X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə" (2017-ci il üzrə) Ədliyyə nazirinin müavini Vilayət Zahirovun Azərbaycan Respublikasının Milli Məclisində çıxışı



Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

“Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2017-ci il üzrə illik məruzə diqqətinizə təqdim olunur.

Qeyd etmək istəyirəm ki, keçən il illik məruzə dinlənilərkən Milli Məclisin plenar iclasında, həmçinin Regional Məsələlər Komitəsində irəli sürülmüş təkliflər,tövsiyələr diqqətlə öyrənilmiş və nəzərə alınmışdır.Bir neçə gün əvvəl Regional Məsələlər Komitəsində bu il təqdim olunan illik məruzənin geniş, konstruktiv müzakirəsi keçirilmiş, deputatlar, iclas iştirakçıları tərəfindən bir çox dəyərli fikirlər səslənmişdir. Bildirmək istəyirəmki, bu səslənən fikirlər diqqətlə təhlil olunacaq bələdiyyələrin işinin təşklində, inzibati nəzarətin həyata keçirilməsində nəzərə alınacaqdır.

Hörmətli deputatlar!

Yola saldığımız 2017-ci il ölkəmizin tarixində geniş, hərtərəfli, sürətli islahatlar ili kimi yadda qalacaqdır. Ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildə ölkəmizin sabit və təhlükəsiz inkişafı təmin edilmiş, ardıcıl və məqsədyönlü islahatlar aparılmaqla sosial-iqtisadi tərəqqiyə nail olunmuş, iqtisadiyyatımızın bütün istiqamətlərində, xüsusilə qeyri-neft sektorunda artım müşahidə edilmiş, ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, turizmin inkişafı, əhalinin məşğulluğunun yaxşılaşdırılması üzrə mühüm tədbirlər həyata keçirilmişdir.

Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü şəraitdə Azərbaycan iqtisadi rəqabət qabiliyyətliliyinə görə Davos Dünya İqtisadi Forumunun hesabatında 140 ölkə arasında 35-ci yerə yüksəlmiş və MDB məkanında liderliyini qoruyub saxlamışdır.

Ölkəmizin təşəbbüskarı olduğu irimiqyaslı neft və qaz layihələrinin uğurla həyata keçirilməsi, "Əsrin kontraktı"nın müddətinin uzadılması ilə bağlı yeni sazişin imzalanması, həmçinin Avropa ilə Asiyanı birləşdirən dünya əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi regionda sülhə və sabitliyə, iqtisadi inkişafa böyük töhfə olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu yol Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməklə onun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini daha da artıracaqdır.

Multikultural və tolerant dəyərlərə sadiq ölkə kimi tanınan Azərbaycanda 2017-ci il "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilmiş dünyamiqyaslı mühüm ictimai-mədəni tədbirlər, mötəbər beynəlxalq forumlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə ölkəmizin uğurla ev sahibliyi etdiyi "IV İslam Həmrəyliyi Oyunları" dövlətimizin qüdrətini bir daha dünyaya nümayiş etdirmişdir.

Yola saldığımız ildə "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyasına uyğun olaraq demokratik quruluşun əsaslarından biri olan yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə də mühüm tədbirlər görülmüş, bir sıra yeni normativ hüquqi aktlar qəbul edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Qanun qəbul edilmiş, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə qulluğu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Bələdiyyələrin statusu haqqında" qanunlara əhəmiyyətli dəyişikliklər edilmişdir.

Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi"nin Tədbirlər Planında bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması barədə tapşırığın icrası üçün Ədliyyə Nazirliyində aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılmış, 2017-ci il üçün tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Kənddə iş yerlərinin sayının çoxalmasına, kənd qadınları və gənclərinin kəndin sosial həyatında fəal iştirakına yönəlmiş bu işlər 2018-ci ildə də davam etdiriləcəkdir.

Yerli özünüidarə sahəsində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsi olaraq yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin iştirakı güclənmiş, onların əhali ilə əlaqələri xeyli yaxşılaşmış, bir çox sosial layihələrin uğurla yerinə yetirilməsi bələdiyyələrə olan inamı artırmışdır.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması və səmərəliliyinin artırılması, onlara metodiki köməkliyin gücləndirilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi məsələləri Ədliyyə Nazirliyi üçün prioritet olmaqla daim diqqət mərkəzində saxlanılmış və Nazirliyin iş planlarına bu barədə xüsusi tapşırıqlar daxil edilmişdir. Həmçinin, bu sahədə mühüm rol oynayan nazirliyin regional ədliyyə qurumlarının statusu yüksəldilmiş, bələdiyyə fəaliyyəti ilə bağlı səlahiyyətləri genişləndirilmişdir.

2017-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün 64.788 bələdiyyə aktı daxil olmuşdur. Onların hər biri diqqətlə öyrənilərək qanunvericiliyə uyğunluğu inzibati nəzarət qaydasında yoxlanılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olmayan 1.979 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunmuşdur. Onlardan 740-ı ləğv edilmiş, 714-ü dəyişdirilmiş, digərləri isə baxılmaqdadır.

Bələdiyyə aktlarının ləğvi və ya dəyişdirilməsi ilə bağlı nazirlik tərəfindən cəmi 3 halda, yəni əvvəlki ilə nisbətən 9 dəfə az məhkəmələrə müraciət olunmuşdur. Bu azalma, bələdiyyələrin ötən il qanunçuluğa daha ciddi riayət etmələri nəticəsində olmuşdur.

Bələdiyyə torpaqlarının idarə edilməsi, o cümlədən torpaqdan istifadə ilə bağlı bələdiyyələrlə aparılmış davamlı maarifçilik tədbirləri də öz bəhrəsini verməkdədir. Nəticədə 2016-cı illə müqayisədə torpaq qanunvericiliyinin pozulması halları əhəmiyyətli dərəcədə - 3 dəfədən çox azalmışdır.

Bütövlükdə 2.636 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.

Ekspertiza üçün mütləq təqdim olunan bələdiyyə aktlarının inzibati nəzarət orqanına vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində cərimə məbləğinin artırılması və müvafiq maarifləndirmə işi 2017-ci ildə bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən inzibati xətalara yol verilməsi hallarının da azalmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə 98 (2016-cı ildə 156) inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir.

Protokollar, eləcə də müraciətlər əsasında araşdırma zamanı ölkə üzrə bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4.378 tövsiyə göndərilmişdir (bələdiyyə torpaqlarının idarə olunması, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməsi, qanunvericiliyin izahı, yerli vergilərin yığılması və digər məsələlər barədə). Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının zəruriliyi göstərilmişdir.

2017-ci ildə Ədliyyə Nazirliyinə bələdiyyələrlə bağlı 2.252 müraciət daxil olmuşdur ki, onlardan 1.888-nə baxılaraq əsaslandırılmış cavablar verilmiş, 41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılmış, 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini taparaq təmin edilmişdir.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu işi təkmilləşdirilmiş, bölgə sakinləri üçün rahat və əlverişli şərait yaradılması məqsədi ilə virtual qəbul təcrübəsi genişləndirilmiş, nəticədə vətəndaşların müraciət etmə imkanları xeyli asanlaşmışdır.

Eyni zamanda daxil olan vətəndaş müraciətlərinə diqqət daha da artırılmış, müraciətlərdə göstərilən və şikayət üçün səbəb olan hallar ətraflı araşdırılmışdır. Müraciətlərə əsasən başlanılan inzibati nəzarət icraatları ilə 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlərin, o cümlədən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. qanunsuz əməllərin əlamətləri aşkar olunmuşdur. Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmiş və müvafiq tədbirlər görülmüşdür. İlin sonuna qədər 15 fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış, digər materiallar isə baxılmaqdadır.

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması yönündə tədbirlər davam etdirilir və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq gücləndirilir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı aşkar olunmuş xarakterik nöqsanlar, o cümlədən torpaq sahələrinin ayrılması ilə bağlı yol verilən qanun pozuntuları, bu halları doğuran səbəb və şərait, onların aradan qaldırılması üçün görülmüş tədbirlər üzrə ümumiləşdirmə və təhlillər aparılmışdır.

Bələdiyyə aktlarının təhlili göstərir ki, bir sıra bələdiyyələrdə bələdiyyə iclaslarının vaxtında çağırılması təmin edilmir, iclasların keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydalara əməl olunmur. Kollegiallıq prinsipinin pozulması, daimi komissiyaların işinin düzgün təşkil edilməməsi və bir sıra hallarda məsələlərin daimi komissiyalarda müzakirə olunmaması qanunsuz qərarların qəbul edilməsinə səbəb olur. Bir sıra bələdiyyələrdə hüquq komissiyalarının olmaması, mövcud komissiyaların işinin düzgün qurulmaması və ya hüquqi xidmətlərdən istifadə edilməməsi də bələdiyyə aktlarında nöqsanlara və qanunsuzluqlara yol açır.

Torpaqların idarə olunması məsələləri ilə bağlı qəbul olunmuş bir çox bələdiyyə aktlarında "Torpaq Məcəlləsi"nin, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq bazarı haqqında" qanunların və digər normativ hüquqi aktların tələblərinin pozulmasına yol verilmişdir.

Torpaqların zəbt olunması hallarının qarşısı alınmamış, zəbt olunmuş torpaqların boşaldılması üçün səmərəli tədbirlər görülməmiş, hətta bir sıra hallarda torpaqların münbit qatının dağıdılmasına yol verilmişdir.

Bələdiyyələrin əsas və dayanıqlı gəlir mənbəyi olan yerli vergi və ödənişlərin yığılmasında irəliləyiş olsa da, bu sahədə problemlər hələ də qalmaqdadır. Sosial layihələrin həyata keçirilməsində bələdiyyələrin fəallığının artırılması bu problemin həllindən çox asılıdır. Bununla yanaşı, vergi ödəyicilərinin ödənişdən yayınmalarının qarşısının alınmasını müəyyən edən hüquqi mexanizmlərin də yaradılması məqsədəuyğundur.

Bələdiyyə üzvləri və qulluqçularının, bir sıra hallarda isə vətəndaşların qanunvericiliyin tələblərini bilməməsi qanun pozuntularına yol açır, bəzən də əsassız şikayətlərin verilməsinə səbəb olur. Həmin şikayətlər daha çox vətəndaşlar tərəfindən zəbt edilmiş torpaqların azad olunmasına dair bələdiyyələrin qanuni tələblərinin yerinə yetirilməməsi, özbaşına tutulmuş torpaqların sənədləşdirilməməsi ilə bağlıdır.

Bələdiyyələrin fəaliyyətində qanun pozuntularının qarşısının alınması, qanunçuluğun gücləndirilməsi məqsədi ilə ardıcıl olaraq profilaktik və maarifçilik tədbirləri həyata keçirilir. Bir qayda olaraq maarifçilik tədbirlərinin mövzuları bələdiyyələrin təklifləri nəzərə alınmaqla müəyyən edilmiş və bu zaman məsələlərin aktuallığına, qanunvericilikdə olan yeniliklərə xüsusi diqqət yetirilmişdir.

Belə ki, 2017-ci ildə bələdiyyələr üçün aktual olan İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu, Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri, Bələdiyyə aktlarının qəbulu və icrası, Nağdsız hesablaşma və onun rolu, Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununda yeniliklər, Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili mövzuları üzrə seminarlar keçirilmişdir.

İl ərzində 184 təlim, konfrans və seminarlar keçirilmiş, bu maarifçilik tədbirlərinə 8.185 bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi də muxtar respublika bələdiyyələrinin maarifləndirilməsində yaxından iştirak edərək 15 seminar təşkil etmiş və həmin seminarlarda 750-dən çox bələdiyyə üzvü və qulluqçuları iştirak etmişlər.

Hesabat ilində, həmçinin bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 21 kurs keçirilmişdir. Bu kurslarda 714 nəfər iştirak edib, onlara insan hüquq və azadlıqlarının təminatı sistemində yerli özünüidarəetmənin rolu, bələdiyyə üzvləri və qulluqçularının etik davranış qaydaları, bələdiyyə torpaqlarının idarə olunması, vergi xidmətinin təşkili və digər aktual mövzular üzrə mühazirələr oxunmuşdur.

7 dekabr 2017-ci ildə Qəbələ şəhərində "Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər", 18 dekabr 2017-ci ildə Bakı şəhərində "Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr" mövzusunda keçirilmiş konfranslarda yerli özünüidarə məsələləri geniş müzakirə edilmiş, bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntuları, nöqsanlar, bələdiyyələrin məsuliyyəti məsələləri müzakirə edilmiş və müxtəlif təkliflər dinlənilmişdir.

Beləliklə, 2017-ci ildə ədliyyə orqanları tərəfindən 220 maarifçilik tədbiri keçirilmiş və bu tədbirlərə 9.649 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.

Bununla yanaşı, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi və bələdiyyə nümayəndələrinin hüquqi biliklərinin artırılması məqsədi ilə aktual mövzular üzrə Sahibkarlıq fəaliyyəti ilə bağlı normativ hüquqi aktlar toplusu, "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabı, Bələdiyyə qulluğuna qəbulda şəffaflıq, Bələdiyyə qulluqçularının etik davranış qaydaları, Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri, Bələdiyyə aktlarında vərəsəlik hüququna əməl olunması, Yaşayış məntəqəsinin torpaqlarından istifadənin hüquqi əsasları, Torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji Yol Xəritəsi"ndə bələdiyyələrin iştirakı, Bələdiyyə qərarlarının məzmunu və sairə üzrə 14 metodik vəsait və tövsiyələr hazırlanmışdır.

Göstərilənlərlə yanaşı, qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə, bələdiyyələrin məlumatlandırılması məqsədi ilə "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"nin 4 nömrəsi dərc olunmuşdur.

Maarifləndirmə tədbirlərində digər dövlət orqanlarının, yerli və xarici qeyri-hökumət təşkilatlarının imkanlarından da səmərəli istifadə olunur. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin birgə hazırladığı "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabı mövzunun aktuallığına görə dəyərli metodik vəsait olmaqla yanaşı, bu qəbildən olan ilk belə kitabdır. Vəsait Azərbaycan Turizm və Menecment Universitetinin təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş, Universitetin rəyi əsasında çap edilmişdir.

Bələdiyyələrin, habelə əhalinin yerli özünüidarə məsələləri ilə bağlı maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunaraq mətbuatda məqalələr yazılmış və televiziyada çıxışlar, verilişlər təşkil olunmuşdur. Bu tədbirlərdə Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin əməkdaşları və bələdiyyələrin milli assosiasiyalarının nümayəndələri fəal iştirak etmişlər. Yerli özünüidarəyə həsr olunmuş televiziya verilişlərində bələdiyyələrin fəaliyyəti geniş işıqlandırılmış, onların qarşılaşdığı problemlər müzakirə olunmuş, əldə olunan uğurlar barədə geniş məlumat verilmişdir. Bütövlükdə, il ərzində kütləvi informasiya vasitələrində 157 çıxış təşkil edilmişdir.

Yerli özünüidarəetmə orqanları ilə iş sahəsində bələdiyyələrin milli assosiasiyaları fəal iştirak etmiş, onların rolu daha da genişlənmişdir. Bələdiyyələrin maarifləndirilməsində, onlara metodiki kömək göstərilməsində, vergi və ödənişlərin yığılması işinin təşkilində assosiasiyaların gördüyü işlər çox önəmlidir. Milli assosiasiyaların təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin dəstəyi ilə bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədi ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının istifadəsinə dair zona seminarları keçirilmişdir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə uyğun olaraq, hər il olduğu kimi, milli assosiasiyaların təşəbbüsü ilə 30 oktyabr - 05 noyabr tarixlərində bələdiyyələrdə növbəti "Yerli demokratiya həftəsi" keçirilmişdir. Həmin tədbirlər öz mütəşəkkilliyi və məzmunu ilə seçilmiş, minlərlə insanın iştirakı təmin edilmiş, bələdiyyələrin işinə əhalinin marağını artırmış, "vətəndaş-bələdiyyə" "bələdiyyə-vətəndaş" əlaqələrinin möhkəmləndirilməsinə təkan vermişdir.

Beynəlxalq əməkdaşlığa önəm verilərək Budapeşt şəhərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"ndə tematik proqramın icrası üzrə iclasda, Vyanada isə "Yerli özünüidarəetmənin institusional əsaslarının möhkəmləndirilməsi" mövzusunda keçirilmiş tədbirdə ölkəmiz təmsil olunmuşdur. O cümlədən Latviya və Litva Respublikalarının bələdiyyələri və onların İttifaqları ilə səmərəli əməkdaşlıq davam etdirilmiş, qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Çukuroba Bələdiyyələr Birliyi və İzmit bələdiyyəsi rəhbərliyinin ölkəmizə səfərləri zamanı Çukuroba Bələdiyyələr Birliyi ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında əməkdaşlıq protokolu imzalanmışdır.

Milli assosiasiyaların və bələdiyyələrin nümayəndələri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin bir sıra tədbirlərinə və başqa beynəlxalq tədbirlərə qatılaraq ölkəmizi təmsil etmişlər.

Hörmətli deputatlar!

Təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində aşkar olunan bir çox nöqsanlar daha çox təkbaşına qərarların qəbul olunmasından, kollegiallıq prinsipinin pozulmasından irəli gəlir. "Bələdiyyələrin statusu haqqında" Qanunda bələdiyyələrdə daimi komissiyaların yaradılması nəzərdə tutulmuşdur. Lakin həmin norma imperativ xarakterli olmadığına görə, təcrübədə onların yaradılması formal xarakter daşıyır, bir çox hallarda bu komissiyalar fəaliyyət göstərmirlər. Bələdiyyələrin işində qanunçuluğun və kollegial idarəçiliyin gücləndirilməsi, habelə şəffaflığın artırılması məqsədilə həmin komissiyaların daimi fəaliyyət göstərməsi üçün "Bələdiyyələrin statusu haqqında" Qanuna, "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnaməyə aidiyyəti dəyişikliklərin edilməsi məsələsinə baxılması məqsədəmüvafiq olardı.

Çıxışımın sonunda bildirmək istəyirəm ki, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir.

Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Keçidlər