X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələrin işinin təşkili" mövzusunda konfransda Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirovun çıxışı



Hörmətli konfrans iştirakçıları!

Xanımlar və cənablar!

"Bələdiyyələrin işinin təşkili" mövzusuna həsr olunmuş bu günkü konfransın iştirakçılarını, Sizin hər birinizi salamlayıram və konfransın işinə uğurlar arzulayıram.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə formalaşan ən gənc təsisatlardan biri yerli özünüidarə orqanları - bələdiyyələrdir. 15 illik müddət ərzində bələdiyyələr xeyli inkişaf etmiş, möhkəmlənmiş və təkmilləşmişdir. Bələdiyyələrin səmərəli fəaliyyət göstərməsi üçün "Yerli özünüidarə haqqında Avropa Xartiyası"na uyğun qanunvericilik bazası yaradılmışdır.

Yerli özünüidarə orqanlarının yaradılması və inkişafı ümummilli lider H.Əliyevin adı ilə bağlıdır. Yerli demokratiyanın inkişafı dövlət siyasətinin tərkib hissəsi olmaqla mühüm bir tarixi prosesdir. Bu proses bu gün də çox uğurla davam etdirilir.

Yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Müdrik kəlamda deyildiyi kimi, "Yerli özünüidarəetmə institutları olmadan millət azad hökumət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz". Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiyada bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlanmışdır.

Yerli demokratiyanın qurulması üçün qısa müddətdə zəruri qanunvericilik və təşkilati tədbirlər görülmüş və 1999-cu ildə Azərbaycan tarixində ilk dəfə demokratik əsaslarla bələdiyyə seçkiləri keçirilmiş və yerli özünüidarəetmə sistemi formalaşmışdır.

Ötən dövr ərzində Azərbaycanda yerli özünüidarəetmə sahəsində həyata keçirilən strategiya və qanunvericilik islahatları, institusional mexanizmlərin təkmilləşdirilməsi nəticəsində bələdiyyələrin fəaliyyəti xeyli təkmilləşmiş, yerli özünüidarəetmə sistemi yerli əhəmiyyətli məsələlərin müstəqil və sərbəst şəkildə həll edilməsinə, əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsinin yerinə yetirilməsinə imkan vermişdir.

Eyni zamanda, yerli özünüidarənin səmərəli təşkili üçün bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına xüsusi diqqət yetirilir, onlara mütəmadi metodoloji yardım göstərilir, bələdiyyə qulluqçularının peşəkarlığının artırılması, qabaqcıl beynəlxalq təcrübələrə yiyələnməsi məqsədilə silsilə tədris və maarifləndirmə tədbirləri keçirilir.

Bildiyiniz kimi, ötən il yerli demokratiyanın təşviqi, bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi baxımından əlamətdar il olmuş, ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində səmərəli əməkdaşlıq etdiyimiz Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Büro iclası paytaxtımızda keçirilmiş, birgə konfrans təşkil olunmuş, ədliyyə nazirinin iştirakı ilə Strasburqda Konqresin plenar iclasında bələdiyyələrin fəaliyyətinə dair faydalı müzakirələr aparılmışdır.

Həmçinin, ötən il bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin daha da artırılması baxımından qanunvericiliyə mütərəqqi dəyişikliklər edilmiş və bu dəyişikliklər içtimai həyatda, sosial - iqtisadi proqramların həyata keçirilməsində bələdiyyələrin rolunu artırmış, maliyyə imkanlarını xeyli genişləndirmişdir.

2014-cü ilin ən mühüm hadisələrindən biri dekabr ayında respublikamızda bələdiyyə seçkilərinin keçirilməsi olmuşdur. Azad, demokratik, ədalətli, şəffaf keçirilən və seçicilərin fəallığı ilə baş tutan seçkilər nəticəsində 1.599 bələdiyyə üzrə 14.963 bələdiyyə üzvü seçilmişdir. Olduqca əlamətdardır ki, seçilmiş bələdiyyə üzvləri sırasında qadınların, gənclərin və ali təhsilli şəxslərin sayı xeyli artmışdır. Belə ki, qadınların sayı 5.236 nəfər (34.9%), gənclərin sayı isə 5.450 nəfər (36.4%) və ali təhsillilərin sayı 13434 nəfər (90%-yaxın) olmuşdur. Mən bü günkü imkandan istifadə edərək bələdiyyə üzvlüyünə, onların rəhbər heyətinə seçilmiş şəxsləri təbrik edirəm və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Bələdiyyələrin fəaliyyətinin müasirləşməsi sahəsində tədbirlər bu gün də davam etdirilir, ölkəmizdə İKT-lərin tətbiqinin geniş vüsət aldığı bir şəraitdə bələdiyyələrin də elektron portalının yaradılması şəffaflığın və aşkarlığın təmin olunması baxımından müsbət hadisədir. Bələdiyyə qulluqçularının maarifləndirilməsi, bu sahədə işin səmərəli təşkili daim qarşıda duran mühüm vəzifələrdəndir.

Əminəm ki, bu gün bu mötəbər konfransda ölkəmizdə bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, onların işinin təşkili, qarşıda duran vəzifələr, bu sahədə tətbiq olunan yeniliklər, beynəlxalq əməkdaşlıq və digər aktual mövzular üzrə maraqlı təqdimatlar, çıxışlar ediləcək, faydalı müzakirələr keçiriləcəkdir.

Hörmətli konfrans iştirakçıları!

Bü günkü tədbirlə əlaqədar yerli özünüidarə orqanlarının yaranması və inkişafı istiqamətində atılan mütərəqqi addımlara, seçki prosesinin keçirilməsinə, bələdiyyələrin gələcək fəaliyyəti ilə bağlı həyata keçirilən işlərə həsr olunmuş video-çarx hazırlanmışdır.

Konfransın əvvəlində ilk olaraq sizləri həmin video-çarxı izləməyə dəvət edirəm. Buyurun.

***

Konfransda yekun nitq

Hörmətli tədbir iştirakçıları!

Bu gün konfransda səslənən fikirlər bir daha göstərdi ki, ölkəmizdə yerli özünüidarə orqanlarının inkişafı, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə xeyli işlər görülmüş, bir çox nailiyyətlər əldə olunmuşdur.

Son beş il ərzində ölkəmizdə bələdiyyə instutunun inkişafı ilə bağlı görülmüş işləri nəzərdən keçirdikdə nə qədər geniş həcmdə tədbirlərin həyata keçirildiyinə, islahatlar aparıldığına, bələdiyyələrin ildən-ilə tərəqqi etdiyinə bir daha əmin olduq.

Bildiyiniz kimi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə nə qədər sıx səmərəli əlaqələr var və bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir. Bu təşkilatın dəstəyi ilə həyata keçirilən "Dayaq" mentorluq proqramının ölkənin içtimai həyatında, o cümlədən yerli özünüidarə orqanlarında qadınların fəaliyyətinin artırılmasında nə qədər əhəmiyyətli rol oynadığı haqqında xeyli məlumat əldə etdik.

TDBB-nin baş katibi hörmətli Fahri Solakın fikirlərini çox maraqlı faydalı hesab edirəm və bir daha ona təşəkkürümü bildirirəm

Azərbaycanda bələdiyyələrin elektron portalının yaradılması və "Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu"nun nəşr olunması ilə bağlı məlumatlar da çox maraqlı oldu və bu tədbirlər də yerli özünüidarə orqanlarında qanunçuluğun möhkəmlənməsinə, aşkarlığın, şəffaflığın geniş tətbiq olunmasına imkanlar yaradacaqdır.

İnanıram ki, bu günkü konfransda səslənən fikirlər, tövsiyə və iradlar qarşıdakı illərdə bələdiyyələrin fəaliyyətinin müasirləşdirilməsinə, mövcud çatışmazlıqların aradan qaldırılmasına bu sahədə görülən işlərə öz töhfəsini verəcəkdir

Tədbirdə iştirak və çıxış etdiklərinə görə dəyərli qonaqlarımıza, həmkarlarımıza minnətdarlığımızı bildirirəm və konfransı bağlı elan edirəm.

Sağ olun.

Bakı şəhəri,
Hilton oteli
03.03.2015
Keçidlər