X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikasının Konstitusiyası və Ombudsman təsisatının inkişafı



Müasir dövrümüzdə hər bir dövlətin sivil inkişafı, demokratik dəyərlərə sadiqliyi, ilk növbədə, onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil Azərbaycan Respublikasında 20 il bundan öncə - 12 noyabr 1995-ci il tarixində bilavasitə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə ilk milli Konstitusiyamız ümumxalq səsverməsi ilə qəbul edilmişdir.

Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürərək bununla bağlı yaradılmış xüsusi Komissiyaya şəxsən rəhbərlik edən ümummilli lider Heydər Əliyev xalqımızın milli mənəvi dəyərlərini, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq müasir Konstitusiyanı yaratmaqla hüquqi dövlətin Azərbaycan modelini gerçəkləşdirmişdir.

Ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən və ali hüquqi qüvvəyə malik olan Konstitusiyamızda demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edilmiş, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.

Əsas qanunun qəbulundan sonra ümummilli liderin rəhbərliyi ilə ictimai həyatın bütün istiqamətləri üzrə, xüsusilə hüquq sahəsində köklü islahatlara başlanılmış, yeni məhkəmə sistemi formalaşdırılmış, demokratik dövlətə xas olan təsisatlar, o cümlədən konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi yaradılmışdır. Eyni zamanda, dövlətin cəza siyasətində əsaslı dəyişikliklər edilərək cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verilmiş, ölkəmizdə Əfv institutu bərpa olunmuş, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmişdir.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatının yaradılması ideyası ilk dəfə 22 fevral 1998-ci il tarixdə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanla gündəmə gəlmiş, bundan qısa müddət sonra 18 iyun tarixli Sərənjamla təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda isə həmin institutun yaradılması ilə bağlı konkret tapşırıq nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, insan hüquqları sahəsində mühüm fundamental sənəd olan Dövlət Proqramının fəlsəfəsi sonrakı dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək 2006-cı ildə "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın və 2011-ci ildə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul olunması hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasına öz töhfəsini vermişdir.

Eyni zamanda ilk Dövlət Proqramının qəbul olunduğu gün, yəni iyunun 18-nin ölkə Prezidentinin 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda insan hüquqları günü elan edilməsi dövlət başçısının bu sahəyə verdiyi xüsusi önəmin növbəti təzahürü olmuşdur.

Cəmiyyətimizin sürətli inkişafı Konstitusiyamızın da təkmilləşdirilməsini şərtləndirmiş, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Əsas qanuna insan hüquqlarının müdafiəsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişikliklər və əlavələr edilmişdir. Qeyd olunmalıdır ki, 2002-ci ildə keçirilən referendum zamanı edilən dəyişikliklər nəticəsində hər bir kəsin Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ müəyyən olunaraq fərdi şikayət institutunun tətbiqinə başlanılmışdır.

Əsas Qanunumuzun 20 illiyinə həsr olunan hüquq ictimaiyyətinin iştirakı ilə ötən ay keçirilmiş beynəlxalq konfransda Konstitusiyamızın zəngin inkişaf yoluna nəzər salınmış, ölkəmizin demokratik dəyərlərə sadiqliyi və insan hüquqlarının müdafiəsinə xüsusi önəm verməsi bir daha vurğulanmışdır.

İnsan hüquqları sahəsində tənzimləyici milli mexanizmlərin təkmilləşdirilməsi işi davam etdirilmiş, ölkəmiz bu sahədə mühüm beynəlxalq sənədlərə qoşulmuş, konvension normaların implementasiyası baxımından "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun böyük əhəmiyyəti olmuşdur.

Qeyd olunmalıdır ki, hazırda müxtəlif idarəetmə formalarına və hüquq sistemlərinə malik olan 100-dən artıq dövlətdə fəaliyyət göstərən Ombudsman təsisatının Azərbaycanda yaradılmasını da insan hüquqlarının müdafiəsi sahəsində aparılan demokratik hüquqi islahatlar şərtləndirmişdir.

Ölkəmiz üçün yenilik olan Ombudsman institutunun təsis olunması ilə bağlı dövlət, ictimai və beynəlxalq qurumlarla əməkdaşlıqda gərgin iş aparılaraq konkret strategiya müəyyən edilmiş, son nəticədə 28 dekabr 2001-ci il tarixdə İnsan hüquqları üzrə müvəkkil institutu təsis olunaraq onun yüksək hüquqi statusu, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa olunması mexanizmi Konstitusiyamızın ayrılmaz hissəsi olan Konstitusiya Qanunu səviyyəsində müəyyən olunmuşdur.

Ötən dövrdə Azərbaycanda bu institut uğurlu inkişaf yolu keçərək daha da müasirləşmiş, normativ-hüquqi bazası yenilənmiş, səlahiyyət dairəsi genişlənmişdir. Bununla bağlı İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya Qanununa 8 dəfə dəyişiklik edilmiş, bütövlükdə isə bu institutun tətbiqindən irəli gələn 50-dən çox normativ hüquqi akt qəbul olunmuşdur.

Göstərilən hərtərəfli dövlət dəstəyi nəticəsində Ombudsman təsisatının maddi-texniki potensialı gücləndirilmiş, son on ildə quruma ayrılan büdcə vəsaiti 5 dəfəyədək artırılmış, regional mərkəzlərinin yaradılması isə əhalinin müraciət imkanlarını asanlaşdıraraq pozulmuş insan hüquq və azadlıqlarının bərpası ilə bağlı məsələlərin operativ həllini təmin etmişdir.

İnsan hüquqları üzrə müvəkkilin öz vəzifələrini lazımı qaydada yerinə yetirməsi üçün beynəlxalq təcrübədə mövcud olan bütün təminatlar, o cümlədən dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi, maddi və sosial təminatları qanunvericilikdə öz əksini tapmışdır.

Bununla yanaşı, Ombudsmanın səlahiyyət müddətinin həm Prezidentin, həm də Milli Məclis deputatlarının səlahiyyət müddətindən daha çox müəyyən edilməsi onun müstəqilliyinin əlavə təminatına xidmət edir.

Ombudsmana digər hüquqlarla yanaşı,

- məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar şikayətlərə baxmaq,

- istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq,

- həmin yerlərin rəhbərliyi tərəfindən qəbul edilmək,

- saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək

kimi hüquqların verilməsi bu təsisatın operativ fəaliyyətinə, insanları narahat edən məsələlərin təxirə salınmadan həllinə imkan verir.

Ümumiyyətlə, Azərbaycanda Ombudsmanın fəaliyyəti bir çox dünya ölkələri ilə müqayisədə daha çoxşaxəlidir və İnsan hüquqları üzrə Müvəkkil bu gün uşaq hüquqlarının qorunması, informasiya əldə etmək hüququnun dövlət orqanları tərəfindən təmin edilməsi və s. sahələrdə də çox mühüm funksiyaları yerinə yetirir.

Eyni zamanda, Ombudsman tərəfindən dövlətimizin və cəmiyyətimizin maraqları naminə bir çox qlobal məsələlərin gündəmə gətirilməsi, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları, soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca əhəmiyyətlidir.

Hesab edirik ki, müasir dünyamızda gedən hazırki proseslər, beynəlxalq səviyyədə mövcud olan ikili standartlar, kütləvi insan tələfatlarına gətirib çıxaran ekstremizm tendensiyaları bütün mütərəqqi qüvvələri insan haqlarının müdafiəsi, pozulmuş hüquqların bərpası, qaçqın və məcburi köçkün məsələlərinə xüsusi diqqət yetirilməsinə səfərbər etməlidir. Qeyd etməliyəm ki, bu baxımdan "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun qəbulu da əhəmiyyətli olmaqla, ölkəmizdə tolerantlıq və multikulturalizm mühitinin daha da inkişafına öz töhfəsini verəcəkdir.

Ombudsman institutunun fəaliyyətinin səmərəliliyi nəinki ölkədaxili, həm də beynəlxalq səviyyədə ictimaiyyətin diqqətindədir. Belə ki, konvension öhdəliklər üzrə hesabatların təqdim edilməsi zamanı, xüsusilə universal dövri icmal mexanizmi çərçivəsində Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlığın qurulması, onun şəffaf və obyektiv fəaliyyəti üçün potensialın gücləndirilməsi məsələlərinə önəmli yer ayrılır.

Dövlət strukturları ilə vətəndaş cəmiyyəti arasında mühüm əlaqələndirmə funksiyasını həyata keçirən Ombudsman təsisatı ölkəmizdə ictimai nəzarət elementlərinin hərtərəfli inkişafına təkan verir, vətəndaş cəmiyyəti institutlarını insanların problemlərinin həllinə yardımçı olmağa səfərbər edir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz dəfələrlə öz çıxışlarında vətəndaşlarımızın hüquqlarının qorunması baxımından ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır.

Həmçinin, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının məhz Ombudsmana həvalə olunması da dövlətin bu quruma böyük etimadının göstəricisi olmuşdur. Yeri gəlmişkən qeyd etməliyəm ki, bu ərəfədə BMT-nin İşgəncələrə qarşı Komitəsində adıçəkilən Konvensiya üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinə baxılarkən Ombudsmanın təqdim etdiyi əlavə hesabat da böyük maraqla dinlənilmişdir.

Bu sahədə fəaliyyətin təmin edilməsi məqsədilə Ombudsman aparatında Milli preventiv qrup yaradılmış, Ombudsmanda olduğu kimi, qrup üzvlərinin də qanunvericilikdə istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən müvəqqəti saxlama yerlərinə, penitensiar müəssisələrə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə baş çəkməsi ilə bağlı geniş səlahiyyətləri müəyyən olunmuşdur.

Qeyd olunmalıdır ki, milli preventiv qrup yarandığı vaxtdan fəal şəkildə çalışaraq Ədliyyə Nazirliyinin penitensiar müəssisələrinə mütəmadi olaraq başçəkmələr həyata keçirir, məhkum və təqsirləndirilən şəxslərlə görüşürlər. Belə ki, Ombudsman və qrup üzvləri təkcə ötən il və cari ilin on ayı ərzində 180 dəfə bu müəssisələrdə olmuşlar. Həmin başçəkmələrin nəticələri üzrə Müvəkkilin tövsiyələri və təklifləri penitensiar sahədə islahatların davam etdirilməsi prosesinə öz töhfələrini verməkdədir.

Ümumiyyətlə, fəaliyyətə başladığı vaxtdan Ombudsman təsisatı ilə Ədliyyə Nazirliyi arasında faydalı işgüzar əlaqələr qurularaq məhkəmə qərarlarının icrası, penitensiar və ədliyyənin digər sahələrində qarşılıqlı əməkdaşlıq həyata keçirilir, Ombudsmanın nazirliyə daxil olan hər bir müraciəti hərtərəfli araşdırılır, tövsiyələrinə xüsusi diqqətlə yanaşılır.

Beləliklə, dövlətimizin və cəmiyyətimizin tərəqqisi naminə görülən ardıcıl, məqsədyönlü və genişmiqyaslı işlər, o cümlədən Ombudsman institutunun davamlı inkişafı Konstitusiyamızda müəyyən olunmuş ali məqsədlərə nail olunmasına - insan və vətəndaş hüquq və azadlıqlarının təminatına xidmət edir.

Toğrul MUSAYEV,
Azərbaycan Respublikası
ədliyyə nazirinin müavini
II dərəcəli dövlət ədliyyə müşaviri

"Qanunçuluq" jurnalı
№ 11 - noyabr 2015-ci il

Keçidlər