X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə" (2015-ci il üzrə) Ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

İlk növbədə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş azad, demokratik, ədalətli və şəffaf seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə Sizi Ədliyyə işçiləri adından təbrik edirəm, qarşıdakı beş ildə vətənimizin tərəqqisi, ölkəmizin qanunvericilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətindəki dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli deputatlar!

"Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 2015-ci il üzrə illik məruzə diqqətinizə təqdim olunur:

Dünyada artan qlobal iqtisadi böhran şəraitində Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi inkişaf davam etdirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müdrik siyasəti uğurla davam etdirilərək, regionda səmərəli əməkdaşlığa, sülhə və sabitliyə xidmət edən nəhəng layihələrin həyata keçirilməsinə nail olunmuşdur. Həmçinin, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərdə yüksək təmsilçiliyi, qitənin tarixində ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməsi dövlətimizin güclü siyasi iradəsini və böyük beynəlxalq nüfuzunu təcəssüm etdirmişdir.

Noyabrın 1-də azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkiləri isə xalqımızın həmrəyliyinin, ölkəmizin demokratik tərəqqisinin təzahürü olmuşdur.

Ölkəmizdə demokratik institutların inkişafının təmin edilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması, o cümlədən yerli demokratiyanın inkişafı daim diqqət mərkəzində olmuş və bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Yerli özünüidarə sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanunun icrasını təmin etmək üçün 202 bələdiyyənin birləşməsi nəticəsində yaradılmış 93 bələdiyyə üzrə müvafiq komissiyalar tərəfindən təhvil-təslim işləri başa çatdırılmış və bununla bağlı Nazirlər Kabinetinə hesabat verilmişdir (Bildirmək istəyirəm ki, bu birləşmələrdən sonra bələdiyyələrin sayı 1607 olmuşdur).

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında bələdiyyələrin cəmiyyətdəki əhəmiyyətli roluna toxunmuş, eyni zamanda onların fəaliyyətində qanun pozuntularına yol verilməsi, öz səlahiyyətlərini qanunvericiliyə uyğun icra etməməsi kimi iradlar bildirmiş və belə halların qarşısının alınmasına dair göstəriş vermişdir.

Ədliyyə Nazirliyi ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti gücləndirmiş, korrupsiya və başqa hüquqpozmalara qarşı mübarizənin səmərəliliyinin artırılması məsələləri nazirliyin kollegiya iclaslarında və əməliyyat müşavirələrində müntəzəm müzakirə edilmiş və onların icrası nəzarətdə saxlanılmışdır. İnzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının işinin yaxşılaşdırılması, regional ədliyyə şöbələrinə metodiki köməkliyin gücləndirilməsi, bu sahədə çalışan kadrların bilik səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmiş, inzibati nəzarətin qanunvericiliyin tələblərinə ciddi riayət etməklə həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir.

Bələdiyyələr tərəfindən qanunsuz torpaq satışı və torpaq sahələrinin zəbt edilməsi hallarının qarşısının alınması, bələdiyyə nümayəndələri ilə maarifləndirmə işinin yaxşılaşdırılması, bələdiyyələr üçün metodiki vəsaitlərin hazırlanmasına dair bir sıra tədbirlər həyata keçirilmişdir. Bələdiyyələr tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, onların keyfiyyətli araşdırılması, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması məsələləri xüsusi nəzarətə götürülmüşdür.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun 6-cı maddəsinə uyğun olaraq bələdiyyələr tərəfindən qəbul edilmiş 58928 aktın inzibati nəzarət qaydasında hüquqi ekspertizası keçirilmişdir.

Cari ildə təqdim olunmuş aktlardan 56700-ü qanunvericiliyə uyğun hesab edilmiş, 2007 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilmişdir.

Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1169 akt ləğv edilmiş, 531 akt dəyişdirilmiş, digərlərinə isə baxılmaqdadır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 19 iddia qaldırılmışdır.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində il ərzində 2006 bələdiyyə aktının hüquqi ekspertizası keçirilmişdir.

Aktların ekspertizası zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3560 tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması və qarşısının alınması məsələləri qoyulmuşdur.

Bu il bələdiyyələr tərəfindən qanunsuz olaraq 47 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1359 ha torpaq sahəsinin icarəyə və istifadəyə verilməsi haqqında qərarlar Nazirliyin təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmiş, bununla da cəmi 1406 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Bunlardan, 1370 ha torpaq sahəsi kənd təssərüfatı təyinatlı torpaq sahələri olmuşdur.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə zidd olaraq bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə inzibati xəta haqqında 388 protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olmuşdur. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, 57 protokol üzrə isə müraciətlər məhkəmələrdə baxılmaqdadır.

Qanunsuz aktların ləğvi və ya dəyişdirilməsi ilə bağlı verilmiş təkliflərin ümumiləşdirilməsi aparılarkən həmin aktlar üzrə aşağıdakı hüquq pozuntuları müəyyən edilmişdir:

- bələdiyyə qərarlarında torpaq sahələrinin kateqoriyalarının düzgün göstərilməməsi;

- torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi;

- icarə müqavilələrinin birtərəfli qaydada qanunazidd ləğv edilməsi;

- yerli büdcənin düzgün tərtib edilməməsi;

- yerli büdcədən ayrılmış vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarının bələdiyyə qərarlarında göstərilməməsi;

- vergi güzəştlərinin qanunvericiliyə uyğun tətbiq edilməməsi;

- "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamədə müəyyən edilmiş ərazi aidiyyəti prinsipinin pozulması.

2015-ci ildə Nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2093 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 1845-i mahiyyəti üzrə baxılmış, 248-i aidiyyəti üzrə baxılması üçün digər orqanlara göndərilmişdir. Vətəndaşların müraciətlərindən 127-si təmin edilmişdir.

Müraciətlərə baxılarkən aşkar edilmiş qanun pozuntularının gələcəkdə qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə 295 tövsiyə göndərilmişdir.

Beləliklə, bələdiyyələrin fəaliyyəti ilə bağlı ümumilikdə il ərzində 3855 tövsiyə verilmişdir.

İnzibati nəzarət icraatı qaydasında aktların və müraciətlərin araşdırılması zamanı aşkar edilmiş qanun pozuntuları əsasında toplanmış 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.

Göndərilmiş materiallar əsasən torpaqların qanunsuz ayrılması, korrupsiya hüquqpozmaları, fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan müxtəlif təyinatlı torpaqların zəbt edilməsi, bəzi hallarda həmin torpaqlar üzərində qanunsuz tikinti aparılması və maliyyə pozuntusu faktları ilə bağlı olmuşdur.

Prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər səbəblər və əsaslar müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanılmış, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılmış və bələdiyyə sədrləri məhkum olunmuşlar. Cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanılması rədd edilmiş, digərləri isə baxılmaqdadır.

Vətəndaşların müraciətləri əsasında aparılmış araşdırmaların təhlili nəticəsində bələdiyyələrin fəaliyyətində aşağıdakı hüquq pozuntuları müəyyən edilmişdir:

- bələdiyyə iclaslarında müzakirə edilmədən bələdiyyə sədrləri tərəfindən torpaqların və maliyyə vəsaitlərinin ayrılmasına dair təkbaşına qərar qəbul edilməsi;

- zəbt edilmiş bələdiyyə torpaqlarının boşaldılması ilə bağlı tədbir görülməməsi;

- kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun ayrılmaması;

- torpaqların sonuncu hərrac və ya müsabiqə zamanı müəyyən edilmiş həddən aşağı qiymətə satılması yolu ilə bələdiyyə büdcəsinə zərər vurulması;

- maliyyə vəsaitlərinin xərclənməsini əsaslandıran sənədlərin olmaması və ya ödənişlərin nağdsız qaydada aparılmaması, yerli büdcəyə mədaxil olunmadan qanunsuz xərclənməsi;

- bələdiyyə sədrinin xəzinədar vəzifəsini icra etməsi;

- bələdiyyənin maliyyə-təsərrüfat, mühasibat uçotu sənədlərinin yeni bələdiyyə sədrinə təhvil verilməməsi.

Həyata keçirilən tədbirlər nəticəsində qanunsuz satılan və icarəyə verilən torpaq sahələrinin sayı xeyli azalmış, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin qanunsuz zəbt olunması halları aşkar olunaraq, müvafiq hüquqi tədbirlər həyata keçirilmişdir. Ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin fəaliyyətində yol verilmiş hüquq pozuntularının qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi və cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə prokurorluq orqanlarından daxil olmuş 7 təqdimat Nazirliyin əməkdaşlarının iştirakı ilə bələdiyyələrdə geniş müzakirə edilmişdir.

Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, fəaliyyəti araşdırılan bələdiyyələrdə yerli vergi və ödənişlərin bələdiyyə büdcəsinə ödənilməsinin təmin edilməməsi hallarına daha çox yol verilir. Bir çox bələdiyyələrdə vergi uçotunun lazımi qaydada təşkil edilməməsi onların büdcəsinin formalaşmasına mənfi təsir edir.

Eyni zamanda, bələdiyyə aktlarının elektron qaydada açıqlanmaması da aktual problemlərdən biridir. Bununla bağlı maarifləndirici tədbirlərin keçirilməsinə baxmayaraq, hazırda bələdiyyələrin çoxunda internet saytları yaradılması tam başa çatdırılmamışdır. Bu sahədə şəffaflığın təmin edilməməsi bələdiyyələrin fəaliyyəti barədə əhalinin məlumatsızlığı ilə nəticələnir ki, bu da öz növbəsində ictimai nəzarətin həyata keçirilməsinə mane olur və korrupsiya hallarına yol verilməsinə şərait yaradır.

Yerli özünüidarənin bir sıra aktual məsələləri üzrə forumlar, konfranslar, bir çox tədris kursları, seminar, təlimlər və s. tədbirlər təşkil olunmuş, kütləvi informasiya vasitələrində çıxışlar edilmişdir. Bələdiyyələrin maarifləndirilməsinə yönələn tədbirlər eyni zamanda digər aidiyyəti dövlət orqanları, qeyri hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.

2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvlərinin, həmçinin sədrlərinin tərkibinin yarıdan çox dəyişilməsi nəzərə alınaraq 2015-ci ildə onların maarifləndirilməsinə xüsusilə diqqət artırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Akademiyası ilə birgə 24 tədris kursu keçirilmiş və bu kurslara 940 nəfər bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir.

İl ərzində isə 84 seminar keçirilmiş və bu seminarlarda iştirak edən bələdiyyə üzvü və qulluqçularının dairəsi genişləndirilərək onların sayı 5090-a çatmışdır.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 17 seminar keçirilmiş, həmin tədbirlərə 931 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.

Bütövlükdə il ərzində 125 maarifləndirmə tədbiri keçirilmiş və bu tədbirlərə 7000-ə yaxın bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.

Tədris kursları və seminarların proqramlarında aktual mövzulara önəm verilmiş, bələdiyyələrin təklif və tələbatları nəzərə alınmışdır. Mövzular əsasən şəffaflığın artırılması, yerli büdcənin formalaşdırılması və ondan istifadə, əmək qanunvericiliyi, arxiv işinin təşkili, yerli vergi və ödənişlər və s. məsələlərlə bağlı olmuşdur.

Maarifləndimə tədbirlərinin təşkilində və keçirilməsində nazirliyin regional ədliyyə şöbələrinin imkanlarından geniş istifadə olunmuşdur.

İl ərzində 3 metodik vəsait və qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə bağlı bələdiyyələrə müvafiq tövsiyələr hazırlanmışdır.

Eyni zamanda, "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"nin 4 nömrəsi nəşr olunmuşdur.

Maarifləndirmə tədbirlərinin planlaşdırılması, keçirilməsi işində bələdiyyələrin milli assosiasiyaları ilə fəal əməkdaşlıq edilmiş, onların rəy və təklifləri öyrənilmişdir.

Yerli özünüidarəetmə məsələlərinin həllində milli assosiasiyaların rolu daha da artmışdır. Onlar bələdiyyələrin üzləşdikləri problemlərin həllində fəal iştirak edir, bələdiyyələri ölkəmizdə və xaricdə layiqincə təmsil edirlər. Hər il olduğu kimi, 2015-ci ildə də milli assosiasiyaların təşkilatçılığı ilə "Yerli demokratiya həftəsi" keçirilmişdir. Bu tədbirlər çərçivəsində yerli əhali ilə çoxsaylı görüşlər keçirilmiş, seçicilərin rəy və təklifləri öyrənilmişdir.

Yerli özünüidarə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilmiş, aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər təşkil edilmiş və ya belə tədbirlərdə iştirak edilmişdir.

Demokratik inkişafın təmin edilməsi, yerli özünüidarənin yaxşılaşdırılması istiqamətində Milli Məclisin qəbul etdiyi qanunlar da çox önəmlidir.

"Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Qanun qəbul olunmuş, bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsini təmin etmək məqsədi ilə "Bələdiyyə qulluğu haqqında" Qanuna dəyişikliklər edilmiş, bununla bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası" təsdiq edilmişdir.

Bu normativ hüquqi aktlar yerli demokratiyanın inkişaf etdirilməsi, bələdiyyənin fəaliyyətində şəffaflığın təmin edilməsi, kadr işinin səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.

Göstərilənlərlə yanaşı, torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə 30 sentyabr 2015-ci il tarixli qanunlarla müvafiq dəyişikliklər edilərək yeni normalar müəyyən edilmişdir.

Hörmətli deputatlar!

Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması və korrupsiya hallarının qarşısının alınması məqsədilə aşağıdakı təklifə baxılması məqsədəmüvafiq hesab olunur:

- "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq dövlət qurumlarında satınalmaların şəffaflığı təmin edilir. Bələdiyyələrdə isə satınalmalar qanunla tənzimlənmədiyi üçün müəyyən çətinliklər yaranır. Ona görə də, bələdiyyə satınalmalarına dair qanunun qəbul edilməsi bu sahədə şəffaflığın artırılmasına kömək edə bilər.

Bələdiyyələrin fəaliyyətinin qanunauyğun həyata keçirilməsini təmin etmək məqsədi ilə zəruri olan tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Keçidlər