X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İkinci illik konfransında çıxışı (İndoneziya, Bali, 22 noyabr, 2007-ci il)



KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ TƏSİRLİ QABAQLAYICI TƏDBİRLƏR:
AZƏRBAYCAN TƏCRÜBƏSİ

 

Hörmətli sədr,
Xanımlar və cənablar

Hər şeydən əvvəl, icazə verin, Konfransın yüksək səviyyədə təşkil olunmasına və səmimi qonaqpərvərliyə görə Assosiasiyanın Katibliyinə və İndoneziya Hökumətinə minnətdarlığımı bildirim.

Sevindirici haldır ki, gənc təşkilat olmasına baxmayaraq, Assosiasiyanın beynəlxalq imici sürətlə artır və müzakirəyə çıxarılan məsələlər xüsusi əhəmiyyət kəsb edərək, onun məqsəd və vəzifələri ilə sıx şəkildə uzlaşır. Problemin aktuallığı korrupsiyanın vurduğu ziyanı maksimum azaltmaq üçün beynəlxalq birliyin bütün səyləri birləşdirmək niyyətindən irəli gəlir. Bu da təsadüfi deyil. Necə deyərlər, "dünyanın özü qədər qoca" olan korrupsiyanın kökləri minilliklərin dərinliyinə gedib çıxır. Bu bəlanın adı bir çox qədim mənbələrdə, hətta Quranda və digər müqəddəs kitablarda da çəkilir.

Korrupsiya təhlükəsinin həddi-hüdudu yoxdur. İnsan fəaliyyətinin bütün sahələrinə təsir edərək korrupsiya siyasi, sosial həyatı pozur, yoxsulluğu dərinləşdirir, yoluna çıxan hər şeyi məhv edib, dağıdır. Bu gün "korrupsiya" sözü demək olar ki, bütün ölkələrin kütləvi informasiya vasitələrində daha çox işlədilən ifadədir. Sürətlə genişlənərək transmilli xarakter aldığına görə, hər yerdə korrupsiya üzrə fəal, praktiki əhəmiyyətli tədqiqatlar aparılır. Korrupsiya ilə mübarizədə təsirli qabaqlayıcı tədbirlərin axtarışına dünya birliyinin artan marağı da məhz bundan irəli gəlir.

Təsadüfi deyil ki, BMT-nin Qlobal proqramı, Transparensy İnternational beynəlxalq təşkilatının korrupsiya ilə mübarizə strategiyası, həmçinin bir sıra digər beynəlxalq antikorrupsiya proqramları belə bir tezisi nəzərdə tutur ki, korrupsiyanın profilaktikası onun güc vasitələrinin köməyi ilə müalicəsindən daha təsirli və sərfəlidir.

Bu tezisin doğruluğuna əmin olaraq bizdə - Azərbaycanda korrupsiya ilə qabaqlayıcı mübarizəyə yönələn vahid milli proqram işlənib hazırlanmış və həyata keçirilmişdir. Korrupsiya ilə mübarizə üzrə qlobal tədbirlər planının ilkin mərhələsi olan bu proqram nəzərdən keçirilən problemin bütün aspektlərini - siyasi, iqtisadi, təşkilati, hüquqi, əxlaqi və digər məsələləri nəzərdə tutmuşdur. Bu proqram korrupsiya ilə mübarizənin institusional və qanunvericilik bazasının əsasını qoymuş, əhalinin məlumatlandırılmasının yüksəlməsinə kömək etmiş, cəmiyyətin bütün nümayəndələrinin korrupsiyaya qarşı fəal müqavimətini stimullaşdırmış, dövlət qulluqçularının seçimi və vəzifədə irəliləməsinin şəffaf mexanizminin tətbiqini, lazımi davranış standartlarının müəyyən olunmasını təmin etmişdir.

Proqramın həyata keçirilməsini əlaqələndirən əsas orqan, tərkibinə hakimiyyətin hər 3 qolunun nümayəndələrinin daxil olduğu Korrupsiya ilə mübarizə komissiyasıdır. Komissiya korrupsiya ilə mübarizə üzrə milli siyasəti işləyib hazırlayan və bütün dövlət orqanlarının, eləcə də bu sahədə digər qurumların fəaliyyətini əlaqələndirən strateji orqandır.

Məhz ən yüksək səviyyədə dəqiq tənzimləmə həmin proqramın implementasiyasında səmərəli nəticələrin əldə olunmasına imkan vermişdir.

Bir sıra vacib qanunlar, o cümlədən korrupsiya ilə mübarizə haqqında, informasiya əldə etmək haqqında, inzibati icraat haqqında qanunlar qəbul olunmuş, BMT-nin korrupsiyaya qarşı Konvensiyasının tələbləri nəzərə alınmaqla cinayət qanunvericiliyi təkmilləşdirilmiş və digər tədbirlər həyata keçirilmişdir. Bütün bu dəyişikliklər məmurların diskresiyasının azalmasına, onların fəaliyyətində hesabatlığın və şəffaflığın təmin olunmasına yönəlməklə, ictimai funksiyaların yerinə yetirilməsi üzərində vətəndaş nəzarətinə şərait yaratmışdır.

Proqramın həyata keçirilməsinin nəticəsi dövlət orqanlarında vəzifəyə, o cümlədən hakimlərin, prokurorların, hüquq-mühafizə orqanları işçilərinin, diplomatların, həmçinin gömrük və vergi məmurlarının şəffaf müsabiqə əsasında təyinatları olmuşdur. Həmçinin, dövlət qulluqçularının etik davranış Qaydaları, hakimlərin, ədliyyə orqanları işçilərinin və digər məmurların etik kodeksləri qəbul olunmuşdur. Həmin davranış qaydaları ümumi xarakterli tələblərin məcmusu olmayaraq, korrupsiyaya qarşı BMT-nin qlobal Proqramında tövsiyə edildiyi kimi, konkret davranış standartlarını nəzərdə tutur və onların pozulmasına görə təsirli hüquqi məsuliyyət tədbirləri müəyyən edilmişdir. Bununla əlaqədar dövlət qulluqçularının ədalətli və kifayət qədər yüksək maddi təminatına xüsusi diqqət yetirilmişdir. Belə ki, son illərdə onların əmək haqqı orta hesabla 10-15 dəfə artmışdır. Onu da nəzərə almaq lazımdır ki, bu tədbirlər ərazimizin 20%-nin qonşu Ermənistan tərəfindən işğal olunması və nəticədə əhalinin səkkizdə bir hissəsinin və ya 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə əlaqədar yaranan sosial-iqtisadi problemlərə baxmayaraq həyata keçirilmişdir.

Şəffaflıq məsələləri də daim diqqət mərkəzindədir. Bencamin Franklin demişdir ki, "günəş işığı ən yaxşı dezinfektordur". Bu fikri kimsə "məhz şəffaflıq vaksin kimi bütün cəmiyyəti yoluxduran infeksiyanın qarşısını almağa və onu sağaltmağa imkan verəcək" sözləri ilə davam etdirmişdir. Ölkəmizdə bu yaxınlarda qəbul edilmiş və korrupsiya ilə mübarizədə növbəti mərhələ olan Şəffaflığın artırılması və korrupsiya ilə mübarizə üzrə Milli Strategiya məhz bu ideyaya söykənir.

Bu uzunmüddətli sənəd qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin daha sıx əməkdaşlığa cəlb olunması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi üzrə növbəti tədbirləri müəyyən etmiş, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını korrupsiya ilə mübarizədə əsas şərt kimi təsbit etmişdir.

Mükəmməl və səmərəli məhkəmə sistemi şübhəsiz ki, korrupsiya qarşısında ən ciddi səddir. Ən qədim zamanlarda meydana gəlmiş ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası indiyə qədər ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir.

İnsan hüquq və azadlıqlarına dair elə bir milli və ya beynəlxalq akt yoxdur ki, orada məhkəmələrin və hakimlərin müstəqilliyi haqqında normalar, məhkəmələrə maneəsiz müraciət etmək imkanı, ədalət mühakiməsinin müstəqil məhkəmələr tərəfindən ağlabatan müddətlərdə həyata keçirilməsi kimi insan hüquqlarının məhkəmə təminatı nəzərdə tutulmasın.

Lakin, aydındır ki, müstəqillik prinsipinin sadəcə bəyan edilməsi azdır. Məhkəmələrin müstəqilliyini və qərəzsizliyini real təmin etmək üçün dövlət tərəfindən təsirli hüquqi mexanizmlər nəzərdə tutulmalıdır.

Ədalət mühakiməsinin müstəqilliyinin və hər hansı müdaxilənin yolverilməzliyinin real təminatlarının qanunvericilik qaydasında təsbit edilməsi ilə yanaşı, fikrimizcə, hakimlərin təyinatının şəffaf qaydada həyata keçirilməsi, onların öz vəzifələrini həqiqətən müstəqil və qərəzsiz şəkildə yerinə yetirməsi az əhəmiyyət daşımır.

Yeni qaydalara uyğun olaraq vakant hakim vəzifələrinə namizədlərin seçimi məhkəmə hakimiyyətinin kollegial özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılmış Hakimlərin Seçki Komitəsi tərəfindən ən şəffaf və demokratik prosedurlar əsasında müsabiqə yolu ilə həyata keçirilir. Azərbaycanda hakimlər yalnız Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında işə təyin və işdən azad olunurlar.

Bununla yanaşı, hakimin tutduğu vəzifədən azad edilməsinin qeyri-mümkünlüyü eləcə də, məhkəmə səlahiyyətinin sərbəst dəyişdirilməsinin qeyri-mümkünlüyü konkret işdə hakimin müstəqilliyini və qərəzsizliyini real təmin edir. Ölkəmizdə hakimlərin dəyişilməzliyinin təmin olunması üçün onların ömürlük təyinatı nəzərdə tutulmuşdur. Müstəqillik baxımından dövlət tərəfindən hakimlərin lazımi maddi təminatı da az əhəmiyyət daşımır. Bunun üçün ölkəmizdə ardıcıl tədbirlər görülür, 2000-ci illə müqayisədə onların əmək haqqı 25 dəfə artmışdır. Eyni zamanda, məhkəmələrin infrastrukturunun, informasiya və digər təminatının yaxşılaşdırılması məqsədilə Dünya Bankı ilə birgə məhkəmə sisteminin müasirləşdirilməsi layihəsi həyata keçirilir.

Məhkəmə sistemində aşkarlığa və açıqlığa, ədalət mühakiməsi hüququnun daha geniş təminatına da xüsusi diqqət yetirilir. Bütün bu tədbirlər ictimaiyyətin məhkəmə sisteminə inamının yüksəlməsinə şərait yaratmış və nəticədə məhkəməyə müraciətlərin sayı xeyli artmışdır.

Məlumdur ki, ictimai rəyin formalaşmasında vətəndaş cəmiyyəti institutunun və KİV-in rolu böyükdür. Onlar potensial korrupsiyaçılar üçün aşkar edilmək risqini artırır, vətəndaşların korrupsiyaya qarşı dözümsüzlüyünün səviyyəsini yüksəldir, cəmiyyəti korrupsiyaya qarşı mübarizəyə səfərbər edir. Bununla əlaqədar Milli Strategiya vətəndaş cəmiyyəti institutlarını, kütləvi informasiya vasitələrini və özəl bölməni strategiyanın yerinə yetirilməsi üzrə tərəfdaşlar kimi müəyyən etmişdir. Bundan əlavə, əhalinin hüquqi savadının yüksəldilməsi, siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə proqramlara yardım göstərilməsi hazırda ölkəmizdə həyata keçirilən qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının prioritet istiqamətləridir. Buna əyani misal olaraq, Korrupsiyaya qarşı mübarizə Komissiyası tərəfindən şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahələrində həyata keçirilən qrant proqramlarını göstərmək olar.

Hörmətli xanımlar və cənablar!

Sonda ümid etdiyimi bildirmək istərdim ki, bu mötəbər konfrans, apardığımız fikir və təcrübə mübadiləsi korrupsiya ilə mübarizə fəlsəfəsinin, onun qarşısının alınması üzrə ən yaxşı təcrübənin inkişafına dəyərli töhfə olacaq və bu mühüm işə yeni təkan verəcək. Əminəm ki, "Nulla difficultas tanta est, quam mens human non vincat - elə bir çətinlik yoxdur ki, insan şüuru ona qalib gələ bilməsin" qədim kəlamında deyildiyi kimi, biz mütləq uğur qazanacağıq.

Diqqətinizə görə təşəkkür edirəm!



İndoneziya, Bali, 22 noyabr, 2007-ci il

Keçidlər