X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə» (2013-cü il üzrə) Ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni diqqətinizə təqdim edirəm.

Yola saldığımız 2013-cü il ölkəmizin siyasi, iqtisadi, sosial həyatında qazanılmış bir sıra önəmli uğurlarla, dinamik inkişafın təmin edilməsi ilə yadda qalmışdır. Respublikamızın iqtisadi tərəqqisi davam etmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.

Ötən ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə yüksək səviyyədə qeyd edilmiş, ulu öndərin ideyalarının uğurla həyata keçməsi bir daha öz təsdiqini tapmışdır. Ulu Öndərin yubileyi hər yerdə olduğu kimi, Ədliyyə Nazirliyində də böyük təntənə ilə qeyd edilmiş, yubileylə bağlı bir sıra tədbirlər keçirilmişdir.

Oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərini hüquqi-demokratik dövlət quruculuğunun təntənəsi hesab etmək olar. Azad, ədalətli və şəffaflıq şəraitində keçən bu seçkidə ölkə Prezidenti cənab İlham Əliyevin aşkar üstünlüklə yenidən prezident seçilməsi xalqımızın Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsinə böyük inamının göstəricisidir.

2013-cü il bütun sahələrdə olduğu kimi yerli özünüidarəetmə orqanlarının fəaliyyəti baxımından da uğurlu olmuşdur. Bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal iştirak etmiş, sosial-iqtisadi layihələr həyata keçirmişlər. Bütövlükdə, bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artmışdır. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşmış, ictimai əlaqələri güclənmişdir.

Yerli özünüidarənin inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilərək bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Aidiyyəti orqanlarla razılaşdırılmış təkliflər əsasında Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 19 oktyabr 2011-ci il tarixli "Avropa yerli özünüidarə Xartiyasına qeyd-şərtlər və bəyanatlar" adlı tövsiyəsinə uyğun olaraq Milli Məclis tərəfindən qəbul edilmiş 21 iyun 2013-cü il tarixli Qanunla ölkəmiz "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının 10-cu maddəsinin 3-cü bəndinə qoşulmaqla üzərinə daha bir öhdəlik götürmüşdür.

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra qanun layihələrinə baxılaraq rəy və təkliflər verilmiş, eyni zamanda mövcud qanunvericiliyə dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihələri hazırlanaraq aidiyyəti orqanlara təqdim edilmişdir. O cümlədən, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 326 saylı Tövsiyəsinin (2012) icrası ilə bağlı "Ailə kəndli təsərrüfatı haqqında", "Büdcə sistemi haqqında" qanunlara, "Vergi Məcəlləsi"nə müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələri hazırlanaraq baxılması üçün aidiyyəti orqanlara təqdim edilmişdir.

Ölkə Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 11.1-ci, 11.3-cü bəndlərində bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin, həmçinin bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarının hazırlanmasına dair Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda, "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 6.6-cı bəndində yerli büdcənin tərtibinə və icrasına, sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmləri və prosedurlarına dair təkliflər hazırlanması Nazirliyə həvalə olunmuşdur.

Milli Fəaliyyət Planlarında müəyyən edilmiş bu tapşırıqların icrası ilə bağlı "Bələdiyyə qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmiş, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanuna, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi barədə müvafiq təkliflər hazırlanmışdır.

Bununla yanaşı, korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan müasir informasiya-kommunikasiya texnologiyalarının daha geniş tətbiqi üzrə xeyli işlər görülmüş, o cümlədən Respublika Prezidentinin 2011-ci il 16 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası"na uyğun olaraq müvafiq tövsiyələr hazırlanaraq bələdiyyələrə göndərilmiş və həyata keçirilmiş maarifləndirmə tədbirlərində də bu barədə bələdiyyə nümayəndələrinə geniş məlumat verilmişdir.

Ədliyyə Nazirliyinin Kollegiya iclaslarında mütəmadi olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, bələdiyyələrdə qanunçuluğun möhkəmləndirilməsi məsələləri müzakirə edilmiş və bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilmişdir. Nazirliyin İş Planına uyğun olaraq regional ədliyyə şöbələrində "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında" Təlimata əməl olunması vəziyyətini öyrənmək məqsədi ilə əməkdaşlar bir sıra regional ədliyyə şöbələrində işin təşkili ilə yerində tanış olmuş, bələdiyyələrlə iş istiqamətində daxil olan sənədlərin icra vəziyyəti araşdırılmış və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür.

Ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsində, xüsusilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təkmilləşdirilməsində regional ədliyyə şöbələrinin əhəmiyyətli rolu nəzərə alınaraq Avropa İttifaqı ilə birgə həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində regional ədliyyə şöbələrinin fəaliyyətinin səmərəli təşkili ilə bağlı işlər davam etdirilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmiş, Xaçmaz və İmişli regional ədliyyə şöbələri üçün ən müasir avadanlıqlarla təmin edilmiş yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət "Yerli özünüidarə haqqında" Avropa Xartiyası və müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilmişdir. İnzibati nəzarətin başlıca məqsədi bələdiyyələr tərəfindən normativ hüquqi aktların tələblərinə riayət edilməsinin, bələdiyyə aktlarının qanunvericiliyə uyğun qəbul edilməsinin təmin olunması, həmçinin hüquq pozuntularının aradan qaldırılmasıdır. İnzibati nəzarət həyata keçirilərkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilənin qanunda nəzərdə tutulan məqsədə mütənasib olması, bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst həll etmək hüququnun məhdudlaşdırılmaması və s. kimi qanunla müəyyən edilmiş prinsiplər gözlənilərək inzibati nəzarətin qanunauyğun üsul və metodlarla aparılması təmin edilmişdir.

2013-cü ildə Nazirliyə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1855 müraciət (2012-ci illə müqayisədə 17 % çox) daxil olmuşdur. Aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, müraciətlərin 495-i torpaq sahəsinin ayrılması tələbi, 302-si torpaq mübahisəsi, 168-i isə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olmuşdur. Beləliklə, müraciətlərin 52%-i torpaq məsələləri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olmuşdur. Daxil olan müraciətlərə baxılarkən 52-si üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılmış, digərlərinə mahiyyəti üzrə baxılaraq cavab verilmiş, 25 müraciət üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.

Eyni zamanda, ölkə başçısının vətəndaşlara xüsusi diqqət və qayğı göstərilməsi barədə tapşırığına uyğun olaraq bələdiyyələrin fəaliyyəti ilə bağlı Nazirliyə daxil olan müraciətlərin aidiyyəti üzrə həlli istiqamətində müvafiq tədbirlər görülmüş, bu tədbirlərin nəticəsində daxil olan müraciətlərdən 116-sı təmin edilmişdir. Beləliklə, keçən illə nisbətdə 2,2 dəfə çox müraciət təmin edilmişdir. Müraciətlərə baxılması nəticəsində fəaliyyətlərində nöqsan və çatışmazlıqlar müəyyən edilmiş 248 bələdiyyəyə tövsiyələr verilmişdir. Bələdiyyələr tərəfindən tövsiyələr müzakirə edilərək qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmışdır.

Həyata keçirilmiş maarifləndirmə tədbirlərində Respublika Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyələrin Nümunəvi Reqlamenti"nin tələbləri bələdiyyə üzvləri və qulluqçularına izah edilmiş, aktların qanunla müəyyən edilmiş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim olunmasının zəruriliyi onların diqqətinə çatdırılmışdır. Aparılan maarifləndirmə işləri və inzibati məsuliyyət tədbirləri nəticəsində Nazirliyə təqdim olunan bələdiyyə aktlarının sayı 2012-ci illə müqayisədə xeyli artıq olmuşdur. Belə ki, il ərzində hüquqi ekspertizadan keçmək üçün 59858 bələdiyyə aktı (2012-ci illə müqayisədə 14% çox) daxil olmuşdur.

Təqdim olunmuş hər bir bələdiyyə aktına baxılaraq onların normativ hüquqi aktlara uyğunluğu öyrənilmişdir. Bunlardan 2684 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ya ləğv edilməsi haqqında bələdiyyələrə təkliflər göndərilmiş və həmin təkliflərin çoxu bələdiyyələr tərəfindən təmin edilmişdir.

Eyni zamanda, qanunsuz qərarların ləğvi ilə bağlı Nazirliyin verdiyi təkliflərin təmini də xeyli artmışdır. Bu səbəbdən qanunazidd bələdiyyə qərarlarının məhkəmə vasitəsilə ləğv edilməsi zərurəti də əsaslı şəkildə azalmışdır. Belə ki, 2007-2012-ci illər ərzində bələdiyyələr tərəfindən təmin edilməmiş təkliflərlə bağlı müvafiq məhkəmələrdə qaldırılan iddiaların sayı 479 olduğu halda, 2013-cü ildə cəmi 4 iddia verilmişdir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət davam etdirilmiş və müvafiq tədbirlər həyata keçirilmişdir. İl ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 1675 bələdiyyə aktı təqdim olunmuşdur ki, onlardan 2-si qanunvericiliyə uyğun olmadığı üçün ləğv edilmişdir.

Bələdiyyə aktlarına baxılarkən bəzi bələdiyyələr tərəfindən aktların qəbulunda nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilmişdir ki, bunlar əsasən bələdiyyə iclaslarının qanunda nəzərdə tutulmuş qaydada keçirilməməsindən, iclas protokollarının qanunvericiliyə uyğun tərtib və təsdiq olunmamasından ibarət olmuşdur. Nazirlik tərəfindən aşkar edilmiş bu və ya digər pozuntuların aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 3445 tövsiyə verilmiş, müvafiq metodik vəsaitlər hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.

İl ərzində 3460,5 ha torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınmış, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq icarəyə verilmiş 3196,66 ha, xüsusi mülkiyyətə verilmiş 242,78 ha, istifadəyə verilmiş 21,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə bələdiyyələr bu maddədə nəzərdə tutulmuş bələdiyyə aktlarını onların qanunauyğunluğunun müəyyən edilməsi məqsədi ilə 15 gündən gec olmamaqla inzibati nəzarəti həyata keçirən orqana təqdim etməsi tələbinə baxmayaraq, bir sıra bələdiyyələr tərəfindən mütləq təqdim edilməli olan bələdiyyə aktları qanunla müəyyən olunmuş müddətdə ekspertizaya göndərilməmişdir. Belə halların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında 415 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilmiş və bununla bağlı 364 bələdiyyə sədri (bəziləri hətta 2 dəfə) inzibati məsuliyyətə cəlb edilmişdir.

Prokurorluğa göndərilmiş 25 materialdan 7-si üzrə cinayət işi başlanılmış, onlardan 3-ü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilmiş, 1 cinayət işi üzrə artıq ittiham hökmü çıxarılmışdır. Həmçinin, 1 material üzrə cinayət işinə xitam verilmiş, 3 material üzrə cinayət işinin başlanması rədd edilmiş, digərləri isə baxılmaqdadır.

Hüquq pozuntularının profilaktikası məqsədi ilə hər bir fakt üzrə onları doğuran səbəb və şərait təhlil edilmiş, həmin pozuntulara yol vermiş bələdiyyələrə müvafiq tövsiyələr göndərilmişdir. Verilmiş tövsiyələr bələdiyyələrdə Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə müzakirə edilərək pozuntuların aradan qaldırılması və gələcəkdə təkrar edilməməsi üçün zəruri tədbirlər görülmüşdür. Bununla yanaşı, istintaq orqanlarının 9 təqdimatı bələdiyyələrdə müzakirə edilmiş, müzakirələr nəticəsində qabaqlayıcı tədbirlər görülmüşdür.

Aparılmış təhlil və ümumiləşdirmələr nəticəsində bələdiyyələrin fəaliyyətində aşağıdakı hüquq pozuntularının xarakterik olması müəyyən edilmişdir:

- bələdiyyə sədrləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi;

- yerli büdcədən düzgün istifadə edilməməsi;

- icarə haqqının, vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi;

- sənədlərin saxtalaşdırılması;

- maliyyə sənədlərinin gizlədilməsi və məhv edilməsi;

- şəffaflığın təmin edilməməsi.

Bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məsələlərinə də xüsusi önəm verilmişdir. Bu məqsədlə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nazirliyin əməkdaşları mətbuatda çıxışlar etmiş, bələdiyyələri və əhalini maraqlandıran məsələlər barədə mütəmadi olaraq izahlar vermişlər. Eyni zamanda, "Bələdiyyələrin normativ aktlarının bülleteni" buraxılmış, bələdiyyələr üçün zəruri olan metodik vəsaitlər hazırlanmışdır:

Bütövlükdə bələdiyyə üzvü və qulluqçuları üçün 22 kurs keçirilmiş və həmin kurslara 2012-ci illə müqayisədə təxminən 2 dəfə çox olaraq 862 dinləyici qatılmışdır.

Belə ki, 2013-cü ildə ilk dəfə olaraq Ədliyyə Akademiyasının iştirakı ilə yerlərdə qısamüddətli 20 kurs keçirilmiş və həmin kurslara 812 (keçən il 452 olmuşdur) nəfər cəlb olunmuşdur. Bölgələrdə tədris kurslarının təşkili bələdiyyə üzvləri və qulluqçuları tərəfindən böyük razılıqla qarşılanmışdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2 ixtisasartırma kursu təşkil edilmiş və həmin kurslarda 50 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.

İl ərzində respublika üzrə 4032 bələdiyyə üzvü və qulluqçusu üçün mövzular üzrə 73 seminar keçirilmişdir.

Maarifləndirmə işində əməkdaşlığa önəm verilərək dövlət orqanları, qeyri-hökumət təşkilatları, bələdiyyələrin milli assosiasiyaları, beynəlxalq qurumlarla bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Bütövlükdə il ərzində ölkə üzrə 120-yə yaxın maarifləndirmə tədbiri keçirilmiş və bu tədbirlərə 6500-dən çox (2012-ci illə müqayisədə 11% çox) bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.

Yerli özünüidarəetmə sahəsində həyata keçirilən bütün tədbirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Bələdiyyələrlə iş sektoru, Milli Məclisin Regional Məsələlər Komitəsi, bələdiyyələrin milli assosiasiyaları ilə əlaqəli şəkildə aparılmışdır.

Bələdiyyələrin milli assosiasiyalarının işində də xeyli irəliləyiş yaranmışdır. Onlar qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə məsələlərində dövlət orqanları ilə fəal əməkdaşlıq etmiş, layihələr irəli sürmüş, bələdiyyələri layiqincə təmsil etmişlər. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsü ilə hər il olduğu kimi, 2013-cü ildə də ölkənin bütün bələdiyyələri milli assosiasiyaların təşkilatçılığı ilə 25 noyabr - 1 dekabr tarixlərində "Yerli demokratiya həftəsi" keçirmişlər. Həftə ərzində "Açıq qapı" günləri keçirilmiş, yerli əhalinin ayrı-ayrı təbəqələri ilə görüşlərdə onların rəy və təklifləri, istəkləri öyrənilmiş, seçicilər qarşısında hesabatlar verilmişdir.

Beynəlxalq qurumlar tərəfindən yerli və regional idarəetmə məsələləri ilə bağlı təşkil olunmuş bir sıra beynəlxalq seminarlarda nazirliyin əməkdaşları iştirak etmişlər. Belə seminarlarda iştirak yerli və regional idarəetmə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi baxımından önəmli olmuşdur.

- 2013-cü il mart ayının 14-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin məruzəçiləri ilə Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilmişdir. Görüş zamanı nümayəndələr 2012-ci il 17 oktyabrda Konqresin 23-cü Plenar Sessiyasında qəbul edilmiş Azərbaycana dair 326 (2012) saylı Tövsiyənin icrası ilə maraqlanmışlar. Bələdiyyələrin statusunun dəqiqləşdirilməsi, dövlət orqanları ilə bələdiyyələr arasında vəzifə və səlahiyyət bölgüsünün aparılması, maliyyə mənbələrinin gücləndirilməsi, bələdiyyələr üçün təlimlərin keçirilməsi və digər məsələlər barədə onların sualları cavablandırılmışdır;

- 2013-cü il oktyabr ayının 28-31-də Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 25-ci Plenar Sessiyasında Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Sessiyada müzakirəyə çıxarılan "Avropanın xüsusi statuslu regionları və ərazıləri" adlı məruzədə Naxçıvan Muxtar Respublikasının statusu xüsusi qeyd edilərək belə modelin tətbiqinin faydalı olduğu bildirilmişdir.

Göstərilənlərlə yanaşı, 2014-cü ilin may-noyabr aylarında ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunun növbəti iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Belə mötəbər tədbirin təşkil edilməsi yerli demokratiyanın, daha da inkişafına müsbət təsir göstərəcək, həmçinin tədbirə qatılacaq çoxsaylı xarici qonaqların ölkəmizdə aparılan islahatlarla, eləcə də yerli özünüidarəetmə sahəsində görülmüş işlərlə yaxından tanış olmalarına imkan verəcəkdir.

Gələcəkdə bələdiyyələrin işinin daha səmərəli təşkil olunması məqsədi ilə belə bir təklifin nəzərə alınmasını məqsədəuyğun hesab edirik:

- Konqresin 326 (2012) saylı tövsiyəsinə uyğun olaraq iqtisadi və sosial layihələrin həyata keçirilməsi məqsədi ilə subvensiyaların ayrılması ilə bağlı mexanizmin "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit edilməsi və bələdiyyələr tərəfindən verilən təkliflərin növbəti illər üçün dövlət büdcəsinin layihələri hazırlanarkən nəzərdən keçirilməsi - bələdiyyələrin fəaliyyətində səmərəliliyi daha da artırardı.

Hörmətli deputatlar!

Çıxışımın sonunda qeyd etmək istərdim ki, yola saldığımız 2013-cü ildə dünyada çox mürəkkəb, gərgin proseslərin getdiyi, iqtisadi və maliyyə böhranının davam etdiyi bir vaxtda Azərbaycan demək olar ki, bütün sahələrdə böyük uğurlara nail olmuşdur. Ölkəmizin hərtərəfli dinamik inkişafı təmin olunmuş, aparılan islahatlar daha da dərinləşmiş, onun beynəlxalq nüfuzu və rolu xeyli artmışdır.

Əldə olunmuş uğurlar, 2014-cü ildə də yeni geniş miqyaslı nailiyyətlər üçün möhkəm zəmin yaratmışdır. Qarşıda duran bütün vəzifələrin, o cümlədən yerli demokratiyanın, bələdiyyə institutunun inkişafı ilə bağlı görüləcək işlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Keçidlər