X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə" (2016-cı il üzrə) Ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

"Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2016-cı il üzrə illik məruzə diqqətinizə təqdim olunur.

Dünyada mürəkkəb və ziddiyyətli proseslərin yaşandığı, qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü şəraitdə Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 2016-cı ildə ölkəmizin müstəqilliyi daha da möhkəmlənmiş, dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu davam etmişdir. Ölkədə sabitlik və təhlükəsizlik qorunub saxlanılmış, sosial-iqtisadi tərəqqi təmin edilmiş, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması üzrə məqsədyönlü islahatlar aparılmışdır.

Gələcək iqtisadi inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri müəyyən edilmiş, o cümlədən sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı bələdiyyələrin öhdəliklərinin artırılması, onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində tədbirlər nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısının fəal və uğurlu xarici siyasətinin təzahürü olaraq Azərbaycanın beynəlxalq imici günbəgün yüksəlmiş, dünyanın əksər dövlətləri ilə uğurlu əməkdaşlıq həyata keçirilmiş, ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən iqtisadi, siyasi, humanitar forumlara, möhtəşəm idman tədbirlərinə uğurla ev sahibliyi etmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçirilmiş referendum ölkə həyatında ən önəmli siyasi hadisə olmuşdur. Demokratik, şəffaf şəraitdə keçirilmiş referendumda seçicilərin aktivliyi Konstitusiyaya edilmiş dəyişikliklərin aktuallığını göstərməklə yanaşı, dövlət quruculuğunda həyata keçirilən islahatlara olan yüksək marağın nəticəsidir. Referendumun nəticələri göstərdi ki, xalq ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə inanır və onu dəstəkləyir.

Konstitusiyaya edilmiş dəyişikliklər dövlətin sosial, iqtisadi, siyasi həyatının ən mühüm sahələrində islahatlar aparılmasına, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, qanunverici, icra və məhkəmə hakimiyyətlərinin işinin, yerli özünüidarənin səmərəliliyinin artırılmasına, dövlət quruculuğunun təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq dövlət müstəqilliyinin bərpasının 25 illiyi bütün ölkədə böyük təntənə ilə qeyd edilmişdir. İldönümünün keçirilməsi müstəqil dövlət quruculuğu sahəsində ölkəmizin uğurlarının təsdiqi baxımından xüsusi əhəmiyyət daşımışdır.

Ən gənc təsisatlardan biri olan yerli özünüidarəetmə orqanları da bu illər ərzində özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə geniş vüsət alan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışdır.

Referendumla Konstitusiyaya əlavə edilmiş 1461-cı maddədə bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyətin müəyyən edilməsi yerli özünüidarəetmədə qanunçuluğun təmin edilməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" 30 dekabr 2016-cı il tarixli Fərmanı Bakı şəhəri üzrə ərazi planlaşdırılmasının, torpaqlardan istifadənin səmərəli təşkili və bu sahədə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi baxımından xüsusi önəm daşıyır.

Ölkəmizin sosial-iqtisadi inkişafı, demokratik ənənələrinin gücləndirilməsi istiqamətində qəbul edilmiş yeni dövlət proqramlarında da yerli özünüidarənin tərəqqisinə yönəlmiş tapşırıq və tövsiyələr verilmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" Ədliyyə Nazirliyinin Kollegiya iclasında geniş müzakirə edilərək, bu sənədin açıq hökumət prinsiplərinin tətbiqində, bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsi, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlığının yüksəldilməsi işində xüsusi əhəmiyyəti vurğulanmışdır. Milli Fəaliyyət Planının icrası üzrə iş planına uyğun olaraq nazirlik tərəfindən "Bələdiyyə üzvünün etik davranışı haqqında" qanun layihəsi hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Yerli özünüidarənin səmərəliliyinin artırılması, bələdiyyələrin işində qanunçuluğun təmin olunması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən maarifləndirici tədbirlərə xüsusi diqqət verilmişdir.

Belə ki, 2016-cı ildə bələdiyyələr üçün aktual olan insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Qanundan irəli gələn vəzifələr,  bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın və arxiv işinin təşkili mövzuları üzrə seminarlar keçirilmişdir.

Hesabat ilində, həmçinin bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında 20 tədris kursu, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında isə 5 kurs keçirilmiş, Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin də cəlb edildiyi bu kurslarda torpaqların idarə olunması, vergi xidmətinin təşkili, insan hüquq və azadlıqlarının təminatı sistemində yerli özünüidarəetmənin rolu və digər mövzular üzrə mühazirələr oxunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi muxtar respublikanın bələdiyyələri üçün 16 seminar təşkil etmiş, həmin seminarlara 810 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.

2016-cı ildə Vergilər Nazirliyinin Tədris Mərkəzində yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması və ödənilməsi, Bələdiyyə Vergi İnformasiya Sistemi  proqram təminatının iş proseduru mövzularında təlimlər keçirilmişdir.

Bələdiyyələrin milli assosiasiyaları tərəfindən hazırlanmış "Yerli vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi"nin tətbiqinə dair 8 zona seminarı, Bakı, Abşeron, Sumqayıt, Gəncə bələdiyyələrinin vergi mütəxəssisləri üçün təlimlər keçirilmişdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə "Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması" mövzusunda bələdiyyələrin büdcə komissiyasının sədrləri, baş mühasibləri və başqa aidiyyəti qulluqçular üçün 14 təlim keçirilmişdir.

Ümumilikdə bələdiyyələrin maarifləndirilməsi ilə bağlı il ərzində keçirilmiş 190 seminar, 19 təlim və 25 kursda 12 minədək bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. Maarifləndirici tədbirlərin sayı ötən illə müqayisədə 87 %, iştirakçıların sayı isə 71 % artıq olmuşdur.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi və bələdiyyə nümayəndələrinin hüquqi biliklərinin artırılması məqsədi ilə aktual mövzular üzrə "Fiziki şəxslərin əmlak vergisi ilə bağlı sənədlər toplusu", "Yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin məsuliyyətini müəyyən edən normalar toplusu", "Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili ilə bağlı",  "Bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi qaydalar", "Vergi yığımının təşkili işində yol verilmiş qanun pozuntuları barədə" və sair metodik vəsaitlər, tövsiyələr hazırlanmışdır.

Hesabat dövründə "Yerli özünüidarə haqqında" Avropa Xartiyası və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş prinsiplər və şərtlər rəhbər tutulmaqla bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyələrə hüquqi, metodiki yardımın yaxşılaşdırılması Nazirliyin Kollegiya iclasında müzakirə edilmiş, həmçinin işin səmərəliliyinin artırılması üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə və regional ədliyyə şöbələrinə əməli köməklik gücləndirilmişdir.

Hesabat ilində nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2015-ci illə müqayisədə 4%-dən çox - 2.187 müraciət daxil olmuşdur.

Müraciətlərdən 1.947-nə baxılaraq əsaslandırılmış cavab verilmiş, aşkar edilmiş qanun pozuntuları görülmüş tədbirlər nəticəsində aradan qaldırılaraq müraciətlərdən 166-sı təmin edilmiş, təmin olunan müraciətlərin sayı 2015-ci illə müqayisədə 31 % artmışdır.

Ölkə Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilmişdir. Ədliyyə nazirinin vətəndaşların səyyar qəbulları zamanı bələdiyyələrin fəaliyyətinə dair verilmiş 27 müraciət qısa müddət ərzində araşdırılaraq onlardan bir qismi təmin edilmiş, digərlərinə əsaslandırılmış cavablar verilmişdir.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu işi təkmilləşdirilmiş, Bakıya gəlmədən bölgə sakinlərinin müraciətlərinə baxılması üçün virtual qəbul təcrübəsinin genişləndirilməsi vətəndaşlar tərəfindən razılıqla qarşılanmışdır.

40 müraciətə baxılması zamanı cinayət əlamətləri aşkar edildiyindən onların bir qismi üzrə toplanmış sənədlər araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, digər qismi isə aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir.

Nazirliyə daxil olan 27 müraciət əsasında müvafiq bələdiyyələrdə araşdırmalar təyin edilmiş, bu zaman 18 bələdiyyənin fəaliyyətində daha ciddi qanun pozuntularına yol verilməsi müəyyən olunaraq toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.

İstintaq orqanları tərəfindən bütövlükdə 12 fakt üzrə cinayət işi başlanılmış, o cümlədən 1 fakt üzrə məhkəmənin ittiham hökmü çıxarılmış, digərləri üzrə araşdırma davam edir.

Yol verilən cinayət xarakterli faktların çoxu torpaq qanunvericiliyinin pozulması və bələdiyyə büdcəsinə xüsusilə küllü miqdarda ziyan vurulması ilə bağlıdır. İnzibati araşdırma nəticəsində Bakı şəhəri Sabunçu və Qala bələdiyyələrində, Abşeron rayonu Qobu bələdiyyəsində, Qusar rayonu Samur bələdiyyəsində, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsində, Şamaxı rayonunun Dədəgünəş, II Cabanı, Keçməddin, Həmyəli və digər bələdiyyələrdə çox ciddi qanun pozuntuları aşkar edilmişdir.

2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62.228 bələdiyyə aktı daxil olmuşdur (2015-ci illə müqayisədə 5,6 % çox olmuşdur). Daxil olmuş aktlardan 58.923-ü qanunvericiliyə uyğun hesab edilmiş, 3.087 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunmuşdur. Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 833 akt ləğv edilmiş, 559 akt dəyişdirilmişdir. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 28 iddia qaldırılmışdır. Onlardan 10-u təmin edilmiş, 18-nə isə baxılmaqdadır.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.257 bələdiyyə aktının ekspertizası keçirilmişdir.

Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 6.370 ha torpaq sahəsinin icarəyə, 12 ha istifadəyə, 305 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə qanunsuz olaraq verilməsi müəyyən edilmiş və həmin qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə 8.359 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Bələdiyyə mülkiyyətinə qaytarılmış torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artmışdır.

Onlardan qanunsuz icarəyə və xüsusi mülkiyyətə verilmiş torpaqların əksəriyyəti (8.021 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını təqdim etmədiklərinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 156 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokollar əsasında 132 bələdiyyə sədri, o cümlədən təkrar pozuntulara yol verildiyinə görə 6 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunmuşdur.

1 mart 2016-cı il tarixdə qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsində mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsinə görə cərimənin artırılması və həyata keçirilmiş maarifçilik tədbirləri inzibati hüquq pozuntularının azalmasına əhəmiyyətli təsir etmişdir.

Bələdiyyə aktlarının ekspertizası zamanı və müraciətlərə baxılarkən ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4.246 tövsiyə göndərilmişdir. Həmin tövsiyələrdə bələdiyyənin fəaliyyətində yol verilən nöqsanlar və onların həlli yolları göstərilmiş, bunlar bələdiyyə iclaslarında müzakirə olunmuş, müvafiq tədbirlər görülərək inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarına məlumat verilmişdir.

Nazirliyə daxil olmuş vətəndaş müraciətlərinin və bələdiyyə aktlarının təhlili nəticəsində bələdiyyələrin fəaliyyətində xarakterik hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar müəyyən edilmişdir. Bunlardan bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsi, hərrac və müsabiqə qaydaları pozulmaqla torpaqların icarəyə verilməsi və ya satılması, torpaqların icarəyə və ya xüsusi mülkiyyətə verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması, bələdiyyə büdcəsinin qanunsuz xərclənməsi, yerli vergi və ödənişlərin yığılmasının təmin edilməməsi, yerli əhəmiyyətli sosial-iqtisadi inkişaf proqramlarının olmaması və sair qeyd etmək olar.

Yol verilmiş qanun pozuntuları və nöqsanların müəyyən edilərək qarşısının alınması üçün nazirlik tərəfindən bələdiyyələrdə torpaq sahələrinin ayrılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinə dair ümumiləşdirmə aparılmış, bunun nəticəsi olaraq "Torpaq qanunvericiliyinin  pozulması hallarının qarşısının alınması və kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi ilə bağlı" tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilmiş, hüquq pozuntularına qarşı profilaktikanın gücləndirilməsi məqsədi ilə regional ədliyyə qurumlarına zəruri metodiki köməklik göstərilmişdir.

Ötən il yerli özünüidarəetmə orqanları ilə iş sahəsində bələdiyyələrin milli assosiasiyaları fəal iştirak etmişlər. Onların təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendumda "Bələdiyyə təşəbbüs qrupu" və "Bələdiyyə təşviqat qrupu" yaradılmış və bu qruplar səmərəli fəaliyyət göstərmişlər. Milli assosiasiyaların və Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Litva, Latviya və Estoniya respublikalarının səfirliklərinin nümayəndələrinin iştirakı ilə "Multikulturalizmin inkişafında bələdiyyələrin rolu" mövzusunda konfrans təşkil olunmuş, assosiasiyaların ümumi yığıncaqları və bir sıra maarifçilik tədbirləri keçirilmişdir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə uyğun olaraq milli assosiasiyaların təşəbbüsü ilə 31 oktyabr - 6 noyabr tarixdə "Yerli demokratiya həftəsi", 14-15 noyabr tarixdə isə Şəmkir şəhərində "Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi mövzusunda konfrans keçirilmiş, konfransın işində Milli Məclisin Regional məsələlər komitəsinin rəhbərliyi, deputatlar, aidiyyəti nazirliklərin nümayəndələri iştirak etmiş, mövzu ətrafında səmərəli müzakirələr aparılmış, təkliflər dinlənilmişdir.

Yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi məqsədilə milli assosiasiyaların təşkilatçılığı ilə bir qrup bələdiyyə sədri Latviya və Litvada səfərdə olmuş, bu ölkələrin bələdiyyələrinin təcrübəsini öyrənmişlər. Bununla yanaşı, Litva Respublikasının yerli özünüidarə orqanlarının təmsilçiləri milli assosiasiyaların dəvəti ilə ölkəmizə səfər etmişlər.

Yerli özünüidarə məsələləri ilə bağlı beynəlxalq əməkdaşlığa önəm verilərək Avropa Şurası və Avropa İttifaqının bir sıra tədbirlərində Ədliyyə Nazirliyinin əməkdaşları, bələdiyyələrin milli assosiasiyalarının və bələdiyyələrin nümayəndələri iştirak etmişlər.

Hörmətli deputatlar!

Bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsini zəruri edir. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədi ilə "Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq aşağıdakı təklifə baxılması xahiş olunur:

- bir çox bələdiyyələr tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla məhkəmədən  kənar, birtərəfli qaydada icarə müqavilələrinin ləğv edilməsi barədə qərarlar qəbul edilir.  Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrində torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsasları müəyyən edilsə də, həmin maddələrlə Mülki Məcəllənin oxşar münasibətləri tənzimləyən normaları arasında ziddiyyətlərin olması qanunun tətbiqini çətinləşdirir, bir sıra hallarda bələdiyyələr tərəfindən qanunsuz qərarlar qəbul edilməsinə şərait yaradır. Misal üçün, hüquqi şəxsin fəaliyyətinə xitam verildikdə və ya icarəçi torpaq sahəsindən könüllü imtina etdikdə icarə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi qaydası uzunmüddətli istifadəyə və ya icarəyə verilmiş, ancaq istifadə olunmayan min hektarlarla torpaq sahələrindən səmərəli istifadə imkanlarını çətinləşdirir. Ona görə də Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə yenidən baxılması məqsədəuyğundur.

Yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Keçidlər