmış, respublikamızın tarixində ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirilmiş, geniş hüquqi bazanın yaradılması ilə institusional islahatların aparılmasına nail olunmuş, bələdiyyələrə metodoloji yardım və inzibati nəzarətin həyata keçirilməsi isə nazirliyə həvalə edilmişdir.

Ulu öndərimizin hər zaman insan hüquqları və demokratik dəyərlərin keşiyində durması sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu üzrə mütərəqqi dövlət siyasəti formalaşmışdır. Bu gün ölkə üzrə 2800-dən çox qeyri-hökümət təşkilatının, 55 siyasi partiyanın azad fəaliyyət göstərməsi, 4700-dən çox kütləvi informasiya vasitəsinin qeydiyyatdan keçməsi, hüquqi və demokratik dövlət quruculuğuna yönəlmiş real və praqmatik siyasətin nəticəsidir. Mətbu nəşrlərin uçotu, ictimaiyyətlə əlaqələr, şəffaflığın artırılması sahələrində işlər nazirlik tərəfindən davamlı olaraq həyata keçirilməkdədir.

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu hərtərəfli islahatlar bu gün də ölkəmizdə böyük müvəffəqiyyətlə davam etdirilir, insan hüquqları siyasəti üzrə ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən bu sahədə hər bir dövlət orqanının üzərinə mühüm vəzifələr qoyan proqram xarakterli sənədlər qəbul edilərək icra olunur.

Heydər Əliyev siyasi kursuna uyğun olaraq hüquq-mühafizə orqanlarının, o cümlədən Azərbaycan ədliyyəsinin inkişafı üzrə genişmiqyaslı tədbirlər həyata keçirilməklə normativ-hüquqi bazası əsaslı şəkildə təkmilləşdirilmiş, Ədliyyə Nazirliyinin Əsasnaməsi və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul olunmuş, "Ədliyyə orqanlarının inkişafı haqqında" proqram xarakterli Fərman imzalanmış, Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı təsdiq edilmişdir.

Eyni zamanda, Nazirliyə hüquq-mühafizə orqanı statusunun verilməsi, yeni vəzifələrin həvalə olunması: Əhalinin Dövlət Reyestrinin formalaşdırılması, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinin fəaliyyət göstərməsi, ölkə Prezidentinin tapşırıqlarına əsasən sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması Heydər Əliyevin milli dövlətçilik strategiyasının və iqtisadiyyatın liberallaşdırılmasının mühüm prinsiplərinin reallaşmasına xidmət edir.

İnsanları ilk növbədə vətənpərvərliyinə, məsuliyyətinə, insanpərvərliyinə və sədaqətinə görə dəyərləndirən ümummili liderimizin hər zaman həssaslıqla yanaşdığı kadr siyasəti örnək kimi qəbul edilərək, peşəkar, mənəvi-əxlaqi keyfiyyətlərə malik kadr potensialının formalaşdırılması, ədliyyə orqanlarında işə qəbulun şəffaf müsabiqə əsasında aparılması, bu məsələdə ulu öndərin hər zaman güvəndiyi Azərbaycan gəncliyinə geniş yer verilməsi daim diqqət mərkəzində saxlanılmaqdadır.

Ulu öndərin xarici siyasət strategiyası Ədliyyə Nazirliyinin də beynəlxalq əlaqələrinin gücləndirilməsini şərtləndirmiş, beynəlxalq hüquqi yardımın müxtəlif sahələri üzrə ikitərəfli və çoxtərəfli formatda, habelə mötəbər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin, sanballı müqavilə-hüquq bazasının formalaşdırılmasının əsasını qoymuşdur.

BMT, Avropa strukturları və digər ixtisaslaşmış beynəlxalq qurumlarla insan hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın davam etdirilməsi, əhalinin həssas qruplarına aid olan şəxslərin, o cümlədən məhkumların hüquqlarının təminatı sahəsində ardıcıl işlərin görülməsi, müasir beynəlxalq standartlara cavab verən yeni cəzaçəkmə müəssisələrinin inşası, penitensiar sistemdə səmərəli ictimai nəzarət mexanizminin tətbiqi, ölkəmizin bu sahədə nail olduğu müsbət təcrübənin bir sıra ölkələr tərəfindən öyrənilməsi ulu öndərin əsasını qoyduğu strategiyanın uğurlu nəticəsi kimi qiymətləndirilməlidir.

Dövlətin və vətəndaşların hüquqi mənafelərinin qorunmasında mühüm əhəmiyyət kəsb edən məhkəmə ekspertizası sahəsində müasir texnologiyaların tətbiqi, ekspertizaların təyin edilməsi ilə bağlı ölkəmizin nailiyyətlərindən hətta bəzi xarici dövlətlərin bəhrələnməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olaraq dəyərləndirilməlidir.

Vaxtilə sovet dönəmində ulu öndər Heydər Əliyev korrupsiyanın mövcudluğuna dair həmin dövrlərdə böyük cəsarət tələb edən bəyanat vermiş və dahi liderin bu sahədə başladığı kəskin mübarizə, möhtərəm Prezidentimizin bu ümumbəşəri sosial bəlaya qarşı barışmaz mövqeyi nəticəsində bu gün də inamla davam etdirilir.

Korrupsiya əleyhinə ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlərə beynəlxalq səviyyədə böyük marağın göstərilməsi, mötəbər beynəlxalq təsisatların rəhbər orqanlarında Azərbaycanın layiqincə təmsil olunması, o cümlədən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Beynəlxalq Antikorrupsiya Akademiyası və digər qurumların işində fəal iştirak dövlətimizin qlobal miqyasda nüfuzunu təsdiq edir.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə məqsədyönlü tədbirlərin görülməsi, məhkəmə infrastrukturunun genişləndirilməsi, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə regionlarda yeni məhkəmələrin təsis edilməsi, hakim ştatlarının sayının artırılması, habelə hakimliyə namizədlərin şəffaf seçimini Avropa üçün örnək kimi dəyərləndirən Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı tərəfindən bu təcrübənin təqdir olunması, insan hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir və hər birimizdə qürur hissi yaradır.

Qloballaşan dünyaya sürətlə inteqrasiya edən ölkəmizdə insan hüquqlarının daha etibarlı təmin olunmasında müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, Açıq hökumətin təşviqi, yeni şəffaf və innovativ xidmətlərin yaradılması ulu öndər Heydər Əliyevin insan hüquqları siyasətinin ən müasir metodlarla həyata keçirilməsinin bariz təzahürüdür.

Bu gün respublikamızda vətəndaşların müraciətlərinə həssas münasibətin sərgilənməsi, vətəndaş-məmur əlaqələrində şəffaflığın təmin olunması, elektron xidmətlərin tətbiqi, o cümlədən məhkəmələrin vahid internet portalının yaradılması ilə əhaliyə geniş spektrli xidmətlərin göstərilməsi məhz bu siyasətin nəticəsidir.

Hörmətli konfrans iştirakçıları!

H.Əliyev məktəbi öyrənmək üçün, bəhrələnmək üçün tükənməz bir ümmandir: "Mənim həyatım xalqa mənsubdur. Mənim üçün hər şeydən əziz mənim xalqımdır. Vətənimdir, mənim torpağımdır"- deyən ulu öndər ömrü boyu bu amalla yaşamışdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış, insan hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edən hərtərəfli demokratik-hüquqi islahatlar kursu hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdirilir, həyata keçirilən işlərə yeni təkan verilməklə, ölkəmizin dinamik yüksəlişi və vətəndaşların layiqli həyat səviyyəsi təmin edilir.

Ulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq, hər birimiz ölkəmizin tərəqqisi və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün, bundan sonra da onun ətrafında sıx birləşməklə, dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquqlarının təmin olunması üçün bütün gücümüzlə çalışmalıyıq.

Ulu öndərin siyasi kursunun və milli dövlətçilik prinsiplərinin həyata keçirilməsində hər birinizə uğurlar və nailiyyətlər arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

Keçidlər