X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

«Yerli demokratiya və gənclər» mövzusunda beynəlxalq konfransda ədliyyə nazirinin müavini Vilayət Zahirovun çıxışı



Bakı, 18 iyun 2014-cü il

Hörmətli cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Xanımlar və cənablar!

Azərbaycan Respublikası Avropa Şurasının üzvü olduqdan sonra bu mötəbər təşkilatla sıx əməkdaşlıq həyata keçirir, qarşılıqlı fəaliyyətimizin dinamik inkişafı böyük məmnunluq doğurur. Avropa Şurasının 65 illik yubileyinin keçirildiyi tarixi bir məqamda ölkəmizin Nazirlər Komitəsinə sədrliyi xüsusilə şərəflidir. Bu, bizim əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxmasını göstərir və Avropa Şurası ilə birgə həm ölkəmizdə, həm də Strasburqda silsilə tədbirlər keçirilir.

Avropa dövlətləri üçün yerli demokratiyanın inkişafına böyük fayda verən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbər orqanı - Büronun iclasının dünən paytaxtımız Bakıda keçirilməsi bizdə məmnunluq doğurur. Büronun birgə təntənəli açılış mərasimi bu mühüm tədbirə və bütövlükdə əməkdaşlığımıza necə böyük önəm verildiyini təsdiq edir.

Bu gün isə Konqreslə birgə yerli demokratiya və gənclər mövzusuna həsr olunmuş beynəlxalq konfransın keçirilməsi hər iki tərəf üçün faydalı olacaqdır. Nəzərə alsaq ki, Konqresin bu ilki prioritetlərindən biri məhz gənclər siyasəti ilə bağlıdır, eyni zamanda, dövlətimiz tərəfindən də gənclərə, daim xüsusi diqqətlə yanaşılır, inanıram kı, hazırkı konfrans bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərə öz töhfəsini verəcəkdir.

Fürsətdən istifadə edib konfransda iştirak edən Konqresin prezidenti cənab Van Staanı, Büro üzvlərini salamlayır, bir daha Azərbaycana xoş gəlmisiniz deyirəm.

Eyni zamanda, tədbirdə nüfuzlu beynəlxalq ekspertlər, dəyərli qonaqlarımız, bələdiyyələrin, milli assosiasiyaların nümayəndələri də iştirak edirlər. Şübhə etmirəm ki, səmimi və konstruktiv şəraitdə keçiriləcək müzakirələr, beynəlxalq təcrübəyə dair faydalı fikir mübadiləsi olduqca əhəmiyyətli olacaqdır.

Hörmətli konfrans iştirakçıları!

Bugünkü tədbirimiz mühüm bir tarixə - 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Gününə təsadüf edir. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində ölkəmizdə ilk dəfə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı qəbul olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Dövlət Proqramının təsdiq edildiyi gün Azərbaycanda İnsan Hüquqları günü kimi təsis edilmişdir.

Ümumiyyətlə, insan hüquqlarının, qanunun aliliyinin qorunması, demokratiyanın daha da möhkəmləndirilməsi dövlətimizin fəaliyyətinin əsas prioritetlərindəndir. Bu baxımdan tədbirin gənclərin fundamental sosial hüquqlara çıxış imkanlarının yaxşılaşdırılması, onların demokratiyaya cəlb olunması mövzusuna həsr olunması da olduqca mühüm əhəmiyyət kəsb edir.

Möhkəm təməllər üzərində qurulmuş dövlət gənclər siyasəti ölkəmizdə uğurla həyata keçirilir. Bu sahədə mühüm islahatlar aparılmaqla Azərbaycan gəncliyinin inkişafı ilə bağlı dövlət proqramları qəbul olunmuş, məşğulluq sahəsində beynəlxalq təcrübəyə əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, o cümlədən respublikanın müxtəlif bölgələrində gənclər mərkəzi yaradılmışdır.

Gənclər təşkilatlarının ictimai-siyasi həyatda təşəbbüskarlığının artırılması, demokratik cəmiyyətin inkişafında, eləcə də yerli və regional səviyyələrdə qərarların qəbul olunmasında fəal iştirakı, gənclərin öz potensialından səmərəli istifadə etmələri üçün əlverişli şərait vardır.

Bu il 20 illik yubileyi qeyd olunan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin demokratik dəyərlərə töhfəsi, səmərəli fəaliyyəti xüsusi vurğulanmalıdır. Konqresin əsas məqsədi də real demokratiyanın aşağıdan yuxarıya kimi Avropanın bütün şəhər və regionlarında qurulmasıdır.

1995-ci ildə ilk Milli Konstitusiyamızın qəbul olunması ilə Azərbaycanda yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesinə başlanmış və 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmişdir.

Azərbaycan üçün yeni təsisat olan bələdiyyələrin formalaşdırılması və inkişafı ölkəmiz Avropa Şurasına üzv qəbul olunandan sonra daha geniş vüsət almış, bu sahədə Konqresin dəstəyi ilə mühüm addımlar atılmışdır. "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulan ölkəmizdə bələdiyyələrin fəaliyyətini tənzimləyən çoxsaylı mühüm qanunlar və digər normativ-hüquqi aktlar qəbul olunmuşdur.

Konqresin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə qısa müddət ərzində şəhər, qəsəbə və kənd bələdiyyələrinin, həmçinin Naxçıvan Muxtar Respublikasının regional milli assosiasiyaları yaradılmış və onlar uğurla fəaliyyət göstərirlər.

Avropa Şurası tərəfindən elan olunmuş "Avropa Yerli Demokratiya Həftəsi"nə fəal qoşulan Azərbaycanda bələdiyyə assosiasiyalarının təşəbbüsü ilə hər il çoxsaylı tədbirlər təşkil olunur. Artıq yaxşı ənənə halını almış "Yerli demokratiya həftəsi" çərçivəsində əhalinin bələdiyyələrin fəaliyyəti barədə məlumatlandırılması, gənclərin demokratiyaya cəlb olunması və yerli əhəmiyyətli sosial məsələlərin həllində yaxından iştirak etməsi üçün açıq qapı günləri, təhsil ocaqlarında və digər müəssisələrdə bələdiyyə üzvlərinin gənclərlə görüşü, yığıncaqlar keçirilir. Təsadüfi deyil ki, Yerli Demokratiya Həftəsinin keçirilməsi ilə bağlı ölkəmizin müsbət işi Valensiya Bəyannaməsində xüsusi qeyd olunmuşdur.

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, onlara metodoloji yardımın göstərilməsi, gənc bələdiyyə üzvü və qulluqçularının peşəkarlığının artırılması və s. məsələlər daim diqqətdə saxlanılır. Nazirliyin regional ədliyyə şöbələri bələdiyyələrin maarifləndirilməsi məqsədilə onlara müxtəlif hüquqi və metodiki köməklik göstərir. Eyni zamanda, Ədliyyə Akademiyasında bələdiyyə üzvləri və qulluqçuları tədris tədbirlərinə cəlb olunur, onların hazırlanması və ixtisasının artırılması həyata keçirilir. Bununla yanaşı, bir sıra təhsil müəssisələrində gənclərə bələdiyyə hüququ tədris olunur, beynəlxalq yerli özünüidarəetmə sahəsində təcrübələr öyrədilir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması, eləcə də gənclər siyasəti, bədən tərbiyəsi və idmanın inkişafına yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təsbit olunmuşdur.

Eyni zamanda, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planında da yerli demokratiyanın daha da gücləndirilməsi məqsədilə bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması və yaxşı təcrübənin formalaşdırılması, insan hüquqlarının, habelə demokratik gəncliyin iştirakı ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 2012-ci ildə Azərbaycanla bağlı qəbul olunmuş tövsiyələrində də bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə assosiasiyalarının işinin gücləndirilməsi, kadr hazırlığının yüksəldilməsi və s. məsələlər də öz əksini tapmışdır. Qeyd olunan tövsiyələrə uyğun olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı Qanun layihəsi hazırlanmış və hazırda Milli Məclisdə baxılmaqdadır.

Bu il ölkəmiz üçün çox mühüm və məsuliyyətli ildir. İlin sonunda bələdiyyə seçkiləri keçiriləcəkdir. İnanıram ki, gənclər seçkilərdə daha yaxından iştirak edəcək və fəallıq nümayiş etdirəcəklər.

Hörmətli tədbir iştirakçıları!

Konfransın işinə uğurlar arzulayıram və çıxış etmək üçün sözü Konqresin prezidenti cənab Van Staaya təqdim edirəm.

Diqqətinizə görə minnətdaram!

Keçidlər