X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair Şirvan şəhərində ictimai təqdimat keçirilib

"Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası çərçivəsində mayın 30-da Şirvan şəhərində Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilib.

Tədbirdə Nazirliyin məsul əməkdaşları, Şirvan şəhəri və Hacıqabul rayonunun ictimaiyyəti, dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Təqdimat zamanı Ədliyyə Nazirliyində elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlərdən bəhs olunaraq onların çevik idarəetmənin təmin edilməsində, şəffaflığın artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm kəsb etdiyi qeyd olunub. Bildirilib ki, nazirlik tərəfindən 25 istiqamət üzrə elektron xidmətlər göstərilir və onlardan yararlanmaq üçün Ədliyyə Nazirliyinin rəsmi internet saytına və ya "Elektron hökumət" portalına müraciət oluna bilər.

Tədbirdə ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər əyani nümayiş etdirilərək hər bir elektron xidmətin mahiyyəti və funksiyası barədə ətraflı məlumat verilib, ondan istifadə qaydası izah olunub.

Diqqətə çatdırılıb ki, hazırda nazirlik tərəfindən göstərilən elektron xidmətlər vasitəsilə ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, qeyri-hökumət təşkilatları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, notariat hərəkətlərinin aparılması qaydası, zəruri sənədlər və ödəmələr, məhkəmə qərarlarının icrası, eləcə də vətəndaşların fərdi identifikasiya nömrələri, vərəsəlik işlərinin açılıb-açılmaması, həmçinin mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə məlumat əldə etmək mümkündür.

Eyni zamanda, uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi, habelə sənədlərin qüvvədən düşməsi barədə informasiya almaq üçün geniş axtarış sisteminin imkanları nümayiş etdirilib.

Mətbu nəşrlərin uçotu və qeyri-kommersiya hüquqi şəxslərin ləğvi barədə müraciət və sənədlərin qəbulunun elektron qaydada aparılması, borcun, icra ödənişi, icra hərəkətləri ilə bağlı xərclərin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlərin internet vasitəsilə həyata keçirilməsi, habelə vətəndaşların rahatlığı üçün məsul ədliyyə işçilərinin qəbuluna elektron qaydada birbaşa yazılmağın mümkünlüyü vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli Fərmanına uyğun olaraq nazirliyin saytında "Elektron xidmət" bölməsi təkmilləşdirilib, həmçinin ədliyyə orqanları tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən bütün xidmətlər barədə ətraflı məlumat əks olunan "Dövlət xidmətləri" bölməsi yaradılıb.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, təkcə son 3 il ərzində elektron xidmətlərə müraciətlərin sayı 3 dəfədən çox artaraq ötən ildə 1,8 milyonu ötmüşdür.

Bununla yanaşı, tədbirdə Ədliyyə Akademiyası Hüquq klinikasının fəaliyyəti, əhaliyə pulsuz hüquqi yardım göstərilməsi və s. məsələlər diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər