X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bələdiyyə qulluqçularının etik davranışı



Etika - mənəviyyat və əxlaq haqqında elmdir. Hələ bizim eradan əvvəl I minilliyin ortalarında yaranan bu elm cəmiyyətin təbiətlə münasibətlərini öyrənirdi. B.e.ə. V əsrdə isə Aristotel bu elmi daha da təkmilləşdirdi və insanların bir-biri ilə münasibətini ön plana çıxartdı. "Etika" termini - qədim yunanca "ethos" sözündən əmələ gəlib "əxlaq", "ənənə" anlamındadır. Əxlaq - ictimai şüurun forması olmaqla cəmiyyətdə insanların davranış qaydalarını və prinsiplərini, ideyalarını, təsəvvürlərini daşıyır. Əxlaq və mənəviyyat sözlərini sinonim kimi istifadə etmək olar. Etikanın əsasını əxlaq normaları təşkil edir. Bu normalar ölkənin və xalqın dilinə, mədəniyyətinə və ənənələrinə əsaslanır. Etika elm kimi cəmiyyətin sosial-iqtisadi inkişafına, onda ədalət və humanizm prinsiplərinin bərqərar olmasına xidmət edir. Bildiyimiz kimi, dövlət cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir və buradan belə nəticəyə gəlmək olar ki, etika birbaşa dövlətin inkişafına təsir edir.

Hazırda ölkənin siyasi sisteminin təkmilləşdirilməsi şəraitində dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları qarşısında öz fəaliyyətlərinin səmərəliliyinin artırılması vəzifələri durur. Burada əsas məqsəd vətəndaş hüquq və azadlıqlarının layiqincə qorunmasına, idarəedənlərin əhalinin etimadını qazanmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, vətəndaşların isə öz vəzifələrini vicdanla yerinə yetirməsinə nail olmaqdır. Məsələnin uğurlu həlli xeyli dərəcədə iş personalının idarəetmə səviyyəsindən asılıdır və bu ilk öncə etik davranış qaydalarına əməl edilməsi deməkdir.

Bu baxımdan etik davranış qaydalarını tənzimləyən qanunvericilik aktlarının, o cümlədən Azərbaycan Respublikasının "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" və "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunların qəbul edilməsi çox önəmlidir.

"Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 28 aprel 2015-ci il tarixli Qanunu (əlavə olunur) bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Bu Qanun bələdiyyə qulluqçusu statusu olan bütün şəxslərə şamil edilir və yerli özünüidarə orqanlarının, bələdiyyə qulluqçularının nüfuzunun, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, vətəndaşların bələdiyyələrə etimadının yüksəldilməsi, korrupsiya hallarının qarşısının alınması məqsədini daşıyır.

Həmin Qanunun 5-ci maddəsinə əsasən bələdiyyə qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu, bələdiyyə qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.

Qanunun tələblərinə görə bələdiyyə qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına (qorunmasına) xidmət etməlidir. Bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.

Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur və qulluq mövqeyindən istifadə edərək, digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. Bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Qanunun 10-11-ci maddələrinə uyğun olaraq bələdiyyə qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır və ona qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, bələdiyyə qulluqçusu onlardan imtina etməlidir. Tərəflərindən biri bələdiyyə qulluqçusunun qulluq keçdiyi bələdiyyə orqanı olan əqdlərdə həmin bələdiyyə qulluqçusu digər tərəf ola bilməz.

Bələdiyyə qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Qanunun tələblərinə görə bələdiyyə qulluqçusuna bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etmək qadağandır.

Etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir və o öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərməli, tabeliyində olan bələdiyyə qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalı, tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir. Kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməli, tabeliyində olan bələdiyyə qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməli, bu qaydaları pozanların intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.

Qanunun 19-cu maddəsinə görə etik davranış qaydalarının pozulması və bu barədə şikayət və ya digər məlumatın daxil olması, eləcə də kütləvi informasiya vasitələrində məlumatın dərc edilməsi bələdiyyə qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İntizam icraatı zamanı bələdiyyə qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş bələdiyyə orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Qanunun 20-ci maddəsində etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirləri də müəyyən edilmişdir. Bunlara töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, aşağı vəzifəyə keçirmək, bələdiyyə qulluğundan azad etmək kimi intizam məsuliyyəti tədbirləri aid edilmişdir. İntizam tənbehi tətbiq edilərkən bələdiyyə qulluqçusunun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Göstərilən intizam tənbehlərindən hər hansı biri tədbiq olunmadan bələdiyyə qulluqçusuna yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.

Bələdiyyə qulluqçusunun etik davranışı yerli özünüidarə orqanlarına inamın artırılmasına gətirib çıxarır. Etik davranış tələblərinə əməl edilməsi yerli özünüidarəetmənin cəmiyyətin xeyrinə səmərəli xidmət göstərməsinin gərəkli şərtlərindən biridir.

Etikanın formalaşması kadr potensialının hazırlanması və təkmilləşdirilməsi ilə sıx bağlıdır. "Bələdiyyə qulluğu haqqında" Qanunun 5-1-ci maddəsində bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi qaydası müəyyən olunmuşdur. Müsabiqədə namizədlərin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətləri nəzərə alınır. Kadrların düzgün seçilməsi və yerləşdirilməsi isə etik problemlərin həllinə müsbət təsir edən başlıca amildir.

 

Hafiz Əliyev,
Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi,
ədliyyə müşaviri

Keçidlər